19 Noyabr, 2017 - Bazar

Arzu Eminbəyli

Müharibənin od saldığı ocaqlardan biri də mənim ana nənəmin evi idi. Babam müharibəyə 1941 – ci ilin iyul ayında gedib. Getdiyindən bir xeyli sonra məktubları gəlməyə başlayıb.1943 –cü ildə isə məktublar kəsilib. Və bir gün “itgin” düşdüyü haqqında məktub gəlib. Müharibə başlayanda babamın kiçik qardaşı Kiyevdə Tibb institutunda oxuyurmuş. Onu da elə ordan müharıbəyə aparıblar. O da həmişə nənəmə məktub yazarmış. Babamın itgin düşdüyünü eşidəndə isə müharıbə qurtarana kimi babamı axtarıb. Babam haqqında məlumat əldə etməyə onun daha çox şansı olub. Çünki o, həkim olduğu üçün hospitallarla əlaqəsi var idi. Qarşısına çıxan hər həkimdən, tibb bacısından, xəstələrdən belə babamı xəbər alarmış, şəklini göstərib heç olmasa bir ip ucu axtarırmış. Amma heç bir nəticəsi olmayıb.
Nəhayət, müharibə qurtarandan sonra babamın qardaşı sağ – salamat doğma yurduna, evinə dönüb. Babamnansa heç bir xəbər gətirə bilməyib.Sonralar dayım xalamla birlikdə babamı çox axtardılar. Amma yenə də heç bir iz tapa bilmədilər.

Nənəm də, minlərlə azərbaycanlı qadını kimi müharibə dövründə də, ondan sonra da bütün əzab – əziyyətlərə sinə gərərək üç övladını ərsəyə çatdırıb, evli-eşikli eləyib, nəvə – nəticə yiyəsi olmuşdu. Ömür boyu çəkdiyi sıxıntılara, əzab -əziyyətlərə baxmayaraq nənəm həm deyib – gülən , həm də zarafatcıl bir qadın idi. Öz dərdini içində yaşayardı. Heç bir zaman heç nədən şikayət etməzdi. Nənəm o zamanlar “doşkolnı” deyilən texnikumu bitirmişdi. Uşaqları çox sevərdi, bizi, yəni nəvələrini isə lap çox sevərdi. Aldığı cüzi təqaüdlə hər nəvəsinə bir yadigar qoymuşdu. Mənə misdən bir qazan, bir sini, bir samovar düzəltdirmişdi cehiz olaraq. Oğlan nəvələrinin hərəsinə isə bir nişan üzüyü almışdı.
Nənəmin bir sandığı var idi. O sandığı həmişə özü açardı , özü bağlayardı. Heç kimi qoymazdı o sandığa yaxın düşsün. Deyərdi ki, o sandıqda mənim həyatım var ,vaxtı gələndə özüm açacam o sandığı. Bir onu bilirdik ki, babamın müharibədən gələn məktublarını nənəm o sandıqda saxlayır. Ona görə biz də nənəmizi bu sandığa görə çox sorğu – suala tutmazdıq.
1991 – ci ilin yanvar ayının axırlarında nənəm xəstələndi. Həkimlərin fikrinə görə nənəmin müalicəsi artıq nəticə vermirdi. Nənəm özü də başa düşmüşdü, ona görə bir gün dedi ki, sandığı açın. Heç kimin ürəyi gəlmirdi sandığa yaxın düşməyə.Düzü o sandığa heç marağımız da qalmamışdı.Çünki nənəmin xəstəliyi bizi çox üzmüşdü. Axırda nənəm dedi o sandığı gətirin elə özüm açsam yaxşıdı. Nə isə axır ki, nənəm sandığı açdı. Dedi: “Uşaqlar yadınızdadı sizi bu sandığa yaxın buraxmazdım. Burada sizin atanızın müharibədən gələn məktublarını saxlayırdım, ona görə sizi qoymurdum əl vurmağa , deyirdim uşaqsınız birdən məktubları cırıb eliyərsiniz. İndi məndən sonra bu məktubları siz saxlayacaqsınız, deyib, məktubları dayıma uzatdı. Amma bu məktubların içərisində saralmış, köhnə bir dəftər də var idi. Nənəm bu dəftəri bizə vermədi. Dedi:”Bu dəftəri məndən sonra oxuyarsınız”. Heç kim dillənmədi. Amma nə gizlədim nənəmnən xəlbət dəftəri oxuduq. Sən demə nənəm bu dəftərdə babama öz ürək sözlərini yazırmış…

Həmin dəftərdən bəzi sətirlər:

“Bir gün dedin ki, mən gedirəm. Soruşmadım hara? Çünki bilirdim. “Müharibəyə!” Getməliydin. Məcburiyyət yolu idi bu yol. Deyə bilmədim “getmə”. Çünki Vətən çağırırdı! Bircə onu fikirləşirdim , görəsən dönüşü varmı getdiyin bu yolun? Amma onu da bimirdim!

Sən getdin, evimiz boşaldı. Çox gözlədim ki, evimiz yenə əvvəlki kimi olsun. Amma sən hələ yox idin, müharibə də qurtarmamışdı necə əvvəlki kimi olaydı evimiz?!

Səni yola salanda ruhum da səninlə getdi, kaş ki, bilsəydin.Səbrin zəncirləriylə açılırdı hər səhərim. Sən olmadığın üçün mən də özümü yox hiss eliyirdim. Əslində mənim buna haqqım çatmırdı, çünki üç balamızı əvvəl ALLAHA, sonra mənə əmanət etmişdin. Gedəndə “Ey qadın, Ana, həmişə dik dur!” demişdin.
Bir gün birinci məktubun gəldi. O məktubdan aldım nəfəsini. Həyatımı sənin məktublarınla yaşamağa başladım. Bu da çox çəkmədi, cəmi üç il! 1943-cü ildə həmişə gələn məktubdan yox, başqa məktub gəldi. Bilirsən orada nə yazılmışdı? “İtkin düşüb”. Bilmirəm sayca neçə dəfə oxudum həmin məktubu. Amma yenə də başa düşmədim ki, sənin kimi cüssəli bir adam necə itə bilər? O vaxtdan “itmək” sözü mənə düşmən oldu.
Müharibə qurtarmışdı. Gələn – gəlmişdi, gəlməyənlərin də yasını tuturdular. Mən onu da eliyə bimədim. Axı, sənin itgin kağızın gəlmişdi.

İllərcə səni gözlədim. Hər qapı taqqıltısında ürəyim uçunurdu. Sonra zaman necə keçdi onu da bilmədim. Artıq uşaqlar böyümüşdü. Sənin axırıncı məktubun Krasnodardan gəlmişdi. Qardaşın bütün Rusiyanı gəzdi, fikirləşirdi ki, bəlkə yaralanmısan başqa şəhərə aparıblar.
Nə isə , taleyimlə barışıb məktublarınla təsəlli alaraq yaşayırdım. Hər gün səhər yuxudan duran kimi, birinci məktublarını saxladığım yerdən çıxarıb oxuyurdum. Bu mənim sənə “Sabahın xeyir” deməyim idi. Ondan sonra yeni gün başlayırdı.
İndi çox yaşlanmışam. Hər il 9 may qələbə gününü qeyd edirlər. Doğrudan da böyük bayramdı. Mən də sevinirəm qələbəmizə. Ancaq heç vaxt həmin günü mən bayram eləyə bilmədim. Həyatım boyu bircə bilirsən nəyi həzm edəmədim? “Sənin adının tozlu, “itkin düşənlər” rəfində qalmasını”!

1991-ci ilin fevral ayının 11-də nənəm dünyasını dəyişdi. Nənəmi hamıdan çox babamın qardaşı ağladı. Dedi ki, “Ay gəlin bacı, nəqədər ki, sən var idin elə bilirdim qardaşım sağdı. Qardaşım indi öldü… Onu sən yaşadırdın!

Haqqında Əkinçi