19 Noyabr, 2017 - Bazar

Asif Hüseynov (özəl məsləhətçi)

Sağlam buzovlara bilavasitə qulluq tələb olunur. Bununla belə onlar ətraf mühitə qarşı həssasdırlar. Ona görə də döşənək və buzovun altının yığışdırılması haqqında ətraflı danışmağa ehtiyac vardır.

Bağlı şəraitdə saxlanılan buzovlar üçün döşəmə tapdalanmış gildən hazırlanır və onun üzərinə hər gün qalın təzə buğda küləşi döşənir. Nəcislə bulaşmış küləş hər gün buzovların altından yığılmalı və təzəsi ilə əvəz edilməlidir.

Hər bir baş buzova gündə 2 kq döşənək küləşi tələb olunur. Buzovlar çox istirahət edirlər, lakin hər istirahət dövrü o qədər də uzun çəkmir. İstirahət dövrləri arasında onlar çoxlu hərəkət edir, qaçışırlar. Xarici təsirlərə qarşı oynaq reaksiya vermək sağlam buzovların davranışı üçün səciyyəvidir. Onlar uzanıqlı vəziyyətdə ətraflarını izləyirlər, tükləri təmiz və parlaq, baxışları şux və canlı, orqanizmin təbii dəlikləri təmiz olur. Xəstə buzovların yorğun və halsız görünməsi, iştahalarının itməsi, tüklərinin dağınıq olması, tüklərinin parlaqlığının itməsi, gözlərin çuxura düşməsi, solğunlaşması, çətin nəfəs alması, ətraf mühitə və xarici qıcıqlara reaksiya verməməsi körpə buzovun xəstə olmasını göstərir.

Bütün bu əlamətlər baş verdikdə baytar həkimə müraciət etmək lazımdır. Buzovları bəsləyən zaman aşağıdakı iş əməliyyatlarını yerinə yetirmək lazımdır.

Qüvvəli yemlərin, quru otun paylanması, suyun verilməsi, buzovların əmizdirilməsi, süd içirdilməsi, döşənəyin hazırlanması vacib şərtdir.

Qüvvəli yemləri, quru otu və suyu inəklərlə bir gündə eyni vaxtda vermək lazımdır.

Buzovlar hər gün təzə quru otla yemləndirilməlidir ki, ağız suyu vasitəsilə isladılmış otda mikrob əmələ gəlib buzovlarda xəstəlik və ishalın baş verməsinə səbəb ola bilər.

Filed under: Heyvandarlıq, Portal

Haqqında Əkinçi