19 Noyabr, 2017 - Bazar

Arzu Eminbəyli

Hər bir insanın həyatda dostları, tanışları, qonşuları, qohumları, yaxınları,bir sözlə onu əhatə edən insanlar var.Dostlar isə başqadır..İnsan oğlu bu dostları illərin süzgəcindən keçirə-keçirə qazanır.Dost dediyimiz bu insanlar o adamlardı ki,uzun illər bir-birinə bağlı yaşayır . Dostluq haqqında o qədər danışmaq olar ki! Məsələn, biz deyirik ki, dost uki cür olur, pis günün dostu, yaxşı günün dostu.Hətta dostluğun formaları da mövcuddur.O dosta yaxın dost deyirik ki, onunla tez-tez görüşürük,sonra başqa dost da var ki, sən onu xoşlayırsan, onunla tez-tez görüşürsən, o sənə tanışdan yaxındı, amma dost saymadığın bir adamdı.Biri də var yoldaş,yəni görüşmək üçün can yandırmadığın adam. Dahi filosof Aristotel isə, dostluğu ən böyük nemət adlandırmışdır. Onun fikrincə dostluq üç cür ola bilər, birincisi,bir-birindən mənfəət, fayda almağa əsaslanan dostluq, ikincisi birgə həzz almağa əsaslanan dostluq, üçüncüsü isə fəzilətə əsaslanan dostluq. Həə,görürsüz dostlar , haqqınızda nələr demək olar! Yəni sizlərin və bizlərin anlayacağı odur ki, dostluq bir az da qəliz məsələdir.Çünki dostluq etməyin şərtləri var, faydaları var.Xülasə, insan özünü dostluq etməyə hazır bilmədikcə başqalarından bunu istəməsi eqoistlikdən başqa bir şey deyilidir.İndi əslində dostluq etməyi bacaran insan azdır.Hər kəsin “dostam”- dediyinə də inanmaq olmaz. Andre Morua demişkən”Bir zaman gələr ən qəddar düşməniniz sizin keçmiş dostunuz ola bilər.”Çox türkürpərdici bir fikirdi. Kaş ki, bu fikir heç bir zaman özünü doğrultmayaydı!Çox təəssüf ki,buna görə heç kim bizə zəmanət vermir.Kaş ki, həyatımız boyu “kaş ki” demək bizim qismətimizə düşməyəydi.Bu mənim arzuladığım bir həqiqətdir. Amma burda dayanmaq istəyirəm.Çünki həqiqət sonsuzdu,onun qapısını açmaq üçün böyük zəka tələb olunur. Götürək elə Faustu, o da elə bir həqiqət axtarırıdı ki,o həqiqət dünyanı özündə təcəssüm etdirsin. O,ömrünün gözəl çağlarını həqiqəti tapmaq məqsədinə yönəldir.Amma nafilə! Yaşadığı həyat Faustu çox sarsıdır.Hətta özünü öldürməyi belə düşünür.Bir müddət sonra özünə gələn Faust başa düşür ki,öz əsas yolundan ayrılıb,adi insanlar kimi yaşamalıdır. Zaman-zaman bunları unutmağa çalışan yaşlı Faust artıq həqiqəti həyatını dəyişdirməkdə görür. O dərk edir ki,həyatın əsası, azadlıq və tərəqqinin başlıca rəhni,xalqın xeyri üçün çalışmaq və fədakar zəhmətdir. Bu əsərdə Höte özünün doğrudan da qüdrətli filosof olduğunu sübuta yetirir. Onun fikrincə fəlsəfə -elə özü həqiqətə xidmət edir.Buradan belə bir nəticə çıxartmaq olar ki, əgər fəlsəfə həqiqətdirsə,onda həqiqətin özü elə daima hərəkətdə olan həyatdır.Çünki həyat dayanarsa,filosofların heç yerə sığışdıra bimədikləri həqiqət də ölər!
Düşünmək insana verilən ən yüksək nemətdir.Hər kəsin öz düşüncə tərzi var. Doğru düşüncə, düzgün fikir elə bizim həqiqətimizdir.Ey həqiqət axtaran insanlar,”həqiqət” çox incə sözdür.Əvvəlcə bir özünüzdən soruşun niyə varsınız?Bəlkə elə ən böyük həqiqət bizim var olmağımızdır! Çox da dərinə getmək istəmirəm, dərinə getdikcə işin içindən çıxmaq da çətinləşir. Əgər Höte “Faust”əsərini iyirmi üç yaşında başlayıb, səksən iki yaşında bitiribsə,deməli,biz bu əsəri dərindən başa düşmək üçün,heç olmasza ildə bir dəfə oxumalıyıq.
.Əslində sizə dostluqdan,dostlarımdan söhbət açmaq istiyirdim, amma mövzudan uzaqlaşdım.
Biz dörd dostuq. Dostluğumuzun tarixi iyirmi ili demək olar ki, keçib.O vaxtdan bura çox şey dəyişib,həyatlarımız, işlərimiz.Doğrudur hərdən telefonla danışırıq,bir-birimizdən hal-əhval tuturuq, amma hamı da şikayətlənir ki, vaxtım azdı,işim çoxdu,sonra da yorğun oluram. Bu da yəqin sürətlənən həyat axarının nəticəsidi ki,nəinki dostlar, hətta qohumlar da ya toyda, ya da yas məclislərində bir-birini görür.Son zamanlarda bir şeyi də müşahidə etmişəm, yaxınlarımızdan çox, tanımadığımız adamları daha tez-tez görürük.Məsələn, hər gün işə gedəndə dayanacaqda durub avtobus gözləyənləri,öz dükanının qarşısında oturan satıcını, satıcının da yanında dayanıb min bir əziyyətlə dibçəklərdə becərdiyi gülləri satmağa çalışan yaşlı adam. Bu insanları heç tanımırıq, amma, hər gün görürük! Yaxşıdı ki, bir dostumun həyətində tut ağacı var.Hər il tutun yetişməsinə az qalmış, zəng eliyir ki, heç olmasza bu il gəl tut yeməyə. Mən də deyirəm yaxşı, sonra fikirləşirəm ki, bəyəm mən keçən il tut yeməyə getməmişdim? Əgər getmişdimsə də deməli bir ildir onlardan çıxmışam.Bu bir il ərzində ancaq telefonla əlaqə saxlamışıq. Dərin bir fikrə getdim.Düşündüm ki, necə olursa olsun dostlarımın hamısına zəng edib deyəcəyəm ki, tut mövsümü gurtarmamış, bir bazar vaxt eliyib, gedərik tut yeməyə. Dediyim kimi də elədim.Bir gün, daha doğrusu bir istirahət günü hamımız, yəni üç dost yığışıb getdik dördüncü dostumuzgilə həm tut yeməyə, həm də uzun-uzadı söhbət eləməyə.Hə, bir də onu sizin nəzərinizə çatdırmaq istəyirəm ki, bu yazımda heç bir ad çəkməyəcəyəm,sadəcə olaraq dost sözündən istifadə etməyi daha uyğun gördüm.
Qapı ağzında bizi dostumuzun yaşlı anası qarşıladı.Bizi görüncə çox sevindi, dedi ki:
= Ay itkinlər , harda qalduz, gözümüzün kökü saraldı ki! Gedəndə də elə bir dəfəlik gedirsüz!
Biz də bir az dil-ağız edib,keçdik həyətə.Dostumuz evdə yox idi, mağazaya getmişdi, anası dedi ki, indi harda olsa gələr.O gələnəcən həyətdəki tut ağacının altında oturduq.Bu tut ağacı bağdakılara görə daha yaşlı idi. Zarafat deyil ee,o neçə illərdi ki, bizim söhbətlərimizə,zarafatlarımıza,mübahisələrimizə şahidlik edib. Bizdən əvvəl Allah bilir kimlər oturub bu ağacın altında !Bir an mənə elə gəldi ki, bizi görəndə o da sevindi,çünki başımı yuxarl qaldırıb baxanda sanki yarpaqlarını xəfifcə əsdirdi.Bu fikrimi heç kimə demədim, amma mən də gizlicə başımı əsdirdim. Yaxşıdı ki,bunu heç kim görmədi.Görsəydilər də başa düşməzdilər nə baş verdiyini. Nə yalan deyim indi onun gölgəsində yenidən dostlarımla birgə oturacağım üçün çox sevinirdim.Nəhayət dostumuz da gəlib çıxdı.Bir anda səs küyümüz həyəti başına aldı.Həmişə olduğu kimi dostumuz bizi şeirlə qarşıladı:
Düşmənlər pərişan olduğu zaman,
Dostlarla kef elə, çəkmə dərdü qəm.
Gördün ki,düşmənlər dilbirdir, durma,
Kamanı saz elə, hasarı möhkəm.
Şeirdən sonra hələ bizə hikmətli bir nəsihət də verdi.Dedi ki:

-Sizə bir şey də deyim ağlınızda qalsın, dünyanın işini bimək olmaz.Bir də görərsən ki, düşmən dostluq fikrinə düşüb və dostluqda elə işlər görür ki, onu heç bir düşmən bacarmaz.Ona görə də ilanın başını düşmən əli ilə əz, bunun hər iki tərəfə xeyri var.Yəni düşmən qələbə çalarsa, ilanı öldürmrş olarsan, ilan qalib gələrsə, düşməndən qurtulmuş olarsan!Sonra da dedi ki, bunu mən yox, Böyük Sədi Şirazi belə deyir!
Dediyim kimi iyirmi ildən çoxdur ki, biz bu evin , ailənin, bağlı bağatlı həyətin həmişə sevimli qonaqları olmuşuq.Ona görə də qarşılanma mərasimindən sonra , hərə öz işinə başladı.Söhbət edə-edə, ordan –burdan danışa-danışa birimiz samavara od saldıq,digərimiz süfrəni və stəkanları gətirdi,nəhayət çayımız dəm aldıqdan sonra dörd dost olaraq süfrə başına keçib əyləşdik. Özü də hər birimizin öz yeri var idi.Məsələn, mən altında süfrə açdığımız tut ağacının yarpaqlarının seyrək olduğu yerdə otururdum,çünki, külək vurduqca ağacdan tökülən bört-böcəklərdən çox qorxurdum.Çay məclisimiz bir xeyli şən keçdi. Həmişəkndən fərqli olaraq bu dəfə heç birimiz öz məişət həyatımızdan,qayğılarımızdan danışmadıq.Əsasən söhbətimiz kənclik və tələbəlik illərindən düşdü.Dostlarımızdan biri öz universitet həyatından danışdı:
Bir müəllimimiz var idı,indi əgər həyatdadırsa Allah ona möhlət versin, dünyasını dəyişibsə Allah ona rəhmət eləsin!Onun mühazirələrini həmişə səbirsizlikə gözləyrdik.Lap birinci dəfə bizə mühazirə oxumaq üçün auditoriyaya girəndə dedi ki, uşaqlar mən sizə mövzunun adını yazdıracam və bir az da məlumat verəcəm,dalını özünüz oxuyarsınız.Mən sizə yazıçılarımızın,şairlərimizin həyatında baş verən maraqlı və gülməli hekayətləri danışacam.Biz hamımız bu yeni mühazirə metodunu çox bəyəndik.İndi yadımda qalan bəzi hekayətlərdən də mən sizə danışmaq istəyirəm.Doslarımızdan biri dedi ki, çox da uzatma hələ bağa düşüb tut yeyəcəyik,elə olsun qaranlığa qalmayaq. Dedim yaxşı dostum, amma sonra demə ki noolar bir dənəsini də danış da!
Bir gün Qarabağ hakimi İbrahim xan öz dəstəsi ilə ovdan qayıdanda yolda çobanlara rast gəlirlər.Çobanların yanındakı zorba bir itin boynundakı dəri bükmə və gözmuncuğu xanın nəzərini cəlb edir, xan atı saxladıb sorşur ki, ayə, a bala o itin boynundakı nədi elə asmısan?
Çoban cavab verir ki,
-Xan sağ olsun,duadır, göz dəyməsin deyə yazdırmışam.
İbrahim xan təəccüblənir və əhvalı dəyişir.Çoban da elə heey itinə tərif deyir.Birdən xan soruşur:
-Bəs duanı harda yazdırmısan? Çoban deyir, baaşıına dönüm, odee Şuşa qalasında!
İbrahim xan çox bərk əsəbiləşir, dini ələ salan mollanı cəzalandırmaq üçün çobanı iti ilə birlikdə Şuşa qalasına apartdırır. Axtarıb dua yazan mollanı tapırlar və xanın hüzuruna gətirirlər.Molla gəlib İbrahim xanın qarşısında diz çökür.Xan bərk qəzəblənir:
—Quran sənə qənim olsun,nə cürətlə dinimizi ələ salıb itə dua yazırsan?
—Xan sağ olsun, əgər deyilənlər doğrudursa deyin boynum vurulsun! İtin boynundakı dua deyil,mən çobanla zarafat etmişəm, bu bir məzahdır!
—Necə yəni məzahdır? Bu zaman molla bir az ürəklənir deyir:
—Xan, siz qalalıların təbiətinə bələdsiniz.Kimsə çobanı öyrədir ki, belə pəncəli köpəyə dua yazdırmasan göz dəyər, tez ölər.Çoban da sürüsündən iki qoyun götürüb şəhərə gəlir, dua yazan axtarır.Onu cürbəcür yerlərə göndərirlər.Qəssab əttara, əttar baqqala, baqqal çaqqala, çaqqal da mənim üstümə göndərir.Mən də camaatın kələyini duyub dua əvəzinə bir məzah yazdım.Xan itin boynundakı bükməni açıb oxutdurur.Görün orda nə yazılıbmış:
Gözüm düşdü ətinə,
Dua yazdım itinə,
Həmin sirri kim açsa,
Bu çobanın……
Burasını müəllimimiz demədi, yəqin deyiləsi söz deyilmiş.Nə isə, Xan gülümsəyir, həmin mollanı özünə mirzə götürüb, saraya gətirir.Həmin molla məşhur şair Vaqif imiş!
Bir xeyli gülüşdük, hərə öz fikrini söylədi, özümüz də hiss etmədən söhbətimiz ədəbiyyatdan başladı.Bu dəfə söz A.Bakıxanovdan düşdü.Bu zaman dostlarımızdan biri dedi ki, qoyun Bakıxanovdan mən danışım. Biz hamımız təəccüblə ona baxdıq.O da bizim baxışlarımzı görüb dedi ki:
– Bəs siz bilmirsiniz mən Bakıxanovdan elmi iş yazmışam!Tez də əlavə elədi ki, zarafat eliyirəm ee, mənim yazmaqnan aram yoxdu!? Biz də hamımız bir ağızdan, xornan dedik ki, bilirik,bilirik! Sonra dostumuzun ciddi söhbəti başladı.Bilirsiniz dostlarım , Bakıxanov mənim üçün ensiklopediyadır.Onun bir neçə əsərlərini həmişə yazı stolumun üstündə saxlayıram.Çünki o, tarix, fəlsəfə, astronomiya, ilahiyyat və həm də klassik Azərbaycan poeziyasının da bütün sirlərini bilirdi.Hamımız bir-birimizin üzünə baxdıq.Deməli neçə illərin dostu olsaq da ,ayın görünməyən tərəfi kimi bizim də hər birimizin görünməyən tərəfi var imiş.Çünki bu dostumuzun Bakıxanovu belə sevdiyini bilmirdik. Dostlarımızdan biri dedi ki, onda bir şeir de biz də qulaq asaq. Bir az fikirləşəndən sonra dostumuz dedi, onda qulaq asın:
Bülbül ilə qarğanı gör salırlar bir qəfəsə,
Fərq qoyulmur bu dünyada məhəbbətlə həvəsə,
Təəssüf ki, bu ömrümüz boşa gedir anbaan,
Nə xeyr işə sərf olunur, nə sevgiyə, ah-aman!
Zəmanə min bəla verir, ürəyimi qanadır,
Üzümdəki allıq mənim ürəyimin qanıdır.

Şeir bitdikdən sonra heç birimiz dillənmədik.Sükutu elə şeir deyən dostumuz özü pozdu:
– Bəlkə də biz ədəbiyyatdan heç vaxt bu qədər ciddi söhbət etməmişik,amma doğrudan da Bakıxanovun yazdıqlqrını oxuyanda ürəyim iftixarla dolur.Ən çox da onun sözlərdən necə məharətlə istifadə etməsi, ağıllı, mənalı ifadələrlə mübaliğələr və kinayələr yaratması mənim üçün bir möcüzədir.Hərəmiz öz qısa sözlərimizlə dostumuzun fikirlərini təsdiqlədik.Sonra başqa bir dostumuz dedi ki, həzərat durun ayağa bağdakı tut ağacı bizi gözləyir.Gedəyin həm tutumuzu yeyək, qablarımızı da dolduraq,söhbət də çox xoşuma gəldi arxasını orada davam etdirərik.Tez tələsik qablarımızı da gotürüb üz qoyduq bağa.Hərçənddi buna bağa hücum elədik desəydik daha doğru olardı.Çünki ağacın altına çatan kimi hərəmiz bir budaqdan tutub başladıq şirin-şirin yeməyə.Bir qədər belə keçdi. Heç kimin səsi çıxmırdı,çünki hamının başı qarışıq idi.Birdən dostlarımızdan biri dedi:
– Həə nooldu? Bəs söhbətimiz yarımçıq qaldı axı!
-Həə deyəsən sən doymusan,darıxma qoy hamı öz işini qurtarsın, bağda yaxşı bir yer var orada oturub nəinki ədəbiyyatdan, nədən desən danışarıq, gün bu gündür, bizim günümüzdür heey!Hamımızın keyfi kök idi. Nəhayət yeyib doyduq, qablarımızı da doldurduq, indi bağda rahat bir yer tapıb oturmaq olardı.Bağın yuxarı hissəsində hündür bir yer var, oradan baxanda gözəl bir mənzərə açılır.Uzaqdan yamyaşıl bir göl parıldayır,gölün ətrafı da tamam yaşıllıqdır. Axşamüstü olanda günəşin şüaları gölü elə parıldadır ki, adamın gözləri qamaşır.Bağdakı bu yeri mən çox sevirəm.Həmişə təbiət gözəlliyinə baxanda ağlamağım gəlir, ona görə ki,bu gözəllik məni kövrəldir,bir də ona görə ağlayıram ki, bu gözəlliyi görməyənlər də var. Bir az bu mənzərəni seyr eliyib, bir az da düşüncələrə daldıqdan sonra, dostlarımı çağırdım ki gəlin elə burda oturaq.Dostlarım bir-bir gəlməyə başladı, gələn-gələn də oturacağımız yeri çox bəyəndi.Bir dostumun gözünə qarışqa yuvası dəydi tez də iki misra dedi:
-Mən paxıllıq edirəm quş və qarıncayə müdam,
Ki,xoş,asudə yatırlar yuvada hər axşam!
Hamımız afərin deyib əl çaldıq və həmişəki kimi hərə bir söz dedi.
Birincı dost: Noolub sənə? Mən bilirdim sən paxılsan, amma daa bilmirdim ki, qarışqaların da paxıllığını çəkirsən!
İkinci dost: Vallah bu ki, var aa, qarışqa olub gecələri evində asudə yatsaydı da, onda da bizim paxıllığımızı çəkəcəkdi! Hamımız ürəkdən elə güldük ki, lap savab oldu çünki, çoxdandı belə gülmürdük.
Üçüncü dost:Hə dostlar doyunca tut da yedik ,güldük də! İndi gəlin bir az dərdləşək.
Dördüncü dost: Necə olsun hərə öz dərdindən danışsın,yoxsa dedi-qodu eliyək?
İkinci dost: Mən təklif eliyirəm ki, gəlin, tələbəlik vaxtlarımızdakı kimi söhbətlər edək!
Dördüncü dost:Necə yəni? Karl Marksdan danışaq?
İkinci dost:Həə noolar ki, onun qiybətini eləmək məncə daha maraqlı olar.
O demirdimi ki, insanlar öz həyatlarının həm müəllifləri, həm də aktyorlarıdı!Bu fikir həmişə mənim xoşuma gəlib , ona görə yadımda yaxşı qalıb.
Birinci dost: İndi sən deyirsən ki, biz hamımız səhnədəyik!Həə, yaxşı fikirdi.Onda yəqin hərəmiz bir tamaşada oynayırıq.Ən maraqlısı da odur ki, oynadığımız tamaşaların adı nədir? Müəllif məlumdur, biz özümüzük, səhnəmiz dünyadır, biz də onun aktyorlarıyıq.Onda bəs,əsərimizin adı və janrı nədir!
Üçüncü dost:Madam ki, hamımız səhnədəyik,hərəmiz bir tamaşada öz rolunu oynayır lap yaxşı!İndi gəlin özümüzü aktyor kimi təsəvvür edək və hərə öz tamaşasında oynadığı roldan danışsın.Mənə elə gəlir ki, oynadığımız əsərin adı və janrı onda məlum olacaq.
Birinci dost:Həə, bu da bir az qəliz məsələdi.
Üçüncü dost: Niyə?
Birinci dost:Ona görə ki, hamımız yaxşı bilirik ki, tamaşaların pərdəarxası da olur.Ona görə deyirəm qəlizdi.
Dördüncü dost:Əslinə baxanda burda elə qəliz bir məsələ görmürəm.İndi mən sizə öz fikrimi izah eliyim, siz də qulaq asın.Biz hamımız, yəni dörd dost orta yaş həddindəyik.Dördümüzün də gənclik illəri Sovet hakimiyyəti dövrünə düşüb.Oxumuşuq, ali təhsil almışıq, amma həmişə orta səviyyədə, yəni sıravi insanlar olmuşuq.Mən belə düşünürəm ki, heç birimiz bundan narazı olmamışıq.Təbii ki, enişli-yoxuşlu yollar keçmişik.Əsası da odur ki, nadan olmamışıq, buna da min şükür!O ki, qaldı tamaşada oynadığımız roldan və onun pərdə arxasından danışmağa, mən belə bir təklif eliyirəm.Gəlin bütün bunları məktubda yazaq.Hərə öz məktubunu yazsın.Çünki, neçə illərin dostları da olsaq hər halda hamımızın ürəyində bir-birimizə demədiklərimiz var.O mənada yox ki, bu illər ərzində bir şeylər gizlətmişik,yox sadəcə olaraq hamımızın ürəyində təkrarlanan suallar var.Və oynadığımız həyat tamaşalarında elə indiyənəcən bütün bunlara cavab axtarırıq.Elə deyilmi dostlar!
Aramıza bir sükut çökdü.Doğrudan da söhbətimiz maraqlı bir məqama çatmışdı.Yenidən canlanma başladı.Hərə bir şey dedi.Axırda qərara aldıq ki, elə məktub yazmaq daha yaxşıdı.Son qərarımız da elə bu oldu.
Dostlarımızdan biri dedi ki, məktubları yazmamışdan qabaq gəlin sizə sözün qüdrətindən danışım. Amma deyəcəklərim mənim fikirlərim deyil ha! Məsələn : Tolstoy deyirdi ki, “Söz böyük şeydir.Ona görə böyükdür ki, sözlə insanları birləşdirmək də olar, ayırmaq da, sözlə məhəbbət də qazanmaq olar,ədavət də, düşmənçilik də törətmək olar.”Sədi isə deyirdi ki,” Əvvəlcə fikirləş sonra danış” .Sonra “Söz insan qüvvəsinin sərkərdəsidir” Doğrusu bunu bilmirəm kim deyib, amma o da yaxşı deyib.Ona görə bunları sizə deyirəm ki, siz və elə mən özüm də əvvəlcə yaxşı-yaxşı fikirləşək ki, yazdığımız məktublarda sözlərimizin sərkərdəsi ola bilək. Axı bu dörd dostun məktubu olacaq!

Həə, əziz oxucular, həmin bazar günü bizim tut yemə mərasimimiz belə maraqlı bir qərarla başa çatdı. Üstündən bir xeyli vaxt keçdikdən sonra cəmi bir məktub gəldi. İndi həmin məktubu sizə təqdim edirəm.Ümid edirəm ki, qalan üç məktub da gələcək.O məktubları artıq mən oxuyacam.

Birinci məktub

Əziz dostlarım!Heç ağlıma da gəlməzdi ki,bir gün sizə məktub yazacam.Güman edirəm ki, hər birimizin yazacağı bu məktublar faydasız olmayacaqdır.Bəlkə də bu məktublar bizə bir təsəlli,ümid, bir güvən olacaq.Amma bilirsiniz ki, həmişə olduğu kimi zaman öz işini görür.Bircə onu istəyirəm ki, bu məktubu oxuyanlar bizim xoş niyyətimizə inansınlar.
İndi gələk əsas məsələyə,yəni həyat səhnəmizdəki rollarımıza.Burada bir bir sual çıxır ortaya,həyat səhnəmizdəki rollarımızı mükəmməl oynamaq üçün biz insanlara nələr verilir? Bilirik ki,teatr səhnəsində aktyorları yönəldən rejissorlar var,yəni müəyyən bir anlamda onlara rolları seçib verirlər, rollara uyğun pal-paltarlar, müxtəlif əşyalar,səhnə mizanları da onluqdur. Teatr səhnəsində tamaşaya quruluş verilir,məşqlər edlir,nəhayət tamaşa səhnəyə qoyulur, oynanılır və bitir!
Hə əziz dostlarım, bizim həyat səhnəmiz isə tamamilə fərqlidir. Professional səhnədə aktyorluq təhsili almış insanlar rol oynayır, çox təəssüflər olsun ki, bizim həyat səhnəmizdə isə” alçaqlıq, firildaqçılıq, xəyanətkarlıq, saxtakarlıq, satqınlıq, ikiüzlülük akademiyasını bitirənlər baş rolda oynayırlar.”Bu sətirləri yazarkən dahi Sədi Şirazini ürəyimdə düşünürdüm.Mən onu özümün həyat səhnəmdəki rejissorlardan biri hesab edirəm.Çünki onun yazdıqları mənim həyat səhnəmdəki rolumu mükəmməl oynamağa çox kömək edir. Siz dostlarıma yazdığım bu məktubda ondan bir neçə sitatlar gətirmək məncə yerinə düşəcək.
Sevimli dostlarım!Bu həyatda hər birimizə bir ömür parçası bəxş olunub.Mənə bəxş olunan bu payımda çalışmışam ki,həmişə hər kəsə xeyir verim.Elə düşünməyin ki, məktub boyu özümü tərifləmək fikrindəyəm.Yox, bu əsla belə deyil.Amma bəzi insanlar düşünürlər ki, xeyir verənlər sadəlöhvdürlər, avam və qanmazdılar.Sədi Şirazi isə xeyirxahlığı insanın özündən sonra qoyub gedəcəyi ən qymətli miras və insanda ən əsas insanlıq əlaməti hesab etmişdir.Onun nəzərıncə kimdə xeyirxahlıq yoxdursa , onda heç insanlıq da yoxdur.Çox yaxşı deyilmiş bir söz da var ki,” insanda nə qədər xeyirxahlıq varsa bir o qədər də həyat var və bu xüsusiyyət onun həyatdakı varlığını sübut edən ən böyük amildir.”

“Çox gömüldü yer altına mənəm-mənəm deyənlər,
Ki, onlardan bu dünyada bircə ad –san qalmadı.
Torpaq altda yatanlara bir diqqətlə nəzər sal,
Torpaq yedi, sümüyündən belə nişan qalmadı,
Ey filankəs, xeyirxah ol, bil həyatı qənimət,
Nə qədər ki, deməmiışlər filan-filan qalmadı”

“Bir qətrə su ana bətnində qırx gün,
Qaldıqda surəti insana bənzər.
Qırx yaşının əqli, ədəbi yoxsa,
Yaraşmaz ki, ona adam deyələr.”

Əziz dostlarım, həyat səhnəsindəki baş rol adam kimi adamlara verilməliydi.Təəssüf ki,belələrinə baş rol verilmir, verilsə də o rol zillətə çevrilir.Yenə də dediyim kimi professional səhnədə konkret bir əsər oynanılır, bu ya komediya, ya faciə,ya da dramatik bir əsər olur.Amma,bizim müəllifi olduğumuz öz həyat əsərimizdə bunların hamısından olur.
Qədim Şərqdə həmişə yaxşılıq, doğruluq, etibar,əməksevərlik,nəfsə hakimlik, sədaqət, vəfa, əhdə sadiqlik və sözündə doğruluq normal əxlaq kateqoriyasına aid olan xüsusiyyətlərdir.İnandırım sizi ki, əgər bu gün, yaşadığımız iyirmi birinci əsrdə bu xüsusiyyətlərin hamısını özündə toplayan bir insan varsa, o insana bu cəmiyyətdə yer yoxdu. Bu bir həqiqətdir.Nə qədər kəskin bir ittiham olsa da! Bilirsiniz bu zəmanədə belə insanlara nə deyirlər? Yox, heç nə demirlər, sadəcə belə adamları adam hesab etmirlər. Nə qədər acı olsa da bu bizim həyat əsərimizdən hələ bir fraqmentdir.Amma unudulmamalıdır ki, hər başlanğıcın bir sonu, hər ibtidanın bir intəhası vardır.
Bilirsiniz , əziz dostlarım, həyat səhnəsi çox böyükdür və qarmaqarışıqdır.Hər zamanın öz tarixi inkişafı, mədəni tərəqqisi və eləcə də elmi nailiyyətləri olub.Bizim yaşadığımız zamanədə də bütün bunlar eynən davam edir.Tarix də, mədəniyyət də, elm də tərəqqi də öz yolundadır.Amma, bütün bunlarla yanaşı zəmanəmizə hegemonluq edən bir gerçək var “moda”. Bəli, bu moda artıq bir sindrom halını alıb.Bu barədə heç yazmaq istəmirəm, özününüz də bilirsiniz ki, indi nələr moddadır.” Qonşu qonşudan dala qalmasın “ şüarı ilə həyatını zindana çevirən nə qədər cahil var. Bir tanışımın ağzından çıxan və öz qulaqlarımla eşitdtyim bir sözü sizə demək istəyirəm.Həmin tanışım söhbət əsnasında dedi ki, indi “namus” modda deyil! Dedim şükr Sənə Ya Rəbbim! Nə yaxşı biz moda təqib eləmirik! Yəni, nə moddu, nə mod deyil şəxsən məni maraqlandırmır. Bəli, həyat səhnəmizin bəzi aktyorları dinimizi də çuvala soxmaq istəyərlər! Amma heyhat! Bircə bunu bacarmazlar! Bir dönüb baxarlar arxalarına, görərlər ki, bir peşmanlıq qalmış, bir qəm,gözəllik də getmiş, sevdasız qalmışlar.Bundan sonra bir çarə də yoxdur inanın!.
Böyük mütəfəkkir C.Rumi deyib ki, “dənizin dibində incilər və daşlar qarışıq olur”Doğrudan da baxmayaraq ki, deyilən bu sözlərin üstündən xeyli zaman keçib, körpülərin altından çoox sular axıb, yenə də heç nə durulmayıb.İncilərlə daşlar bir-birinə elə qarışıb ki, deyəsən fələk özü ancaq bunları ayıra bilər.Belə görünür ki, insanlarda bu hünər də qalmayıb.
Biz insanlar bir-birimizə qarşılıqlı yardım etməsək yaşaya bilmərik, məhv olarıq. Bir düşünün, teatr səhnəsində akyorların tərəf müqabilləri olmasa necə olar?Onda yəqin o tamaşa olmaz.Baxmayaraq ki, iki aktyordan da ibarət tamaşalar olur.Həyat səhnəsi isə çox fərqlidir.
Bizlər, yəni dünya səhnəsinin aktyorlarının bir-birinə daha çox ehtiyacı var.Bir insan nə qədər yüksəlir yüksəlsin , yenə də nə vaxtsa kiməsə möhtacdır.Necə deyərlər” şahın da gədaya işi düşdüyü vaxtlar olur.” Ən güclü, ən dəyanətli insanların da sarsıldığı, düşdüyü çətin işlər olur.Belə zamanlarda incilərlə daşlar ayrılmağa başlayır.Bir vaxtlar dost bildiyin səni tanımaz hala gəlir,nə vaxtsa heç üzünə belə baxmadığın sənə həmdərd olub sənə yardım edir.Bu da bizim həyat əsərimizin əsas süjet xəttini təşkil edir.
Əziz dostlarım, hamımızın ürəyinin incə telləri var.Arzu edərdim ki,heç birimizin ürək telləri inciyib yara almasın. Bu xalq sözünü hamınız bilirsiniz” xəncər yarası sağaldı, söz yarası sağalmadı”.Xoş sözə, səmimiyyətə hamımızın ehtiyacı var.Ümid verən xoş bir kəlmə bizə hər zaman lazımdı.Bu bizim həyat mayamızdı.
Bir müddət yaşadım bu dünyada mən
Heç kimə möhtac qoymadı mənə ruzi verən,
Ehtiyacım olmadı nə geyimə, nə yeməyə.
Möhtac qaldım bu dünyada sadəcə,
Bir xoş sözə, ülviyyətə, səmimiyyətə.

Dahi bir filosofun dediyi kimi”müdriklik o deyil ki, hər şeyi biləsən,müdriklik odur ki,lazım olanı biləsən.”Mən də çalışıram öz həyatımı lazım bildiyim kimi yaşayım.Əziz dostlarım, ən böyük arzum hamımıza budur ki, rolumuzu elə oynayaq , səhnəmizin işıqları həmişə yanar olsun, əsərimizin müəllifinə kamil insan desinlər,nə zaman tamaşamız bitib işıqlarımız sönərsə, qoy bu işıqlar əbədiyyətdə əbədi nura çevrilsin.Amma sizlərə bir həqiqəti demək istəyirəm. Dünya nə bir səhnədir, nə də biz aktyor. Və heç bir rol da oynamırıq. Teatr səhnələrində aktyorların maskaları olur.Rollarına görə bu maskaları dəyişirlər.Əsl həyat bu maskaları qəbul eləmir, buna real həyatda “ikiüzlülük” deyilir.
Gəlin elə yaşayaq ki, ikiüzlülər bizim həyata inamımızı qıra bilməsinlər.Hansı yazıçıdı deyə bilmərəm, ondan bu fikirlər yadımda qalıb “həyatda nəyə isə böyük bir şeyə nail olmaq inamınızı qırmağa çalışan adamlardan qaçın.” Dostlar, gəlin biz də belə edək!Bu insanlardan qaçaq!
Yenə də Sədi Şirazi demiş”Dövran bir günəşdir, ömür isə qar,” Doğrudan da vaxt gələcək dövranın günəşi ömrümüzü qar kimi əridəcək. Ömrümüz qar kimi əriyib torpağa hopsa belə qoy o hansısa bir cücərtinin qidası olsun,bu dünyadan xəcalətli getməyək.

Əziz dostlarım, yəqin ki, yazıçı Cəmil Əlibəyovun “Özümü axtarıram” kitabını hamınız oxumusunuz.Məktubumu müəllifin öz qəhrəmanlarından birinin dediyi fikirlərlə bitirmək istəyirəm.

“Səhvlərimi müttəhimlər kürsüsündə oturduram.Onları bi-bir dindirir, şahidlərə söz verirəm. Gah ittihamçı, gah müttəhim oluram.Özümü bağışlayıram, özüm-özümü məhkum edirəm.”

Haqqında Əkinçi