25 Sentyabr, 2017 - Bazar ertəsi
Böyük Azərbaycan azmanı

Böyük Azərbaycan azmanı

Uşaqlığından “vəhy”i hakimiyyət, yeniyetməliyindən ali siyasət, gəncliyindən ulu sənət nəhəngi Şah İsmayıl Xətai

Şah İsmayıl Şeyx Heydər oğlu Səfəvi…
Səfəvilər dövlətinin banisi, ilk şahı… və “Yol daşını yol quşuna – Atma, qardaş, kərəm eylə” kimi “rəiyyət” ürəkli klassik Azərbaycan şairi…
Və taxt-tacına qədər yalnız ağızlarda işlənən Azərbaycan türkcəsini dövlət dili kimi kağızlarda da işlədilməsinin fərmandarı!..

…Həmin dövlət dilinin milli tarix-taleyimizdə hansı və necə yollar keçməsilə ilgili (elə bu dildə yazılmış) kifayət qədər materiallar olduğundan, onun, son dövrlər “sol” daş-kəsəklər atılan fərmandarının hakimiyyətə qədərki dövrü haqda –

Tarixin yazılı yaddaşından…

Tezliklə tarix göstərəcəkdi ki, onun üstündə bu qədər əsilməsinə, gizlədilməsinə, qorunmasına dəyərmiş…
1501-ci ildə – 14 yaşında özünü şah elan etmiş, 23 illik hakimiyyəti dövründə Azərbaycan, İran, Şərqi Anadolu və “İraqi-əcəm”i vahid dövlətdə birləşdirmiş bu əfsanəvi sərkərdə 17 iyul 1487-ci ildə Ərdəbil şəhərində doğulub.
On-on iki yaşlarına qədər hələ bilən yox imiş ki, onun ictimai-siyasi, hökm-hakimlik qanı valideynlərindən – atası (Ərdəbil hakimi) Şeyx Heydər və anası (Ağqoyunlu hökmdarı) Uzun Həsən qızı Aləmşah Həlimə bəyimin qanı ilə qaynayır, sənətkarlığı isə, iki əsr öncəki babası Şeyx Səfinin şairlik cövhərindən qaynaqlanırmış…
Atası 9 iyul 1488-ci ildə Şahdağın ətəyində – Şirvanşahın birləşmiş qüvvələri ilə döyüşdə öldürülür. Sultan Yaqub iki yaşlı İsmayılı, qardaşları Sultan Əli ilə İbrahimi və anasını Şiraz yaxınlığındakı İstəxr qalasına atdırır və bu həbs düz 5 il çəkir. Bir müddət sonra onları həbsdən qurtarmağa nail olan Uzun Həsənin nəvəsi Rüstəm Mirzə Sultan Əlini müstəqil hakim kimi Ərdəbilə qaytarır. O, Baysunqur Mirzəyə qarşı yürüşdə Rüstəm Mirzə ilə birləşir və döyüş onların qələbəsilə nəticələnir. Baysunqur öldürülür. Sultan Əli Təbrizə qələbə ilə qayıdır. Lakin Ərdəbildə Səfəvi tərəfdarlarının güclənməsi Rüstəmi qorxuya salır və o, Səfəvilərə qarşı qəsd fikrinə düşür. Qəsdin üstü açılınca Sultan Əli qardaşları və yaxın adamlarıyla Təbrizi tərk edib Ərdəbilə yön alır. Rüstəm gedənlərin dalısıyca 5 min süvari göndərir…
Döyüş başlanana qədər Sultan Əli sufi əmirlərinin yığıncağında İsmayılı Səfəvi təriqətinin başçısı kimi xələfi təyin etmiş, qardaşlarını Ərdəbilə yola salmış, özü isə Rüstəm Mirzənin göndərdiyi qoşuna tərəf dönmüşdü…
Tale isə bu qısa müddət ərzində tamam başqa bir yazı yazıbmış; Sultan Əlinin qızılbaşları həmin döyüşdə məğlub olur. Sultan Əli öldürülür. Sədaqətli sufilər Şeyx Heydərin digər yadigarlarının – İsmayılla İbrahimin Ərdəbildə gizlənməsinə kömək edirlər. Lakin Heydəroğullarını hər vasitə ilə tutmaq və məhv etmək tapşırığı almış Eybə Sultanın dəstələri şəhərə daxil olur. Onlar “Ərdəbil əhalisinə münasibətdə zorakılığa və təzyiqə əl atdılar, qətl və qarətlərə başladılar”. İsmayıl və anası Aləmşah bəyim ilk vaxtlar gizləndikləri Şeyx Səfiəddin məqbərəsini tərk edərək, Səfəvi müridlərindən birinin evinə köçüb, üç gün orada qalırlar. Sonra 7 yaşlı İsmayıl Xancan adlı bir qadının himayəsinə verilir, babası Şeyx Cüneydin qızlarından biri olan bibisi Paşa xatun istisna olmaqla, hamıdan, hətta anasından belə gizlin, bir ay həmin qadının himayəsində qalır. Daha sonra Paşa xatun İsmayılı başqa bir qadının yanına gətirir.
Rüstəm isə hər gün-hər saat Eybə Sultandan İsmayılla İbrahimi tapmaq barədə təkidli göstərişlər, əmrlər alırdı. O, Ərdəbili “məhəllə-məhəllə, ev-ev axtarır, lakin bunun bir nəticəsi olmurdu”. Axtarışların öz məhəlləsində də başlandığını görən Üba, İsmayılı ehtiyatla evindən çıxarıb, Ərdəbilin Cümə məscidində – Allahvermiş ağanın dəfn edildiyi sərdabədə yerləşdirir. Bir qədər keçmiş Üba onun yerini dəyişdirməli olur və bir qızılbaş müridi İsmayılla görüşdürür. Mürid İsmayıla xəbər verir ki, “Şəməsi kəndindəki döyüşdə yaralanıb, gözdən yayınmaqla canını qurtarmış 80 sufi Ərdəbil ətrafındakı Baqrov dağında gizlənərək ona xidmət etmək üçün fürsət axtarır”. Übanın məsləhəti ilə Ərdəbili tərk edən mürid sağ qalmış qızılbaşlar arasında olan Rüstəm bəy Qaramanlıya İsmayıl barədə məlumat verir. Qaramanlı gecə yarısı öz adamları ilə gizlicə şəhərə gəlir, İsmayılı məsciddən götürüb Baqrov dağına yola düşür və onu Kərkan kəndində gizlədir.
Sufilər özlərinin gənc rəhbərini təhlükədən harada daha yaxşı qorumağın mümkünlüyü barədə məsləhətləşməyə başlayırlar. Qərara alınır ki, İsmayıl Məhəmməd bəy Türkman (İsmayılın bibisi Paşa xatunun əri) və onun qardaşı Əhməd bəylə çoxdan bəri yaxşı münasibətdə olan Rəşt hakimi Əmirə İshaqın evinə aparılsın. Bu səfər zamanı İsmayılı 80 nəfərlik qızılbaş dəstəsi müşayiət edir. Onlar Tulunay hakimi Müzəffərin evinə gəlir. Bundan xəbər tutan Eybə Sultan Müzəffərə qasidlə məktub göndərərək Heydərin oğlanlarını təslim etməyi tələb edir. Bu tələblərə əhəmiyyət verməyən Əmirə Müzəffər, qardaşları Kəskərə göndərir. Yerli hakim Əmirə Səyavuş onları öz evində qəbul edir. Dördüncü gün İsmayılın dəstəsi Rəştə doğru hərəkət edir, Rəşt hakiminin dəvətinə baxmayaraq, tərəfdarları onu “Ağ məscid” deyilən yerdə yerləşdirirlər. Qonşuluqda yerləşən zərgərlik dükanının sahibi İsmayıla əsl valideyn kimi qulluq edir. Lakin, Rəşt təhlükəsiz hesab edilsə də, sadiq müridlər İsmayılı Lahicana köçürürlər. Burada İsmayılı və onu müşayiət edənləri mehribanlıqla qarşılayır, onlara hər cür diqqət göstərirlər. Tanınmış alimlərdən olan Şəmsəddin Lahici ərəb və fars dillərini öyrətmək və Quranı sərbəst oxumaq üçün İsmayılın tərbiyəçisi təyin olunur. Bir neçə aydan sonra qardaşı İbrahim və ögey qardaşı Süleyman Ərdəbilə – analarının yanına qayıdır. Bu hadisə İsmayılı çox kədərləndirir, uzun müddət xəstə yatmasına səbəb olur.
…Ağqoyunlu hökmdarı Rüstəm İsmayılla hesablaşmaq ümidini hələ itirməmişdi. İsmayıl Gilana qaçırıldıqdan az sonra Eybə Sultan Übanı həbs etməyə və ondan İsmayılın Ərdəbildə qaldığı yeri öyrənməyə nail olur və o, Rüstəmin əmrilə Təbrizin bazar meydanında edam edilir. Qaçırılmanın təşkilinə kömək etmiş Məhəmməd bəy və qardaşı Əhmədi bəyin əmlakı müsadirə olunur. Rüstəm İsmayılı qaytarmaq tələbilə Mirzə Əliyə dəfələrlə hədələyici məktublar göndərir, lakin Lahican hakimi hər dəfə “üzrlü” bəhanələr gətirməklə, onun tələblərini rədd edir və yaxın gələcəyin şahı Lahicanda təqribən 6 il qala bilir.
Bütün məsələləri həll edən qızılbaş əmirlərinin hesablamalarına görə, Ağqoyunlu şahzadələri arasındakı ara müharibələri və onların dövlətinin dağılması İsmayılın qalibiyyətli yürüşünü asanlaşdırmalı idi…
Yeniyetmə İsmayılın yanına itaətkar olduqlarını bildirmək üçün saysız-hesabsız adamlar, tərəfdarlar (xüsusilə Rum, Qaracadağ və Əhərdən) gəlirdi…

Yürüş…

İlk olaraq Ərzincana…
O, 1499-cu ilin avqustunda yeddi nəfərdən ibarət ən yaxın şəxslərin müşayiətilə Lahicandan Ərzincana yola düşür. Deyləmdən keçib Taroma gəlir. Ötərgi dayanacaqlar zamanı dəstəsinə Rum və Şam tayfalarından tərəfdarlar qoşulur. Az keçmiş sayı 1500 nəfərə çatan qızılbaş qüvvələrinə baxış keçirilir.
Tezliklə qoca tarix tərəfindən tərif-təsdiqlənəsi, “14 ildə 14 ölkə fatehi” (Karl Marks) kimi “sitat”larla qınanılası bu yeniyetmə Gilandan birbaşa Ərdəbilə gəlməyib, cənuba və cənub-qərbə doğru – Xalxal tərəfə dolama yolla kiçik bir dövrə vurur. Birinci dayanacaq Bərəndik kəndi, növbətisi – “Şam-i Qızılüzən” adı ilə tanınan (Şamlı tayfasına mənsub) şumluq torpaqlar. Qışı Xəzər dənizi yaxınlığında (Astara ərazisində) keçirirlər – Azərbaycanın cənubundakı Səfəvi tərəfdarlarını qoşuna birləşdirmək üçün vaxt qazanmaq məqsədilə.
Qızılbaş rəhbərlərinin müşavirəsində Şərqi Anadoluya – Ərzincana hərəkət etmək qərarı verilir. Belə bir fikirlə ki, İsmayıl orada Anadolu və Suriyada olan tərəfdarlarına yaxın olar və İsmayılın yürüşündən xəbər tutub onun bayrağı altına toplanarlar.
1500-cü ilin yazında İsmayıl Ərçivandan (Astara) Araz çayının şimalındakı dağlıq rayona, Göyçə gölünün cənub sahillərinə doğru hərəkət edir. Bu vilayətdə İsmayılın qoşunu tərkibinə Ərəş, Zülqədərli tayfaları və Anadolu qızılbaşları dəstəsinə başçılıq edən Qaraca İlyas da qoşulur. Qoşun Anadoluya doğru hərəkət edir, Araz mənbəyindəki Ustaclı tayfasının yaşadığı Mingöl yaylağına gəlir. Kağızmandan və Sarıqaya yaylağından keçərək Ərzincana çatır. 1500-cü il – yayın sonu, payızın əvvəli onun bayraqları altında (türkdilli, şamlı, ustaclı, rumlu, təkəli, zülqədər, əfşar, qacar, varsağ tayfalarından, həmçinin “Qaradağ sufilərindən” ibarət) 12 min döyüşçü toplanır. Qızılbaş ağsaqqallarının müşavirəsində hərbi yürüşün istiqamət məsələsi müzakirə olunur. Hələ qüvvələrin kifayət qədər olmaması, ilk hücumun kimə qarşı yönəldilməsi və s. kimi müzakirələrdə mövcud qüvvələrlə təxirəsalınmaz başlıca zərbənin Səfəvilərin qəddar düşməni olan Şirvanşah Fərrux Yassara vurulması qərarı üstün gəlir…
Çox qısa bir vaxtda tarixin və ədəbiyyatın ayrıca bütöv səhifələri olası –

Bu Adam

1501-ci ilin payızında Təbrizə daxil olur və özünü şah elan edir. Bununla da paytaxtı Təbriz olmaqla, Azərbaycan Səfəvilər dövlətinin əsası qoyulur. Bir-birinin ardınca qazandığı döyüş qələbələri onun şöhrətini dünyaya yaydıqca, düşmənləri də eyni sürətlə artır. Növbəti Atillalar, Teymurlar arzulamayan Avropa onun məhvi üçün çox fikirləşdikdən sonra “qardaşı qardaşla!” variantı üzərində dayanıb “Səfəvi-Osmanlı” qarşıdurmasını təşkil edir. Bu Azərbaycan şahı ilə Türkiyə sultanı arasındakı münaqişə, müharibə, böyük Türk qövmünün ümummilli tərcümeyi-halına utanc gətirən Çaldıran döyüşü və… bütün bunların nəticəsi isə hər bir soydaşımıza bəlli…
Onun dövründə Səfəvilər dövlətinin Yaxın Şərqin qüdrətli dövlətlərindən birinə çevrilməsi, ərazimizin 2 milyon 800 min kvadratkilometr olması da bəlli!..
Danışdıqca bitməz, yazdıqca qurtarmaz bu məlum-“məğlub” döyüş Qalibimizə, misraları ilə zövqləri çiçəkləndirən şairimizə əbədi xalq məhəbbəti də öz yerində!..

Tahir Abbaslı

Haqqında Əkinçi