25 Sentyabr, 2017 - Bazar ertəsi
Əkin-biçin

Əkin-biçin

Nar – nar fəsiləsinə daxildir. Nar ağacı iri koldur, ikidən otuza qədər və daha çox gövdədən ibarətdir. Gövdələr çoxlu budaqlarla örtülmüşdür. Bu budaqların üzərində hər il minlərlə zoğlar əmələ gəlir. Zoğlar müxtəlif uzunluqda, orta hesabla 1- 60 sm və daha uzun olur. Narın tumurcuqları bir-birinin qarşısında, nadir hallarda 3 – 5 – 8 və daha çox miqdarda dəstə ilə budağın ətrafında yerləşir. Budaqlarda olan keçən ilki tumurcuqlardan yarpaq rozetləri (qırçınları) zoğlar və tikanlar əmələ gəlir. Elə həmin mövsümdə rozetlərin daxilində tumurcuqlar əmələ gəlir və bəzən bu tumurcuqlardan zoğ çıxır. Zoğlar yaxşı inkişaf etdikdə tumurcuqlar böyüyür və həmin mövsümdə iki və daha çox qoltuq yarpağı və ya tikan, bir və ya iki sıra budaqlar əmələ gətirir. Yarpaqları sadə, bütövkənarlı, lanset, ellipsşəkilli, tərs-yumurtavarı və yaşıldır. Çiçəkləri düzgün quruluşludur, çiçək yatağı batıq (içəri basılmış) olur, kasacığı bərk, parlaq rəngli 4 – 8 dişlidir və çiçəyin eyni miqdarda ləçəkləri və süngərvarı başcıqlı bir dişiciyi vardır. Erkəkcikləri çoxdur, onların kasacığın boyuncuğu daxilində bir neçə cərgədə yerləşmişdir. Çiçəkləri purpur, bəzən başqa rəngli də olur. Alt yumurtalığı və onun iki cərgədə yerləşmiş yuvaları və iki yarusda yerləşən çoxlu toxumu vardır.
Əkin-biçin
Meyvəsi yalançı meyvədir qabığı bərkdir, kasacığı tökülmür. Dənələri pərdəlidir, şirəsi və tumu həmin pərdənin içərisində yerləşmişdir.

Nar toxumları, çilikləri (qələmləri), kök pöhrələri və nadir hallarda bicləri vasitəsi ilə artırılır. Təsərrüfatda narı əsasən çiliklərlə yetişdirilər. Nar ağacı üçüncü il, bəzən isə ikinci ildən bar verməyə başlayır. Yeddi yaşında koldan tam məhsul yığırlar. Edilən qulluqdan asılı olaraq nar kolu 30 yaşına qədər və daha çox müddət yaxşı məhsul verir.

Narın iki növ çiçəyi vardır. Çiçəklərin bir qupu normal (fertil), rüşeym kisəcikləri və yumurtacığı yaxşı inkişaf etmiş iri küpəbənzər, bəzi hallarda isə başqa formada olur. İkinci qup çiçəklər rüşeym kisəciyi və yumurtacığı inkişaf etməyən çiçəklərdir; bunların erkəkcikləri və tozluqları yaxşı inkişaf etmişdir; tozcuq yaxşı cücərir; bu çiçəklər zəngə bənzəyir, bəzən də başqa formalarda olur və meyvə vermir, onlar ancaq tozlayıcı rolunu oynayır, məhz buna görə də funksional erkək çiçəklər qupuna daxildir. Kolda həmin çiçəklər olduqca çox – 80 – 90% olur. Narın çiçəkləmə müddəti çox uzundur. Rayondan, hava şəraitindən, aqotexnikadan asılı olaraq çiçəkləmə dövrü 35 – 75 gün, mayın ikinci və ya üçüncü ongünlüyündən iyulun ortasında və ya axırına qədər, bəzi hallarda isə avqustun ortasına qədər çəkir. Meyvələrin inkişafı 4 – 5 ay davam edir. Vegetasiya müddəti orta hesabla apreldən noyabrın axırına qədərdir.

Nar istisevən bitkidir. Narı vegetasiya müddəti uzun, payızı yağışsız, yayı isti, qışı mülayim olan, temperaturu – 150C-dən aşağı olmayan yerlərdə becərmək olar. Nar bir sıra torpaqlarda: əhəngli, boz, qumlu, ağır gilli, sarı torpaqlarda bitir, lakin dərin, gillicəli torpaqlarda daha yaxşı inkişaf edir.

Yer kürəsinin bütün isti yerlərində nara təsadüf olunur. Keçmiş Sovet İttifaqında narın yetişdirildiyi əsas yer Azərbaycandır. Gürcüstan, Krım, Ermənistan və Dağıstanda nar az miqdarda yayılmışdır. Özbəkistan və Tacikistanda da nar yetişdirirlər, lakin qışda onun kolunu örtmək lazım gəlir. Azərbaycanda narın mərkəzi Göyçay, Ağsu, Ağdam, rayonları sayılır. Azərbaycanın əksər rayonlarında nar yetişdirilir və hər yerdə keyfiyyətli meyvə verir.

Azərbaycanda narın daha çox və müxtəlif sortlarına təsadüf olunur. Ən yaxşı standart sortlar aşağıdakılardır:

Çəhrayı gülöyşə – meyvəsi orta hesabla 250 – 300 q-dır, tünd – çəhrayı, qırmızıdır. Qabığı və arakəsmələri nazikdir, meyvənin çəkisinin 33,24% – ni qabıq və arakəsmələr, 66,76% – ni isə dənələri təşkil edir; meyvələri iridir, al – qırmızıdan albalı rənginədək dəyişir. Meyvəsi çox şirəli – 52%, turşaşirin, zərif, tərkibində 14,55% şəkər, 1,8% turşu vardır. Meyvəsi oktyabrın əvvəlində yetişir, müntəzəm olaraq hər koldan 30 – 40 kq məhsul verir.

Azərbaycan gülöyşəsi (qırmızı) – meyvəsi orta hesabla 290 q, al – qırmızıdır. Qabığı və arakəsmələri orta qalınlıqda olmaqla 36,5%, dənəsi isə 63,5% təşkil edir, iri, parlaq – qırmızıdır. Şirə çıxımı 50%, turşaşirin, tərkibində şəkərin miqdarı 14,44% və turşu 2,6% – dir. Meyvələri oktyabrın ortasında yetişir. Hər koldan 34 kq məhsul verir.

Qırmızıqabıq – meyvəsi orta hesabla 280 q, iri, parlaq, qırmızı və ya al – qırmızıdır. Şirə çıxımı 51,9% təşkil edir, şərabaoxşar turşaşirindir, zəifdir, tərkibində 15,37% şəkər, 2,11% turşu vardır. Meyvələri oktyabrın ortasında yetişir. Məhsuldar sortdur, hər kolu 45 kq bar verir.

Bala – Mürsəl – meyvəsi iridir, orta hesabla çəkisi 300 q olur, tünd moruğu rəngdədir. Qabığı və arakəsmələri qalındır – 41,11%, dənəsi 58,89% təşkil edir, iridir, tünd – qırmızı albalı rənginədək dəyişir. Şirə çıxımı 49,08% – dən olur, şərab tamlı turşaşirindir, zəifdir, tərkibində 14 – 27% şəkər, 2,05% turşu vardır, meyvələri oktyabrın birinci yarısında yetişir. Hər koldan 30 – dan 50 kq – dək məhsul verir.

Nazikqabıq – meyvəsi orta hesabla 270 q, qırmızı moruq rəngindədir. Qabığı və arakəsmələri çox nazikdir – 30,3%, dənəsi 69,7% təşkil edir, tünd – qırmızı albalı rənglidir. Şirəsi çoxdur – 56,87%, turşaşirindir, tərkibində 15,53% şəkər, 2,58% turşu olur. Meyvələri oktyabrın birinci yarısında yetişir. Hər koldan 35 kq məhsul verir.

Qırmızı Vələs – meyvəsi orta və iri – 250 – 300 q tünd – qırmızıdır. Şirə çıxımı 50,5%, turşaşirin, xoşagələndir, tərkibində 15,4% şəkər, 2,1% turşu olur. Meyvələri oktyabrın ikinci yarısında yetişir. Hər koldan 30 kq məhsul verir.

Narı uzun müddətdən bəri çilikləri ilə artırırlar. Pis aqrotexniki şəraitdə vegetativ çoxaltma az məhsuldar sortların yaranmasına səbəb olmuşdur. Belə kollar, adətən çox olur. Buna görə də qələm tədarük etməzdən qabaq, sentyabrda ən yaxşı sortların seçilməsi üzrə aprobasiya aparmaq lazımdır. Çoxaltma üçün bir boyda olan birillik kök pöhrələrindən də istifadə edirlər. Diametr 10 mm olan ikiillik pöhrə də yaralı hesab olunur. Çilikləri 25 sm uzunluqda kəsirlər. Kök pöhrələrini payızda, isti havada dincəlmə dövründə tədarük edirlər.
Əkin-biçin
Qışı mülayim keçən rayonlarda çilikləri payızda əkmək daha yaxşıdır. Bu zaman həmin çiliklər yazda əkinlərdən tez kökləyir və güclü boy atır.

Sahə mexaniki üsulla becərildikdə cərgələrarası 90 sm, əl ilə becərildikdə 50 sm, cərgədə bitkilərarası isə 25 – 30 sm götürülür. Tinglikdə hər hektara 50 – 100 minədək çilik əkirlər. Çiliklər qurumasın deyə onları torpaqla bir bərabərdə əkir və ya torpağın üstündə bir tumurcuq saxlayırlar. Çiliklərin oturacağı həmişə rütubətli torpaqda olmalıdır.

Tingliyə bütün vegetasiya dövründə 12 – 16 dəfə su verirlər. Rütubətli daha yaxşı saxlamaq üçün hər suvarmadan sonra torpağı yumşaldır və alaqları məhv edirlər. Toxmacarlar standart ölçüyə çatdıqda onları payızda qazıb çıxarırlar.

Nar qabığı üçün ayrılan sahəni, şum altına 25 – 30 ton peyin və 200 – 300 kq superfosfat verməklə, kotanlıqlı kotanla 40 sm dərinlikdə şumlayırlar.

Erkən yazda sahənin 1 -2 dəfə malalayırlar; bundan sonra markör çəkir və çilik (qələm) əkiləcək yerlərə paya ilə 5 m x 5 m aralı işarələr qoyurlar. Əkiləcək sahəni kvadrat şəklində bölürlər. Əgər əsas şumun altına gübrə verilməyibsə, hər çalaya, torpağın münbitliyindən asılı olaraq, 8 – 12 kq peyin, 80 – 100 q superfosfat, 40 – 50 q kalium duzu və 70 -80 ammonium – sulfat verirlər.

Budama işinə birinci ildən tinglikdə başlamaq lazımdır. Payızda kolları boğan artıq budaqları kəsirlər. İkinci, sonra üçüncü il 5 -6 lazımi budaq saxlayırlar ki, onlar ayrıca, sərbəst qalsın və bir – birinin gələcək inkişafına mane olmasın.

Subtropik zonaların əksəriyyətində suvarmanı vegetasiyanın əvvəlində, martın sonunda, aprelin əvvəlində çiçək tumurcuqları əmələ gələn zaman, meyvələrin inkişaf etməsi dövründə hər suvarmaya 15 – 20 gün ara verməklə və meyvə yığıldıqdan sonra oktyabrda, cəmisi 6 – 7 dəfə suvarırlar. Rütubət toplamaq məqsədi ilə qış fəsli, isti havada bağı 2 – 3 dəfə suvarırlar.

Rütubət kifayət qədər olmayan quraq rayonlarda mulçalamanın böyük əhəmiyyəti vardır.

Torpağa edilən aqrotexniki qulluq gövdəətrafı dairələrin və cərgələrarasının becərilməsindən ibarətdir.

Təsərrüfat əhəmiyyəti olan məhsulun yığımınadək gövdəətrafı dairənin hər 1 kvadrat metrinə payızda 3 – 4 kq peyin, 15 – 20 q fosfor, 10 – 12 q kalium verilir, bar verməyə başladıqda isə bu norma aşağıdakı qədər artırılır: peyin 5 – 6 kq, azot, fosfor 20 – 30 q verilir. Peyin normasını gillicəli torpaqlarda bir ildən bir, qumlu torpaqlara hər il verirlər. Üzvi gübrə kimi kompostdan da istifadə etmək olar. Bitkilərin inkişafına kül yaxşı təsir edir.

Payızda cərgələrarası 20 sm dərinlikdə şumlanır, gövdələrətrafı 10 sm dərinlikdə bellənir. Erkən yazda və yayda lazım gəldikcə kultivasiya keçirilir.

Haqqında Əkinçi