24 Noyabr, 2017 - Cümə

Arzu Eminbəyli

Deyirlər ki, qeybət eləmək günahdı, amma qonşularda baş verənlərdən danışmaq savab olmasa da günah da deyil, həm də maraqlıdı. Hər halda mən belə düşünürəm.
Mən qonşuları gəzməyi heç sevmirəm, nə də qonşularıma o dərəcədə üz vermirəm ki, istədikləri vaxt gəlib mənim evimdə saatlarla çənə döysünlər. Öz rahatlığıma hər şeydən çox önəm verirəm desəm heç də yalan olmaz.
Bu gün biz insanlar paradokslarla dolu bir dönəmdə yaşayırıq.Hətta elə bir məqama gəlib çatmışıq ki, dünyanın qurtaracağında yaşayan tanışlarımıza salam vermək ən yaxın qonşularımıza salam verməkdən asan olub.Qonşular da özlərinə görə deyillər ha!İndi deyə bilərsiniz ki,necə yəni? Gəlin sizə belə bir izahat verim. Deyirlər ki, qonşu haqqını yemək olmaz, bu haqq da ondan ibarətdir ki, gərək onlarla mehriban davranasan, ehtiyacları olanda əl tutasan,qapına gələndə boş qaytarmayasan.Bu qonşu haqqlarıdı. İndi di gəl gör bu qonşular nə deyir ?Onlara tanınan bu haqqlardan razıdırlar? Yoox, illaki bu qonşular haqqlarını sənə yedirdib boynuna qoyacaqlar.Bununla bağlı sizə bəzi əhvalatlar danışmaq istəyirəm.
Qapıbir bir qonşum var idi, elə indi də var.Bu söhbət isə beş –altı il bundan əvvəl baş verib. O zamanlar mənim uşaqlarımın birinin beş,
birinin də 6 yaşı olardı, o qonşumun uşaqlarının isə böyüyü yaş yarımında, balaca da yeni doğulmuşdu. Özləri də çox-çox kasıb yaşayırdılar. Hər gün onların evlərinə elədikləri bazarlıq bir yumurtadan və bir çörəkdən artıq bir şey olmazdı, özü də nisyə. Bir gün fikirləşdim ki, bu qonşuya əl tutum. Uşaqların kiçilmiş, amma çox gözəl vəziyyətdə olan pal-paltarlarını yığışdırdım, ailənin bir müddət də olsa normal yaşamaları üçün vacib olan şeyləri götürüb üz tutdum qonşunun qapısına.Qapının zəngini çaldım,qapı açıldı və məni maraqlı baxışlarlra qarşıladılar.Salam və xoş-beşdən sonra məramımı-məqsədimi açıqladım.Kaş ki, açıqlamaz olaydım. Mənə bir sifət göstərdilər , elə sözlər dedilər , bir qovmadıqları qaldı.Sonunda da bildirdilər ki, onlar hələ o günə qalmıyıblar ki, kimnənsə nəsə alsınlar. Mən də apardığım yardım pay-pürüşümlə və boynuma da yüklənən qonşu hqqıynan bir az da kor peşiman evə döndüm.
Bir qonşum da var, o da başqa bir aləmdi. Bu qonşu anası ilə birlikdə yaşayır.Heç kimsələri yoxdu.Ailə gəlirləri 80 manatdı.İndi deyərsiniz ki, bütün bunları yerli-yataqlı hardan bilirsən! Vallah aşağı dükana düşüb alış-veriş eliyəndə istər-istəməz məlumatlanıram. Həə, bir gün də mənə rayondan yaxşı meyvələr göndərmişdilər.Mən də bu meyvələrdən yaxşı bir pay düzəltdim həmin bu qonşuma, dedim aşağı düşəndə verərəm.Nə isə, düşdüm aşağı çörək almağa, dedim elə bu payı da ordan verim.Allah sən saxla qonşu biləndə ki, ona pay gətirmişəm elə bir ilan vurmuşa döndü.Elə qorxdum ki! Gözümün qabağında gül kimi meyvələri tökdü zibil qabına , dedi ki, “bir də bizə heç nə gətirmə, biz hələ heç kimin heç nəyinə qalmamışıq” Əstəğfirullah işə düşmədim!
Evə gələndən sonra qonşu haqqları kitabını qatlıyıb qoydum bir kənara. Onsuz da özümün o qədər işlərim vardı ki! Amma bilirsiniz bir gün nə gördüm? İstər inanın, istər inanmayın.Gördüm ki, mənim tər-təzə meyvələrimi zibil qabına tökən qonşum, dükandan tullantı üçün ayrılmış xarab meyvələri, tərəvəzləri zənbilinə yığır.Onda dedim ki, Allah Özün bilən məsləhətdir!
Bir müddət belə keçdi. Amma bir yaxşı qonşum var, bütün yaxşı qonşulardan yaxşı olmasın,hərdən o bizə gəlib gedir. Söhbət edirik,təbii ki, qonşulardan da danışırıq amma qeybət eləmirik,sadəcə baş verənləri müzakirə eliyirik. Həmin bu qonşumun da bir qonşusu var , həyətində it, pişik, dovşanlar,toyuqlar bəsliyir.Mən deyirəm ee bəsliyir, əslində o heyvanlara işgəncə verir.Özünüz də bilirsiniz də bu yay necə isti keçdi.İndi siz təsəvvür edin isti, uzun yay günləri ola adam bilmir ki, canını hara qoysun. Bəs bu dilsiz-ağızsız heyvanı o istilərdə tutub salasan dəmir bakın içinə, ağzını da örtəsən,heyvan da axşama kimi o bakı cırmax-cırmax eliyə adamda can qalar? Hələ bu harasıdı! O qonşunun başqa mərifətləri də var, onu axıra saxlamışam.Günlərin bir günü xəbər gəldi ki, dovşanlar necə olubsa qaçıblar. Dedik şükür Yaradana!
Mən də qonşularımın qonşusuyam.Pis qonşuların Allah həvəslərini qursağında qoysun.Deməyin ki, bəddua eliyir.Hələ bu harasıdı, əslində onların hamısı döyülməlidi.Onlardan bir neçəsini sizə misal gətirəcəm.Görün doğrudan da döyülməlidirlər ya yox?
1) Səhər-axşam yüksək səslə musiqi dinləyən, və həm də vaxt- bivaxt uşaqlarına bağıran qonşular
2) Allah eləməmiş əlindən yerə bir şey düşən kimi süpürgənin sapıynan tavana vuran qonşular
3) Üst mərtəbənin balkonundan sıçrada-sıçrada su səpələyən və bununla da sərinlədiyini zənn edən, qırx dəfə də elədiyini eliyib və yenə də bu işə inadla davam edən qonşular.Hələlik siyahı budu. Amma elələri də var ki, onları döymək də olmaz.Dadi bidad belələrinin əlindən. Allah Sən saxla!Bu yaşıma çatmışam belə şey nə eşitmişdim, nə də görmüşdüm.Ayağımın altından yer qaçdı desəm, qanım dondu desəm olmaz, bir onu bilirəm ki, susdum, çünki söz tapmadım.Əhvalat bundan ibarətdir.Bizdən bir-iki ev aşağıda bir ailə yaşayır.Ailə dörd nəfərdən ibarətdir. Ata-ana və iki də yeniyetmə uşaqlar.Ailəiçi münasibətlər də pis gündə. Bizim məhəlləmizdə səhər onların hay-küyü ilə açılır. İş o yerə çatıb ki, bu dörd nəfərdən ibarət olan ailənin hər gün səhər tezdən tualet üstündə düşən davalarını beş qapı o yana olan qonşular da eşidir.Mal yiyəsinə oxşayar məsəli də lap doğruymuş. Həyətdə saxladıqları xoruz vaxtlı-vaxtsız “bannıyır”, it bütün günü toyuqları pərən-pərən salır, kirpi qorxusundan hamamdan çıxmır və bütün ailə bir olub kirpini ordan çıxarmağa çalışırlar.İndi təsəvvür edin olanları.Ən maraqlısı və qorxulusu da bundan sonra başlıyır.Bir gün bu qonşunun toyuqlarından biri kürt yatır, yəni cücə çıxartmaq istiyir.Nə isə bu qonşu gəlir o bir qonşunun yanına məsləhətə ki, bu toyuğun aqibəti necə olacaq? Qonşu da eləmiyib tənbəllik gedib toyuğun yerini-yurdunu düzəldib, qonşuya da
tapşırıb ki, daha toyuqla işin olmasın, vaxtı gələndə cücələr özləri çıxacaqlar.Bir müddət belə keçir. Sonra qonşu yenə gəlir və bu dəfə soruşur ki, bəs bu cücələr çıxandan nə qədər sonra toyuq onları əmizdirəcək? Bu qonşu da deyir ki, mən elə bildim zarafat eliyir , ona görə dedim ki, narahat olma qoy cücələr çıxsın, toyuğun döşlərinə süd gəlsin, özü əmizdirəcək. Bu da başını aşağı salıb gedər.İndi bu qonşu bunları bizə danışır, hamımız da qulaq asırıq və susuruq , birdən anam dilləndi:” iyirmi birinci əsrdə başa baxeee!”Nə isə uzun sözün qısası, nə başınızı ağrıdım bir gün cücələr bir-bir çıxmağa başlıyar, arvad başılovu gələr qonşunun üstünə ki, bəs indi mən neyniyim toyuq cücələri əmizdirmir, bəlkə gedim süd alım????

Heç nə demirəm, görəsən bu insan həyatı boyu neçə dənə toyuq yeyib? və ya xörək bişirəndə, bu zavallı toyuğu doğrayanda, onun cücələrini əmizdirə biləcək məməşlərini toyuğun harasında görüb!

Bu insan haqqında siz də fikirləşin! Adamdı o!?

Haqqında Əkinçi