25 Sentyabr, 2017 - Bazar ertəsi

Bir səyyahın söhbətindən…

Xınalıq dağın zirvəsində naməlum bir tamaşanın dahiyanə bir dekoru kimi dayanıb.Aşağıdan Qudyalçay tərəfdən baxanda orta əsr qalasını xatırladır.Qədim qalalar kimi o da uçurumlarla dövrələnib.Taa aşağıda dərədə bulaqların ayağı Quyalçayla qovuşmağa tələsir.
Xınalıqdan yuxarı Qızıl qaya, quzeydə Tufandağ, onun arxasında Şahdağ yüksəlir. Şimal-Qərb tərəfə üz tutub getsən, 50km-dən Avropada ən uca insan məskənini- Quruş kəndini görərsən. Deyilənlərə görə, ora qartallar yuvası, dağ kəllərinin oylağıdır.
Aşağıdan Xınalıq pilləkənə oxşayır. Bəzən adama elə gəlir ki,yastı damların üstü ilə birnəfəsə lap yuxarıyacan yüyürə bilərsən.
Evlər tünd boz və qara rəngli çay daşlarından elə incəliklə qurulub ki, elə bil heç tikilməyib, hörülüb, toxunub. Həyətlərdən çoxunun girəcəyinə qoşa kəl buynuzu mismarlanıb.Uşaqlar damların üstündə oynayır. Başında iri bağlama olan qadın yüngül addımlarla yoxuşu qalxır, üzü narıncı kəlağayla örtülüdür. Balaca bacısını tərkinə almış oğlan uşağı atı məhmizləyir.
16-yaşlı bir qız eyvanda nənəsi ilə yəhərüstü toxuyur.Qoca qarı bizə naxışları başa salır. Bax, bu qala divarı, bu da atlılar.Xınalıqda qız həddi-buluğa çatdımı, gərək özünə cehiz toxusun. Qarı sadalayır: dəst, xalı,gəbə, kilim, palaz, farmaş,çuval, xurcun, torba, yəhərüstü, pul kisəsi, canım sənə desin, heybə, qurşaq, dolaq, çarıq bağı…
Qız gülümsəyir:
—-İndi çarıq geyən kimdir?
—-Gedək,–deyə təzə tanışımız, ev sahibi İbrahim Aydayev səslənir,–Sizə kəndimizdəki ən qədim evi göstərim.
Həmin qara daşlardan hörülmüş bir bina. Adına “Pir Comərd” deyirlər. Dünya durduqca qalasıdır. Üstündəki yazıya görə, “Peyğəmbərin vəfatından 500 il sonra tikilib.” Hesablayırıq: Bizim eranın xı əsrinə təsadüf edir. “Demək Xınalığın azı 900 yaşı var?..”
İbrahim razılaşmır:
—-Yazda Qaradağın döşündə sel qədim bir məzarı yuyub açmışdı. Ölülərin hamısı arxasıüstəydi, heç biri üzü qibləyə deyildi.
Demək, İslamdan qabaq da burda yaşayış olub.
Rəvayətə görə, Xənalığın ortasında yerli əhali—atəşpərəslər yaşayırmış. Aşağı və yuxarı məhəllələrdə qaçaq düşmüş ermənilər, ,yəhudiılər məskən salmışlar. Onlar kənddə kilsə, sinoqoq qurdular. Ancaq ərəblər bura gəldikdən sonra , həm yerli xınalıqlılar, həm də gəlmələr İslamı qəbul etdilər. Amma yenə xəlvəti oda sitayiş eləyirdilər.
Atəşpərəstlər buraya hardan gəlmişdilər? Kimi deyir, kiçik Asiya şəhəri Xnodan, kimi deyir, biz elə həmişə burda yaşamışıq. Uca boylu, ağ saçlı qoca söhbıtə qarışır
===Keçmişdə—uzağın söhbətidir, bunu mənə babam danışıb—bizim kəndli bir dərviş İstambula gedəndə yolda bir şəhərə rast gəlir. Oranın camaatı bizim dildə danışırmış.İndi alimlər həmin şəhəri axtarırlar, tapa bilmirlər. Dünyada Xınalıq dilində danışan ancaq bizik.
Burada hər şey möcüzə kimidir. Harda belə ətirli bal dadmışıq,belə yüyrək, cins atları harda görmüşdük? Hələ qaragöz xalçalar,xalılar…
Dağ otlarından alınan boyaların kəskin təzadı xalçanı tuşla işlənmiş lövhəyə bənzədir.
Burda vaxtın keçimi, zamanın axarı da başqadır. Dəqiqə min ili özündə birləşdirə bilir.
Xınalığın ətrafında bir neçə mağara var. Qırx Abdal mağarası…Mağaranın adam boyu hündürlüyündə olan girəcəyi almas saplarla pərdələnib. Su divardan süzülür, tavandan damcılayır, irmaqlara qarışıb Rusaşa tökülür. Çayın o tərəfində böyük bir mağara var. Daşlı-çınqıllı yamacı qalxıb mağaraya çatırıq. Sal daşların üstündə sakitcə əyləşirik. Əsrlər boyu Günəşə pərəstiş edən Xınalıq kəndi başlanğıcını burdan götürməyirmi?
İbrahim deyir: “Sabah ertədən Atəşgaha gedərik.” Susur. Yəni heç nə demirəm özünüz görərsiz.
Azərbaycanın sönməz işıqları bu torpağa qədəm basan hansı səyyahı məftun etməyib? Məsudi,Məğribi, Afanasi Nikitin… Hələ bizim əsrin əvəllərində buraya uzaq Hindistandan səcdəyə gələrdilər.İndi həmin ocaqlar bizim mətbəxlərdə yanır.
Xınalığın üç kilometrliyindəyik. Bu da Atəşgah.Torpağın qoynundan qalxıb yellənən alov dilimlərini görəndə niyə bu qədər heyrətləndik? Bir anlığa qədim hisslər, qəribə könül çırpıntıları ilə çuğlaşdıq. Bu ocaqlar kimləri isitmiş, doyurmuş, sevindirmişdir… Doğrusunu Allah bilir!
Keçilərin izi ilə bulağa gedirik. Qabağa düşmüş uşaqlar hərdən qanrılıb, altdan-altdan yöndəmsiz yerişimizə baxır, xısınlaşırlar.
On
Lardan biri yarğandan aşağı atılır, nəfəsimizi dərməyə macal tapmamaış, dağ selini keçir, pişik kimi Çardaqlı qayanın yanına dırmaşır, uzaqlaşıb qara bir nöqtəyə dönür. Bir azdan əlində ot dəstəsi geri qayıtdı—burda bunun adı “dağ çayıdır”. Əlçatmaz qayalıqlar da bitir. İbrahim—Ürəyin birinci dərmanıdır ,–deyir. Heç birimiz ürəyimizdən şikayətlənmirik. Həmin otun bir çəngəsini qeyd dəftərçəmin varaqları arasına qoydum. Qoy Xınalıq ətri gəlsin.
Bir səyyahın söhbətindən… Xınalıqda olduğumuz üç gündən birini maldarlıq fermasında keçirtdik.
Bu vaxta qədər çobanların həyatı ilə belə yaxından tanış olmamışdım. Yer üzündə ən qədim peşə sahibləri təbiətin dilini çoxdan tapıblar.

Alaçıqların bəzəyi—kilimlər, xurcunlar, farmaşlar, çuvallar, çörək torbaları… Kara gələn elə şey yoxdur ki,köçəri qadınlar yun saplardan hörüb toxuya bilməsinlər. Yayda işdən baş açmaq olmur, ancaq gecələr cəhrə arxasında dincəlirlər. Onlardan biri də təbiətin gözəlliyinə dalmaq, şəlaləyə baxmaq, gül dəstəsi bağlamaq üçün alaçıqdan çıxmaz. Qışda, dağlar qarla örtüləndə hər evdə, hər alaçıqda hana qurulur, xalılarda, xalçalarda alp çəməninin çiçəkləri sayrışır. Gözəllik hər udum hava ilə, hər içim su ilə onların iliklərinə, qanlarına işləyir. Ancaq çoban şənliklərinin əvvəlki qurğu- büsatı qalmayıb. Sovxozda 280 çoban var.Biri də tütək çalmır. Tütək çobanlar aləmindən uzaq düşüb. Nədənsə çoban bayramları da yoxa çıxıb. Ayrıca quzu bayramı da keçirilərdi. Çoban on gün quzunu körpə uşaq kimi qucağına alıb anasına göstərər, sonra qaytarardı.İyirmi birinci gün quzu ota buraxılır. İlk otarma. O gün qadınlar çobanlara şirni xonçaları aparır, uşaqlar quzuları çiçəklərlə bəzəyirdilər.

Qırxım bayramı… Köç bayramı… Köç bayramı daha təntənəli və şən keçərmiş. Cıdır başlayır. Nişan alma, xəndəkdən, kəndir və tonqal üstündən atlanma yarışları. Məzhəkəli oyunlarda maskarad üçün ayı, canavar, keçi dərilərindən istifadə edirlərmiş.

Bu oyunlardan biri “Ayı ilə vuruşma” adlanır. Vuruşanlardan biri ayı dərisinə bürünür. Qalib gələn çobana corab, dolaq, papaq bağışlayırlar.Bu sadəcə əyləncə deyildi, ağır səfərdən qabaqkı güc, qüdrət nümayişi idi. Köçərilər ağır, yekrəng həyatlarını şairanələşdirməsələr ağrılara, acılara necə dözərdilər? Onlar indi son izlərini, son qalıqlarını axtardığımız tərəkəmə oyunlarını yaratdılar.

Çobanların daxili dünyası gözümüz önündə saralıb solmaqdadır. Cavanlar gileylənirdilər:”Sənətinin qabağında xalq sözü yazılanlardan heç biri buranın yolunu tanımır.Yoxsa xalq ancaq şəhərdə yaşayır?”

Xınalıq…Xınalıq… Yazılmamış dramların , bütün dövrlərdəki faciələrin daş dekoru. Mağara adamı, atəşpərəstlər, ərəb hücumları, qaçaqlar, köçəri maldarlar…

Pasternak qəribə deyib: “Neçənci əsrdir indi bayırda, əzizlərim?”

Haqqında Əkinçi