19 Noyabr, 2017 - Bazar
Arzu Eminbəyli

Arzu Eminbəyli

Ən yaxşı xatirələr uşaqlıq illərinin xatirəsidir. Yaşa dolduqca, bu otaqdan o biri otağa nə üçün keçdiyimizi unuduruq, amma uşaqlıqda baş verənlər az qala saniyə bə saniyə hamımızın yaddaşına həkk olunur.
Biz uşaqlığımızı yetmişinci illərdə yaşamışıq. O dövrün uşaqları üçün məcazi mənada iki rəng mövcud idi – çəhrayı və mavi. Bu rəngləri qayğısız illərimizin çalarları adlandırmaq da olardı. Çünki göy üzü həmişə mavi olar, günlərimiz də çəhrayı, türkün sözü pəmbə kimi keçərdi. Bəlkə də bu bizə belə gəlirdi. Amma, həqiqətən də o vaxtlar hər şeyin bir nizamı vardı. Qar qışda yağardı, bir də yaz gələndə əriməyə başlayardı.. Meyvələrin nübarını isə növbə ilə gözləyərdik…. Hər halda bizim nəsil üçün müqayisə aparılacaq şeylər çoxdur, lap çox. Bunun səbəbi bir tərəfdən bizim böyüməyimizdirsə, digər səbəb zamanla bərabər insanların marağının, psixologiyasının, mənəviyyatının da dəyişməsinin az rolu yoxdur.
Yaxşı yadımdadır, yay tətili başlayanda sanki sehrli bir aləmə düşərdik. İndiyədək yadda qalan uşaqlıq xatirələri də həmişə elə bu aylarda baş verərdi. Macəralarımız tətilin elə birinci günündən “sanka” sifariş verməklə başlayardı! Axşamdan lazım olan bütün ləvazimatlarımızı yığıb hazır qoyardıq və səbirsizliklə mavi səhərin açılmasını gözləyərdik. Əslində “sanka”nı özümüz də düzəldə bilərdik, amma, “istehsal” etdiyimizin “rulu” o tərəf, bu tərəfə dönmürdü. Ona görə də yaşca bizdən xeyli böyük olan qonşumuzun oğlu Vüqara müracət edər, o da, sağ olsun, bütün iş–gücünü bir kənara qoyub həmin gün bizim “sankalarla” məşğul olardı. Günün axırında özümüzü bəlkə də dünyanın ən xoşbəxt uşaqları hesab edərdik. Bütün yayı, qızmar günəşin altında bir “sankanın”, bir də bizim səsimiz heç kimi istirahət etməyə qoymazdı.
O vaxtlar qonşu uşaqlarının çoxusu demək olar ki, oğlanlar idi. Qonşudakı qızlar isə yaşca böyük olduğundan bizə qoşulmazdılar. Ona görə də mən bu uşaqların içində tək qız idim. Heç bir şeydən də oğlanlardan geri qalmazdım.
Arzu EminbəyliÇox isti günlərin birində toplaşıb arxın kənarındakı qoz ağacının altında oturmuşduq. Təsəvvür edin, hava nə qədər isti idisə, biz o ağacın altından çıxmağa cəsarət etməmişik. Bütün qonşuların, o cümlədən bizim də qapımızda mal–qara, qoyun–quzu var idi. Təbii ki, bu heyvanlar necə deyərlər, “səhərlər naxıra gedər, axşamlar da axura” gələrdilər. Hər inək öz evinə geri dönürdü. Rayon və kənd yerində yaşayanlara yəqin ki, hər heyvanın öz evini tanıdığı yaxşı bəlli idi. Amma inəklər həqiqətən də öz evlərini yaxşı tanıyardılar (yəqin ki, indi də yaddaşları korlanmayıb). Heç kimin yardımı olmadan başları ilə qapını itələyib həyətə girərdilər.
Axşamüstü inəklərin naxırdan qayıdan vaxtı biz – qonşu uşaqları düzülüşüb yolun qırağında oturaraq, onların yırğalana yırğalana, ləngər vura – vura gəlişini seyr edərdik. Adətən bizim inək heç vaxt evə birinci gəlməzdi. Tənbəl idimi, yoxsa yorğunluqdanmıydı – bunu deyəsən heç sevimli “ala bula” inəyimizin özü də bilmirdi. Günün birində necə oldusa da, mərc gəldik ki, bu gün bizim inək birinci gələcək. Mərc gəlməyinə gəldik, amma, nə özümüzə, illah da ki, inəyimizə heç bir inamımız yox idi. İntizarla, bir az da təlaş içində oturub yol gözləyirdik – görəsən kimin inəyi birinci gələcək? Hə, həmin günün axşam saatları bizim üçün həqiqətən də çox gərgin və narahat keçdi. Axı əvvəlki günlər, həftələr və aylarda bircə dəfə də olsun inəyimiz üzümüzü ağ eləməmişdi. Əvvəllər hər gün həmin saatlarda qaça – qaça gəlib öz yerimizi tutardıq ki, görək bu dəfə hansı inək öz evinə ilk təşrif buyuracaq? Qonşuların inəkləri elə bil əbədi olaraq “çempionluğu” qoruyub saxlamağa söz vermişdilər… Hər gecə evdə inəyimizi dilə tutardıq ki, “noolar bir dəfə də sən evə birinci gəl”. O isə bizim xahiş minnətimizi qulaq ardına vurmağda davam eliyirdi. Biz də hər gün axşam saatlarında inəyimizin, sevimli “Alagöz”ün bizi rüsvay eləməyinin zillətini çəkərdik…
Mərci uduzacağımıza tam əminliklə inandığımız və ümidimizin üzüldüyü bir vaxtda… gözünə döndüyümüz “Alagöz”ün sürüyə “başçılıq” etdiyinin şahidi olduq!
Bu tarixi hadisə səhərə qədər inəyimizin qəhramanlığını müzakirəsi, gecəni yuxumuza girməsi ilə davam etmişdi..
Bəli, bizim uşaqlıq dövründə xoşbəxt anlar yaşamaq üçün adicə inəyin sürüyə başçılıq etməsi yetərli idi.
İndi də evində mal-heyvan saxlayan insanlar var. Amma, inanmıram ki, indiki uşaqların xoşbəxtliyinin təminatçısı onların həyətə birinci gələn inəkləri olsun. Təəssüf ki, zamanın dadı – duzu indi tamam başqa meyarlarla ölçülür.

Haqqında Əkinçi