24 Noyabr, 2017 - Cümə
AVROPA QARŞISINDA DAHA GÜCLÜ AZƏRBAYCANI GÖRDÜ

AVROPA QARŞISINDA DAHA GÜCLÜ AZƏRBAYCANI GÖRDÜ

Emil Hüseynli – Trend-in Azərbaycan xəbərlər xidmətinin rəhbəri

Azərbaycan Prezidenti İlham Əliyevin Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sessiyasında çıxışı bir neçə məqamı ilə yadda qaldı. Birincisi, dövlət başçısı Azərbaycanın son illər gördüyü işləri bir daha Avropa ictimaiyyətinin diqqətinə çatdırdı. Qitənin bir hissəsi kimi Azərbaycanın Avropa dəyərlərinə sadiq qaldığını, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirdiyini bəyan etdi. İkinci məqam isə, Ermənistanın işğalçılıq siyasətini davam etdirməsinin və beynəlxalq prinsiplərin pozulmasının bir daha Avropa elitasının nəzərinə çatdırılmasıdır.

Prezident İlham Əliyevin çıxışında toxunduğu məqamlar ikili standartlarla fəaliyyət göstərən beynəlxalq qurumlara, Azərbaycanın uğuruna kölgə salan, Ermənistanı ərköyün övlad kimi bəsləyən bəzi Avropa dövlətlərinə tutarlı cavab idi.

Bəlağətli desəm, Avropa qarşısında daha güclü Azərbaycanı gördü. Gördü ki, Azərbaycan Avropa Şurasına üzvlüyü dövründə bir çox uğurlara imza atıb. Ötən dövrdə ölkəmizdə bir çox azadlıqlar, o cümlədən internet azadlığı təmin edilib, mətbuat və söz azadlığı sahəsində mühüm islahatlar həyata keçirilib. Eləcə də demokratik institutların fəaliyyəti, dini etiqad azadlığı təmin olunub, yüz illər boyu Azərbaycanda mövcud olmuş dini tolerantlıq mühiti qorunub saxlanıb, korrupsiya və rüşvətxorluğa qarşı ciddi mübarizə aparılır, bu sahədə dövlət səviyyəsində islahatlar davam etdirilir. Azərbaycanda güclü, vətənpərvər, təhsilli gənclik formalaşıb. Bununla Avropaya bir daha xatırladıldı ki, Azərbaycan regionda lokomotiv rolunu oynayır və Azərbaycanın həyata keçirdiyi qlobal layihələr bölgə ölkələrinin inkişafına təsir göstərir.

Azərbaycan Prezidentinin çıxışında xüsusi yer ayırdığı Dağlıq Qarabağ probleminə, ermənilərin tarixi torpaqlarımızda etnik təmizləmə aparmasına, Ermənistanın işğalçılıq siyasətinə dair faktlar Avropaya bərk sillə oldu, yatmış Avropanı ayıltdı.

İlham Əliyevin yüksək tribunada Dağlıq Qarabağ probleminə bu qədər yer ayırması əslində Avropanın ikili standartlardan əl çəkməsinə, vandal Ermənistan dövlətini himayə etməməsinə çağırış idi. Çağırış idi ki, bu gün Avropa, beynəlxalq qurumlar Ermənistanın işğalçılıq siyasətini dəstəkləyərsə, beynəlxalq hüquq prinsiplərini ayaq altına salmaqda davam edərsə, Azərbaycan öz gücündən istifadə edərək işğal altında olan ərazilərini azad edəcək. Çünki dövlət başçısı dəfələrlə vurğulayıb ki, beynəlxalq hüquq Dağlıq Qarabağı Azərbaycan ərazisi kimi tanıyır və Azərbaycan heç bir zaman öz ərazilərində ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək.

O ki qaldı Azərbaycanın uğurlarına kölgə salmaq istəyən bəzi avropalı deputatların qərəzli suallarına, Prezident İlham Əliyev ağıllı, düşünülmüş, tutarlı faktlara əsaslanan cavabı ilə onları ifşa etdi. İfşa etdi ki, suallar öncədən ermənipərəst qüvvələr tərəfindən hazırlanıb, Azərbaycanı bununla təxribata çəkmək istəyənlər yanlış yoldadırlar. İfşa etdi ki, bircə dəfə də Azərbaycanda olmayan şəxsin hansısa maraqlı qüvvələrin məlumatları əsasında ölkəmiz haqqında “düşüncəsi” iflasa məhkumdur.

Bununla da onlara bəyan edildi ki, Azərbaycan düşünülmüş xarici və daxili siyasət yürüdür, Azərbaycan düzgün yoldadır. Azərbaycanı bu yoldan kimsə döndərə bilməz. Çünki bu gün Azərbaycan dövləti ilə cəmiyyət arasında sıx münasibətlər var. Azərbaycan vətəndaşı dövlətinə, dövlət başçısına inanır, onun yeritdiyi siyasətin Azərbaycanın milli maraqlarına xidmət etdiyini dərk edir

Haqqında Əkinçi