19 Noyabr, 2017 - Bazar
Bağbanlara məsləhət

Bağbanlara məsləhət

Bağçılıqda ən mühüm dövr payız fəslidir.

Payızda məhsul yığıldıqdan sonra meyvə bağlarında torpaq şumlayıb peyin qatılır, ağacların qol-budağı kəsilib formaya salınır, qurumuş ağaclar isə yeniləri ilə əvəz edilir.Təzə bağlar salınır və ziyanvericilərə qarşı mübarizə tədbirləri görülür.

Şumlanma.

Payızda meyvə bağlarını mümkün qədər tez şumlamaq, peyinlə gübrələmək lazımdır.Belə ki, meyvə ağaclarının kök sistemi məhz payızda inkişaf etməyə başlayır.Payızda torpaq nə qədər tez şumlansa, bir o qədər yaxşı münbitləşir və qida ilə daha çox zənginləşir.Bağ şumlandıqdan sonra hava və su asanlıqla torpağa daxil ola bilir.

Budanma.

Meyvə ağaclarını payızda yarpaqlar töküləndən sonra budamaq daha məqsədəuyğundur.Meyvə ağaclarının yaxşı məhsul verməsi və uzunömürlü olması üçün qocalmış, az meyvə verən, xəstə, zəif, qurumuş budaqları kəsmək, ağacın çətirinə düzgün forma vermək lazımdır.Meyvə ağacının budaqlarının düzgün budanması, seyrəldilməsi və gödəldilməsi gələcəkdə bol məhsulun toplanması ilə nəticələnir.Kəsilmiş ağacların gövdələrində əmələ gələn yaralara bağ məlhəmi sürtülür.

Yeni meyvə ağaclarının əkilməsi.

Payızda ağacların əkilməsi daha yaxşı effekt verir.Belə ki, yeni əkilmiş ağaclar təbii yolla sulanır.Yeni ağacları əkmək üçün qazılan çalaların dərinliyi 70-80 sm, diametri isə 1 metrdən az olmamalıdır.Çala qazılan zaman torpağın üst qatını bir tərəfə, alt qatını isə başqa tərəfə tökmək lazımdır.Ağac basdırılan zaman əvvəlcə torpağın üst qatı çalanın dibinə tökülməlidir.Kök boğazı (calaq yeri) torpaqdan 5-8 sm yuxarıda qalmalıdır.

Zərərvericilərə və xəstəliklərə qarşı mübarizə.

Xəstə və quru budaqları mütləq kəsmək və yarpaqlarla birlikdə mütləq yandırmaq lazımdır.Ağacın üstündə qurumuş, çürümüş meyvə saxlamaq olmaz, ağac gövdəsini qurumuş qabıqdan, mamırdan təmizləmək lazımdır.

Sadaladığımız yerlərdə zərərverici həşəratlar yuva qura bilərlər.Ağacın gövdəsini zərərverici həşəratlardan qorumaq üçün payızda və erkən yazda əhənglə ağartmaq lazımdır.Meyvə ağaclarına zərər verən həşəratlarla qidalanan və bağbanların ən yaxşı köməkçiləri olan quşların (qaranquş, bülbül, sığırçın, ağacdələn, arıquşu və.s) yuvalarını dağıtmayın.

Haqqında Əkinçi