25 Sentyabr, 2017 - Bazar ertəsi

Bir maarifçinin ömür yolu

XIX əsrin ikinci yarısında ölkədə maarif, mətbuat və nəşriyyat işinin formalaşması və inkişafında böyük xidmətlər göstərən ziyalılardan biri də Səid Ünsizadədir. Səid, Cəlal və Kamal Ünsizadələr – bu üç qardaş Azərbaycanın ədəbi fikir, pedaqoji və jurnalistika tarixində əhəmiyyətli işləri ilə yadda qalmışlar.

Səid Əbdürrəhman oğlu Ünsizadə 1825-ci ildə Şamaxıda ziyalı ailədə anadan olub. İlk təhsilini də atasından alıb. Dünyəvi elmlərə yiyələnmək məqsədilə Şərqin ali dini məktəblərində (bəzi araşdırmalara görə, Misirə – red.) oxumağa gedib. Təhsilini başa vurduqdan sonra Şamaxıya qayıdır, maarif işi ilə məşğul olur, savadlı və yüksək təşkilatçı müəllim kimi tanınır. Burada fəaliyyət göstərən Bakı Quberniya Əhli-Təsənni İdarəsinə üzv seçilir.
Səid Ünsizadə 1873-cü ilin əvvəlində Bakıya köçür. Həmin ilin dekabrında Bakı qubernatoru D.Staroselskinin əmri ilə şəhər ruhani idarəsinin sədri vəzifəsinə təyin olunur. Bu vəzifədə bir sıra maarifçilik işləri görür: ruhani məclisinin himayədarlığı ilə “Məclis məktəbi” adı ilə məşhur olan ibtidai təhsil ocağı açır. 1876-cı ildə Zaqafqaziya dini idarələrinin fəaliyyətini yoxlayan komissiyanın tərkibində Tiflisə ezam olunur. Bir müddət sonra burada dövlət işi təmin olunur. Müəyyən sınaq müddətindən sonra Zaqafqaziya Əhli-Təsənni İdarəsinə də üzv qəbul edilir. Vəzifə səlahiyyətləri çərçivəsində geniş maarifçilik fəaliyyətinə başlayır.
S.Ünsizadə 1878-ci ildə Tiflisdə Azərbaycan dilində çap məhsulları ilə məşğul olan mətbəə (daşbasma üsulu ilə) açır. Burada işləmək üçün bir neçə gənc qohum-əqrəbasını mətbəə peşələrini öyrənmək üçün İstanbula göndərir. Onun Türkiyə ilə əlaqələri bu dövrdən başlanır.
1878-ci ilin dekabrında Tiflisdəki xristian məhəlləsində Azərbaycan dilində “Ziya” adlı həftəlik qəzetin nəşrinə icazə alır. Qəzetin ilk nömrəsi 1879-cu il yanvarın 14-də işıq üzü görür. “Ziya”nın Türkiyədə də onlarla oxucusu olur, qəzet Türkiyədə gedən ictimai-siyasi proseslərə öz səhifələrində yer verir.
Tiflisdə uğurlu nəşriyyat fəaliyyəti göstərən S.Ünsizadə ibtidai məktəb şagirdləri üçün iki dərslik yazır. Qələminin gücünə və əqidəsinə inandığı dostlarının kitab, jurnal və risalələrini öz mətbəəsində çap edərək türk dünyasının ziyalıları arasında yayır. Onu da deyək ki, İsmayıl bəy Qaspıralı “Ziya”nın ilk müxbirlərindən biri olub.
1880-ci ilin dekabrında, bir neçə aylıq fasilədən sonra “Ziya” “Ziyayi-Qafqaziyyə” adı ilə yenidən fəaliyyətini bərpa edir. Mənbələrdə qeyd olunur ki, bu fasilə Türkiyədə yeni mətbəə şriftlərinin axtarışı ilə əlaqədar olub. Belə ki, əvvəlki mətbəə şriftləri kiçik olduğu üçün qəzet bir az çətin oxunub.
Tiflisdə Əhli-Təsənni İdarəsində yaranmış narahatlıqlardan xoşu gəlməyən S.Ünsizadə oradan uzaqlaşmaq qərarına gəlir və Şamaxıya qazı təyin olunur. “Ziyayi-Qafqaziyyə”nin nəşrininin Tiflislə bağlı məsələlərini yaxın qohumu Şilyanskiyə həvalə edir. Şamaxıda redaktə olunaraq Tiflisdə çap olunan qəzetin 1884-cü ildə cəmi 14 nömrəsi çıxır.
Araşdırmalarda da göstərilir ki, quberniyanın dini rəhbəri kimi S.Ünsizadə Şamaxıda universitet açmaq, məktəb şəbəkəsini genişləndirmək fikrində olub. Eyni zamanda mətbəə yaradaraq burada kitab çapı məsələlərini canlandırmaq istəyib. Ancaq bu arzusu kimlərdəsə paxıllıq, bədxahlıq hisləri yaradır. Bu haqda dövlət orqanlarına yalan məlumatlar verilir. O, rüşvətxorluqda və dini vəzifədən sui-istifadə etməkdə təqsirləndirilir. Lakin bunların heç biri təsdiqini tapmır.
Tanınmış maarifçi 1889-cu ilin fevralında öz ərizəsi ilə işdən çıxır və İstanbula gedir. Burada maarif sistemində işə düzəlir. Quranın Azərbaycan dilində təfsirini yazır. Onlarla publisistik yazının, elmi-pedaqoji məqalənin, Quranın ana dilimizdə təfsirinin müəllifi kimi tanınan S.Ünsizadə 80 yaşında İstanbulda vəfat edib.

Savalan Fərəcov

Haqqında Əkinçi