25 Sentyabr, 2017 - Bazar ertəsi
Arzu Eminbəyli

Arzu Eminbəyli

Yer üzündə heç bir dənizə oxşamayan bir dəniz var idi. Bu dəniz başga dənizlərə oxşamadığı kimi, onun qumlu sahilləri də başga dənizlərin sahillərinə bənzəmirdi. Bəlkə bu mənə belə gəlirdi, çünki bu dənizin sahilində mənim yaşadığım və çox sevdiyim gəsəbə yerləşirdi. Mənim uşaglığım da elə bu sahillərdə keçib. Buraları çox sevirdim… Məncə təkcə ona görə yox ki, evimiz sahil ətrafında yerləşirdi və gözümü açandan bu dənizi, bu qumlu sahilləri görə-görə böyümüşsüm, yəqin həm də ona görə ki, bu dənizdən başqa bir dəniz görməmişdim… O üzdən də düşünürdüm ki, MƏNİM DƏNİZİM başga dənizlərə bənzəmir.
Məni böyüdən babam olub. Nə atam yadımdadı, nə də anamı görmüşəm. Balaca olmuşam bir gəza nəticəsində onlar həlak olanda… Deyirlər ki, babam o gündən gara-dinməz olub. Amma, o cür fikirləşmirdim, çünki babam həmişə çoxlu nağıllar, müxtəlif hekayələr, rəvayətlər danışardı mənə. Babamın söylədikləri yaddaşımda o qədər dərin izlər buraxardı ki, bəzən günlərlə onun söhbətlərinin təsirindən çıxa bilməzdim. Hiss edərdim ki, babam bu vəziyyətimi görəndə çox narahat olur, sıxılır, ancaq hər zaman olduğu kimi bircə kəlmə də deməzdi, susardı. Bir gün babam növbəti rəvayətlərindən birini danışanda dedi ki:
– Oğlum, bilirsən dərya necə dürrlərlə doludur! Amma, nədənsə heç kim suya baş vurub onları dənizin dibindən çıxarmaq istəmir!
O zamanlar uşaq ağlımnan dərhal cavab verdim ki:
– Ay baba, sən narahat olma, mən suya cumub onların hamısını bir bir çıxardaram!
Bərkdən gülərək:
– Sənə inanıram, mənim balaca nəvəciyim! – dedi.
Babama görə mən çox maraglı və gülməli uşaq olmuşam. Yadımdadı, balacalığımda hər səhər gözümü açıb yuxudan duranda xoruzların banladığını eşidərdim ki, bu da mənim çox xoşuma gələrdi, hədsiz dərəcədə sevinərdim. Hərdən yatıb qalırdım, oyananda artıq xoruzların səsini eşitməzdim və elə bilərdim ki, xoruzların hamısını gecə kəsib, kəsən kimi də bişirib yeyiblər. O qədər üzülürdüm ki! Tez qaçardım babamın yanına, o da məni bərk bərk qucaqlayardı, gülərdi və deyərdi ki, yaxşıdı ki sən varsan! Beləcə, baba ilə nəvənin həyatı birlikdə necə keçərsə, elə biz də o cür yaşayardıq. Bir gün babam növbəti söhbətlərinin birində dedi ki, həyatda hər kəsin ÖZÜNÜN yazdığı bir hekayəsi var. Vaxt gələcək, sən də böyüyüb öz hekayəni yazacaqsan. Mən də tələsirdim ki, tez böyüyüm və ÖZ HƏYAT HEKAYƏMİ yazım… Özüm də hiss etmədən böyüdüm, boya çatdım və başladım öz hekayəmi yazmağa. Amma, deyesən mənim hekayəm bir az fərqli idi.
Artıq böyümüşdüm. Babam da yox idi bu həyatda, Allahın rəhmətinə qovuşub dünyasını dəyişmişdi. Mən tək yaşayırdım.
Qədim zamanlarda Şərqdə belə bir məsəl var imiş: «Çərşənbə cinlisi ağıllanmaz». Keçmişdə «ÇƏRŞƏNBƏ» «CİNLƏR GÜNÜ» adlandığından, o gün dəliliyə tutulanların sağalması geyri mümkün hesab olunurmuş. Qəsəbədə mənim də adımı «çərşənbə cinlisi» qoymuşdular. Doğrusu, bilmirəm niyə? Görünür onlar mənim də çərşənbə günü dəli olduğumu düşündüklərindən sağalmağıma da gümanları olmayıb. Elə buna görə də adımı qoyublar «çərşənbə cinlisi». Ancaq mən heç narahat filan olmurdum… Bir gün, bir yığıncaqda ora toplaşanlar məclisdə iştirak edən hörmət sahiblərindən birini başlayırlar o ki var tərifləyib onun ünvanına madhiyyələr söyləməyə… Tərif sahibi axırda sakitcə başını qaldırıb deyir:
– Aranızda məni hamınızdan yaxşı tanıyandan utanının. O insan mən özüməm və kim olduğumu sizin hamınızdan daha yaxşı bilirəm.
Mən də özümün kim olduğumu bildiyim üçün insanların niyə və nə üçün məni qəbul etmədikləri ilə qətiyyən maraqlanmırdım. Amma, hər halda mən də insanam, mənim də qəlbim, qəlbimdə yaşatdığım dünyam var!
Hərdən özüm özümlə tək qalmaq istəyəndə, sahildəki ən yüksək qayaların birinin başına qalxıram. Orda saatlarla oturmaqdan həzz alır, ətrafı seyr eləməyi çox sevirəm. Bəlkə də ona görə ki, buralar mənim üçün təhlükəsiz bir məkandır. Küçədəki uşaqların arxamca düşüb, mənə «dəli» deməklərindən, onlarn gic–gic suallarına cavab verməkdən canım qurtarır. Doğrusu, həm də «ağıllı» adamların içində özümü daha tənha hiss etdiyimdən, tez-tez bu yüksək qayalara qonaq oluram. Mənə elə gəlir ki, yüksəklikdə elə bil lap Allahın dizinin dibində otururam. Bax beləcə, səssiz səmirsiz, sakit həyatımı yaşayırdım.
Həyatımı ağıllı adamların həyatından fərqləndirən təkcə bunlar deyildi. Hamı mənə ağıl verməkdən, nəyi isə öyrətməyə cəhd göstərməkdən elə bir xüsusi ləzzət alırdı. Qonşularım çox vaxt məni danlayıb deyirdilər ki, «niyə çimmirsən, niyə üst-başın çirk içindədi, niyə köhnə, rəngi solmuş paltarlar geyinirsən» və s. Həmişə də bu qınaqlara təəccüb edər və fikirləşərdim ki, bəyəm təmizlənmək üçün yalnız əynimdəki nimdaş əlbəsələri soyunmaq lazımdır? Bəs insan mənən təmizlənmək üçün nəyi soyunmalı, ən əsası isə nəyi geyinməlidirlər? Yəqin məni onlardan fərqləndirən də, məhz elə bu cür düşüncə tərzim idi…
Çox sevdiyim qəsəbəmiz geniş olsa da,mənim düşüncələrimə dar gəlirdi. Çünki, həyatımın müvəqqəti olduğunu dərk etdiyimdən, dünyəvi heç bir şeydə gözüm yox idi. Sadəcə anladığım həqiqəti deyib həyata keçirməyi arzulayırdım. Amma, bu mümkünsüz görünürdü. Bir dəfə qonşum halımı soruşanda dedim ki, yaxşıyam, ölməmişdən əvvəl ölmək istəyirəm. Kişi üzümə tərs tərs baxdı və… dönüb getdi. Amma o «niyəsini» soruşsaydı mən ona izah edərdim… soruşmadı axı…
Bir qapı qonşum var, Turə xala. Turə xalanın əri çoxdan həyatdan köçüb, heç kəsi olmadığından tək yaşayır. Bu qəsəbədə təkcə o mənə dəli demir. Axırı ondan soruşdum ki: – ay Turə xala bircə sən mənə dəli demirsən, xeyir ola?
Dedi:
– «Bilirsən, insan xisləti, insan təbiəti bu dünyanın nemətlərinə, bər bəzəyinə aşiq olub, dünya yükünü uzunqulaq kimi öz belində daşıyır. Amma, sən bütün bunlara laqeyd olduğundan mənim üçün dəli deyilsən. Bir də ki, bir də ki» … Turə xala sözünün davamını demək istəmədiyindən, mən də daha heç nə soruşmadım.
Düzü bu cavabı kimdən kimdən, amma Turə xaladan heç gözləmirdim.Yadıma dahi Nizaminin iki misrası düşdü:
– «Bu dünyaya uymamaq səadətdir həyatda
Yük daşımaq ulağa, bir adətdir həyatda»
Deyə bilmirəm, bəlkə də nə vaxtsa Turə xala da Nizamini oxuyubmuş, amma bildiyimə görə o, oxuması, yazması olmayan bir qadın idi.
Mən «çərşənbə cinlisi»nin beləcə həyat sürürdüm, günlərim, aylarım, illərim beləcə ötüb keçirdi. Hər günün mənim üçün bir özəlliyi var idi. Hər açılan yeni gündən təzə bir şey gözləyirdim. Günlərsə mənim istədiyimdən fərqli, yeknəsək olaraq bir birini əvəz edirdi. Qəsəbədə hamı öz işində, mənimsə ürəyimdə sanki fırtına qabağı səssizlik hökm sürürdü.
Bir gün ürəyimin külləndiyini hiss etdim. Deyəsən fırtına başlamışdı! O gündən rahatlığım pozuldu, hər şey gözümdə rəngini dəyişməyə başlamışdı və bütün bunlar məni çox qorxudurdu. Adi halımdan çıxmaq mənə çöçün gəlırdi. Axı mən «çərşənbə cinlisiydim»!
Həmişə olduğu kimi, dadıma yenə ləpələr, yenə dəniz çatdı. Çox sevdiyim qayanın üzərinə çıxıb suallarıma cavab axtarmağa başladım. Mənə elə gəlirdi ki, bütün sualların cavabları dənizdə saxlıdı. Suallarımı verib saatlarla dənizi seyr edirdim. Elə ki, dəniz təlatümə gəlib canlanırdı mənə elə gəlirdi ki, suallarıma cavab gətirir. Bu dəfə də elə oldu. Cavab gəlmişdi!!
Təəccüblənməyin! Kəndin ən gözəl qızına aşiq olmuşdum! Yəqin sizdə də yaranan ilk fikir bu oldu ki, «sən hara ən gözəl qız hara»? Elə düşünməyin ki, mən sevgimi bəyan eyləyib cavab almaq istəyirdim, əksinə, o sevgini sevdiyidiyimə vermək fikrindən uzaq idim. Çünki, bu sevgi ilahi bir sevgi olduğundan və onun adiləşə biləcəyindən çox qorxurdum. Axı, adımı nahaq yerə «çərşənbə cinlisi» qoymamışdılar!

Uzun zaman sevginin nə olduğunu və haradan gəldiyini anlamağa çalışdım. Niyə adam sevdiyinin qüsurunu görmür və yaxud görsəydi onda nə olacaqdı?
Uzaqlara baxa – baxa hər şeyin sonsuza getdiyini görürdüm. Amma, bu sonsuzluğun bir başlanğıcı da olub axı! Elə bu başlanğıcı düşünə düşünə içimə bir istilik, bir aydınlıq dolduğunu hiss edirdim. Elə bil içimdə günəş doğurdu! Deyəsən tapmışdım. Bu o sevgi idi, O İLAHİ sevgi! Ürəyim quş kimi uçurdu. Daha bir həqiqəti dərk eləmişdim! Bu o sevgi idi ki, onunla həyat canlanmışdı, insanlar yaradılmışdı! Anladım ki, gördüyümü yox, görmədiyimi çox sevirəm!
İndi mənə istəmədiyim bütün dünyanı verseler yenə istəmərəm! İnsanların dostluğunu, səmimiliyini istiyirəm, sevgisini istəmirəm!
Dönün ətrafınızda uçan quşlara, açan güllərə, göyərən otlara, ucalan dağlara baxın! İlahi sevgini onlarda görəcəksiniz! Çünki, ilahi sevgi bütün bunları İLAHİ sevgi ilə yaratmış YARADANA aiddir!
Bu, sadəcə olaraq sizinlə paylaşmaq istədiyim «çərşənbə cinlisinin» pərakəndə düşüncələri idi.

Haqqında Əkinçi