24 Noyabr, 2017 - Cümə

Aqrar münasibətlər və müasir şəraitdə onların xüsusiyyətləri


          İqtisad elminə bir sıra iqtisadi elmlər daxildir. Onlardan biri də kənd təsərrüfatının iqtisadiyyatı elmidir. Hər bir elm kimi bu elmin də öz predmeti vardır. Kənd təsərrüfatının iqtisadiyyatı elmi həmin sahədə çoxukladlı mülkiyyət formaları əsasında fəaliyyət göstərən müxtəlif istehsal qurumlarında təsərrüfatın təşkili, inkişafı və aparılması qanunauyğunluqlarını öyrənir. Onun məqsədi bazar iqtisadiyyatı şəraitində daxili resursların aşkara çıxarılıb səmərəli istifadə olunmasına, minimum əmək və vəsait sərfilə maksimum məhsul çıxımına nail olmaqdır. Bu isə istehsalçılar arasında gedən rəqabət mübarizəsində onların yaşamasını və üstünlüyünü təmin edən çox mühüm amildir.

          Kənd təsərrüfatının iqtisadiyyatı elmi digər iqtisadi elmlər ilə bağlı olub onların nailiyyətlərindən bəhrələnir, zənginləşir və inkişaf edir. Lakin predmet baxımından onları eyniləşdirmək olmaz. Məsələn, ümumi iqtisadi nəzəriyyə elmi cəmiyyətin iqtisadi həyatının bütün sahələrində gedən hadisə və prosesləri tədqiq edir. Daha dolğun desək, bu elm insan cəmiyyəti inkişafının  müxtəlif dövrlərində maddi nemətlərin istehsalı, bölgüsü mübadiləsi və istehsalını idarə edən qanunauyğunluqları öyrəndiyi halda, kənd təsərrüfatının iqtisadiyyatı elmi aqrar sahədə məhsul istehsalı prosesində yaranan iqtisadi münasibətləri praktika ilə daha sıx bağlı şəkildə öyrənir.

          Kənd təsərrüfatı iqtisadiyyatı elminin tədqiqat obyektinə müxtəlif quruluşlu təsərrüfatçılıq formaları, yəni təsərrüfatlararası istehsal birlikləri, kəndli təsərrüfatları, icarə üsulu ilə işləyən təsərrüfatlar, istehsal təyinatlı kooperativlər və s. daxildir. Bu elm həmin təsərrüfatların  inkişaf qanunauyğunluqlarını araşdırmaqla təkcə kəndlinin deyil, bütün zəhmətkeş kütlənin mənafeinə xidmət edir, öz elmi-praktik nəticələri ilə dövlətin iqtisadi siyasətinin həyata keçirilməsinə xidmət edir. Ümumiyyətlə, sahə iqtisadiyyatı fənləri sisteminə daxil olan kənd təsərrüfatının iqtisadiyyatı elminin predmeti iqtisadi nəzəriyyə elminə əsaslanaraq aqrar sahədə təkrar istehsal prosesini, həyati əhəmiyyət kəsb edən bu mühüm sahədə  obyektiv iqtisadi qanunların konkret fəaliyyətini, təzahür formalarnı və təsir mexanizmini öyrənir. Kənd təsərrüfatnın başlıca vəzifəsi əhalinin ərzaq məhsulları, emal sənayesini isə xammal ilə təchiz etməkdən ibarətdir. Bu mühüm taleyüklü vəzifənin yerinə yetirilməsi kənd təsərrüfatı elminin qarşısında konkret vəzifələr qoyur. Bazar münasibətlərinə uyğun olaraq kənd təsərrüfatında iqtisadi tənəzzülün qarşısının alınması və istehsalın sabitləşdirilməsi; bu sahədə strateji planlaşdırma və stimullaşdırma metodları; təsərrüfatların potensial imkanlarından daha səmərəli istifadə edilməsi; kənd təsərrüfatnın intensivləşdirilməsi və ixtisaslaşdırılması; kəndin sosial infastrukturunun inkişafı; məhsulun itkisiz yığılması; onun saxlanılması və emal edilməsində kompleks tədbirlərin həyata keçirilməsi; işsizlik probleminin aradan qaldırılması ilə bağlı məsələlərin həlli yollarını kənd təsərrüfatı elmi öyrənir.

Xalq təsərrüfatının mühüm sahəsi olan kənd təsərrüfatı həmçinin sənayenin xammala olan ehtiyaclarının ödənilməsində də böyük rol oynayır. Xalq təsərrüfatının bir çox sahələrinin inkişafı kənd təsərrüfatının inkişaf səviyyəsindən asılıdır. Kənd təsərrüfatnda istehsal olunan ərzaq məhsulları və onun emal sənayesi məhsulları ölkə əhalisinin istehlak şeylərinə olan tələbatının təxminən 75%-ni ödəyir. Respublikanın xalq təsərrüfatında çalışan əmək adamlarının təxminən 25-30%-i bu sahədə maddi nemətlər yaradır. Daxili milli məhsulun 35-40%-i kənd təsərrüfatının payına düşür.

          Kənd təsərrüfatı ilə sənaye sahələri, xüsusilə yüngül və yeyinti sənayesi müəssisələri arasında sıx əlaqələr vardır. Respublikada yeyinti sənaye məhsulları istehsalının çox qismi kənd təsərrüfatı məhsulları hesabına təmin edilir. Sənaye sahələri də öz növbəsində kənd təsərrüfatına zəruri vasitələr, yəni maşın və avadanlıqlar, yanacaq, kübrə, ehtiyat hissələri və s. verir; məhsul istehsalını artırmaq üçün istehsal prosesinin səmərəli olmasını və ahəngdarlığını təmin edir. Beləliklə, ərzaq və digər sənaye təmayüllü məhsulların istehsalında qarşılıqlı vəhdətdə olan sənaye sahələri ilə kənd təsərrüfatı və xalq təsərrüfatının digər sahələri arasında əlaqələr yaradılır, məhsul istehsalının artırılmasında və onun istehlakçılara çatdırılmasında birgə səy göstərilir.

          Kənd təsərrüfatı praktikada iki böyük qrup sahələrə ayrılır: bitkiçilik və heyvandarlıq. Onların hər biri müxtəlif məhsul istehsal edən müstəqil sahələri əhatə edir. Heyvandarlıq: südlük, ətlik-südlük və ətlik üzrə maldarlıq, donuzçuluq, quşçuluq və s., bitkiçilik isə taxılçılıq, pambıqçılıq, tərəvəzçilik, üzümçülük, tütünçülük və s. kimi sahələri özündə birləşdirir.

          Kənd təsərrüfatı özünəməxsus bir sıra sosial-iqtisadi, təbii və texnoloji xarakterli xüsusiyyətləri ilə səciyyələnir. Belə ki, iqtisadiyyatın digər sahələrindən fərqli olaraq kənd təsərrüfatında başlıca istehsal vasitəsi torpaqdır. Burada istehsal prosesi təbii amillərlə çulğaşır, onun nəticəsi torpaq-iqlim şəraitindən bilavasitə asılıdır. Bu xüsusiyyətləri nəzərə almadan kənd təsərrüfatı iqtisadiyyatını yüksəltmək, istehsalın artımını və səmərəliliyini təmin edən tədbirlər planı hazırlamaq və həyata keçirmək olmaz.

Torpaq əsas istehsal vasitəsi olmaqla digər kənd təsərrüfatı təyinatlı istehsal vasitələrindən fərqlənir. Başqa istehsal vasitələrindən fərqli olaraq, torpaq insan əməyinin məhsulu deyil, o təbiətin bəxş etdiyi nemətdir. Torpaq sahəsini başqa istehsal vasitələri kimi nə artırmaq, nə də azaltmaq olmaz; onun təbii münbitliyini, məhsulvermə qabliyyətini isə yüksəltmək olar. Torpaq sahələri məkanca yerləşməsinə, keyfiyyətinə və reylefinə görə zonalara ayrılır. Əlverişsiz torpaq sahələrində aparılan təsərrüfatçılıq əlverişli torpaq sahələrinə nisbətən daha çox vəsait ayrılmasını tələb edir.

          Kənd təsərrüfatnın iqtisadiyyatı, torpağı təbii, süni və iqtisadi münbitliyə ayırır. Torpaqda toplanan qida maddələri onun təbii münbitliyini təşkil edir. Qida maddələri torpağın mexaniki, kimyəvi, fiziki, və digər xassələrindən, təbii-iqlim şəraitindən asılıdır. Bu maddələrlə müxtəlif səviyyədə zənginləşən torpaqlarda təbii münbitlik də eyni olmur. Kənd təsərrüfatında torpaqdan istifadə səviyyəsini yüksəltmək üçün onun süni münbitliyi artırılır, yəni, torpağı qida maddələri ilə zənginləşdirmək üçün ona mineral və üzvü gübrələr verilir; növbəli əkin sistemi tətbiq edilir; düzgün suvarma işləri aparılır; yeni aqrotexniki tədbirlər həyata keçirilir və s. Süni münbitlik təbii münbitliyin bazasında yaradılır, bir-birini tamamlamaqla torpağın iqtisadi münbitliyini formalaşdırır. Torpağın iqtisadi münbitliyi dedikdə sahə vahidindən götürülən məhsulun miqdarı başa düşülür. Buna görə də iqtisadi münbitliyə qiymət verilir. Torpağın iqtisadi münbitliyini qiymətləndirmək üçün mütləq və nisbi münbitlik göstəricilərindən istifadə edilir.

          Sahə vahidindən götürülən məhsulun miqdarı və yaxud da dəyər formasında əldə olunan gəlir torpağın mütləq münbitliyini ifadə edir. Şübhəsiz ki, təbii münbitliyi müxtəlif olan torpaqlarda məhsuldarlıq da eyni səviyyədə ola bilməz. Ona görə də az münbit torpaqlarda yüksək məhsul əldə olunması üçün daha çox məsarif sərf olunur. Belə hallarda torpağın iqtisadi münbitliyini qiymətləndirmək üçün nisbi münbitlik göstəricisindən istifadə olunur. Torpağın nisbi münbitliyi sahə vahidinə sərf edilən xərclərin müqabilində götürülən məhsul istehsalının miqdarı və ya pul ifadəsində əldə olunan gəliri ifadə edir.

          Azərbaycan Respublikasında ümumi torpaq sahəsi 8.6 mln hektardır. Bundan 4.3 mln hektarı kənd təsərrüfatna yararlı torpaqlardır. Bütün torpaq ehtiyatları ölkənin vahid torpaq fondunu təşkil edir. Respublikanın dövlət ehtiyatlarnda olan torpaqlar və meşələr 1.3 mln hektardır. Qalanını yaşayış məntəqələri, qoruqlar və s. tutur.

Torpaq istifadə təyinatına görə yeddi qrupa bölünür. Bu qruplara: kənd təsərrüfatı təyinatlı torpaqlar; sənaye, nəqliyyat, rabitə, müdafiə və başqa təyinatlı torpaqlar; meşə fondunun torpaqları; su fondunun torpaqları; təbiəti mühafizə, sağlamlıq, rekresiya və tarix-mədəniyyət təyinatlı torpaqlar; ehtiyat torpaqlar daxildir.

         Kənd yerlərində torpaqlardan müxtəlif məqsədlər üçün istifadə olunur. Kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən torpaqlar kənd təsərrüfatına yararlı torpaqlar sayılır. Belə torpaqlara bitkiçilik məhsulları istehsal edilməsinə yönəldilən əkin yeri, çoxillik əkmələr, biçənəklər, otlaqlar, dincə qoyulmuş torpaqlar daxil edilir. Su və tikililər altında qalan torpaqlar, bataqlıqlar, kolluqlar, eroziyaya məruz qalmış kənd təsərrüfatı məqsədi üçün istifadə olunmayan torpaqlar isə kənd təsərrüfatına yararsız torpaqlardır. İqtisadiyyatın aqrar bölməsində olan torpaqların tərkibində kənd təsərrüfatına yararlı torpaqlar təxminən 60% təşkil edir. Yaralı torpaqların isə 35.6%-i əkin yerinin, 9.3%-i biçənəklərin, 51.9%-i otlaqların, 3.5%-i həyətyanı sahələrin, qalanı digər yararlı sahələrin payına düşür.

          Qonşu Türkiyə və İran dövlətlərində torpaqların təxminən 70-75%-i yararlı olmaqla, onun 65-70%-i əkin məqsədi üçün istifadə edilir. Türkmənistanda yararlı torpaqların 81.6%-i, Ukraynada isə 80.7%-i əkin dövriyyəsinə daxildir. Müqayisə edilən ölkələrə nisbətən Azərbaycanda torpaqlardan kənd təsərrüfatı istehsalı üçün çox aşağı səviyyədə istifadə edilir; yararlı torpaqlarda əkin sahələri az yer tutur. Buna görə də respublikada kənd təsərrüfatı dövriyyəsinə yeni torpaqların cəlb edilməsi məhsul istehsalının artırılmasında, kənd yerlərində əmək ehtiyatlarından səmərəli qaydada istifadə olunmasında, yeni təsərrüfatçılıq formalarının yaradılmasında böyük əhəmiyyət kəsb edir. Bu məqsədlə 2010-cu ilə qədər 862 min hektar yeni suvarılan torpağın istifadəyə verilməsi, 506 min hektarda isə meliorativ tədbirlər aparılması nəzərdə tutulmuşdur. Kənd təsərrüfatında torpaqları yararlı hala salmaqla, əkin sahələrinin genişləndirmək məqsədilə İslam İnkişaf Bankı Baş Mİl-Muğam kollektoru üçün 9.8 milyon ABŞ dolları kredit ayırıb. Başlıca vəzifə bu sərmayə qoyuluşundan öz təyinatı üzrə səmərəli istifadə etməkdir.

          Kənd təsərrüfatnıda torpağın iqtisadi cəhətdən qiymətləndirilməsi sahə qruluşundan asılıdır. Çünki, sahə vahidinə görə əldə edilən gəlirin məbləği və ya mənəət əkilən bitkilərin hamısında eyni səviyyədə deyil. Pambıqçılıqda hər hektardan götürülən gəlir taxılçılqda əldə edilən gəlirdən 3-4 dəfə artiq olur. Ona görə də kənd təsərrüfatında ixtisaslaşdırma aparılır, respublikanın ərazisi təbii-iqtisadi zonalara bölünür, əkin sahələrinin səmərəli quruluşu müəyyənləşdirilir.

          Kənd təsərrüfatının proqnozlaşdırılmasında, qiymətqoymada, müəssisələrin istehsal fəaliyyətinin qiymələndirilməsində torpağın iqtisadi qiymətləndirilməsindən istifadə edilir. Torpaqların iqtisadi dəyəri öz qiymətini pul ilə ifadə olunmasında tapır. Vahid kimi qəbul olunmuş bir balın qiymətini bir hektar sahənin faktiki bal qiymətinə vurmaqla torpaq sahəsinin qiyməti müəyyən olunur. Torpaqlar kənd təsərrüfatı dövriyyəsindən çıxıb başqa məqsədlər üçün istifadə olunduqda, dəyən zərəri hesablayıb müəyyənləşdirərək burada da böyük əhəmiyyət daşıyan torpağın pul ifadəsində iqtisadi qiymətləndirməsindən istifadə olunur.

          Kənd təsərrüfatında torpaqların münbitliyinin atırılması və ondan səmərəli qaydada istifadə edilməsinin əsas istiqamətlərindən biri torpaqlarda meliorasiya işlərinin həyata keçirilməsidir. Meliorasiya kompleks tədbirlər sistemi olub, torpaqların iqtisadi münbitliyini artırmaq və su ehtiyatlarından səmərəli istifadə etmək məqsədi güdür. Bu baxımdan meliorasiyası müstəsna əhəmiyyət kəsb edir. Meliorasiya sisteminə torpaqların şoranlıqdan yuyulub təmizlənməsi, torpağın eroziyasına qarşı mübarizə tədbirlərinin aparılması, torpaqların suvarılması, qurudulması, torpaqlara əhəng və gips verilməsi və s. daxildir. Azərbaycan Respublikasında ümumi əkin sahəsinin  1.4 mln hektarı suvarılır. Bu da 93.4% təşkil edir. Torpaq sahəsinin suvarılmasına görə bir sıra MDB ölkələrindən öndədir. Kənd təsərrüfatına ayrılan əsaslı vəsaitin 35-40% bilavasitə suvarma işlərinin yaxşılaşdırılmasına sərf olunur. Məlum olduğu kimi, respublikamızda suvarılan torpaqların çox qismi müxtəlif dərəcədə şoranlaşmış torpaqlardır. Onların şoranlıqdan təmizlənməsi, duzların yuyulması böyük əhəmiyyət kəsb edir. Çünki suvarılan və meliorasiya cəhətdən yaxşılaşdırılan torpaqlardan alınan məhsul digər torpaqlara nisbətən daha keyfiyyətli olur, həm də iqtisadi səmərəlik artır.

          Kənd təsərrüfatında əkin dövriyyəsinin həyata keçirilməsi torpaqlardan istifadənin yaxşılaşdırılmasında və əkinçilik mədəniyyətinin yüksəldilməsində böyük əhəmiyyət kəsb edir. Təsərrüfatların çoxillik təcrübəsi göstərir ki, əkin dövriyyəsi sisteminə düzgün əməl edilərsə, hər hektardan məhsul 35-45% artar. Səmərəli əkin dövriyyəsinin tətbiq edilməsi torpağın münbitliyini yüksəldir, kənd təsərrüfatına yararlı torpaqlardan məhsuldar istifadə edilməsinə, maddi əmək məsariflərinin azaldılmasına və istehsalın iqtisadi səmərəliliyinin yüksəldilməsinə həlledici təsir göstərir.

          Torpağın iqtisadi münbitliyinin artırılmasında üzvi və mineral gübrələrdən istifadə edilməsi az əhəmiyyət kəsb etmir. Respublikamızın kənd təsərrüfatında üzvi gübrələrdən az, mineral gübrələrdən isə çox istifadə edilir. Bu da bir sıra obyektiv və subyektiv səbəblərdən irəli gəlir. Üzvi gübrələrdən aşağı səviyyədə istifadə olunmasına əsas səbəb heyvandarlığın bir tərəfdən zəif inkişaf etdirilməsi, digər tərəfdən də üzvi gübərələrin saxlanılmasında lazımı şəraitin olmamasıdır. Torpağa gübrə verilərkən torpaq xəritəsindən istifadə olunur. Torpaq xəritəsi vasitəsilə torpaqların qida maddələri ilə təmin olunması həyata keçirilir.

          Çoxillik əkmələrin, yəni meyvə bağlarının və üzümlüklərin maili yerlərdə salınması, düzən yerlərdə tarla bitkiləri əkininə çox yer verilməsi respublikanın dağ və dağətəyi torpaqlarından səmərəli istifadə edilməsinə imkan yaradır. Eyni zamanda torpaqlar külək və su eroziyasından qorunur. Torpaqların eroziyası şiddətli küləklərin və sellərin baş verməsi nəticəsində yaranır. Eroziyaya qarşı mübarizədə meşə zolaqlarının salınması, torpağın üstündə sel sularının axınını ləngidən manelərin yaradılması, torpağın üst qatının dayaz şumlanması məsləhətdir. Təcrübə göstərir ki, 1 hektar meşə zolağı taxıl istehsalını 45 sentnerə qədər artırır. Buna görə də kənd təsərrüfatında eroziyaya qarşı başqa mübarizə tədbirləri ilə yanaşı meşə zolağının da salınmasına xüsusi fikir verilir.        Bütün torpaq sahəsində kənd təsərrüfatına yararlı torpaqların xüsusi çəkisi və bunda əkin yerinin tutduğu xüsusi çəki, əkin sahəsinin əkin yerinin daxilində tutduğu xüsusi çəkisi aqrar sahədə torpaq fondundan istifadəni xarakterizə edən ümumi göstəricidir. Kənd təsərrüfatı məhsulları istehsalının ümumi səviyyəsini xarakterizə edən göstəricilər hər 100 hektar torpaq sahəsindən götürülən ümumi və əmtəəlik məhsulun dəyəri, hər hektardan məhsuldarlıq, ən başlıcası istehsal xərcləri vahidinə görə əldə edilən mənfəətin kəmiyyəti və s. daxildir. Torpaq sahəsi vahidinə görə ümumi və xalis gəlir, əmək məhsuldarlığı, maya dəyəri, rentabellik səviyyəsi və s. torpaqlardan istifadənin iqtisadi səmərəliliyini xarakterizə edən göstəricidir.      

          Torpaq sahibləri malik olduqları torpaq sahələrində ya özləri təsərrüfatçılıq edir, ya da başqalarına icarəyə verirlər. Onlar icarəyə verdiləri torpaq sahələri müqabilində icarədarlardan icarə haqqı alırlar. İcarə haqqının müəyyən hissəsini torpaq sahələrində olan əsas kapital ünsürlərindən istifadə müqabilində alınan haqq təşkil edir.

          İcarə haqqının əsas hissəsini torpaq rentası  təşkil edir. Torpaq rentası dedikdə, torpaq sahiblərinin torpağı icarəyə götürənlərdən aldıqları torpaqdan istifadə haqqı formasında olan gəlir nəzərdə tutulur. Torpaq rentasının əmələ gəlmə səbəbləri torpağın mülkiyyət obyekti olması, torpaq sahələrinin münbitliyinin müxtəlif olması, təsərrüfatçılğın müxtəlif intensivlikdə aparılması və s. ilə əlaqədardır. Torpaq rentasının mənbəyi isə torpağı becərənlərin əməyi, daha doğrusu, izafi əməyidir. Belə ki, insan bu və ya digər dərəcədə əmək sərf etməsə ən yaxşı torpaq belə özlüyündə məhsul yetirə bilmir.

Rentanın tarixi formalarından – quldar, feodal və kapitalist torpaq rentasını göstərmək olar. Quldarlıq cəmiyyətində torpaq rentası qullların, kolonatların və xırda azad kəndlilərin əməyi ilə yaradılmış və quldar tərəfindən mənimsənilmişdir.

Bazar iqtisadiyyatı şəraitində isə torpaq rentasının aşağıdakı formalarına təsadüf edilir. Mütləq torpaq rentası torpaq üzərində xüsusi mülkiyyət inhisarı ilə bağlıdır. Torpaq sahibəri ən pis torpaqları belə icarədarlara pulsuz vermirlər. Onlar bu sahələrin istifadəyə verilməsi müqabilində də müəyyən haqq tələb edirdilər.

          Müasir mərhələdə mövcud olan torpaq rentasının əsas forması diferensial rentadır. Bu renta fərq rentası da adlanır. Diferensial rentanın əmələ gəlməsi şərtləri torpaq sahələrinin münbitliyinin müxtəlif olması, onların satış bazarlarına yaxın və ya uzaqda yerləşməsi, torpaqdan müxtəlif intensivlikdə istifadə edilməsi və s. ilə əlaqədardır. Bu rentanın mənbəyi torpağı becərənlərin izafi əməyi, səbəbi isə torpaq sahələrinin təsərrüfat obyekti inhisarında olmasıdır. Torpaq üzərində təsərrüfat obyekti inhisarı o deməkdir ki, müəyyən torpaq sahələrində bu və ya digər dövrlərdə yalnız müəyyən şəxslər təsərrüfatçılıq edə bilərlər. Diferensial renta yaranma mənbəyinə və mənimsənilmə subyektinə görə birinci və ikinci diferensial renta şəklində olur. Birinci diferensial renta torpaq sahələrinin münbitliyi ilə əlaqədardır. Belə ki, daha münbit sahələrdə məhsuldarlıq daha yüksək olur. Bunun nəticəsində də bu sahələrdə təsərrüfatçılıq edənlər daha yüksək gəlir götürürlər. Birinci diferensial renta eləcə də torpaq sahələrinin satış bazarlarına, nəqliyyat qovşaqlarına və sairəyə yaxın uzaqda olmasından asılı olaraq qərarlaşır. Belə ki, yaxınlarda təsərrüfatçılıq edənlər nisbətən az nəqliyyat xərcləri çəkir, məhsulları nisbətən az xarab olur. Nəticədə də onlar uzaqlarda təsərrüfarçılıq edənlərə nisbətən çox gəlir əldə edirlər. Birinci diferensial rentanın əmələ gəlməsi icarədarların fəaliyyəti ilə əlaqədar olmadığı üçün torpaq sahiblərinə çatır. Torpaq sahibləri bu şərtlərdən xəbərdar olmadıqları üçün daha çox icarə haqqı tələb edirlər. İkinci diferensial renta isə təsərrüfatın daha intevsiv aparılması ilə əlaqədardır. Belə ki, ayrı-ayrı icarədarlar torpaq sahələrinə əlavə kapital tətbiq etməklə məhsuldarlığı artırmağa nail olurlar. Bunun üçün onlar elmi-texniki tərəqqinin nailiyyətlərindən istifadə edir, suvarma meliorasiya tədbirlərini həyata keçirirlər. Bütün bu tədbirlərin nəticəsində də məhsuldarlıq artır və yüksək mənfəət əldə edilir. Bu mənfəət icarədarların fəaliyyəti ilə əlaqədar olduğu üçün torpaq sahibinə deyil, icarədarlara çatır. Ona görə də icarə müddəti dövründə ikinci diferensial renta icarədarların, icarə müddəti qurtardıqdan sonra isə icarə haqqını artırmaq yolu ilə torpaq sahiblərinin əlinə keçir. Torpaq rentasının formalarından biri də hasilat rentasıdır. Məlum olduğu kimi, bu və ya digər torpaq sahələrinin təkində müəyyən mineral maddələr olur. Hasilat sənayeçiləri həmin yeraltı sərvətlərdən istifadə etmək üçün torpaq sahələrini icarəyə götürürlər. İcarəyə görürdükləri sahələr üçün torpaq sahiblərinə icarə haqqını hasilat rentası şəklində verirlər. Hasilat rentası da diferensial renta şəklində təzahür olunur.

          Torpaqdan istifadə ilə əlaqədar olaraq əmələ gələn rentanın formalarından biri də inhisar rentasıdır. Məlum olduğu kimi, bəzi kənd təsərrüfatı məhsullarının yetişdirilməsi xüsusi şəraitin olmasını tələb edir. Belə xüsusi şəraiti olan torpaqlar olduqca məhdud, məhsullara olan tələbat isə xeyli yüksəkdir. Buna görə bu məhsullar yüksək inhisar qiymətilə satılır və təsərrüfatçılıq edənlər inhisar mənəəti, üstəlik mənfəət əldə edirlər.

          Torpaq müəyyən mənada əmək məhsulu olmasa da mülkiyyət obyekti olduğu üçün bazar iqtisadiyyatı şəraitində alqı satqı obyekti rolunu oynayır. K.Marksa görə torpağın qiyməti kapitallaşmış rentadır, yəni torpağın qiyməti torpaq sahəsindən götürülən rentanın miqdarından asılı olaraq müxtəlif olur. Torpağın qiymətinə təsir edən amillərdən biri də bank faizi normasıdır. Torpağın qiyməti renta ilə düz, bank faizi norması ilə tərs mütanasibdir.

          Cəmiyyətin inkişafı ilə əlaqədar torpağın qiyməti də artır. Çünki məhsuldar qüvvələrin inkişafı bir tərəfdən rentanın yüksəlməsinə, digər tərəfdən faiz normasının aşağı düşməsinə səbəb olur.

          Kənd təsərrüfatının başqa bir xarakterik xüsusiyyəti ondan ibarətdir ki,maddi nemətlər istehsal edən müxtəlif mülkiyyətçilik formaları idarəetmə prinsipinə görə bir-birindən fərqlənir. Əgər xalq təsərrüfatının başqa sahələrində torpağın münbütliyi nəzərə alınmadan istifadə olunursa, kənd təsərrüfatında xüsusilə əkinçilikdə əsas istehsal vasitəsi olan torpağın istehsal prosesinə yaralılığı, onun münbitliyi, fiziki-kimyəvi xassələri və məhsulvermə qabliyyəti ön plana çəkilir. Ona görə də hər hektardan yüksək məhsul götürmək üçün torpağın təbii münbitliyinin artırılması üçün tədbirlər görülür.

          Kənd təsərrüfatının xarakterik xüsusiyyətləri və onun sənayedən fərqləndirici cəhətlərindən biri də istehsal dövrü ilə iş müddətinin uyğun gəlməməsidir; yəni istehsal vaxtının dövrləri arasındakı fasilələrin olmasıdır. Kənd təsərrüfatında təbii amillərin təsiri ilə əlaqədar istehsal dövrü iş müddətindən uzun olur. Çünki səpindən sonra bitkinin boy atması və inkişaf prosesi insan əməyi tələb etmir, təbii – bioloji amillərin öhdəsinə düşür. Kənd təsərrüfatının xarakterik cəhətlərindən biri də əmək ehtiyyatlarından istifadədə mövsümlüyün omasıdır. Bu da istehsal dövrü ilə iş müddəti arasında olan uyğunsuzluqdan irəli gəlir; istehsal vaxtının müəyyən dövründə əmək ehtiyyatlarına təlabat artır, əmək daha çox sərf olunur; başqa vaxtlarda isə əksinə olur. Buna görə də il boyu əmək ehtiyyatlarından səmərəli istifadə olunmasına zəmin yaratmaq üçün istehsal sahələrinin quruluşunu səmərəli formada təkmilləşdirmək, ağır zəhmət tələb edən əl əməyini tədricən aradan qaldırmaq, iş proseslərinin mexanikiləşdirilmə səviyyəsini yüksəltmək və s. lazım gəlir.

          Sənayedən fərqli olaraq kənd təsərrüfatında istehsal edilən məhsul təkrar istehsal prosesində yenidən iştirak edir. Məsələn, istehsal olunan taxıldan təkrar səpin üçün götürülən toxum, yem və s. təsərrüfda istehsal olunduqdan sonra yenidən istehsal prosesində istifadə edilir.

          Kənd təsərrüfatının inkişafı iki yolla həyata keçirilə bilər: ekstensiv və intensiv yollarla. Ekstensiv inkişaf yolu dedikdə istehsalın keyfiyyətcə yenidən qurulmas deyil, əvvəlki bazaya əsaslanaraq yalnız kənd təsərrüfatına yararlı torpaq sahələri və əkin yerinin genişləndirilməsi hesabına istehsal ediləcək məhsulun ümumi həcminin artırılması başa düşülür. İntensiv inkişaf yolunda isə elmi-texniki tərəqqinin yeni nailiyyətlərinin istehsalda tətbiq etməklə, kənd təsərrüfatına əlavə xərc qoymaqla torpaq sahəsinin hər hektarından məhsuldarlığın artırılmasına, ümumi istehsalın həcminin çoxaldılmasına nail olunur. Kənd təsərrüfatının intensivləşdirilməsinin əsas məqsədi cəmiyyətin bütün üzvlərinin yüksək keyfiyyətli və ucuz istehsal olunan məhsullara artmaqda olan tələbatının ödənilməsindən ibarətdir. Ölkəmizdə əhalinin sayı artdıqca hər nəfərə düşən kənd təsərrüfatına yararlı torpaq sahəsi və əkinə yeri artmır, əksinə olaraq getdikcə azalır. İlbəil artmaqda olan əhalinin ərzaq məhsullarına və sənayenin isə xammala olan tələbatı da artır. Məhz buna görə də kənd təsərrüfatnın inkişaf etdirilməsi əsasında məhsul istehsalı həcminin ildən-ilə artırılması tələb edilir. Becərilən torpaq sahəsindən yüksək məhsul götürülməsini təmin etməkdən ötürü ilk növbədə torpağın münbitliyi, onun məhsulvermə qabliyyətinin yüksəldilməsi, istehsalın ardıcıl olaraq təkmilləşdirilməsi ön planda durur.

          Kənd təsərrüfatında intensivləşdirilmənin başlıca istiqamətləri aşağıdakılardır: kimyalaşdırma, meliorasiya, kompleks mexanikləşdirmə, ixtisaslaşdırma, torpaqdan istifadənin yaxşılaşdırılması, elmi nailiyyətlərin və qabaqcıl təcrübənin istehsala tətbiqi, əkinçilikdə yüksək məhsuldar toxum sortlarının yaradılması və s. Kənd təsərrüfatının intensivləşdirilməsi o zaman yüksək nəticə verir ki, təsərrüfatda istifadə olunan istehsal vasitələrinin quruluşu təkmilləşdirilmiş olsun, qabaqcıl texnologiyanın tətbiqinə geniş yer verilsin, istehsalçılarda torpağa və əmlaka sahibkarlıq hissi yaransın.

          Kənd təsərrüfatı istehsalının inkişafı onun düzgün ixtisaslaşdırılması və yerləşdirilməsindən də asılıdır. Bu torpaq fondundan, əmək ehtiyatlarından və istehsal vasitələrindən daha səmərəli istifadə olunmasına şərait yaradır. Buna ayrı-ayrı məhsul növləri istehsalının təsərrüfat, rayon və zonalarda təmərküzləşdirilməsi, bunun üçün əlverişli təbii iqtisadi şərait yaradılması, məhsul istehsalının istehlakçılara və əlveşli nəqliyyat yollarına yaxın olması nəticəsində nail olunur.

          Kənd təsərrüfatnın yerləşdirilməsi və ixtisaslaşdırılması ölkəmizin ayrı-ayrı zonaları üzrə həyata keçirilir; bu halda dövlət ehtiyacları və təbii iqtisadi şərait nəzərə alınır, bunlara müvafiq olaraq ayrı-ayrı təsərrüfatlarda ixtisaslaşdırılmış istehsal təşkil edilir. Hazırda respublikamızda təbii və iqtisadi xüsusiyyətlərə müvafiq olaraq taxılçılıq, pambıqçılıq, tərəvəzçilik, üzümçülük, tütünçülük, çayçılıq, meyvəçilik və digər istiqamətli kənd təsərrüfatı zonaları əmələ gəlmişdir. Qarabağ-Mil, Şirvan və Muğan-Səlyan zonalarının təsərrüfatları pambıqçılıq; Şəki-Zaqatala və Naxçıvan zonalarının təsərrüfatları əsasən, Qarabağ-Mil zonasının bir sıra təsərrüfatları tütünçülük; Lənkəran-Astara zonasının təsərrüfatları tərəvəzçilik; Quba-Xaçmaz zonasının təsərrüfatları meyvəçilik və tərəvəzçilik; Lənkəran-Astara zonası təsərrüfatlarının bir qismi isə yaşıl çay yarpağı istehsalı üzrə ixtisaslaşdırılmışdır. Taxılçılıq respublikanın əsasən Qarabağ-Mil, Şirvan, Muğan-Səlyan və Şəki-Zaqatala zonalarında inkişaf etdirilir.

          Kənd təsərrüfatının inkişafında elmi-texniki tərəqqinin də müstəsna rolu vardır. Bu isə əsasən texnika və texnologiyanın təkmilləşdirilməsi, istehsal proseslərinin mexanikləşdirilməsi və avtomatlaşdırılması, elmi nailiyyətlərin və qabaqcıl təcrübənin istehsala tətbiqi sahəsində baş verir. Elmi-texniki tərəqqi insan amilinin fəallaşdrılmasına, məhsuldar qüvvələrin, xüsusən onun fəal ünsürlərinin inkişafına, cəmiyyətdə iqtisadi və sosial tədbirlərin müvəffəqiyyətlə həyata keçirilməsinə, maddi nemətlər bolluğu yaranmasına təminat verən prosesdir. Kənd təsərrüfatında elmi-texniki tərəqqi özünəməxsus xüsusiyyətləri ilə səciyyələnir. Onun ən başlıca xüsusiyyələrindən biri torpaqla əlaqədə fəaliyyət göstərməsidir. Yüksək münbit torpaqlarda insan əməyi daha məhsuldar olur, əkin sahələrindən daha çox məhsul götürülür. Burada torpaq “təbii maşın” rolunu oynayır.

          Aqrar sahənin qarşısında kənd təsərrüfatı məhsulları istehsalının artırılması ilə yanaşı, istehsalın iqtisadi səmərəliliyinin yüksəldilməsi problemləri də durur. Bu isə kənd təsərrüfatında istehsal resurslarınadan; torpaqdan, maddi texniki vasitələrdən daha səmərəli istifadə edilməsini, elmi-texniki tərəqqinin nailiyyətlərinin istehsalda tətbiq olunmasını, istehsal proseslərinin intensivləşdirilməsini və s. tələb edir. İqtisadi səmərəliliyin əsas göstəricilərindən biri əmək məhsuldarlığıdır. Əmək məhsuldarlığının yükəldilməsi hesabına orta illik hər bir işçiyə məhsul istehsalı artır, məhsul vahidinə çəkilən istehsal xərcləri azalır və istehlak fonduna ayrılan vəsaitin həcmi çoxalır. Kənd təsərrüfatında istehsal edilən məhsulun maya dəyəri də iqtisadi səmərəliliyi əks etdirən göstəricilərdəndir. Məhsul vahidinin maya dəyəri aşağı salındıqda təsərrüfatların xalis gəliri artır, istehsalın rentabellik səviyyəsi yüksəlir. Son illərdə kənd təsərrüfatı texnikasının və digər istehsal vəsaitləri qiymətinin artması, məhsuldarlığın aşağı düşməsi, məhsul vahidinə görə çəkilən xərclərin məbləğinin çoxalmasına səbəb olmuşdur. Kənd təsərrüfatı məhsulları istehsalının maya dəyəri yüksək başa gəldiyindən təsərrüfatçılıq formalarında iqisadi gerilik güclənmiş, onların öz vəsaitləri hesabına istehsal prosesini davam etdirmək imkanları məhdudlaşmışdır.

                                   

 

 

 

 

 

 

 

         

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

2. Aqrar münasibətlər və təsərrüfatçılığın əsas formaları

          Kənd təsərrüfatının əsas istehsal vasitəsi olan torpaq mülkiyyət obyekti rolunu da yerinə yetirir. Bəşəriyyətin inkişafının müxtəlif mərhələlərində mülkiyyətin müxtəlif formalarına təsadüf edilmişdir. Müasir mərhələdə torpaq üzərində mülkiyyətin əsas formalarına – xüsusi, dövlət, qrup və bələdiyyə mülkiyyətini aid etmək olar.

          Torpaq üzərində mülkiyyətlə və torpaqdan istifadə edilməsi ilə əlaqədar olan münasibətlər aqrar münasibətlər adlanır. Bu aqrar münasibətlər ilk növbədə istehsal vasitələri üzərində mülkiyyətin forması ilə müəyyən olunan ictimai istehsal münasibətlərinin tərkib hissəsidir. Məhsuldar qüvvələrin inkişafı aqrar münasibətlərin də dəyişməsinə səbəb olur. Belə ki, feodalizmə iri torpaq sahibkarlığı və torpaqdan istifadə edən təhkimli kəndlilərin olması xarakterik idi. Bəzi ölkələrdə bu mülkiyyət forması və ona müvafiq mülkiyyət münasibətləri tədricən islahatlar həyata keçirmək yolu ilə dağılır. Bəzi ölkələrdə isə baş verən burjua inqilabları nəticəsində iri torpaq sahibkarlığı ləğv edilmiş və torpaq üzərində fermerlərin və ya dövlətin mülkiyyəti qərarlaşmışdır. Müxtəlif ölkələrdə bu proses müxtəlif cür həyata keçirilmişdir. Belə ki, bəzi ölkələrdə torpağın müəyyən hissəsi dövlət mülkiyyətinə, bələdiyyə mülkiyyətinə və fermerlərin mülkiyyətinə çevrilmişdi. Digər ölkələrdə isə torpaq üzərində dövlət mülkiyyəti bərqərar edilmiş və o, istifadə edənlərin sərancamına verilmişdi.

          Bazar iqtisadiyyatına keçidlə əlaqədar olaraq aparılan islahatlar nəticəsində Azərbaycanda torpaq üzərində mülkiyyətin aşağıdakı formaları qərarlaşmışdır:

a) dövlət mülkiyyətində olan torpaqlar: dövlət meşə fondu torpaqları, su fondu torpaqları, dövlət ehtiyatında olan torpaqlar və s. Dövlət mülkiyyətində olan torpaqlar ümumi torpaq fondunun çox hissəsini təşkil edir.

b) bələdiyyə mülkiyyətində olan torpaqlara yaşayış məntəqələrinin yerləşdiyi və onların ətrafında olan torpaqlar aiddir.

c) xüsusi mülkiyyətdə olan torpaqlara isə kolxoz və sovxozların ləğv edilməsi nəticəsində kəndlilərin mülkiyyətinə verilmiş torpaq sahələri daxildir.

Torpaq üzərində mülkiyyət müxtləlifliyi ilə yanaşı torpaqdan istifadə edən təsərrüfatların da müxtəlif formalarına rast gəlmək mümkündür. Bunlardan ən geniş yayılmışı fermer təsərrüfatı formasıdır. Fermer təsərrüfatı dedikdə, bazar iqtisadiyyatı şəraitində əmtəəlik kənd təsərrüfatı məhsulları istehsal edən xüsusi kənd təsərrüfatı müəssisələri nəzərdə tutulur. Fermerlər ya özlərinin mülkiyyətində olan, ya da icarəyə götürülmüş torpaqlarda təsərrüfatçılıq edirlər. Bu təsərrüfatlarda əmək prosesi ya təsərrüfatçıların özləri, ya da muzdlu işçilərin vasitəsilə həyata keçirilir.

Kənd təsərrüfatı məhsulları istehsal edən təsərrüfat formalarından biri də kollektiv təsərrüfat formasıdır. Bu təsərrüfatlar dövlət mülkiyyətində olan və istifadə etmək üçün kollektivlərin sərəncamına verilən torpaqlarda təsərrüfatçılıq edirlər. Kollektiv təsərrüfatda məhsul istehsalı kollektiv üzvlərinin birgə işləməsi, birgə əmək kooperasiyası əsasında həyata keçirilir. Bir çox şəxsin birgə işləməsi isə fermer təsərrüfatlarına nisbətən bir çox üstünlüklərə malikdir. Bir çox şəxsin eyni zamanda birlikdə işləməsi, onlar arasındakı qarşılıqlı təmas fərdi qüvvələrə nisbətən daha məhsuldar olan ictimai qüvvənin əmələ gəlməsinə səbəb olur. Kollektiv təsərrüfatlarda kollektiv üzvülərinin birgə fəaliyyəti yoldaşlıq, bir-birinə kömək etmək vərdişləri də aşılıyır. Bütün bunlar isə kollektiv üzvülərinin şəxsiyyət kimi formalaşmasına imkan yaradır.

Kənd təsərrüfatı məhsulları istehsalı ilə məşğul olan təsərrüfat formalarından biri də dövlət təsərrüfatlarıdır. Bunlara SSRİ-də və digər sosialist ölkələrində mövcud olmuş sovxozları və kolxozları, müxtəlif ölkələrdə olan elmi-təcrübə stansiyalarını misal göstərmək olar. Bunlar dövlət mülkiyyətində olan torpaqlarda fəaliyyət göstərirlər.

Bazar iqtisadiyyatına keçidlə əlaqədar Azərbaycan Respublikasının kənd təsərrüfatında quruluş dəyişiklikləri ilə yanaşı təşkilati dəyişiklərin də həyata keçirilməsini, yəni təsərrüfat formalarının da dəyişdirilməsini zəruri hesab edilir. İqtisadçılar belə hesab edirlər ki, dövlət mülkiyyətindən xüsusi mülkiyyətə, kollektiv təsərrüfatçılq formalarından fərdi təsərrüfatçılıq fomalarına keçid kənd təsərrüfatı məhsulları bolluğu yaratmağa iman verəcəkdir.

Müstəqil Azərbaycan Respublikasının siyasi, iqtisadi və ictimai həyatında başlıca əhəmiyyət kəsb edən və vacib dövlət əhəmiyyətli problemlərindən biri də aqrar sahədə özəl qurumların təşkil edilməsidir. Hazırda bu problemin həlli ilə əlaqədar çox mühüm dövlət qanunları işlənib hazırlanmış və qəbul edilmişdir. Bu qanunların həyata keçirilməsinə şərait yaradacaq müxtəlif normativ sənədlərin hazırlanması da başa çatmaq üzrədir. Özəl qurumların təşkilinin əsas tərkib hissəsi olan özəlləşdirmə prosesi çox mürəkkəb, çoxpilləli və məsuliyyət tələb edən bir tədbirdir. Dünya aqrar təcrübəsində bir neçə tipik nümunə vardır ki, onlar uğurlu başlanğıc kimi təbii-iqlim şəraiti və mentalitetlərin oxşarlığı ilə diqqəti cəlb edən digər ölkələrdə tətbiq oluna bilər. Belə bir təcrübə Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edən İsrailin kənd təsərrüfatı təcrübəsidir. İsrailin kənd təsərrüfatı üçün səciyyəvi cəhət torpaq üzərində dövlət mülkiyyətinin saxlanması, torpaqdan istifadənin kollektiv və kooperativ formalarının tətbiqidir. Torpağın dövlət mülkiyyətində olmasına və ondan istifadənin kollektiv-kooperativ formalarının mövcudluğuna baxmayaraq, ölkədə olan hüquqi baza istehsalçılar arasında bazar münasibətlərinin formalaşmasına əlverişli şərait yarada bilər.

Özəl qurumların inkişaf etdirilməsi məqsədilə yeni yaradılan müxtəlif növlü təsərrüfatçılıq formalarının parametlərinin əsas götürülməsi xüsusi əhəmiyyət kəsb edir. Aqrar sahədə özəl qurumların parametri dedikdə, hər şeydən əvvəl torpaq sahəsinin ölçüsü, mal-qaranın sayı və istehsalın həcmi başa düşülür. Bu cür təsərrüfatlar yaradılarkən, ilk növbədə onların malik olduqları kənd təsərrüfatına yararlı torpaqların sahəsi və mal-qaranın miqdarı düzgün müəyyənləşdirilməlidir. Bu məsələnin həlli çox vacib olub, xüsusilə Azərbaycan Respublikası şəraitində torpaqların azlığı və əmək qabliliyyətlilərinin isə iş yerlərindən çox olması ilə əlaqədardır.

Özəl qurumların təşkilində  Latviya Respublikasında daha səmərəli təcrübə toplanmışdı. Burada hər fermer təsərrüfatına orta hesabla 30 hektar torpaq sahəsi düşür. Özəl qurumların təşkil edilməsi sahəsində və onların və onların parametrlərinin müəyyənləşdirilməsində xarici ölkələrin də təcrübələrinin öyrənilməsi az əhəmiyyət kəsb etmir. Xarici ölkələrdə fermer təsərrüfatlarının inkişafına dair məlumatlardan aydın olur ki, hər bir fermer təsərrüfatına Yunanıstanda 4.3 hektar, İtaliyada 5.6 hektar, Belçikada 14.1 hetar, Niderlanda 14.9 hektar, Almaniyada 16 hektar, İrlandiyada 22.7 hektar, Fransada 27.1 hektar Şotlandiyada 64.1 hektar torpaq sahəsi düşür.

Özəl qurumların təşkili zamanı onların əlveşli parametrlərinin müəyyənləşdirilməsinə dair Avropanın digər ölkələrinin də xeyli təcrübəsi vardır. Məsələn, Polşada kənd təsərrüfatına yararlı torpaqların tərkibində kəndli-fermer təsərrüfatlarının istifadəsində olan torpaqların xüsusi çəkisi 77% təşkil edir. Orta hesabla hər bir fermer-kəndli təsərrüfatının istifadəsində olan torpaqların sahəsi 5.3 hektardır.

Özəl qurumlar təşkil edilərkən, onları xarakterizə edən göstəricilərdən biri də işçilərin sayıdır. Məsələn, ailədə əmək qabiliyyətlilərin sayından asılı olaraq kəndli fermer təsərrüfatlarının parametrləri də dəyişir. Kəndli-fermer təsərrüfatlarının inkişafı üzrə təcrübəyə malik olan xarici ölkələrin, elecə də müstəqil dövlətlər birliyinə daxil olan bir sıra respublikaların bu sahədə iş təcrübələri göstərir ki, orta hesabla hər bir kəndli-fermer təsərrüfatında əmək qabiliyyətlilərin sayı 4 nəfər olduqda yüksək, son nəticələr əldə olunur. Lakin hazırda fəaliyyət göstərən kəndli-fermer təsərrüfatlarının əksəriyyətində onların hər birində əmək qabliyyətlilərin sayı 2-3 nəfərdən çox deyil. Belə vəziyyət kəndli-fermer təsərrüfatlarına yeniyetmələri və uşaqları işə cəlb etməyə məcbur edir. Odur ki, yeni kəndli-fermer təsərrüfatları yaradılarkən başqa amillər və şərtlərlə bərabər ailədə olan əmək qabiliyyətlilərin sayı da nəzərə alınmalıdır.

Özəl qurumlar təşkil edildikdə onun idarə edilməsi də mühüm əhəmiyyət kəsb edən məsələlərdəndir. Bu baxımdan İsveç təcrübəsi diqqəti cəlb edir. Belə ki, İsveçdə kooperativin ali idarəetmə orqanı bütün vəzifəli şəxslərin – idarə heyəti sədrinin, katibin və mühasibin seçildiyi illik ümumi yığıcaqdır.

Beləliklə, dünya ölkələrinin təcrübəsinin öyənilməsi göstərir ki, müstəqil respublikamızda özəl qurumların təşkil edilməsi və onların fəaliyyətinin gücləndirilməsi üçün əlveşli şərait mövcuddur. Bu şəraitdən düzgün istifadə edərək özəl qurumların inkişafı hesabına məhsul bolluğu yaratmaq mümkündür.

 

 

 

 

 

3. Aqrar – sənaye kompleksi

Kənd təsərrüfatında ona xidmət edən və onun məhsullarını emal edərək istehlakçılara çatdıran sahələrlə iqtisadi əlaqələrin genişlənməsi aqrar-sənaye komplekslərinin əmələ gəlməsinə səbəb olur. Aqrar-sənaye kompleksi dedikdə, kənd təsərrüfatı məhsullarının istehsalı, emalı, saxlanılması və istehlakçılara çatdırılması ilə məşğul olan xalq təsərrüfatı sahələrinin məcmusu nəzərdə tutulur. Aqrar-sənaye kompeksinə daxil olan sahələr vahid bir məqsədlə – ölkəni ərzaqla və kənd təsərrüfatı xammalı ilə təchiz etmək məqsədilə birləşdirilmişdir. Bir neçə sahəni üzvi surətdə özündə birləşdirən aqrar-sənaye kompeksi əkinçiliklə sənayenin sintezindən ibarətdir. Aqrar-sənaye kompeksinə:

a) kənd təsərrüfatı və onunla bağlı sahələr üçün istehsal vəsaitləri istehsal edən və həmçinin, kənd təsərrüfatına istehsal-texniki xidməti həyata keçirən sənaye sahələri;

 b) kənd təsərrüfatını özü;

c) kənd təsərrüfatı məhsulları emalı və isrehlakçılara çatdırılması ilə məşğul olan sahələr daxildir. Aqrar-sənaye kompeksinin son məhsulu bu üç sahənin birgə fəaliyyətinin nəticəsidir. Bu sahələrarası kooperasiyanın inkişafı son məhsul dəyərində birinci və üçüncü sahənin gəlirlərinin xüsusi çəkisinin artmasına, kən təsərrüfatının özünün payının isə azalmasına səbəb olur. İnkişaf etmiş ölkələrdə bu nisbət 30:10:60 səviyyəsindədir.

          İqtisadiyyatda mövcud olan digər komplekslərdən fərqli olaraq aqrar-sənaye kompeksi sahələrinin sosial-iqtisadi təbiəti çox müxtəlifdir. Belə ki, birinci və üçüncü sahədə kapitalın təmərküzləşməsi kənd təsərrüfatı sahəsindəkindən xeyli yüksəkdir. Məsələn, ABŞ-da fermerlər üçün istehsal vasitlərinin 75%-dən çoxu 8 sənaye şirkəti tərəfindən istehsal olunur; 100 firma yeyinti sənayesi məhsulunun yarısını istehsal edir. Ərzaq məhsulları satışının üçdə bir hissəsi cəmi 20 ticarət şirkəti tərəfindən həyata keçirilir. Kənd təsərrüfatı sahəsində də köklü dəyişikliklər baş verir. Belə ki, ənənəvi ilkin istehsal vahidi olan kəndli – fermer təsərrüfatı əvəzində aqrar-sənaye birliləri əmələ gəlir. Bu birliklilər bitkiçilik və heyvandarlıq məhsulları istehsalı ilə onların ilkin emalı, saxlanılması, reallaşdırılması və s. prosesləri əhatə edən vertikal inteqrasiyanı həyata keçirir. Aqrar-sənaye birlikləri adətən birinci və üçüncü sahələrin sənaye şirkətlərinin bilavasitə təşəbbüsü ilə yaradılır.

          Aqrar-sənaye kompeksinin tərkibində infrastruktur da mühüm yer tutur. İnfrastruktur istər istehsal prosesinin, istərsə də insanların yaşayışının təmin edilməsində mühüm rol oynayır. İnkişaf etmiş infrastrukturun olması kənd təsərrüfatı istehsalı sahələrində  itkilərin xeyli azaldılmasına, xammalın vaxtında istehlakçılara çatdırılmasına, yemlərin normal keyfiyyətdə sasxlanılmasına və s. şərait yaradır. İnkişaf etmiş ölkələrdə ot, küləş ekvatorlarda, üstüörtülü yerlərdə saxlandığı halda, Azərbaycanda tayalarda saxlanılır və nəticədə də çox hissəsi çürüyür və keyfiyyətsiz hala düşür.

          Müasir Aqrar-sənaye kompeksi quruluşu 5 sferadan ibarətdir:

          Birinci sferaya aqrar sənaye müəssisələrinin fəaliyyəti üçün lazım olan traktorlar, kombaynlar və digər kənd təsərrüfatı maşın və aqreqatların istehsalı və həmin maşınların təmir edilməsi aiddir. Birinci sferada aqrar-sənaye kompeksi müəssisələri üçün tələb olunan mineral və üzvi gübrələr də qeydə alınır. Bitkilərin və mal-qaranın tələbatına uyğun kimyəvi vasitələr də bu bölməyə aiddir. Bu sfera sənaye müəssisələrinə sərmaye qoyuluşunu da özündə əks etdirir.

          İkinci sferaya kənd təsərrüfatı istehsal edən müəssisələr daxildir. Burada əsas yeri kəndli təsərrüfatları, kənd təsərrüfatı kooperativləri, müəssisələrin aqrar sexləri və ailə təsərrüfatları tutur.

          Üçüncü sferada emal sənayesi ilə əlaqədar olan sahələr iki qismə bölünür: Birinci qismə aid olan müəssisələr əhalinin qidalanması ilə əlaqədar olan sahələri əhatə edir. Buna un, yarma istehsalı, ət və süd emalı, balıq emalı, ictimai iaşə və digər kənd təsərrüfatı məhsullarının emalı məşğul olan müəssisələr aiddir. Qida məhsullarının ticarəti də bu bölmədə əks olunur. İkinci qismə istehlak malları istehsalı ilə məşğul olan sahələr aiddir. Buna toxuculuq sənayesi, parça isrehsalı, barama emalı və digər istehlak mallarının istehsalı aiddir.

          Dördüncü sferaya qida məhsullarının saxlanılması məqsədilə yaradılıan soyuducular və digər obyektlər daxildir. Buraya istehlak və tikinti mallarının saxlanılması da aiddir. Hazır məhsulların qablaşdırılması, istehlakçılara çatdırılması və digər marketinq fəaliyyəti ilə əlaqədar olan sahələr də bu sferada öz əksini tapır.

          Beşinci sfera istehsal və sosial xarakterli infrastrukturları özündə birləşdirir. İstehsal strukturu dedikdə nəqliyyat, rabitə, təmir emalatxanaları,maddi texniki təchizat, elmi-tədqiqat labaratoriyaları, anbar və soyuducular, komunikasiya sistemləri nəzərdə tutulur. Sosial infrastukuktura isə məktəbəqədər müəssisələr, tibb müəssisələri, idman, təhsil və elm ocaqları, ətraf mühitin qorunması, ictimai rabitə və nəqliyyat, pərakəndə ticarət, ictimai iaşə, informasiya xidmətləri, əməyin texniki təhlükəsizliyi aiddir.

          Aqrar-sənaye kompeksinin hər bir sferasının əhatə etdiyi vəsaitlər və obyektlər get-gedə təkmilləşir, daha məhsuldar və faydalı olur. Məsələn, birinci sferaya daxil olan traktor və maşınqayırma sahəsinə nəzər salaq. ABŞ-in təcrübəsi göstərir ki, ağır traktorların tarlaya buraxılması və sahələrin bir neçə dəfə becərilməsi gözlənilən nəticə vermir. Traktor tarlanın müəyyən bir sahəsi ilə irəliləyir və sağ və sol qanadlı aqreqatlar ilə torpağı becərir. Bu zaman əkin sahələri yapıxır, torpağın kapiliyar sistemi pozulur. Bütün bunlar göstərir ki, birinci sferaya daxil olan vəsaitləri təkmilləşdirmək lazımdır.

          Son dövrlərdə iqtisadi ədəbiyyatlarda aqrar münasibətlərlə bağlı aqrobiznes termini işlənir. Aqrobiznes dedikdə, iri şirkətlərin kənd təsərrüfatı istehsalında birbaşa təsərrüfatçılıq etməsi nəzərdə tutulur. İri şirkətlər geniş torpaq sahələrinin mülkiyyətçilərinə, iri kənd təsərrüfatı istehsalının təşkilatçısına və idarəedicisinə çevrilmişdir. Onlar torpaq sahələrini satın almaqla yanaşı kənd təsərrüfatını getdikcə daha çox ipoteka banklarına, sığorta cəmiyyətlərinə və s. tabe edirlər. Beləliklə, kənd təsərrüfatı istehaslı iri biznes dairələrinin fəaliyyət sahəsinə çevrilir.

 

 

 

 

 

 

 

 

4.Azərbaycanda aqrar islahatlar, onların gedişi və müasir vəziyyəti

          Aqrar bölmə əhalinin ərzaq məhsulları ilə təminatının yaxşılasmasında yüngül, yeyinti, toxuculuq və digər sənaye sahələrinin səmərəli fəaliyyətinin təmin edilməsində və ölkəmizin iqtisadiyyatının möhkəmləndirilməsində mühüm əhəmiyyətə malikdir. Ona görə də son dövrlər respublikanın aqrar bölməsində kompleks tədbirlərin həyata keçirilməsi və aqrar islahatların dərinləşməsi sahəsində ciddi dəyişikliklər baş vermiş və bunlar bu sahədə sosial iqtisadi göstəricilərin yüksəldilməsinə səbəb olmuşdur. Aqrar islahatların dərinləşməsi, mülkiyyət münasibətlərinin inkişaf etməsi, iqtisadi mexanizmin təmilləşdirilməsi aqrar bölmədə mövcud olan xüsusi təsərrüfatların və sahibkarların səmərəli fəaliyyət göstərməsi üçün real istehsal-iqtisadi şəraitin yaradılmasını təmin etmişdir. Bunların nəticəsidir ki, respublikamızın aqrar bölməsində islahatlar uğurla başa çatdırılmış, ictimai mülkiyyətə əsaslanan təsərrüfatlar ləğv edilmiş, torpaq və əmlak özəlləşdirilmiş, xüsusi mülkiyyətə əsaslanan təsərrüfat formaları yaradılmışdı.

          Bazar iqtisadiyyatı şəraitində kəndli-fermer təsərrüfatları respublikada əhalinin ərzaq məhsullarına olan tələbatının yaxın gələcəkdə ödənilməsinin ən güclü ehtiyat mənbəyidir. Məhsul bolluğunun yaradılması kəndli-fermer təsərrüfatlarının inkişafı şəraitində bir sıra şərtlərin və amillərin düzgün nəzərə alınmasından asılıdır. Bunlardan ən başlıcası kəndli-fermer təsərrüfatlarının inkişafının əsas istiqamətlərini müəyyən etməkdir. Kəndli-fermer təsərrüfatları xüsusi təsərrüfatçılıq forması olub, müstəqil fərdi və ya kollektiv əməyə və iqtisadi fayda götürmək prinsipinə əsaslanan sahibkarlıq formasıdır. Onun fəaliyyəti “Kəndli-fermer təsərrüfatları haqqında ” Azərbaycan Respublikasının  Qanununa müvafiq olaraq, fərdi şəxsin, ailənin, qarşılıqlı razılıq əsasında yaradılmış bir qrup əmək qabliyyətli şəxslərin əməyinə istinad edir. Kəndli-fermer təsərrüfatları ölkəmizdə mövcud olan kolxoz, sovxoz digər kənd təsərrüfatı müəssisələrinin əsasında yaradılmaqla, digər özəl və dövlət qurumları ilə bərabər hüquqa malikdir və istehsalın quruluşunu müəyyən etməkdə istehsal olunan məhsulun qiymətləndirilməsi, emalı, mübadiləsi, satışı və sair məsələlərin həllində sərbəstdir.

          Onu da qeyd etmək lazımdır ki, hələ əsrin əvvəllərində Azərbaycanda kənd təsərrüfatı əsas etibarilə xırda kəndli təsərrüfatlarından ibarət idi. Tarixi materialların araşdırmalarından aydın olur ki, 1917-ci ilin astanasında Azərbaycanda 325.6 min kəndli təsərrüfatı mövcud olmuşdur. Bunların 54.4%-i bir hektara qədər torpağı olan kəndli təsərrüfatları, 34%-i 1-4 hektar torpaq sahəsi olan ortabab təsərrüfatlar, 8.6%-i 4 hektardan çox torpaq sahəsi olan varlı təsərrüfatlar idi. 1923-cü ilin məlumatlarına görə Azərbaycan torpaqlarının 80%-i kənlilərin əlində idi. Buna baxmayaraq, Sovetləin hakimiyyəti dövrünün ilk illərindən başlayaraq kəndli təsərrüfatları daim tənqid edilmiş, ictimai təsərrüfat formaları isə tədricən geniş təşkil olunmağa başlanmışdır. Kəndli təsərrüfatlarının üstünlüklərinin sübüta yetirməyə çalışan bir sıra alimlər tənqid edilmiş, hətta ciddi cəzalandırılmışdı.

          Göstərmək lazımdır ki, bazar münasibətlərinə keçid dövründə kəndli-fermer təsərrüfatlarının çoxukladlı kənd təsərrüfatında bərabərhüquqlu təsərrüfatçılıq forması kimi təşəkkül tapması və inkişaf etməsi bir çox vacib şərtlərin olmasını tələb edir. Respublikamızda hazırki şəraitdə kəndli-fermer təsərrüfatlarının inkişafına yardım etmək imkanları olduqca məhdudur. Təsərrüfatların inkişafı fermerlərin maddi imkanından asılıdır. Gübrə, toxum, yanacaq, traktora ehtiyat hissələrini almaq üçün təsərrüfatlar çətinlik çəkir.

          Respublikada müxtəlif bitkilər üzrə kəndli-fermer təsərrüfatlarına ayrılan torpaqların optimal ölçüsü, onların ixtisaslaşdırılması, kooperasiya formalarının müəyyən edilməsi, kəndli-fermer təsərrüfatları üçün kadr hazırlığı sahəsində tədbirlərin işlənib həyata keçirilməsi olduqca vacib məsələlərdəndir. Təchizat və xidmət sahələrinin özəlləşdirilməsi aqrar sahədə infrastukturun yeni əsaslarla formalaşmasını və səmərəli işləməsini təmin edən amillərdən asılıdır.

          Bazar iqtisadiyyatında təbii-iqlim şəraiti, ixisaslaşma dərəcəsi və digər xüsusiyyətlər nəzərə alınmaqla iri, orta və kiçik sahibkarlıq formalarından biri digərini tamamlamalı, sağlam rəqabət şəraitində hər biri özünəməxsus yerini tutmalıdır. Ümumiyyətlə, təcrübə və təhlil nəticəsində aydın olur ki, respublikanın bazar münasibətlərinə keçid şəraitində kənd təsərrüfatında müsbət meyllər əmələ gəlməyə başlamışdır. Bunlar əsasən aşağıdakılardan ibarətdir:

1.    Kənd təsərrüfatında bazar iqtisadiyyatının prinsiplərinə uyğun olaraq tələb-təkilflə əlaqədar yeni struktur dəyişiklikləri baş verir.

2.    Əhalidə mülkiyyətçilik psixologiyası formalaşmağa başlamış, sərbəst fəaliyyətə, yaradıcılığa və sahibkarlığa meyl güclənmişdir.

3.    İslahatın həyata keçirildiyi ilkin mərhələdə dünya təcrübəsinə meyl artmış, respublikanın təbii-iqtisadi şəraitinə, kənd təsərrüfatının spesifik xüsusiyyətlərinə, adət-ənənə və vərdişlərinə uyğun mülkiyyət formalaşmağa başlamışdı.

4.    Resublikada rəqabət mühitinin yaradılması, dünya standartlarının tələblərinə uyğun məhsul istehsalı və daxili bazarın qorunması üçün üçün meyllər artır.

5.    Kənd təsərrüfatında istehsalın mərkəzdən, planlı idarə edilməsi özünüidarə ilə əvəz edilməyə başlayır, idarəetmə funksiyaları təkmilləşdirilir.

Bazar münasibətləri şəraitində kənd təsərrüfatının inkişafı aqrar islahatın aparılmasından, onun əsas istiqamətlərinin düzgün müəyyənləşdirilməsindən, islahatın məqsəd və prinsiplərinin nəzəri məsələlərinin elmi cəhətdən əsaslandırılmasından asılıdır. “Aqrar isahatın əsasları haqqında” Azərbaycan Respublikasının Qanununda yazılıb ki, islahatın məqsədi aqrar bölməni böhrandan çıxartmaq, iqtisadiyyatı sabitləşdirmək, əhalinin sosial iqtisadi vəziyyətini yaxşılaşdırmaqdan ibarətdir. Söhbət respublikanın aqrar bölməsini yaranmış iqtisadi böhrandan çıxarmaq üçün bu barədə nəzəri və metodoloji məsələlərin qoyuluşundan və onun elmi cəhətdən əsaslandırılmış istiqamətlərinin düzgün müəyyənləşdirilməsindən gedir. Bu baxımdan ölkəmizdə həyata keçirilən aqrar islahatın məqsədinin nəzəri cəhətdən əsaslandırılmasının çox böyük əhəmiyyəti vardır.

Azərbaycan Respublikasının “Sovxoz və koxozların islahatı haqqında” qanunu ilə “Aqrar islahatın əsasları haqqında” qanunda islahatın məqsədinin yazılış məzmunu arasında müxtəlifliyin olması da müşahidə edilir. Belə ki, “Sovxoz və kolxozların islahatı haqqında” Azərbaycan Respublikası Qanununun islahatın məqsəd və vəzifələri bölməsində qeyd edilir ki, islahatın məqsədi bazar iqtisadiyyatına uyğun müxtəlif növlü təsərrüfat formalarını yaratmaq və aqrar bölmədə sahibkarlığı inkişaf etdirməkdir.

Aqrar bölmənin və bütövlükdə iqtisadiyyatın bazar münasibətlərinə keçildiyi şəraitdə əhalinin sosial iqtisadi vəziyyətinin yaxşılaşdırılması üçün aşağıdakı istiqamətlərdə kompleks tədbirlərin həyata keçirilməsi zəruridir:

1.    Aqrar bölmədə yeni mülkiyyət münasibətlərini formalaşdırmaq.

2.    Torpaq, meliorasiya və su təsərrüfatlarının islahatlarının kompleksliyini təmin etmək.

3.    Müxtəlif növlü yeni təsərrüfatçılıq formaları yaratmaq.

Sovxoz və kolxozlar yenidən təşkil edildikdə və ya onlarda islahat aparıldıqda islahatın xüsusiyyətləri nəzərə alınmalıdır.

1.    Sovxoz və kolxozlarada islahat aparılarkən Azərbaycan Respublikasının aqrar islahatına dair qəbul etdiyi qanunlar, normativ-hüquqi sənədlər, tövsiyə və təlimatlarla bərabər islahat aparılan təsərrüfatların ümumi yığıncağının qərarı da nəzərə alınır və ümumi yığıncaqlarda baxılır;

2.    İslahatın aparılmasında könüllülük prinsipi bankrot elan olunmuş sovxoz və kolxozlara şamil edilir;

3.    İslahat prosesində əgər iqtisadi cəhətdən məqsədəuyğundusa, hər bir sovxoz və kolxozun əsasında bir neçə müxtəlif növlü təsərrüfatlar da yaradıla bilər;

4.     İslahat prosesində təsərrüfatın rəhbərliyi və maddi-məsul şəxsləri islahat başa çatanadək onun maddi-texniki əmlakının saxlanılmasına və qorunmasına qanunvericilik daxilində cavabdehlik daşıyır;

5.    Sosial və mühəndis infrastruktur obyektləri kollektivin razılığı ilə bələdiyyə mülkiyyətinə verilə bilər. Bu şərtlə ki, həmin obyektlərdən hamı bərabər hüquqla məqsədə uyğun şəkildə istifadə edə bilsin;

6.    İslahat prosesində əvvəlcədən bağlanmış müqavilə öhdəliklərini yerinə yetirmək, əsas və kənd təsərrüfatı məhsulları üzrə tapşırıqlara əməl etmək və s. məqsədlər üçün ixtisaslaşdırılmış hüquqi səlahiyyətə malik olan nəzarət qrupları yaradıla bilər.

Aqrar bölmədə yeni mülkiyyət münasibətlərinin formalaşması üçün yeni müxtəlif növlü müəssisələrin yeni təşkilati-hüquqi formaları da yaradılmalıdır. Bu obyektiv zərurət ondan irəli gəlir ki, müxtəlif növlü müəssisələr yaradılmadan bazar infrastrukturu formalaşdırmaq və bu şəraitdə azad rəqabət mühiti yaratmaq da qeyri mümkündür.

Proqnozlara görə çoxnövlü təsərrüfatçılığı inkişaf etdirmədən aqrar bazarın formalaşdırılması üçün rəqabət mühiti yaratmaq qeyri-mümkündür. Odur ki, kənd təsərrüfatının bazar münasibətləri şəraitinə keçirildiyi hazırkı dövrdə ölkəmizdə başqa təsərrüfat növləri kimi,elmi cəhətdən əsaslandırılmış kəndli-fermer təsərrüfatlarının yaradılması da obyektiv zərurət olmaqla yanaşı, qanunauyğun bir prosesdir. Eyni zamanda kəndli-fermer təsərrüfatlarının fəaliyyətinin tənzimlənməsi və onun daha da təkmilləşdirilməsi vacibdir. Çünki bazar iqtisadiyyatı şəraitində kəndli-fermer təsərrüfatları respublikada əhalinin ərzaq məhsullarına olan tələbatının yaxın illərdə ödənilməsində ən güclü ehtiyat mənbəyi hesab edilir. Məhsul bolluğunun yaradılması kəndli-fermer təsərrüfatlarının inkişafı şəraitində bir sıra şərtlərin və amillərin düzgün nəzərə alınmasından asılıdır. Bunlardan ən başlıcası kəndli-fermer təsərrüfatlarının inkişaf parametrlərinin elmi əsaslarla hazırlanması və onların əsas istiqamətlərinin müəyyən edilməsidir.

Kəndli-fermer təsərrüfatlarına məxsus olan özəlləşdirilmiş kənd təsərrüfatına yararlı torpaqlarda, əsasən, kənd təsərrüfatının üstün sahələrinin xüsusi çəkisi böyük olacaqdır. Belə ki, kəndli-fermer təsərrüfatlarındakı kənd təsərrüfatına yararlı torpaqların tərkibində üstün sahələrin xüsusi çəkisi gələcəkdə 67.9%-ə çatacaqdır. Üstün sahələrdən xüsusilə taxılçılıq, pambıqçılıq, yemçilik, üzümçülük və meyvəçilik sürətlə inkişaf edəcəkdir. Kəndli-fermer təsərrüfatlarının inkişafı üçün 3588 milyard manat vəsait tələb olunur. Əsas fondların mövcud dəyəri də nəzərə alınmaqla, göstərilən bu vəsait hesabına kəndli-fermer təsərrüfatlarında əsas fondların dəyərini 10140 milyard manata çatdırmaq mümkün olacaqdır ki, bu da kənd təsərrüfatı məhsulları istehsalının artırılmasına və onun səmərəliliyinin yüksəldilməsinə imkan verəcəkdir. Nəticədə isə kəndli-fermer təsərrüfatlarında ümumi məhsulun dəyəri 2746 milyard manat təşkil edəcəkdir.

Kəndli-fermer təsərrüfatları yaradılarkən və onların inkişaf parametrləri müəyyən edilərkən həmin təsərrüfatların çoxsahəli istehsala yönəldilməsi daha perspektivli ola bilər. Çünki, respublikanın torpaq-iqlim və istehsal şəraiti, maddi ehtiyatlar nəzərə alınmaqla torpaq sahələrinin həcminin düzgün müəyyən edilməsi kəndli-fermer təsərrüfatlarının səmərəli fəaliyyətini təmin edir. Ona görə də bu amillər nəzərə alınaraq, ailənin daxili imkanlar hesabına tələbatını ödəməsi və artıq məhsul istehsal etməsi üçün kəndli-fermer təsərrüfatlarının elmi cəhətdən əsaslandırılmış istiqamətlərinin və əlveşli həcmdə torpaq sahələrinin müəyyən edilməsi zəruridir.

Aqrar islahatların başlanması aqrar-sənaye kompeksi sistemində iqtisadi mexanizmin əsas ünsürlərindən olan qiymət sisteminin də təkmilləşdirilməsini tələb edir. Belə ki, artıq mərkəzləşdirilmiş, planlı təsərrüfat sistemi şəraitində tətbiq edilən qiymətlər bazar münasibətləri şəraitinə uyğun gəlmirdi. Aqrar sənaye kompleksi sisteminin bazar münasibətlərinə keçirilməsinə, mərkəzləşdirilmiş qaydada kənd təsərrüfatı məhsullarının tədarükü üzrə sifarişlərin ləğv edilməsinə və qiymətlərin dövlət səviyyəsində liberallaşdırılmasının elan edilməsinə baxmayaraq bir sıra kənd təsərrüfatı məhsullarının qiymətlərini yenə də yuxarı orqanlar müəyyənləşdirmişdir ki, elə bu səbəbdən də həmin sahələrdə rentabellik aşağı düşmüş, gəlir azalmış, əksər məhsul istehsalçıları istehsalın son nəticəsindən zərər çəkmişlər. 1995-ci il də daxil olmaqla, respublikada ilk dəfə olaraq tərəvəzçilik, meyvəçilik, kartofçuluq və süfrə üzümçülüyü sahəsində tədarük üzrə sifariş dayandırıldı, azad satış qaydası tətbiq edildi. Daha sonra bir sıra məhsul növləri üzrə o cümlədən taxıl, mal-qara və quş əti, qoyun əti və s. üzrə sifarişlərin həcmi azaldılmış və nəhayət, 1997-ci ildə bütün növ məhsullar üzrə qiymətlər sərbəstləşdirilmişdi.

Aqrar bölmədə gedən islahatlar nəticəsində kənd təsərrüfatının idarə edilməsi strukturunda da ciddi dəyişikliklər baş vermiş, mövcud olan mərkəzi və və rayon kənd təsərrüfatı oqanlarının, kolxoz və sovxozların aparat işçiləri 42 min nəfər ixtisar edilərək sahibkarlığın sərbəst fəaliyyətinə şərait yaradılmışdır. İslahatlar istiqamətində həyata keçirilən tədbirlər nəticəsində kənd təsərrüfatında ciddi struktur dəyişiklikləri baş verir, yeni sahələr yaranır, məzmunca fərqli münasibətlər formalaşır. Yeni yaranan sahibkarlar nəsli əvvəlki kolxozçu və sovxozçu fəhləsindən daha fəal, yaradıcı, qənaətcil olmaqla bazar iqtisadiyyatının sərbəst istehsalçısıdır.

Artıq 2002-ci ildə ölkədə istehsal olunan bütün kənd təsərrüfatı məhsullarının 99.5% -i özəl bölmənin payına düşür ki, bu da islahatların aparıldığı qısa zaman kəsiyi üçün çox böyük göstəricidir. Hazırda ölkə əhalisinin təqribən 49%-i kənd yerlərində yaşayır. Statistik məlumatlara görə 1999-cu ildə kənd əhalisinin sayı 1.54% artmışdır. Əhalinin iqtisadiyyatın sahələri üzrə məşğulluq səviyyəsinin göstəriciləri də kənd təsərrüfatında artmağa meyllidir. 2000-ci ilin məlumatlarına görə təkcə kənd və meşə təsərrüfatlarında 1139.6 min nəfər çalışmışdır ki, bu da ölkə iqtisadiyyatında işləyənlərin 30.8%-ni təşkil etmişdir. Müqayisə üçün göstərmək olar ki, işləyənlərin tərkibində sənaye 16.8%, ticarət və ictimai iaşə 19%, nəqliyyat və rabitə 4.5% paya malikdir. Araşdırma göstərir ki, islahatlar başlananda əhalinin mühüm ərzaq məhsullarına olan tələbatı daxili istehsal hesabına taxıl üzrə cəmi 51%, kartof üzrə 33%, meyvə üzrə 56%, tərəvəz üzrə 62%, bostan bitkiləri üzrə 40%, ət və ət məhsulları üzrə 33.9% ödənildi. Faktlar göstərir ki, son illərdə kənd təsərrüfatı sahəsində baş verən dəyişikliklər həm kəmiyyət, həm də keyfiyyətcə fərqlənir.

Bazar münasibətləri şəraitində kənd təsərrüfatı istehsalının iqtisadi səmərəliliyinə bir sıra amillər kompleks şəkildə təsir göstərir. Bunlara: təbii, texnoloji, iqtisadi, təşkilati-idarəetmə, siyasi-hərbi və sosial amillər daxil edilir. Bütün bu qeyd edilən amillərin iqtisadi fəaliyyət prosesində nəzərə alınması kənd təsərrüfatının, bütövlükdə aqrar-sənaye kompeksinin ictimai-istehsal əlaqələrinin təkmilləşdirilməsinə, istehsal həcminin artmasına, kənd təsərrüfatının böhrandan çıxarılmasına, onun dinamik inkişafına, nəticə etibarı ilə əhalinin və ölkənin bütövlükdə kənd təsərrüfatı məhsullarına olan tələbatının ödənilməsinə imkan verə bilər.

Ölkəmizdə aqrar islahatın həyata keçirilməsinin hüquqi təminatı Azərbaycan Respublikası Konstitutusiyası, aqrar sahədə islahatların həyata keçirilməsinə dair qəbul edilmiş qanunlar, onların icrasının təmin edilməsinə dair fərmanlar, dövlətin aqrar bölmənin inkişafına dair qəbul etdiyi qərarlar təşkil edir. Bu qanun, fərman və qərarlardan irəli gələn nəzəri və təcrübi əhəmiyyətli göstəriş və qərarlar xüsusi təsərrüfatların yaradılması, sahibkarlığın formalaşması və inkişafının metodoloji əsaslarını müəyyənləşdirir. Ölkəmizdə aqrar islahatların həyata keçirilməsinin başlıca məqsədi bazar iqtisadiyyatı qanununa uyğun gələn xüsusi təsərrüfat formalarının təşkilinə nail olmaqdan və aqrar bölmənin bütün sahələrində sahibkarlığı hər vasitə ilə inkişaf etdirməkdən ibarətdir. Qeyd etmək lazımdır ki, respubliamızda aqrar isahatları aparmaq məqsədilə Dövlət Aqrar İslahat komissiyası, yerli və rayon aqrar islahat komissiyaları yaradılmış, onların hüquqları, funksiyaları, vəzifələri və iş qaydaları müvafiq olaraq əsasnamələrdə təsdiq edilmiş, islahatların aparılmasına dair yaradılmış komissiyalar qarşısında çox mühüm vəzifələr qoyur.

Haqqında Əkinçi