25 Sentyabr, 2017 - Bazar ertəsi

Bəyməmməd Quliyev Hacıkənd

Ötən əsrin 60-cı illərində saç kəsdirmək, tel qoymaq kütləvi hal almışdı. Bu məqaləni də həmin illərdə yazmışdım. Lakin mətbuata vermədim. Fikirləşdim ki, bir adamın qəlbinə nə gəlirsə, onu həyata keçirməyə çalışır. Bu yaxınlarda arxivimdə həmin məqaləyə rast gəldim. Bu dəfə qərara gəldim ki, məqaləni mətbuata verim.
Bəyməmməd Quliyev Hacıkənd
İndi nə zaman o zamandır, nə də quruluş. Quruluşumuz gözəldir, hamıya sərbəstlik verilmişdir. Lakin bu, o demək deyil ki, istədiyin kimi hərəkət edəsən.
Müasirləşmək bütün xalqlara aiddir. Bu fikri Əli bəy Hüseynzadə hələ XX əsrin əvvəllərində irəli sürmüşdü. Böyük ziyalılarımız eyni zamanda milli soy-kökümüzə, ənənələrimizə sadiq qalmağı vəsiyyət etmişdir. Təəssüf ki, həmişə, hər yerdə bunu görmürük. Sözüm xüsusilə qızlara, qadınlara aiddir. İndi qadınlar şalvar geyinir, tel kəsdirir, süni boyalarla süni gözəllik yaradırlar.
Xalq ruhlu şeirimizin yaradıcısı Molla Pənah Vaqif “Pəri” rədifli qoşmasında deyir:

Üz yanında tökülübdür tel nazik,
Sinə meydan, zülf pərişan, bel nazik,
Ağız nazik, dodaq nazik, dil nazik,
Ağ əllərin əlvan hənadan, Pəri!

Belə gözəl, sözsüz ki, hamının diqqətini cəlb edəcək; süni gözəllik isə, günəş axşamlar yox olduğu kimi, yox olacaqdır.
Bəyməmməd Quliyev Hacıkənd Hər bir xalqın özünəməxsus gözəl adətləri var. Onlar bu adətləri qoruyub saxlayırlar. Ərəblər milli geyimlərini, hindlilər sarini, özbəklər araxçını, Qafqazın bir çox xalqları xəncər gəzdirməyi, kubalılar saqqal saxlamağı indi də davam etdirirlər.
Mən bu yazımda gözəl və gözəllikdən danışmaq istəyirəm. Gözəl al da geyinsə yaraşır, şal da. Gözəlin tərifə ehtiyacı yoxdur; görənlər onun qiymətini verir.
Bir çox modabazlar xaricdən gətirdikləri yeni saç dəblərini gözəllik salonlarında çox baha qiymətə tətbiq edirlər. Salondan çıxan həmin “gözəllər”i görənlər isə yarıciddi, yarızarafat “bu nədi ə” deyirlər. İnsan özünə süni don geyindirib, süni gözəllik yaratmaqla, görəsən, kimin xoşuna gəlmək istəyir?
Rus yazıçısı Anton Çexov yazırdı ki, insanın hər şeyi – üzü də, geyimi də, qəlbi də, fikri də, əməli də gözəl olmalıdır. Tarixin sınağından uğurla keçib gələn “Gözəllik ondur, doqquzu dondur” atalar sözü də bunu sübut edir. Saçlar bu gözəlliyin bu ifadəsidir.
Keçmiş zamanlarda ərə gedən qızlar öz paklığını saxlamamışdılarsa, onların saçlarını kəsərdilər. Oğlu ölmüş ana saçlarını yolar, yellərə verərdi. Ağızlarda dolaşan bəzi rəvayətlərə görə, Qacarın Şuşaya hücumu zamanı qadınlar saçlarını kəsib yay düzəltmişlər. Bu misallardan aydın olur ki, saç bir o qədər də qiymətsiz deyildir. Çox zaman el arasında “canı yanmışın saçlarına bax”, “saçı yerlə gedir”, “saçı topuğundadır” ifadələri işlədilir. Fikrimcə, bu saçlara verilən layiqli qiymətdir. Bəs saçlarını kəsdirən qızlar, gəlinlər bunu bilirlərmi?
Mənim gözəllik haqqında öz fikirlərim var. Bu məqaləyə münasibət də, yəqin ki, müxtəlif olacaq. Təbii gözəlliyə süni müdaxilə həmişə məni narahat edib. Tələbəlik illərində mənimlə kök, eyni zamanda boydan qısa bir qız oxuyurdu. O, saçlarını kəsdirmiş, dizdən yuxarı yubka geyinirdi. Ona baxan qız yoldaşları belə gülürdülər. Əlbəttə, o, saç saxlasa və uzun geyinsə, nisbətən gözəl görünərdi. Başqa bir qız da oxlov kimi uzun olsa da, saçı kəsildiyindən daha uzun görünürdü. Kəsilmiş saç onun gözəlliyini pozmuşdu.
Özünə forma verib “müasirləşənlər” daxili keyfiyyətdən, məzmundan uzaq düşürlər. Daxili məzmun – xarakter çatmayanda arzuolunmaz yollara düşürlər. Burada “Gözəldən qırx gündə doymaq olar, gözəl xasiyyətdən qırx il də doymaq olmaz” atalar sözü yada düşür. Təbii saç təbii gözəllikdir, İlahinin verdiyi, bəzədiyi qismətdir. Bu qisməti qaçıranlar özlərinə xəyanət etmiş olurlar.
Təbii ki, saçın forması hər kəsdə fərqli ola bilər. Müasirlik isə onun zövqlə düzəldilməsi, yuyulması, daranmasıdır. Amma indi kiçik məktəbli qızların da saçlarını kəsirlər. Bu təbii gözəlliyi qoruyub saxlamaq əvəzinə, “saçları kim yuyur”, “vaxtım yoxdur” – deyirlər. Lakin saç saxlamaq könlündə olsa, vaxt istənilən qədərdir.
Bəyməmməd Quliyev Hacıkənd Saçlar gözəllik rəmzidir. Gözəl qıza uzun saçın nə qədər yaraşmasını yalnız onu duyanlar başa düşə bilərlər.
Allah insana iki qaş, iki göz, uca qamət və s. ilə bərabər, gözəl saçlar da bəxş etmişdir. Əgər saçlar xüsusi gözəllik yaratmırsa, bəs onda bir çox aktrisa və müğənnilər nə üçün uzun (süni) saç düzəldib istifadə edirlər. Məgər uzun saç onun özünün olsa, daha yaxşı olmazdımı? Uzunsaçlı qadın görəndə sanki pərdə arxasından çıxan bir mələksima görürük.
Azərbaycan şifahi və yazılı ədəbiyyatında əsərin qadın qəhrəmanları uzunsaçlı, ucaboylu, gözəl xasiyyətli kimi tərənnüm olunmuşlar. “Kitabi Dədə Qorqud” dastanında vəfa və namus mücəssəməsi Burla xatun uzun saçlarla təqdim olunmuşdur. Nizami Gəncəvi isə “Leyli və Məcnun” poemasında Leylini belə tərifləyir:

Saçı öpüş üçün yol təmizlərdi,
Kirpiyi “qoy Allah versin” deyərdi.
Zülfü kəmənd olub aşiq ovlardı,
Kirpiyi ox kimi onu qovlardı.
…Zülfünü ip kimi atmışdı canan
Bəlkə aşiqini çəksin quyudan.

Bəyməmməd Quliyev Hacıkənd Deyirəm, nə yaxşı ki, Leylinin saçı uzun imiş, yoxsa aşiqi quyuda qalarmış.
Yenə Molla Pənah Vaqifdən bir nümunəyə diqqət edək:

Bulud zülflü, ay qabaqlı gözəlin
Duruban başına dolanmaq gərək.
Bir evdə ki, belə gözəl olmaya,
O ev bərbad olub talanmaq gərək.

Burada heç bir mübaliğə yoxdur; sadəcə belə gözələ qibtə etməmək olmaz. Böyük dramaturq Cəfər Cabbarlı eyni zamanda gözəl hekayələr müəllifidir. O, “Gülzar” hekayəsində yazır: “…dağınıq saçları, oynaq və şux görkəmi ilə elə ilahi bir heyət təşkil edirdi ki, bu gözəlliyə qarşı kimsə dayanmaz, pərəstiş etməyə bilməzdi”.
Yəqin ki, Gülzara gözəllik verən, ona pərəstiş etməyə məcbur edən köksünə düşmüş uzun saçlarıdır…
Üzük nə qədər bahalı, əlvan metallardan düzəldilsə də, onun qaşı qiymətsiz daş-qaşla bəzədilib, heç bir qiyməti olmaz. Məntiqi mənada deyə bilərik: qadının saçsız nə gözəlliyi ola bilər?
Mən uzun hörükləri ilə gözəl görünən qadınları ideallaşdırmıram. Yaxşı nə varsa hamısı tərifə layiqdir. Lakin həyatda elə üzlərlə rastlaşırıq ki, adam xəcalət çəkir, yazmağa utanır. Odur ki, milli soy-kökümüzə qayıtmaq çağırışı çox aktual səslənir. Müasirlik, millilik siyasətdə rol oynadığı kimi, məişətimizdə də rol oynamalıdır. Bunları həyata keçirmək isə özümüzdən asılıdır, həm də çox vacibdir.

Haqqında Əkinçi