25 Sentyabr, 2017 - Bazar ertəsi
Bir gün eşidərsiz, Alı da köçdü…

Bir gün eşidərsiz, Alı da köçdü…

   Haqq aşığı

Haqqı və ədaləti təbliğ edən ürfan sahibi, sufi şair Aşıq Alının yaradıcılığı ilə aşıq şeirinin yeni ömrü, yeni dövrü başlandı.

1801-ci ildə Göyçə mahalının Qızılvəng kəndində yoxsul bir ailədə dünyaya gələn Aşıq Alı XIX əsr Göyçə aşıq mühitinin ən ünlü sənətkarlarından biri oldu.

Camalın şövqündən dilim oldu təng,
Çayda balıq olar, dəryada nəhəng,
Mahalım Göyçədi, kəndim Qızılvəng,
Aşıq Alı birdir, birə-bir gərək.

Oğlunun dərrakəli və həssas bir uşaq olduğunu erkən yaşlarından hiss edən Aşıq Alının atası Mirzə kişi onu oxutmaq qərarına gəlir. Alı mollaxanada təhsil alsa da, içində olduğu aşıq mühiti onu daha çox çəkir.
Alının gözəl və məlahətli səsindən xəbər tutan atası oğlunu Göyçənin Kərkibaş kəndində yaşayan Ağ Aşığa şəyirdliyə verir.
İlk günlərdən şəyirdinin fitri istedada malik olduğunu duyan Ağ Aşıq az müddətdə bütün saz havalarını Alıya öyrədir.
Deyilənlərə görə, Aşıq Alı boyu iki metrdən uca, enlikürək, sarışın, qumral gözlü bir adam olmuşdur. Məlahətli səsi, olduqca şirin ləfzi, dastan söyləmək qabiliyyəti onu insanlara sevdirmiş, dövrünün nadir şəxsiyyətlərindən biri kimi ad-san qazandırmışdır. Aşıq Alının səsi-sorağı tezliklə Göyçənin hüdudlarını aşır. Onun həyatı və aşıqlıq fəaliyyəti ilə bağlı məlumat verən qaynaqlardan biri “Aşıq Alının Türkiyə səfəri” dastanıdır. Alının dastandakı aşıq obrazı haqq aşığıdır. Klassik məhəbbət dastanı tipi ilə “aşıq rəvayəti” arasında orta mövqedə dayanan bu dastan aşıq haqqında yaddaşlarda saxlanılan bilgilərlə zəngindir.
Dastanda Aşıq Alının Göyçə mahalının Çamırlı kəndində Niftalı adlı varlı bir kişinin Bəsti adlı qızını sevdiyindən bəhs edilir. Başlığı verə bilməyən Alı Naxçıvana, Türkiyəyə səfər edib bu diyarlarda aşıqlıq edir. Sevgilisinə iki ilə gələcəyini desə də, həmin müddətdə Aşıq Alı vətənə dönə bilmir. Qürbətdə həmyerlilərindən birinə rast gələn aşıq “Deyinən” rədifli qoşmasını yazıb göndərir:

Qasid, gedər olsan bizim ellərə,
Bu naməni o canana deyinən.
Qohum-qardaş, dost-müsahib olanlar,
Göz dikməsin başqa yana deyinən.

Qızın ata-anası onu zorla başqasına ərə vermək istəsələr də, Aşıq Alı doğma vətəninə sevgilisinin toyunun başlandığı gün gəlib çatır və dastan xoşbəxt sonluqla bitir.
“Aşıq Alı və Əsmər xanım” dastanı isə “Aşıq Alının Türkiyə səfəri” dastanının variantıdır.

Aşıq Alı gözəl şair olmaqla yanaşı, həm də saz havalarının misilsiz yaradıcısı kimi tarixə düşüb. “Göyçə şərili”, “Göyçəgülü”, “Ağır şərili”, “Göyçə qaytağı”, “Qəhrəmani”, “El bayatısı” (“Köç bayatı”), “Gilənar” saz havalarının Aşıq Alı tərəfindən yaradıldığı heç kimə sirr deyil.
Onun əzəmətli və möhtəşəm poetik dühası insan gözəlliyini, harmoniya və ahəngdarlığı mükəmməl sənət nümunəsi kimi təqdim etməyə imkan yaradır.

 Süsənli, sünbüllü, tər bənövşəli,
Yaylaq, bizim yaylaqlara bənzərsən.
İçən ölməz sənin kövsər suyundan,
Bulaq, bizim bulaqlara bənzərsən.

Aşıq Alı yaradıcılığında səmimi insan hisslərini yüksək sənətkarlıqla qələmə alır:

 İstəkli sevgilim, gəldik üz-üzə,
Əlimi əlinə al gülə-gülə.
Çox gəzdim dünyanı, seçə bilmədim
Sənin tək gözəldən, al gülə-gülə.
  

   Aşıq Alının öz dəst-xətti ilə yazdığı üç kitab əlyazması şeirləri və ustadı Ağ Aşıqdan yazdığı bir kitab əlyazması 1938-ci ilədək Kəlbəcərdə “Dilsuz və Xəzangül” dastanının müəllifi Aşıq Nəbinin şəxsi arxivində saxlansa da, təəssüf ki, bu nadir nüsxə həmin il anlaşılmazlıq üzündən yandırılmışdır.
Aşıq Alının 20-dən çox şəyirdi olduğu da məlumdur. Aşıq Ələsgər, Aşıq Mehdi, Aşıq Məhəmməd, Aşıq Hümmət kimi qüdrətli sənətkarlar ustadın əlindən su içmiş, özləri də ustadlıq səviyyəsinə yüksəlib, ustadlarının üzünü ağ etmişlər.

  Bu gün bir hikmət görmüşəm
Aləmə iman verir,
Yediyi təkrar yeyilir,
Hamısını tamam verir.
Özü aləmi doyurur,
Nalə çəkir, acam mən,
Onun nə ki yeməyi var,
Cəmini insan verir.

   Aşıq Alı böyük təcnis ustası olduğundan el arasında onu “Təcnis Alı”, “Loğman Alı”, “Dədə Alı”, “Şıx Alı” da deyə çağırarmışlar. Aşığın ədəbi irsi bütövlükdə bizə gəlib çatmasa da, əldə olan qoşma, təcnis, təsnif, bayatı, gəraylı, ustadnamə, deyişmələrin hər biri əsil sənət nümunəsidir:

Havalanma, dəli könül,
Zorunan işin nədi?
Mənsur təki Hələbdə
Darınan işin nədi?
Tut orucun, qıl namazın,
Şükür et Allahına,
Yoxsulsan, alçaqdan yeri,
Varnan işin nədi?

Deyilənlərə görə, Aşıq Alı ömrünün axırlarında dünya işığına həsrət qalmış, öz işıqlı söz dünyasından dünyaya boylanmışdır.

Çəkmə xəcaləti, unutma arı,
Saxla bu sinədə ar, Aşıq Alı.
Bir zaman aqildim, başda əyləşən
İndi də ayaqda kor Aşıq Alı.

1911-ci ildə dünyasını dəyişən sənətkardan gələcək nəsillərə böyük bir irs miras qaldı. Aşıq Alı həm də tarixə Ağ Aşığın şəyirdi, Aşıq Ələsgərin ustadı kimi düşdü. Bu üç sənətkar – Ağ Aşıq, Aşıq Alı, Aşıq Ələsgər XIX əsr aşıq ədəbiyyatının üç gedişli-gəlişli, əbədi yoluna çevrildi.

Təranə Vahid

Haqqında Əkinçi