19 Noyabr, 2017 - Bazar
Ayasofyanın sirləri

Ayasofyanın sirləri

 

 

   Bir vaxtlar kilsə, sonralar isə məscid kimi fəaliyyət göstərən İstanbuldakı məşhur Ayasofya məbədi dünyanın ən möhtəşəm ibadətgahlarından biridir.

Ayasofya Bizans imperiyası dövründə əhalinin etiqad və əfsanələrində böyük bir yer tutub. Maraqlıdır ki, türk dövründə (1453-cü ildə İstanbulun türklər tərəfindən fəthindən sonra) də bu yerlə bağlı xalq arasında bir çox rəvayət və əfsanələr dolaşıb. Məscid kimi fəaliyyət göstərdiyi müddətdə Ayasofya xüsusilə Ramazan ayında namazlarda böyük insan kütləsinin bir araya gəlməsinə imkan verib. Osmanlı padşahları burada bayram namazı qılıblar. Bu da türklərin bu məbədi nə qədər sevməsini göstərir.
Hazırda muzey kimi fəaliyyət göstərən 1500 illik məbəd Türkiyəyə gələn turistlərin ən böyük ziyarət yeridir. Ötən müddətdə dəfələrlə tədqiq olunan, haqqında kitablar yazılan Ayasofya hələ də bir çox sirləri özündə saxlamaqdadır.
1931-ci ildə Amerika Bizans İnstitutu Ayasofyada mozaikaları tədqiq etmək üçün icazə alır. T.Vaytmor 1932-ci ildən məscidin mozaikalarını öyrənməyə başlayır. 1936-cı ildə A.M.Şneyder tərəfindən Ayasofyanın qərb hissəsində qazıntı işləri aparılır. Bu işlərin nəticəsində məbədin cənub tərəfinin girişi üzərində Məryəm, Konstantin və Yustinianın təsvir edildiyi mozaikalar müəyyən edilir.
Son dövr araşdırmalarda məbəddə 5 türk sultanına aid türbələrdə 140-dan çox insanın dəfn edildiyi məlum olub. Birinci türbə Sultan Süleyman Qanuninin oğlu II Səlim və onun xanımı Nurbanu Sultan üçün (1577) memar Sinan tərəfindən tikilib. Türbədə 42 məzar var. İkinci türbə II Səlimin oğlu III Murad və onun xanımı Safiyə Sultan üçün memar Davud Ağa tərəfindən (1599) inşa olunub. Orada sultan ailəsiylə birlikdə cəmi 54 məzar müəyyən olunub. III Mehmet türbəsi (1608) memar Dalğıc Əhməd tərəfindən tikilib. Sultanın anası və digər qohumlarının dəfn olunduğu türbədə 26 məzar var. Şahzadələr türbəsinin XVI əsrdə tikildiyi müəyyən edilib. Ancaq burada dəfn edilən şahzadələrin sayı dəqiqləşdirilməyib. Təxminən 15 nəfərin basdırıldığı güman edilib.
Ayasofyanın kilsə kimi fəaliyyət göstərdiyi dövrlərdə xaç suyu mərasiminin icra edildiyi yerdə tikilən türbədə I Sultan Mustafa və Sultan İbrahim basdırılıb. Onlarla birgə 12 sultan ailəsi üzvünün də məzarı oradadır. Sultanların nədən xaç suyu mərasimi icra edilən yerdə dəfn edilmələri isə hələ sirr olaraq qalır. Ümumiyyətlə, bu türbələrdə basdırılan 130 nəfərin kimliyi hələ də aydınlaşdırılmayıb.

Savalan Fərəcov

Haqqında Əkinçi