25 Sentyabr, 2017 - Bazar ertəsi
Absurd və intihar – Albert Kamyu

Absurd və intihar – Albert Kamyu

 

Fəlsəfənin bircə ciddi problemi var: intihar. Həyatın yaşamağa dəyib-dəymədiyinə qərar vermək elə fəlsəfənin ən başlıca sualına cavab verməkdir. Bütün başqa problemlər ikinci dərəcəlidir: dünyanın üç ölçülü olması da, təfəkkürün doqquz yaxud on iki kateqoriyasının olması da. Bunların heç bir əhəmiyyəti yoxdur!

Qayda belədir: ilk öncə suala cavab verməlisən. Nitsşenin təbirincə desək, filosof hörmətəlayiq olmaq istəyirsə, ilk növbədə özü nümunəvi olmalıdır. Bu zaman cavabın vacibliyi önə çıxır, çünki cavab davranışı qabaqlayır. Bunlar qəlb həqiqətləridir, ağla tətbiq etmək üçün dərinləşdirmək lazımdır. Özüm-özümə sual verirəm: digərləri ilə müqayisədə bu problemlərdən hansı daha vacibdir? Cavab verirəm: davranış qərardan sonra gəlir, ona görə də qərar haqqında danışmalı.

Hansısa elmi sübut üçün ölən adam görməmişəm. Ən vacib elmi həqiqətlərdən birini kəşf edən Qaliley də həyatı üçün təhlükə yarandığını hiss etdiyi an kəşfini inkar etdi. Müəyyən mənada ona haqq qazandırmaq olar. Bu həqiqət diri-diri yanmağa dəyməzdi. Elə də vacib məsələ deyil, dünya Günəşin ətrafında fırlanır, yoxsa Günəş dünyanın. Boş şeylərdir. Bunun əksinə, həyatın yaşamağa dəymədiyini düşünərək ölən xeyli insan görmüşəm. Qəribədir ki, öz həyatlarının mənasına çevirdikləri ideyalar və illüziyalar uğrunda ölən insanlar da çox görmüşəm. Deməli, “həyatın mənası” adlandırdığımız şey nədirsə, o eyni zamanda, ölmək üçün də səbəbə çevrilə bilir. Ona görə də mənim üçün ən vacib sual “Həyatın mənası nədir?” sualıdır. Bəs buna necə cavab vermək olar?

Görünür, bütün mövcud problemlərə yanaşmada iki metod var: La Palis və Don Kixot metodları. Mən ölüm arzusunu və həyat eşqini bununla izah edərdim. Həqiqət və heyrət arasında balans yarandıqda biz emosiyaya və aydınlığa çatırıq. Təvazökarcasına və hissə qapılaraq bu və ya digər məsələdə biliyə əsaslanan klassik dialektikanı daha sağlam düşüncə tərzi əvəz etməlidir. İntihar hər zaman bir sosial problem kimi tədqiq edilib, biz isə əksinə, elə lap əvvəldən bu məsələyə intihar və fərdi düşüncə əlaqəsi kontekstindən yanaşmağı təklif edirik. İnsanın özü belə fərqində olmadan bu davranış, yəni intihar daxili durğunluğun fonunda yetişir. İnsan özü bütün bunlardan xəbərsizdir, günlərin bir günü o, öz başına bir güllə çaxır yaxud özünü sulara qərq edir.

Bir dəfə mənə beş il əvvəl öz qızını itirmiş bir bina gözətçisi haqqında əhvalat danışmışdılar. Deyirdilər ki, bu adam həmin hadisədən sonra yaman dəyişibmiş, dərd onun içini içdən yedi və çökdürdü. Bundan daha uğurlu bir ifadə forması tapmaq olmazdı: “içini yedi”. Düşünməyə başlamaq içini yemək deməkdir. Burda cəmiyyətin heç bir rolu yoxdur. Qurd sənin öz içindədir, onu orda axtarmalı.

İntiharın çox səbəbi ola bilər və maraqlıdır ki, bu səbəblərdən ən tez gözə çarpanları ən effektiv olanları deyil. Heç vaxt intihar düşünülmüş olmur. Akt, demək olar ki, hər zaman anlaqsız vəziyyətdə baş verir. Mətbuatda tez-tez bu ifadələrdən istifadə edilir: “dərin kədər”, “sağalmaz xəstəlik”. Bunlar inandırıcıdır. Amma aydınlaşdırmaq lazımdır, həmin gün, həmin hadisədə hanısa laqeyd bir dostun “əməyi” olubmu? Bax əsl günahkar odur! Çünki bu kiçik detal intihar edən şəxsin illərlə ürəyində yatıb qalmış yorğunluğunu və kinini oyatmağa bəs edir.

Həmin anı, daxili sarsıntının intihar cəhdinə keçdiyi o incə çizgini tam müəyyənləşdirmək çətin olsa da, davranışın özündən çıxış edərək müəyyən fikirlər söyləmək mümkündür. İntihar, müəyyən mənada, melodramlarda olduğu kimi içini kiməsə boşaldaraq rahatlaşmaq kimi bir şeydir.

Özünü öldürmək həyatın sona çatdığını, yaxud onun dərk edilmədiyini etiraf etməkdir. Yaxşısı budur, bu bənzətmələrə çox da vaxt itirməyib, hamının anladığı sözlərə keçək. İntihar, sadəcə, etirafdır: “Yaşamağa dəyməz”. Həyat, həqiqətən də, çətindir. Biz bizdən tələb olunan davranışlar göstəririk, bunun müxtəlif səbəbləri var, ən başlıcası isə alışqanlıqdır. İntihar etmək instinktiv olsa da, alışqanlıqların gülünc mahiyyətini, yaşamaq üçün artıq səbəbin olmadığını, dərd çəkməyin mənasız olduğunu dərk etməkdir.

Elə isə təfəkkürü həyat üçün vacib röyadan məhrum edən, ipə-sapa gəlməz hiss hanısıdır? Ən neqativ səbəblərdən olsa belə, izah oluna bilən dünya bizə çox doğmadır. Yox, əgər dünya bütün bu illüziyalardan məhrum olarsa, onda insan özünü bu dünyada qərib hiss edəcək. Bu, çarəsiz bir sürgünlük kimidir, çünki sən uzaq bir ölkənin xatirələrindən, yaxud yeni ölkə ilə bağlı ümidlərdən məhrumsan. İnsan və onun həyatı arasındakı uçurum, aktyorla dekorasiya arasındakı kontrasa bənzəyir, bu isə absud təsiri bağışlayır. Nə vaxtsa intihar haqqında düşünmüş bütün insanlar bu duyğu ilə yox olma istəyi arasında birbaşa əlaqə olduğunu asanlıqla etiraf edirlər.

Düzü, mənim bu essemin mövzusu absurd və intihar arasındakı əlaqədir. Mən aydınlaşdırmaq istəyirəm ki, intihar, doğrudanmı, bu absurddan xilas olmaq üçün ideal vasitədir? Öz-özünü aldatmadan yaşayan insanın davranışlarını onun həqiqət hesab etdiyi şeylər müəyyənləşdirir. Bu halda mövcudluğun absurd olduğuna inanmaq insanın davranışlarının təməlində dayanır. Bu zaman haqlı olaraq sadə və pafosdan uzaq bir sual yaranır: haqqında danışdığımız anlaşılmaz vəziyyətdən tez-tələsik qurtulmaq lazım deyilmi? Əlbəttə, burda öz-özü ilə dil tapmağı bacaran insanlardan söhbət gedir.

İlk baxışdan bu problem həm sadə, həm də mürəkkəb görünə bilər. Bəsit sualların bəsit də cavabı olduğunu düşünmək sadəlöhvlükdür. Məsələyə fərqli prizmadan yanaşsaq, insanların intihara cəhd edib-etməmələrindən asılı olmadan aydın məsələdir ki, “həyatın mənası varmı?” məsələsi haqqında iki fəlsəfi fikir ola bilər: “bəli” və “xeyr”. Kaş ki, məsələnin həlli bu qədər sadə olaydı! Bir də heç bir nəticəyə varmadan, hey sual verənlər var.

Zarafat bir yana, söhbət çoxluqdan gedir, əksəriyyət belədir. Bundan əlavə, hərdən mənə elə gəlir ki, “xeyr” cavabını verənlər ürəklərinin dərinliklərində “bəli” deyə düşünürlər. Nitsşe demişkən, onlar onsuz da “hə” cavabını veriblər. Və əksinə, intihar etmiş insanlar əksər hallarda həyatın mənasının olduğuna inananlardır. Bu ziddiyyətlərdən yayınmaq mümkün deyil. Əksinə, məntiqin daha çox tələb olunduğu məqamlarda bu ziddiyyət daha da kəskin şəkildə üzə çıxır.

Çox vaxt fəlsəfi nəzəriyyələri məhz həmin nəzəriyyələrdən istifadə edənlərin davranışları ilə qarşılaşdırırlar. Həyatın mənasını inkar edən bu mütəfəkkirlərin içində ədəbiyyatdan doğan Krılovdan, əfsanədən yaranan Pereqrindən və fərziyyədən yola çıxan J.Lekyedən başqa heç kəs öz nəzəriyyələri ilə razılaşaraq intihar etməyib. Yağ içində böyrək kimi həyat sürən Şopenhauerin intihardan dəm vurmasını indi zarafatla xatırlayırlar. Heç də gülməli deyil. Nə olsun ki, faciəni bu cür qeyri-ciddi qəbul edirlər, əvvəl-axır bu qeyri-ciddi yanaşma həmin insanın özünü çətin vəziyyətdə qoyur.

İndi bütün bu qarışıqlıq və ziddiyyətin fonunda həyatın mənası haqqında düşüncələr ilə bu həyatdan öz xoşu ilə getmək arasında əlaqənin olmadığına inanmaq olarmı? Gəlin hər şeyi böyütməyək! İnsanı həyata bağlayan bağlar bütün bu məhrumiyyətlərdən daha güclüdür. Bədənin verdiyi qərar ağlın qərarından heç də az əhəmiyyətli deyil.

Məsələ burasındadır ki, bizim yaşama alışqanlıqlarımız düşünmə alışqanlığımızdan daha əvvəl formalaşır. Ölüm zamanımız çatana qədər bədənimiz bu alışqanlıqları qoruyub-saxlayır. Nəhayət, mən bu ziddiyətin əsasını təşkil edən şeyi “yayınma” adlandırıram, çünki bu, Paskalın “əyləncəsi”ndən həm azdır, həm də çox. Bu esse həm də ümiddən bəhs edir. Layiq olmaq istədiyimiz başqa bir həyatın ümidi yaxud həyatın özü üçün yox, bu həyatdan daha yüksəkdə dayanan ideyalar üçün yaşayan insanların hoqqaları həyata məna qatır və bu, aldadıcıdır.

Sanki hər şey qarışıqlıq yaratmağa xidmət edir. Əbəs yerə həyatın mənasını inkar etməyin bu həyatın yaşamağa dəymədiyi nəticəsinə gətirib çıxardığını iddia etmirik. Düzü, bu iki yanaşma arasında birbaşa əlaqə yoxdur. Sadəcə, qeyd etdiyimiz qarışıqlıq, qopma və əsassızlıqlara ram olmamalıyıq.

Hər şeyi bir kənara atıb birbaşa problemin üzərində dayanmaq lazımdır. Həyat yaşamağa dəymədiyi üçün intihar edirlər, əlbəttə, bu, həqiqətdir, danmaq olmaz, lakin bu, axtalanmış həqiqətdir. Məgər mövcudluğun bu qədər alçaldılması onun mənasız olmasınınmı nəticəsidir? Məgər həyatın absurdluğu insanı hansısa ümidə doğru qaçmağa yaxud intihar etməyə vadar edir? Bax hər şeyi kənara atıb aydınlaşdırılmalı, izah edilməli olan məsələ budur.

Absurd bizi ölümə aparırmı? Bu sual bütün suallardan daha vacibdir, daha öndə gəlir. Bu araşdırmada detallara yer verilmir. O, haqsız düşüncə, daha doğrusu, məntiq tələb edir. Bu isə heç də asan deyil. Məsələlərə məntiqlə yanaşmaq elə də çətin deyil, lakin məntiqi yanaşmanı axıra qədər qoruyub-saxlamaq qeyri-mümkündür. Özünə qəsd edən insanlar beləcə məntiqsiz şəkildə öz duyğularının izinə düşüb gedirlər. İndi intihar haqqında danışarkən özüm üçün çox maraqlı bir sual yaranır: məntiqlə intihar etmək mümkündürmü? Bunu mən yalnız xaotik bir ehtirasdan qurtularaq və öz həqiqətimin işiğında mühakimələr yürüdərək bilə bilərəm. Mən bunu absurd düşüncə adlandırıram. Başqaları da bu cür yanaşmağa başlamışdılar, düzü, bilmirəm, onlar hələ də bu yoldadırlarmı?

Karl Yaspers birlik içində yaşayan bir dünya qurmağım mümkünsüz olduğunu iddia edərkən fikirlərini belə izah edirdi: “Bu cizgilər məni mənə aparır. Artıq mən burda hansısa “obektiv baxış bucağı”nın arxasına sığına bilmərəm, orda heç kim, hətta özüm də mənim üçün obyekt ola bilməz.” Yaspers də bir çox başqalarının ardınca gedərək düşüncənin sərhədlərinin yaxınlığındakı susuz səhralardan bəhs edir. Bəli, əlbəttə, başqalarından sonra, amma görün, ordan qaçıb qurtulmaq üçün necə də tələsirlər! Düşüncənin sərhədlərinə, bu dönüş nöqtəsinə çoxları gedib çıxa bildilər, hətta gözə çarpmayan insanlar da. Onlar ən dəyərli şeylərindən imtina ediblər. Onların içində fikir aristokratları da var, lakin onların hər cəhdi öz düşüncələri ilə mübarizə idi. Əslində isə, burda əsl hünər düşünmək qabiliyyətini qoruyub saxlamaqdan və bu yad diyardakı təbiəti yaxından izləməkdən ibarətdir. Dözüm və açıq fikirlilik absurdun, ümidin və ölümün iştirak etdikləri bu absud və insanlıqdan uzaq tamaşanın seyrinə dalmalıdır. Bu zaman ağıl öz həyatını qurban vermədən bu tamaşanı analiz etməyə macal tapacaq.

Haqqında Əkinçi