24 Noyabr, 2017 - Cümə
2-4 aprel tarixində Bakı Ekspo Mərkəzində 2-ci Xəzər Beynəlxalq Kater və Yaxtalar (“CIBS 2015”) sərgisi keçiriləcək.

2-4 aprel tarixində Bakı Ekspo Mərkəzində 2-ci Xəzər Beynəlxalq Kater və Yaxtalar (“CIBS 2015”) sərgisi keçiriləcək.

 

“Iteca Caspian”dan Trend-ə verilən məlumata görə, bu tədbir Xəzər regionunda katerlər, yaxtalar, dəniz inventarının müxtəlif növləri, yaxt-klublar, su-idman növləri və su nəqliyyatını ehtiva edən yeganə sərgidir. Kater və Yaxtalar sərgisinin keçirilməsi 2015-ci ildə su-idman növlərinin inkişafına təkan verən Birinci Avropa Oyunlarının açılışı baxımından çox aktualdır.

Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası (ARDDA), Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası sərgiyə rəsmi dəstək göstərirlər. Sərginin təşkilatçıları qismində isə “Iteca Caspian” və onun britaniyalı tərəfdaşı “ITE Group Plc” şirkətləri çıxış edirlər.

“CIBS 2015” sərgisinin ekspozisiyası Bakı Ekspo Mərkəzinin ikinci zalında yerləşəcək. Hazırda sərgi iştirakçılarının tərkibinə ARDDA, “Arcadia Marine House”, Azərbaycan Yelkən İdmanı Federasiyası, “Baku Marine Service”, “Baltiyskie Berega”, “Regal Boats”, “Seagull Caspian” və s. şirkətlər daxildir.

İştirakçıların coğrafiyası Azərbaycan, Rusiya, ABŞ və Ukraynanı əhatə edir.

Sərgi peşəkarlar, həvəskarlar və ziyarətçilərə su-motor texnikası məhsullarını, fəal istirahət üçün əlavə malları, habelə bu sahənin ən son texnoloji nailiyyətlərini təqdim edəcək. Bu ilin yenilikləri arasında sahil, bünövrə yerləri və yamacların bərkidilməsi, eləcə də sahilyanı zonaların abadlaşdırılması (o cümlədən pirslərin və yanalma körpülərinin inşası), sahil xəttinin formalaşdırılması, sahil zonasının artırılması, su hövzələrinin təmizlənməsi və dərinləşdirilməsi, sualtı təmizləmə işləri və s. bu kimi sahələrdə müasir və iqtisadi baxımdan sərfəli texnologiyalar var.

Bu il “CIBS” sərgisi ilk dəfə olaraq 14-cü Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər sərgisi və 9-cu Qafqaz Beynəlxalq Mehmanxana, restoran və supermarketlər üçün avadanlıq və ləvazimatlar sərgisi ilə eyni meydançada keçiriləcək.

Təşkilatçılar ümid edirlər ki, “CIBS 2015” sərgisi ölkənin su-motor avadanlığı bazarına daxil olması və həmin bazarda öz mövqeyini möhkəmləndirməsi, habelə artıq mövcud olan işgüzar əlaqələrin təkmilləşdirilməsi və yeni münasibətlərin qurulması, eləcə də yeni distribüterlərlə əməkdaşlıq və sifarişçi bazasının genişləndirilməsi baxımından perspektivli və səmərəli vasitəyə çevriləcək.

Haqqında Əkinçi