24 Noyabr, 2017 - Cümə
Avropa Oyunları suvenirlərdə

Avropa Oyunları suvenirlərdə

Paytaxtın suvenir dükanlarında möhtəşəm idman bayramının əks olunduğu xatirə əşyaları azlıq təşkil edir

Ölkəmizdə keçiriləcək I Avropa Oyunlarına hazırlıq işləri davam edir. Yarışların təşkil olunacağı arenaların inşasından idmançıların qarşılanması və yerləşdirilməsinədək bütün məsələlər yüksək səviyyədə həllini tapır. Avropa tarixində ilk dəfə keçiriləcək Oyunlar zamanı ölkəmizə minlərlə xarici turistin gələcəyi gözlənilir. Bunları nəzərə alaraq deyə bilərik ki, möhtəşəm beynəlxalq tədbir Azərbaycanın mədəniyyət və turizminin daha geniş təbliğinə imkan yaradacaq.

Bakıdan xatirə

Ölkənin təbliğində tarixi-mədəni irsi özündə əks etdirən suvenirlərin də əhəmiyyəti böyükdür. Avropa Oyunlarını izləməyə gələnlər imkan tapıb qədimliklə müasirliyin qovuşduğu şəhərimiz haqqında məlumat almağa çalışacaq, özləri ilə xatirə əşyaları alıb aparacaqlar. Biz də bu günlərdə paytaxtımızda fəaliyyət göstərən suvenir dükanlarına baş çəkdik. Turistlərə təklif olunan xatirə əşyaları ilə maraqlandıq, Avropa Oyunlarına aid suvenirlərin olub-olmadığını öyrənməyə çalışdıq.
Suvenir dükanlarında Qız qalasının kiçik maketləri, milli ornamentli çarıqlar, baş örtükləri, şərflər, muğam üçlüyünün kuklaları və müxtəlif personajlar, üzərində Bakının və İçərişəhərdəki tarixi binaların təsviri çəkilmiş boşqablar, breloklar, fincanlar, rəsm əsərləri, təsbehlər, cürbəcür əl işləri, milli geyimlər üstünlük təşkil edir. Təklif olunan suvenirlər arasında Qarabağın tarixinə aid nümunələr də az deyil. Amma bilavasitə I Avropa Oyunlarını özündə əks etdirən xatirə əşyalarına az rast gəldik.
İlk baş çəkdiyimiz məkanlardan biri Nizami küçəsində yerləşən antik əşyalar mağazası oldu. Dükan sahibi Cəlil Rüstəmov 15 ilə yaxındır ki, bu işlə məşğuldur: “Suvenirlərə müxtəlif yöndən yanaşan insanlara tez-tez rast gəlirik. Suvenirlərə həm yerli vətəndaşlar, həm də xarici turistlər maraq göstərir. I Avropa Oyunları ilə bağlı suvenirlərimiz hələ ki, yoxdur. Amma mart ayının əvvəlinə qədər Oyunları əks etdirən əşyalar da satışda olacaq”.
Bakının qədim tarixini yaşadan İçərişəhər həm də xatirə əşyaları satılan mağazaların çoxluğu ilə seçilir. Bu məkanda istənilən suveniri tapmaq mümkündür. Buradakı dükanlardan birinin satıcısı Əhməd Həsənov deyir ki, İçərişəhər xarici turistlərin ən çox gəldiyi yerlərdən biridir və onlar hər şeylə maraqlanır, mədəniyyətimizlə bağlı müxtəlif xatirə əşyaları alırlar. Qeyd edək ki, Avropa Oyunları ilə bağlı suvenirlərin ən çox çeşidinə də məhz burada rast gəldik. Satıcı dükanda olan suvenirləri həvəslə bizə göstərirdi: üzərində Bakının müasir görünüşü və ingilis dilində “I Avropa Oyunları – 2015” yazılmış suvenirləri ölkəmizin rəmzlərini əks etdirən müxtəlif əşyalar. Bu nümunələr arasında Avropa Oyunlarının simvollarından olan narın əks edildiyi suvenirlər daha çoxdur.

“Qəpik evi”nin xatirə əşyaları

Üz tutduğumuz növbəti mağaza “Qəpik evi”dir. Suvenir ustası Vüsal Yusifov bizi gülərüzlə qarşılayaraq gördüyü işlə bağlı böyük həvəs və ürəkdolusu danışmağa başladı. Söhbət əsnasında müsahibim bildirdi ki, qəpik formalı metallardan suvenir düzəltməyi Başqırdıstanın (Rusiya Federasiyası) paytaxtı Ufa şəhərində öyrənib. 2015-ci ilin ilk günlərindən isə Bakıda fəaliyyətə başlayıb. Onun sözlərinə görə, bu işlə Azərbaycanda təkcə o məşğul olur: “Artıq 6 ildir ki, qəpik formalı metallardan müxtəlif hədiyyələr hazırlayıram. Əvvəllər Rusiyada fəaliyyət göstərmişəm. Ölkəmizə qaydanda artıq öz vətənimizin tarixini, mədəniyyətini əks etdirən suvenirlər düzəltməyə qərar verdim”.
Fərqli üsulda suvenirlərin hazırlanması qaydası haqqında ətraflı məlumat verən V.Yusifov deyir ki, əvvəlcə şəklini həkk edəcəyimiz obyektin rəsmini, formasını çəkib Rusiyaya göndəririk. Orada isə bu işlə məşğul olan zavodların birində göndərilən bu rəsmlərə uyğun qəliblər hazırlanır. Qəliblər Bakıya gətirilir və suvenirlər burada insanların gözü önündə düzəldilir. İki qəlibin arasına qəpik formalı mis, latun və alüminium kimi metallar qoyularaq çəkiclə zərbə endirilir, beləcə, istədiyimiz əşya hazır olur.
Bu nümunələr arasında Qız qalası, “Alov qüllələri” və İçərişəhər kimi Bakının rəmzləri ilə yanaşı, Azərbaycan xəritəsi, buta, milli rəqslə məşğul olan oğlan və qız şəkilləri də var. Müsahibim deyir ki, I Avropa Oyunları ilə bağlı özünün ideyası ilə müxtəlif formalı rəsmlərə uyğun hazırlayıb qəlib hazırlanması üçün sifariş verib. Onlardan bir neçəsini bizə təqdim edən usta bildirir ki, burada əsas məqsəd milli ornamentlərdən geniş istifadə etməkdir. İlk olaraq Qız qalası və buta ornamentinin eskizi hazırlanıb. Bu eskizlərin hamısının aşağı hissəsində insan yaşayışı olan 5 qitənin birliyini əks etdirən 5 Olimpiya halqası və ingilis dilində “I Avropa Oyunları” yazısı həkk edilib.
I Avropa Oyunlarının keçirildiyi zaman Azərbaycan bütün dünyanın diqqətində olacağından ölkəmizi layiqincə tanıtmağa böyük fürsət yaranıb. Tanıtımın bir növü kimi də suvenirlərin böyük əhəmiyyəti var. Onu da qeyd edək ki, I Avropa Oyunlarının rəsmi rəmzi ceyran və nardır. Ceyran və nar Azərbaycanın qürurlu tarixini və ümidverici gələcəyini özündə təcəssüm etdirir. Qonaqlara Azərbaycanın zəngin irsinə nəzər salmağı təklif edəcək ceyran Oyunların mədəniyyət elçisi olacaq. Ceyran həm də təbii gözəlliyin, zərifliyin və saflığın rəmzidir. Nar isə birliyin və bolluğun simvolu kimi tanınır. İnanırıq ki, ölkəmizin tarixinin və mədəniyyətinin, həmçinin Oyunların rəsmi rəmzlərinin də əks olunduğu suvenirlərin daha geniş şəkildə satışı təmin olunacaq.

Fariz Hüseynov

Haqqında Əkinçi