19 Noyabr, 2017 - Bazar

Ərzaq məhsulları istehsalı və ərzaq təhlükəsizliyi problemi


1.   Ərzaq məhsulları istehsalının dinamikası.

2.   Ərzaq məhsullarının beynəlxalq ticarəti və onun xüsusiyyətləri.

3.   Dünya üzrə və milli miqyasda ərzaq təhlükəsizliyi problemi.

4.   Ərzaq təhlükəsizliyinin təmin edilməsində bəzi ictimai-nəzəri və əməli problemlər.

5.   Ərzaq köməkliyi problemi.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

1.    Ərzaq məhsulları istehsallının dinamikası

 

 

 

 

Ərzaq məhsulları dedikdə bitkiçilik, heyvandarlıq, meşə təsərrüfatı, balıqçılıq və dənizdən olan müəyyən ovçuluq məhsullarının ərzağa daxil olması və onların emalı nəticəsində hazırlanan məhsulları nəzərdə tutulur.

Kənd təsərrüfatı məhsullarının emalı demək olar ki, yeyinti sənayesini təşkil edir. 2002-ci ildə ərzaq və kənd təsərrüfatı məhsullarının ixracı 441 mlrd. dollar, idxal – 464 mlrd. dollar təşkil etmişdir (lakin qiymətlər hesabına şişirtmələr də var).

Deməli, ərzaq məhsulları – kənd təsərrüfatı məhsulları istehsalı ilə yeyinti sənayesinin vəhdət halında qovuşmasının nəticəsində formalaşır.

Beləliklə, ərzaq problemi bir çox iqtisadi, sosial, texnoloji, bioloji, tarixi, etnik, coğrafi, siyasi və mənəvi kökə malik olan amillərin təsiri altında formalaşır.

Ona görə də ərzaq probleminin tam hərtərəfli öyrənilməsi bir neçə elm sahəsinin öhdəsinə düşür. Nəzəri iqtisad baxımından daha geniş mənada ərzaq problemi cəmiyyət miqyasında ərzaq istehsalı, onun daşınması, emalı, bölgüsü və istehlakını özündə əks etdirir. Bu problemdə ərzağın həcmi ilə əhalinin sayı arasındakı nisbət, hər nəfər hesabı ilə ərzaq məhsulları istehlakının orta normaları, hər bir ərzağın tərkibi, yeyinti məhsulu kimi qiymətləndirilməsi, kasıbçılığın həddi ərzaqla təmin olunmanın gözlənilə bilən  sosial-iqtisadi, tibbi və siyasi nəticələri və s. – də şərtləndirilir.

Dünya üzrə ərzaq problemi cəmiyyətin bir çox sosial-iqtisadi problemləri ilə bağlıdır. Burada istehsalın hərəkəti, gəlirlərin dinamikası və bölgüsü, sənayeləşmə və şəhərləşmə prosesi, şəhərin real tələbindən artıq kəndlərdən olan axın və digər amilləri qeyd etmək olar.

Dünya ərzaq probleminin təkamülündə təbii ehtiyatların mövcudluğu, iqtisadi inkişaf səviyyəsi, yığımın artım sürəti, kənd təsərrüfatının texniki silahlanma səviyyəsi, qabaqcıl istehsal metodlarından istifadə edilməsi, əhalinin məşğulluq və təhsil səviyyəsi, iqtisadiyyatda dövlətin rolu, siyasi dairələrin inkişaf səviyyəsi, demokratik idarəçilik formalarının mövcudluğu və s. kimi amillər həlledici rola malikdirlər.

Ərzaq probleminin bu cür sosial-iqtisadi təbiətə malik olması onu göstərir ki, ərzaq problemi kənd təsərrüfatı istehsalına nisbətən daha geniş məna daşıyır.

Ərzağın istehsalı, bölgüsü, mübadilə və istehlakı dünya təsərrüfatı sisteminin mövcudluğunun tərkib hissəsini təşkil edir. Məhz ərzaq istehsalı dünya təsərrüfatının yaranmasında əsas obyekt və subyekt olan insanların, işçi qüvvəsinin həyat fəaliyyəti ilə bağlıdır.

İnsanların ərzaqla təmin edilməsi isə kənd təsərrüfatının inkişafından daha çox asılıdır. Hələ iki min ildən artıq bundan əvvəl Yunan filosofu Ksenofot ( b.e.ə. 430-354) kənd təsərrüfatını bütün digər sahələrin anası adlandırırdı. Beləliklə, kənd təsərrüfatının inkişafına diqqətin artırılmasına maraq yaratmağa çalışırdı.

Ümumiyyətlə, bütün cəmiyyətlərdə kənd təsərrüfatı sənaye üçün xammal və insanlar üçün ərzaq mənbəyi hesab edilibdir. Hazırkı dünyada da kənd təsərrüfatı gəlirin, məşğulluğun və xarici ticarətin ən zəruri mənbəyi hesab edilir. ÜDM-in tərkibində onun xüsusi çəkisi az olan ölkələrdə də kənd təsərrüfatı iqtisadiyyatın çox zəruri bir sahəsi kimi diqqət mərkəzindədir.

Burada biz kənd təsərrüfatını istehsal sahəsi kim deyil, ərzaq məhsulları istehsalının mənbəyi kimi tədqiq edirik.

 

CƏDVƏL

Dünya üzrə əsas ərzaq məhsulları istehsalının həcmi və dinamikası (mln. ton)

 

 

Əsas ərzaq məhsulları

İ l l ə r

2000

2003

1

Taxıl

2061

2067

2

Kökümeyvəlilər

702

692

3

Tərəvəz və bostan bitkiləri

803

798

4

Meyvə

471

476

5

Ət

246

250

6

Süd

598

601

7

Balıq tutulması

 

110-120

 

          Bunlardan əlavə 2003-cü ildə ərzaq məhsulu kimi 150-160 mln. ton soya; 30 mln. ton günəbaxan yağı; 2-5 mln. ton kətan yağı və palma ləpəsi; 13-14 mln. ton zeytun yağı; 30-35 mln. ton yer fıstığı və çiyid yağı; 135 mln. ton şəkər; 6.5 mln. ton kofe; 3.0 mln. ton çay və kakao; 60.0 mln. ton üzüm istehsal edilmiş və istehlaka daxil edilmişdir.

Ümumiyyətlə əhalinin ərzaq məhsulları ilə təmin olunmasının 84%-i bitkiçilik, 16%-i isə heyvandarlıq məhsulları hesabına formalaşır. Ərzaq məhsulları ilə təmin olunmada taxıl daha həlledici rola malikdir.

        Daha konkret desək, insanların tələbatının ödənilməsinin 1995-ci ildə 56%-i taxıl; 7%-i kökümeyvəlilər; 10%-i meyvə və tərəvəz; 7%-i şəkər; 9%-i piy və yağ; 11%-i heyvandarlıq məhsulları hesabına həyata keçirilmişdir.

        Kənd təsərrüfatının quruluşunda və eləcə də insanların qida məhsulları ilə təmin olunma dərəcələrində müəyyən dəyişiklik yarandıqda həmin məhsulların nisbəti də dəyişir.

        Məsələn, 2003-cü ilin məlumatına görə bu nisbət ayrı cür olmuşdur: taxıl – 48 %  (Azərbaycanda – 66%); ət və balıq – 9 %; piy və yağ – 10 % ; tərəvəz və meyvə – 8 % ; şəkər – 9 % ; kökümeyvəlilər – 5 % ; süd – 4 % təşkil etmişdir.

Hər bir ərazi və ölkənin iqlim şəraitindən, peşəkarlıq ənənələrindən, hansı qurşaqda yerləşməsi və s. – dən asılı olaraq insanların normal yaşaması üçün hansı məhsullardan nə qədər qəbul etməsi normallaşdırılır. Bu normalar əsasından insanlar hər gün müəyyən qədər zülallar, yağ və piy, karbohidratlar şəklində enerji qəbul etməlidirlər. Bu göstərici gündəlik enerji – k.kalori adlanır.

        Bu göstəriciyə görə ayrı-ayrı ölkələr və ərazilər arasında kəskin fərq vardır. Beləki, 1990-1992-ci illərdə dünya üzrə hər nəfər orta hesabla, 2710 kkalori istehlak etdiyi halda, bu göstərici inkişaf etmiş sənaye ölkələrində  3330 kkalori, inkişaf etməkdə olan ölkələrdə isə 2520 kkalori olmuşdur (1960-cı illərdə bu fərq daha artıq idi).

          Afrika ölkələrində və cənubi Asiyada həmin göstərici daha çox fərqlənir (Cədvəl).

 

 

 

 

 

 

 

 

 

Cədvəl

Hər nəfər hesabı ilə gündəlik kkalori istehlakı

 

Ərazilər

İllər

1961-1963

1990-1992

2010

İnkişaf etməkdə olan ölkələr

1900

2520

2730

Afrika (Saxaranın cənubu)

2100

2040

2170

Şərqi Asiya

1750

2670

3040

Cənubi Asiya

2030

2300

2450

İnkişaf etmiş sənaye ölkələri

3020

3330

3470

Dünya üzrə

2300

2710

2860

 

          Bu normalar hər bir ölkə, ərazi tərəfindən, eləcə də beynəlxalq təşkilatlar tərəfindən hazırlanır. Burada hər bir insanın fiziki fəallığına, çəkisinə, boyuna və bu kimi cəhətlərə zəmin yaradıla bilən mineral maddələrin olması, məhsulun müəyyən maddələrlə zənginliyi, insanların alıcılıq qabiliyyəti öz əksini tapır.

          Az kkalori istehlak edilməsi yoxsulluğun, aclığın bariz nümunəsidir.

          Ərzaq və kənd təsərrüfatı Təşkilatının (FAO, 1945) hesablamalarına görə (ərazidən asılı olaraq) bu göstəricinin 1760-1836 kkalori arasında olması kifayət qədər qida maddələri qəbul edə bilməməyi, aclığı göstərir.

           Azərbaycanda bu göstərici 2000-ci ildə 2242 kkaloriyə bərabər olmuşdur.

          Nəzərdə tutulan qədər kkalori istehlak etmək üçün aşağıdakı cədvəldə göstərilən miqdarda ərzaq məhsullarının qəbul edilməsi normalaşmışdır (müəyyən məhsullar yazılmamışdır).

 

 

Cədvəl

Əsas növ ərzaq məhsulları üzrə istehlak norması, kq

 

Məhsul növləri

Təhlükəsizliyin real həddi

Minimal fizioloji norma

Azərbaycanda istehlak edilibdir (2001)

Ət və ət məhsulları

82

42

21

Süd və süd məhsulları

405

184.3

178

Balıq və balıq məhsulları

18.5

4.5

Yumurta, ədəd

292

183

117

Qənd və qənd məhsulları

40

24.8

28.7

Bitki yağı

9

10

5.8

Təzə meyvə

113

11

37

Tərəvəz və bostan məhsulları

146

40

63

Kartof

97

146

36

Çörək və Çörək məhsulları

110

178.7

141

 

        Son dövrlərin məlumatına görə dünya üzrə tam keyfiyyətli ərzaqla təmin olunan əhali 35 %; kifayət qədər istehlak edə bilməyənlər 15-20 %; müəyyən maddələrin çatışmadığı ərzağı istehlak edənlər təxminən 20 %; qalan 30 % əhalinin istehlak etdiyi ərzağın isə tam aşağı keyfiyyətdə olması müşahidə edilir.

        Müharibədən sonrakı onilliklərdə ərzaqla təmin olunma səviyyəsinə görə ayrı-ayrı ərazilər və ölkələr, demək olar ki, dəqiq müəyyənləşməmişdir. Bura ilk növbədə sənayecə inkişaf etmiş ölkələr, eləcə də Qərbi və Şimali Avropa, Şimali Amerika, Avstraliya və Yaponiya daxildir. Lakin bu ölkələr də bir çox hallarda özlərinin     TMK-nın inkişaf etməkdə olan ölkələrin aqrar bölməsindəki vəziyyətindən asılıdırlar (çünki bu ölkələrin bazarının vəziyyəti məhz onlardan asılıdır).

2.     Avropanın Qərbi və Orta Asiya, eləcədə Latın Amerikası ölkələri, Ərəb Qərbi ölkələri və Asiya ölkələri birliyi                 (ASEAN) – İndoneziya, Malayziya, Sinqapur, Tailand, Filippin və s. Bu ölkələr hər nəfər üçün müəyyən edilmiş normaya yaxın səviyyədə ərzaq istehlak edirlər.

3.     Şərqi Avropada, MDB, Baltikyanı ölkələr, Hindistan, Misir və s. ölkələrdə də istehlakın həcmini normaya uyğun hesab etmək olar.

4.     Ərzaq çatışmazlığı ilə rastlaşan bir çox digər ölkələr.

        “Ərzaq və kənd təsərrüfatı məhsulları təşkilatı” nın (FAO) məlumatına görə gündəlik 1700-1800 kkalori səviyyəsinə endikdə insanları hər cürə təhlükə gözləyə bilər. Belə vəziyyətdə insanlar lazımi mikroelementlər, vitamin istehlak edə bilmirlər. Məsələn, hazırda, təqribən 656 mln. nəfər insanda yod, 2150 mln. nəfər insanda dəmir, 3 mln. nəfərdən çox insanda A vitamini çatışmır. Bütün bunlar isə bir çox xəstəliklərin, eləcədə əqli inkişafın zəif olmasının əsas mənbəyi hesab edilir. Hazırda 6 mln. nəfərdən çox insan açıq-aşkar “Kretinizm” (ağıldankəm) xəstəliyinə məruz qalmışdır.

        İnkişaf etməkdə olan ölkələrin bir çoxu aclıq içində yaşayır. Beləki, Braziliya əhalisinin 25 %-ə qədərinin, Nigeriya əhalisinin 30-33 %-nin Hindistan əhalisinin 50 %-nin istehlak etdiyi əmtəə və xidmətlərin gündəlik həcmi 1 dollardan azdır (Belə ölkələrin sayı çoxdur). Bu cür ölkələrdə savadsızların sayı daha çoxdur.

        İnkişaf etməkdə olan ölkələrdə sosial gərginliyin artması ayrı-ayrı qrup insanlar arasında daxili və xarici səbəbkarlar axtarmağa və bununla da irqi, dini, ərazi üzrə münaqişələrə gətirib çıxarır.

 

İstehsalın az olmasının və aclığın əsas səbəbləri

 

        Burada əsasən aşağıdakı cəhətləri qeyd etmək olar:

1.         Üçüncü dünya ölkələrində hələ də köhnə, geridə qalmış aqrotexnika üsullardan istifadə edilir: hər hektara verilən mineral gübrənin qədərinə görə inkişaf etmiş ölkələrdən 1.5-2 dəfə geri qalırlar. Ona görə də, yüksək məhsuldarlığa nail ola bilmirlər. Həmin ölkələrdə kənd təsərrüfatında çalışan hər bir işçi özünü və ailəsini ancaq yedirdə bilir. Müqayisə üçün qeyd edək ki, ABŞ-da bir fermer 59, Qərbi Avropada 19, Yaponiyada isə 14 nəfər adamı təmin edə biləcək qədər məhsul istehsal edir.

2.         Bir çox ölkələrdə torpaqdan istifadə edilməsi köhnə münasibətlərə əsaslanır: natural, yarım natural, fərdi təsərrüfatçılıqdır. Sələmçilik, töycü vermək hələ də qalır. Kiçik torpaq sahibkarlığı müasir əmək alətlərindən, mineral gübrələrdən, kredit müəssisələrinin xidmətindən istifadə edə bilmir. Məsələn, Hindistanda 60 mln.-dan çox təsərrüfatın hər birinin bir hektardan az torpaq sahəsi vardır.

3.         Hər bir ölkənin aqrar siyasəti də böyük əhəmiyyətə malikdir. İnkişaf etmiş Qərb dövlətləri hər vasitə ilə kənd təsərrüfatına olan kapital qoyuluşunu miqyasını artırırlar (birbaşa ödəmələrə, ucuz borc verilməsi, təminatlı qiymətlər və s. həyata keçirilir). İnkişaf etməkdə olan ölkələrdə isə bu cür ardıcıl tədbirlər keçirilmir.

        Bütün bunlara baxmayaraq hər halda qeyd etməliyik ki, ayrı-ayrı dövrlərdə ərzaq məhsulları istehsalının artım sürəti əhalinin artım sürətini qabaqlayır. Məsələn, 1980-1995-ci illərdə ərzaq məhsulları istehsalı 35 % artaraq əhalinin artım sürətindən üstün olmuşdur. Həmin dövrdə inkişaf etməkdə olan ölkələrdə kənd təsərrüfatının ümumi məhsulu 75 % artmışdır. Çində və Hindistanda bu artım müvafiq olaraq 16 və 71 % olmuşdur.

        1970-2000-ci illərdə dünya üzrə ÜDM-də kənd təsərrüfatının xüsusi çəkisi 7.4 %-dən təqribən 5 %-ə enmişdir. Lakin mütləq göstərici baxımından kəndə təsərrüfatının ümumi məhsulu 1970-ci ildəki 225 mlrd. dollara qarşı 2000-ci ildə 1346 mlrd. dollar olmuşdur.

        Onu da qeyd etməliyik ki, son onilliklərdə bioloji-hibridləşdirilmiş, sortlaşdırılmış, genetik cəhətdən yeniləşdirilmiş (kimyəvi üsullara əsaslanan) məhsullarda artmışdır. Beləliklə, son 50 ildə ərzaq məhsulları istehsalı xeyli çoxalmışdır.

        Nəticədə tam təmin oluna bilməyən, ac qalan insanların sayı demək olar ki, 2 dəfə azalmışdır. Belə əhalinin sayı 1970-ci ildəki 36 %-dən 1990-cı illərdən 20 %-ə enmiş, 918 mln. nəfərdən 840 mln. nəfərədək azalmışdır. 

 

 

2. Ərzaq məhsullarının beynəlxalq ticarəti və onun bəzi xüsusiyyətləri

 

        Dünya təsərrüfatının qloballaşması və beynəlxalq əmək bölgüsünün dərinləşməsi ümumilikdə beynəlxalq ticarətin inkişafını artırır. Lakin etiraf etməliyik ki, kənd təsərrüfatı xammalının və ərzaq məhsullarının beynəlxalq ticarətinin artım sürəti hazır sənaye məhsullarına nisbətən geri qalır.

        Ona görə də dünya ticarət dövriyyəsində aqrar sahədən olan məhsulların xüsusi çəkisi azalaraq cəmi ixracın 12 %-ni təşkil etmişdir.

        Bu vəziyyət aqrar sahədən olan ixracın zəif artdığını göstərir.

        Real gerçəklikdə idxal və ixrac istər fiziki və istərsə də dəyər baxımından ardıcıl olaraq artır.

        Bütövlükdə kənd təsərrüfatı istehsalının həcminə və eləcə də ərzaqla təmin olunma dərəcəsinə görə ayrı-ayrı ərazi və ölkələr bir-birindən kəskin fərqlənirlər. Lakin beynəlxalq ticarətin inkişafı nəticəsində dünya miqyasında bir ölkədə olan qıtlıq digər ölkələrdə olan artıq məhsullarla əvəz edilə bilir. Beləliklə, dövlətlər arasında ərzaq məhsullarının satışı həyata keçirilir.

        Ərzaq məhsullarının beynəlxalq ticarəti dedikdə bitkiçilik, heyvandarlıq, meşə təsərrüfatı, balıqçılıq məhsulları, onların emalı nəticəsində alınan yarımfabrikat və hazır məhsulların satışı nəzərdə tutulur.

        Ərzaq məhsulları üzrə dünya bazarında taxıl və onun emalı, zeytun yağı, bitki yağları, piylər, şirə (cecə), tərəvəz və meyvə, ət və ət məhsulları, süd məhsulları, qəhvə, kakao, çay, şəkər, balıq, dəniz məhsulları və s. daha çox xüsusi çəkiyə malikdirlər.

        Balıq, çay, tərəvəz, meyvə və bəzi digər məhsullar hərracla (auksionlar) yolu ilə satılır (hərraclarda dünya qiymətləri müəyyənləşdirilir).

        Bəzi ərzaq məhsullarının dünya qiymətləri əsas idxal və ixrac ölkələrinin qiymətləri ilə müəyyənləşdirilir.

        Məsələn, qoz, quru meyvə, bal üzrə qiymətlər London bazarında, tərəvəz və meyvələrin qiymətləri Paris topdansatış bazar qiymətləri və yaxud Almaniyanın idxal qiymətləri ilə müəyyənləşdirilir.

        Hava şəraiti, tələb və təklifin mövsümi xüsusiyyəti, müxtəlif növ məhsulların, ticarət mərkəzlərinin çoxluğu, birja əməliyyatlarında bəzi alverçilik imkanları və s. kimi amillərin təsiri altında bəzi ərzaq məhsullarının qiymətləri o qədər də sabit olmur.

        Qiymətlərə daha çox təsir edən amillərdən biri də süni və sintetik əvəzedici məhsullarla olan rəqabətdir (bu daha çox kənd təsərrüfatı xammallarına aiddir).

        Bu rəqabət nəticəsində təbii məhsullarla sintetik məhsulların qiymətlərində yaxınlaşma baş verir. Hətta bəzən sintetik məhsulların qiymətləri təbii məhsullar üçün müəyyənedici olurlar. Əlbəttə, tarif və qeyri tarif tənzimləmələri, maliyyə subsidiyaları kimi xarici ticarət siyasəti qiymətlərə təsir edir.

        Başqa məhsullarda olduğu kimi ərzaq məhsullarının qiymətlərində yaranan bu kimi qeyri sabitliyin aradan qaldırılması üçün Beynəlxalq əmtəə razılaşmaları, idxal-ixrac kvotaları, bufer ehtiyatları və digər mexanizmlər vasitəsilə (qəhvə, kakao, şəkər, buğda və s. üzrə) təsir göstərirlər.

        1970-2002-ci illərdə ərzaq və kənd təsərrüfatı məhsulları ixracı 52 mlrd. dollardan 441 mlrd. dollaradək artmışdır. Amma etiraf etməliyik ki, burada real qiymət fərqi daha çox olmuşdur.   

 

 

 

 

 

Ərzaq məhsullarının ixracı və idxalı (2001)

 

Cəmi ixrac

Cəmi idxal

Ölkələr

mlrd. dol.

%-lə

Ölkələr

mlrd. dol.

%-lə

ABŞ

39.7

14

Yaponiya

24.3

8.1

Fransa

20.2

7.5

Almaniya

23.6

7.9

Niderland

17.1

6

İngiltərə

18.3

6.1

Almaniya

16.7

5.9

Fransa

15.4

5.2

Kanada

14.1

5

İtaliya

13.4

4.5

İspaniya

11.7

4.1

Çin

10.2

3.4

Braziliya

11.0

3.9

Kanada

8.7

2.9

İtaliya

10.9

3.8

Meksika

8.7

2.9

Avstraliya

10.8

3.8

İspaniya

7

2.3

Çin

9.1

3.2

Rusiya

6.2

2.1

 

        Cədvəldən göründüyü  kimi, cəmi ərzaq idxalı və ixracının 50 %-dən artığını nümayiş etdirilən 10 ölkə həyata keçirir.

        Onu da qeyd etməliyik ki, bu ölkələr (Yaponiya, Braziliya, Meksika, Avstraliya və Rusiyadan başqa) Eyni zamanda ərzaq məhsullarının həm ixrac və həm də idxalı üzrə qabaqcıldırlar.

       Bu da onu göstərir ki, həmin ölkələrdə ərzaq növləri istehlakı daha genişdir (bu inkişaf etmiş ölkələrə xas olan əsas cəhətlərdən biridir).

        Ərzaq məhsulları içərisində taxıl (buğda, arpa, vələmir, qarğıdalı və s.) ən kütləvi ərzaq hesab edilir. 2002-ci ilin məlumatına görə cəmi taxıl ixracı 279.6 mln. ton (38.6 mlrd. dollar) idxalı isə 276.9 mln. ton (40.7 mlrd. dollar) olmuşdur.

        Bütövlükdə taxılın 55 %-i ərzaq kimi, 45 %-i isə müəyyən fondlara və mal-qaranın, quşların yemlənməsinə sərf edilir. Hər bir ölkənin inkişaf səviyyəsindən asılı olaraq onlarda taxılın istehlakı həcmi də fərqlənir.

        Beləki, inkişaf etmiş sənaye ölkələrində cəmi taxılın 25 %-i ərzağa ayrıldığı halda (başqa ərzaq məhsulları çoxdur), inkişaf etməkdə olan ölkələrdə bu göstərici 90 %-ə qədərdir.

        Onu da göstərməliyik ki, taxıl üzrə dünya qiymətləri əsasən ABŞ bazarında formalaşır (ABŞ daha çox taxıl ixrac etməklə birja ticarətinin mərkəzi sayılır).

        Çin daha çox buğda ixrac etməklə yanaşı, həm də idxal ölkəsi kimi fərqlənir.

        Daha çox buğda idxal edən ölkələr – Yaponiya, Braziliya, Misir, Əlcəzair, İran, İndoneziyadır. Buğda ixracında ABŞ-la yanaşı Aİ ölkələri (İlk növbədə Fransa) Hindistan, Rusiya, Kanada, Avstraliya, Argentina, Pakistan, Türkiyə və Qazaxıstan fərqlənirlər.

        Aydındır ki, taxıldan əlavə dünya bazarına çörək məhsulları (çörək, makaron, vafli, süxari və s.). Unüyütmə sənaye məhsulları olan un, düyü, kraxmal, maya da daxildir.

        Mal əti ixracı üzrə – Avstraliya, Braziliya, ABŞ, Aİ, Yeni Zelandiya, Argentina, Kanada, Uruqvay.

        Donuz əti ixracı üzrə – Aİ, ABŞ, Kanada, Şərqi Avropa ölkələri.

        Qoyun əti üzrə – Yeni Zelandiya və Avstraliya.

        Quş əti üzrə – Aİ ölkələri və ABŞ fərqlənirlər.

       Süd məhsullarından – Pendir, kərə yağı, quru süd ticarəti daha genişdir.

        Bu məhsulların ixracında əsasən Aİ ölkələri, Yeni Zelandiya və Avstraliya fərqlənirlər.

        1999-cu ildə şəkər ixracı 34730 min ton, idxalı isə təqribən 35800 min ton olmuşdur.

        Şəkər ixracının təqribən 80 %-i Braziliya, Aİ, Avstraliya, Tailand, Kuba, Qvatemala və CAR ölkələrinin payına düşür.

        İdxalın isə 50 %-ə qədəri Rusiya, ABŞ, Aİ, Yaponiya, Cənubi Koreya, Kanada Malayziya, Çin, İran, İndoneziya, Əlcəzair və Misirin payına düşür.

        Cəmi idxalın təqribən 10 %-ə qədəri Rusiya tərəfindən həyata keçirilir.

 

 

 

3.    Dünya üzrə və milli miqyasda ərzaq

təhlükəsizliyi problemi

 

        Qeyd etməliyik ki, “təhlükə” və “təhlükəsizlik” anlayışları məzmun baxımından biri digərinin əksidir.

        İnsan cəmiyyətinin varlığından hazırkı dövrədək ayrı-ayrı xalqlar, dövlətlər arasında (müəyyən münasibətlərlə yanaşı) mübarizə, düşmənçilik, torpaq zəbt etmək, var-dövlət və sərvəti artırmaq və s. kimi təhlükə elementləri olmuşdur.

        Belə təhlükələr:

        beynəlxalq (regional) miqyasda;

        milli (lokal) miqyasda;

        xüsusi (firmalar, şəxslər) miqyasda hazırda da mövcuddurlar.

        Məişət baxımından təbii, texnogen, sosial təhlükə növləri də fərqləndirilir.

        Beləki, təbii təhlükə dedikdə burada daşqınlar, zəlzələlər, quraqlıqlar təhlükəsi və s. nəzərdə tutulur.

        Texnogen anlayışda hər bir insanın gendə (xasiyyətində) tamahkarlığın olması ədaləti, başqasının haqqını tapdalamaq, düşmənçiliyə meylli olmaq cəhətləri üstün olur.

        Sosial mənşəli təhlükə əsasən əhalinin sosial vəziyyətinin pisləşməsi ilə bağlıdır.

        Beləliklə bütövlükdə hər hansı bir təhlükə-qorxu prosesinin qarşısının alınması üçün yaranan, həyata keçirilən iri miqyaslı – qabaqlayıcı tədbirlər sistemi təhlükəsizlik adlanır.

        Belə qabaqcıl tədbirlər olmadıqda hər hansı bir təhlükə daha dağıdıcı ola bilər. Məsələn, Respublikamızın ərazisindən axan Kür çayının 20-30 illərdən təmizlənməməsi, bəndlər qurulmaması üzündən daşqınlar nəticəsində ayrı-ayrı rayonlara güclü zərər dəymişdir.

        Eləcə də daxili bazarın qorunması təhlükəsizliyi.

        Təhlükəsizliyə belə bir tərif də verilir: “Cəmiyyətin və onun strukturlarının daxili və xarici qorxudan qorunması meylinə və vəziyyətinə təhlükəsizlik deyilir.”

        “Təhlükəsizlik” problemi ilə əlaqədar olaraq bir nəzəri müddəanı etiraf etməliyik ki, hər bir elmin formalaşması müəyyən mənada tarixi zərurətdən irəli gəlir. Məsələn “ekologiya” elmi ən gənc elmlərdən biridir. Cəmiyyətin inkişafının müasir mərhələsində təbiətlə cəmiyyət arasında qarşılıqlı əlaqələrin gərginləşməsi “ekologiya” elminin yaranmasına səbəb olmuşdur.

        Bu gün qloballaşma prosesinin artması, dövlətlər arasında hərtərəfli əlaqələrin genişlənməsi, istehsal amillərinin beynəlxalq hərəkəti, açıq iqtisadiyyatın geniş vüsət alması və çox ciddi müsbət və mənfi hallar yarada bilir.

        Beynəlxalq iqtisadi əlaqələrdə və daxili sahibkarlığın inkişafında ayrı-ayrı şəxslərin fəallığı da kökündən dəyişmişdir. 

        Bir çox hallarda şəxsi mənafe milli mənafedən üstün tutulur. Belə şəraitdə ölkənin milli sərvətinin talanması, tükənməsi, əhalinin tələbatının tam ödənilə bilməməsi təhlükəsi özünü göstərir.

        Məhz bu zərurətdən də “ölkənin iqtisadi təhlükəsizliyi” elmi yaranmışdır.

        Təhlükəsizlik anlayışı cəmiyyətin bütün tərəflərini özündə etiva edə bilər. Cəmiyyətin, dövlətin, ayrı-ayrı müəssisələrin, şəxslərin təhlükəsizliyinin təmin edilməsi. Eləcə də siyasi, hərbi, informasiya, elmi-texniki sahələrin təhlükəsizliyinin təmin edilməsi və s.

        “İqtisadi təhlükəsizlik” anlayışı nəzəri iqtisad ilə politologiya elminin qovuşmuş kateqoriyasıdır. Bu anlayış özündə iqtisadi asılılıq, sabitlik, iqtisadi təzyiq, iqtisadi təxribat, iqtisadi suverenlik və digər kateqoriyaları əks etdirir.

        İqtisadi təhlükəsizlik – milli dövlət təhlükəsizliyinin tərkib hissəsi olduğu kimi ərzaq təhlükəsizliyi də özlüyündə iqtisadi təhlükəsizliyin tərkib hissəsidir.

        Ərzaq təhlükəsizliyi – ərzaq çatışmazlığı təhlükəsi ilə bağlıdır. Hələ 200 ildən artıq bundan əvvəl ingilis iqtisadçı Tomas Robert Maltus (1766 – 1834) 1798-ci ildə “əhali qanunu haqqında təcrübə” adlı əsər yazaraq anonim ad ilə nəşr edilmişdir. O, göstərirdi ki, hər 25 ildən bir əhalinin sayı 2 dəfə (həndəsi silsilə üzrə) artdığı halda əhali üçün yaşayış vasitələri ədədi silsilədə olduğundan tez arta bilməz. Beləliklə o, ərzaq məhsullarının çatışmazlığını təbii hal hesab edirdi. Maltus əhali artımı ilə ərzaq çatışmazlığı ilə bağlı olaraq xəstəlikləri, müəyyən nöqsanları, müharibələri qanunauyğun hesab ediridi.

        Maltusun fikirləri özünü tam doğrultmasa da, hər halda təbii ehtiyatlardan səmərəli istifadə edilməsi, kənd təsərrüfatının quruluşunda dəyişiklik aparılması, islahatlar keçirilməsi, bəzi ölkələrdə əhali artımı barədə yeni siyasət yeridilməsi və bu kimi problemlərə olan məsuliyyəti artırmışdır.

 

 

4.    Ərzaq təhlükəsizliyinin təmin edilməsində bəzi                 ictimai-nəzəri və əməli problemlər

 

        Ərzaq probleminin vəziyyəti həmişə dünya alimlərinin, beynəlxalq təşkilatların və dövlət orqanlarının diqqət mərkəzində olmuşdur. Ayrı-ayrı dövrlərdə bu sahədə müzakirələr, təhlillər, geniş araşdırmalar aparılmışdır.

        Demək olar ki, bütün mütərəqqi bəşəriyyət cəmiyyətin ərzaq təhlükəsizliyinin təmin edilməsinə dair öz qüvvələrini birləşdirmişlər. 1996-cı ildə Vaşinqtonda “Dünyanın gələcəyini öyrənən cəmiyyət” yaradılmışdır. Həmin illərdən ABŞ-ın 15 institut və təşkilatında minlərlə alim bəşəriyyətin çağdaş və gələcək inkişaf meyllərini tədqiq edir.

        Belə tədqiqatlar Avropada da geniş yayılmışdır.

        Vyanada (Avstriya) “Gələcəyin problemləri institut”, Niderlandda “Bəşəriyyət 2000-ci ildə” beynəlxalq fondu yaradılmışdır.

        1968-ci ildə “Ümumdünya sisteminin inkişafını modelləşdirən v ə proqnozlaşdıran “Roma klubu” Beynəlxalq təşkilatı yaradılmışdır.

        Roma klubunda “Artım həddi” barədə 1972-ci ildə geniş müzakirələr olmuşdur. Burada müəlliflər gələcək 130 il cəmiyyətin inkişaf meylini proqnozlaşdırmışlar.

        Bunun üçün 5 qlobal problemi nəzərdə tutmuşlar.

1.     Sürətli sənayeləşmə;

2.     Əhalinin sürətli artımı;

3.     Aclıq və ərzaq çatışmamazlığının geniş yayılması;

4.     Təbii ehtiyatların tükənməsi;

5.     Məskunlaşma mühitinin pisləşməsi;

        Bu problemlərin tədqiq edilməsi üçün müəlliflər 4 ümumiləşdirilmiş göstəriciyə əsaslanmışlar:

1.     Dünyanın potensial əkin sahəsi (3.2 mlrd. hektardır);

2.     1970-ci ilə nisbətən məhsuldarlığın 3 dəfə artırılması mümkünlüyü;

3.     1970-ci illə müqayisədə əldə edilə bilən ehtiyatların 200 dəfə artırılması mümkünlüyü;

4.     Yer üzündəki müxtəlif çirklənmələrin qarşısının alınması (əks halda bu 1970-ci ildəkindən 25 dəfə çox ola bilər).

        Beləliklə müəlliflər əhalinin sayının təqribən 33 ilə, sənaye istehsalının isə 10-15 ilə 2 dəfə artması ehtimalı qəbul etmişlər.

        Ərzaq təhlükəsizliyi ilə bağlı olaraq 1974-cü ildə Romada BMT “Ümumdünya ərzaq konfransı” keçirilmişdir. Bu konfransda ərzaq qıtlığına və aclığa qarşı birgə mübarizə üçün ümumbəşəri bəyannamə qəbul edilmişdir. Bəyannamədə belə halların yaranma səbəblərinin öyrənilməsi, xəbərdarlıq edilməsi, tədbirlər görülməsi məsələlərinə diqqətin artırılması tövsiyə edilmişdir.

        Elə bu məqsədlə də 1974-cü ildə “Ümumdünya ərzaq şurası” yaradılıbdır. Bu şura ümumdünya ərzaq proqramı təşkilatı kimi fəaliyyət göstərir. Təməli 1963-cü ildən qoyulmuşdur.

        Belə beynəlxalq tədbirlərdən biri də 1992-ci ildə keçirilmişdir. Dünyanın ən qabaqcıl 1600 alimi (o cümlədən, 102 Nobel laureatı) beynəlxalq yığıncaqlar keçirərək elmi təhlillər, hesablamalar aparmış, ərzaq probleminin güclü sosial siyasi mahiyyətə malik olmasını göstəriblər.

        `Beləliklə, bu alimlərin hazırladıqları sənədlərdə aşağıdakı problemlərə diqqətin artırılması ön plana çəkilmişdir.

1.     Əsas ərzaq növü olan taxılçılığın əkin sahəsinin azalması məsələsi. 1980-ci illərdə taxıl əkini sahələri 735 mln. hektar olduğu halda, 2003-cü ildə 666 mln. hektar təşkil etmişdir (69 mln. hektar azalaraq 1960-cı illərin səviyyəsinə enmişdir).

Bu vəziyyəti 3 əsas səbəblə əlaqələndirmək olar:

        torpağın böyük bir qismi əkin dövriyyəsindən çıxarılaraq sənaye məqsədlərinə, infrastrukturanın inkişafına cəlb edilir;

        60-80-ci illdərdə kənd təsərrüfatının intensiv inkişafının nəticəsi olaraq torpaqların eroziyası artmışdır. Ona görə də bir çox ərazilərdə yeni meşə salınması və çəmənliklər yaradılması zərurəti meydana çıxmışdır;

        Dünya üzrə əhalinin sayının artması şəhərlərin, qəsəbələrin, bağ təsərrüfatlarının, müvafiq infrastrukturanın genişlənməsini tələb edir.

2.     İçməli su qıtlığı problemi. Etiraf etməliyik ki, hazırda dünya əhalisinin 50 %-ə qədəri içməli su ilə qeyri qənaətbəxş təmin olunur.

        Bir çox hallarda sudan qənaətlə istifadə olunmur. Sənaye məqsədlər üçün sudan istifadə artır, bu isə su tutumlarını çırkləndirir.

        Bəzi regionlarda suvarılan torpaqların artması da içməli suların azalmasına səbəb olur. Məsələn, XX əsrin əvvəllərində süni suvarılan əkin sahələri 40 mln. hektar olduğu halda 50-60-cı illərdə bu göstərici 99 mln. hektar, 2003-cü ildə 273 mln. hektar təşkil etmişdir.

        Aydındır ki, suvarma sisteminin yaxşılaşdırılması məhsulu xeyli artırmışdır. Lakin müəyyən nöqsanlar üzündən su kanallarından suyun torpağa çökməsi və böyük çaylarda dərinləşmə işləri aparılamdığına görə dayazlaşma baş vermişdir (Qaraqum kanalı çəkildikdən sonra aral dənizinin vəziyyəti buna əyani misal ola bilər).

3.     Dünya okeanının qlobal problemi də ərzaq problemini çətinləşdirir. Okeanlarda (Atlantik və Sakit okeanda) balıqçılıq hövzələrindən həddindən artıq balıq tutulması, dəniz məhsullarının mənimsənilməsi bir çox balıq növlərinin yox olmasına gətirib çıxarmışdır.

        Balıq ehtiyatlarının belə vəziyyətə düşməsi üzündən Avropa İttifaqı 2003-2004-cü illərdən balıq tutulmasını 40 % qadağa qoymuşdur. Bu hal 10 minlərlə balıqçı ailəsinin maddi vəziyyətini  pisləşdirmişdir.

        Balıq tutulması və dəniz məhsulları əldə edilməsi 90-cı illərdə 100 mln. ton 2003-cü ildə isə 110-120 mln. ton təşkil edir.

4.     Ətraf mühitin çirklənməsi problemi də kəndə təsərrüfatına, ərzaq təminatına böyük zərər vurur.

        Bir çox tullantıların qaz və digər maddələrin ətraf mühitə atılması iqlimin istiləşməsinə səbəb olmuşdur. Eyni zamanda qasırğa və tufanlar, quraqlıqlar, daşqınlar və digər fəlakətlər də artmışdır. Bütün bunlar ərzaq məhsullarının mənbəyi olan aqrar bölməyə zərər vurur.

        İqlimin gələcəkdə də istiləşməsi, buzlaqların əriməsi Dünya okeanın 6-7 metr qalxmasına səbəb ola bilər ki, bu da yüzlərlə şəhər və kəndlərin, torpaqların su altında qalması deməkdir.

5.     Məhsuldarlıq səviyyəsinin aşağı düşməsi problemi.

        Hazırda dünya üzrə taxılın məhsuldarlığı 31 sentnerdir. (Fransa və İngiltərədə buğdanın məhsuldarlığı 70 sentnerdir).

        Geridə qalmış aqrar ölkələrdə bu göstərici Afrikada – 13, Rusiyada – 20 sentner təşkil edir.

        Məhsuldarlığın artırılması üçün çoxlu kapital qoyuluşu tələb olunur.

6.     Biçənəklərdə otarılan mal-qaranın qədəri. Biçənəklərdə, çəmənliklərdə mal-qaranın otarılması heyvandarlıq məhsullarının artmasına zəmin yaradır. Lakin nəzərə almaq lazımdır ki, bunun da müəyyən həddi var. Mal-qaranın və qoyunların sayının çoxalması həmin çətinliklərin üst qatının korlanmasına səbəb olur. Ona görə də gələcəkdə mal əti və qoyun ətinin artırılması ehtimalı daha azdır.

        Bütün bu və ya digər problemlər bütövlükdə cəmiyyətin və insanların ərzaq təminatı üçün təhlükə mənbəyi hesab edilir. Odur ki, təhlükəsizlik tədbirləri də artırılır.

        Bu təhlükəsizlik tədbirləri dünya miqyasında, regional, milli və hətta ev təsərrüfatı səviyyəsində müəyyən edilir.

        Son illərin məlumatına görə inkişaf etməkdə olan 113 ölkənin 24-ü daha aşağı səviyyədə ərzaq təhlükəsizliyinə nail olmuşdur ki, bunun da 22-i Afrika ölkələridir.

        2000-ci ilin iyun ayında Azərbaycan hökuməti Avropa  komissiyasının ərzaq təhlükəsizliyi proqramına qoşulmaq üçün memorandum imzalamışdır. Beləliklə, ölkədə Ərzaq Təhlükəsizliyi Proqramı hazırlanmış və ölkə prezidenti tərəfindən 2001-ci il 2 mart tarixli sərəncamla təsdiq  edilmişdir.

        Bütün qeyd etdiklərimizdən belə nəticəyə gəlmək olur ki, gələcəkdə ərzaq məhsullarının sürətlə artırılması o qədərdə real deyildir. Lakin əhalinin ərzaq məhsulları ilə təmin edilməsi imkanları da tükənməmişdir.

        FAO-nun hesablamalarına görə əhalini ərzaq məhsulları ilə təmin etmək üçün (müvafiq normalarla) 2025-ci il istehsalın həcmi 2 dəfə artırılmalıdır.

        Bu isə o qədər də real deyildir. Müəyyən iqtisadi hesablamalar görə 2030-cu ilədək ərzaq məhsulları istehsalı zəif də olsa artan istiqamətdə dəyişəcəkdir.

        Lakin hazırkı qida normaları və əhalinin artımı müqabilində dünya bazarında 500 mln. ton taxıl, 40 mln. ton ət, 70 mln. ton balıq və balıq məhsulları və bir sıra digər məhsullar çatışmayacaqdır

        Beləliklə, ərzaq probleminin həllində üç cəhətə fikir yönəldilir.

1.     İstehsalın 2 dəfə artırılması;

2.     Təbii artımın məhdudlaşdırılması;

3.     Əsas ərzaq növləri üzrə qida normalarının azaldılması mümkünlüyü.

 

 

 

4.    Ərzaq köməkliyi problemi

 

 

 

        1970-ci illərdə inkişaf etməkdə olan ölkələrin bir çoxunda ərzaq probleminin pisləşməsi zəruri təcili tədbirlər görülməsini tələb edirdi. Bu tədbirlərdən biri də ərzaq köməkliyi idi. Ərzaq köməkliyi dedikdə ərzaq ehtiyatlarının güzəştli şərtlərlə və yaxud əvəzsiz verilməsi nəzərdə tutulur.

        1970-ci illərin ortalarından 1995-ci ilədək edilən taxıl yardımı, ildə 8 mln. tondan 13 mln. tona çatdırılmışdır. Həmin müddətdə digər ərzaq məhsulu olan quru süd və bitki yağı köməkliyi 330 min tondan 1.2 mln. tona çatdırılmışdır. Ərzaq köməkliyinin çoxu Afrikanın Saxara boyu ölkələrinin payına düşür. Son onilliklərdə daha çox köməklik edilən ölkələrdən Misir, İordaniya, Mərakeş və Tunis, Asiyada – Hindistan, Pakistan, Şri-Lanka, Latın Amerikasında – Salvador, Qvatemala, Yamayka, Perunu göstərmək olar. Aydındır ki, bütün bu kimi köməkliklər, həmin ölkələrdə ərzaq çatışmazlığına əsaslı surətdə yardım edir. Bununla yanaşı, bu ölkələrin gələcək sosial iqtisadi zəmin yarada biləcək texnologiya və s. istehsal vasitələri verilməsi də həyata keçirilir.

 

 

Ərzaq köməkliyi edən əsas təşkilatlar

 

 

        Dünyada ərzaq və kənd təsərrüfatı məhsulları məsələsi ilə məşğul olan ən böyük beynəlxalq təşkilat – FAO (ərzaq və kənd təsərrüfatı təşkilatı) hesab edilir. Bu təşkilat 1945-ci ildə yaradılmışdır(mərkəzi Romadadır). Bu təşkilata 174 ölkə və Aİ dövlətləri daxildir. 5 ərazi şöbəsi vardır: Afrika üzrə; Asiya və Sakit okeanı üzrə; Avropa; Latın Amerikası: Karib hövzəsi və Yaxın Şərq üzrə. Bu təşkilat əsasən öz üzvlərinin üzvlük haqqı hesabına maliyyələşdirmə həyata keçirir.

        BMT-nin xüsusi təşkilatı olmaqla FAO, əhalinin təmin olunması barədə məlumat toplayır, inkişaf etməkdə olan ölkələrə ərzaq köməkliyi edilməsinin və kənd təsərrüfatının inkişafına yardım göstərilməsini həyata keçirir və müxtəlif texniki yardım layihələri hazırlayır.

        Ərzaq məsələsinin işlənib hazırlanmasında başqa beynəlxalq təşkilatların da böyük rolu vardır. 1974-cü ildə Ümumdünya Ərzaq Şurası yaradılmışdır. Bu şura dünya miqyasında ərzağın vəziyyətini izləyir və ehtiyacı olan ölkələrə köməklik göstərilməsini təşkil edir. Təməli 1963-cü ildən qoyulan bu təşkilat (qərargahı Romadadır – İtaliya) Ümumdünya Ərzaq Proqramı təşkilatı kimi fəaliyyət göstərir. Fəaliyyətə başladığı vaxtdan mindən artıq inkişaf layihəsinə yardım etmiş, 1200-dən çox fövqəladə əməliyyatlarda ərzaq yardımı vasitəsilə iştirak etmişdir.

        1977-ci ildən kənd təsərrüfatının inkişafı üzrə Beynəlxalq Fond (İFAD) inkişaf etməkdə olan ölkələrin ərzaq vəziyyətinin yaxşılaşdırılmasına köməklik göstərir (1976-cı ildə yaradılıbdır). Bu təşkilat 1978-ci ildən kreditləşdirmə həyata keçirir. Bu fonda 160 ölkə daxildir. Bundan:

   – 22 inkişaf etmiş donor ölkəsi;

   – 12 inkişaf etməkdə olan donor ölkəsi (Əlcəzair, Venesuela, Qabon, İndoneziya, İraq, İran, Qatar, Küveyt, Liviya, Nigeriya, BƏƏ, Səudiyyə Ərəbistanı);

   – 126 digər inkişafda olan ölkələr.

        Bu məsələ ilə digər beynəlxalq təşkilat birliklərdə yaxından məşğul olur. Bunlardan 1960-cı ildə təşkil olunmuş iqtisadi əməkdaşlıq və inkişaf təşkilatı, yenə də 1960-cı ildə yaradılmış neft ixrac edən ölkələr təşkilatı OPEK, 1949-cu ildə yaradılmış Avropa Şurası və s. qeyd etmək olar.

        Bu ərzaq köməkliyi problemində ABŞ da böyük rol oynayır. 1960-cı illərin ortalarında cəmi ərzaq köməkliyinin 96 %-i ABŞ-ın payına düşürdü. 1990-cı illərin əvvəllərində isə ABŞ-ın payı 40 %-ə enmişdir. 1960-cı illərdə ABŞ tərəfindən daha çox köməklik Tunis, Filippin, Cənubi Vyetnam, Hindistan, Pakistan və Cənubi Koreyaya göstərilmişdir. 1970-ci illərdə isə Misir və Çinə daha çox yardım verilmişdir. 1980-ci illərdə isə ərzaq köməkliyi məsələsində Qərbi Avropa dövlətlərinin rolu artmışdır.      

Haqqında Əkinçi