19 Noyabr, 2017 - Bazar
Bu maraqlıdır!

Bu maraqlıdır!

Şərqdə Mövlana Cəlaləddin Rumu kimi şöhrətli ikinci şəxs varmı? – çətin sualdır. Amma Mövlanın bağlandığı biri var: Şəms Təbrizi!
Mövlananın oğlu Sultan Vələd özünün «Vələdnamə» poemasında Şəmslə görüşdən sonra atasının davranışında baş verən köklü dəyişikliyin onun müridlərində doğurduğu qəzəb dolu sualları belə ümumiləşdirmişdir:
Bu maraqlıdır!
Axar su saman çöpünü alıb apardığı kimi
Bizim şeyximizi bizdən alan bu şəxs kimdir?
Bəlkə o sehrbazdır və sehrlə, ovsunla
Şeyxi özünə məftun etmişdir?!
Axı o kimdir və onda nə var ki,
Belə məkrlə yaşaya bilir?!
Onun nə əsli bəllidir, nə də nəsəbi,
Həm də biz bilmirik o hardandır.

Maraqlıdır ki, şeirlərindən birində eyni sualı (təbii ki, başqa anlamda) Şəmsə Mövlananın özü də ünvanlayır:
Sən kimsən? İldırım, yoxsa od-atəş?!
Sən məndə ev-eşik, ömür-gün qoymadın!
Şəmsin sirli şəxsiyyəti sonralar o qədər əfsanələşdi, elə müəmma haləsinə büründü ki, hətta məşhur ingilis şərqşünası Edvard Braun tarixdə belə bir adamın mövcudluğunu şübhə altına alıb onun Mövlana təxəyyülündən doğmuş bir obraz olduğu fikrini irəli sürdü. Nə yaxşı ki, nəhayət, Şəmsin qaynaqlarda adı keçən «Söhbətlər»i («Məqalat», yaxud «Xirqeyi-Şəms» – Şəmsin müxtəlif məclislərdə çeşidli mövzularda etdiyi söhbətlərin müridlər tərəfindən qələmə alınmış toplusu) tapılıb nəşr olundu və Şəmsin şəxsiyyəti, fikirləri, Mövlana ilə münasibətləriylə bağlı bir çox sualları cavablandırmaq, eləcə də onun barəsində yazılanlara xeyli təshihlər etmək imkanı yarandı. Məsələn, bir çox mənbələr Şəmsi savadsız bir dərviş kimi təqdim etmişlər. «Məqalat» isə Şəmsin öz dövrü üçün çox mükəmməl təhsil aldığını, o zamanın ən böyük elm və fikir adamları ilə oturub-durduğunu açıq-aşkar göstərməkdədir.
«Söhbətlər»də diqqəti çəkən ilk məsələ, təbii ki, Şəmsin özü barədə verdiyi bioqrafik məlumatlardır. Bu məlumatlar Şəms şəxsiyyətinin real cizgilərini kifayət qədər dolğun şəkildə əks etdirir. Bəlli olur ki, Şəms (Şəmsəddin Məhəmməd ibn Əli ibn Məlikdad) XII əsrin sonlarında Təbrizdə bəzzaz ailəsində doğulub. Ailənin yeganə, bir qədər də ərköyün övladı olan Şəmsin qeyri-adiliyi hələ uşaqlıq və yeniyetməlik çağlarında özünü göstərməyə başlayıb. Belə ki, o qəribə yuxular görür, anlaşılmaz hallara düşür, bəzən üç-dörd gün heç nə yemirmiş (amma bundan zəifləmirmiş, əksinə, daha da gümrahlaşır, şüuru daha aydın, zəkası daha iti olurmuş). Bütün bunlar təbii ki, adi bir insan olan atasını bərk narahat edirmiş. Şəms bununla bağlı atası ilə dialoqlarını «Söhbətlər»də son dərəcə canlı şəkildə vermişdir: «Soruşurdu: – Sənə nə olub? Cavab verirdim: – Mənə heç nə olmayıb. Dəliyəm? Kiminsə paltarını cırmışam? Sənin üstünə düşmüşəm? Sənin paltarını cırmışam? Deyirdi: – Bəs bu nə vəziyyətdir? Bilirəm, dəli deyilsən, amma bu davranışını başa düşmürəm». Yaxınlarının və ətrafdakıların onu başa düşməməsindən doğan kədərli vəziyyəti, qəribə psixoloji ovqatı Şəms belə ifadə etmişdir: «Atamın məndən xəbəri yox idi. Mən öz şəhərimdə qərib idim. Atam mənə yad idi, ürəyim ondan ürkürdü. Mənimlə mehriban danışırdı, amma mənə elə gəlirdi ki, məni döyür, evdən qovur». Nəhayət, Şəms atası ilə arasındakı bu anlaşılmazlığı toyuq altına qoyulmuş qaz yumurtalarının misalı ilə izah edir: toyuğun çıxarıb bəslədiyi qaz balaları arxı görən kimi özlərini suya vurur, onların başqa növdən olduğunu anlamayan toyuq isə suya girə bilməyib narahat halda arxın qırağında o yan-bu yana qaçır. Atası ilə bağlı xatirələrini Şəms belə ümumiləşdirir: «Yaxşı adam idi, amma aşiq deyildi, yaxşı adam başqadır, aşiq başqa; aşiqin halını aşiqlər bilər!»
Atası Şəmsin oxuyub fəqih olmasını, cəmiyyətdə rəsmi mövqe tutmasını arzulayırdı, buna görə də onu Təbrizin ən yaxşı mədrəsəsinə qoymuşdu. Şəms də yaxşı oxuyur, fiqhi dərindən öyrənirdi, amma təhsilə, elmə karyera aləti kimi deyil, həqiqətə çatmaq vasitəsi kimi baxırdı: «Vallah, billah mədrəsələrdə oxuyanlar çalışırlar ki, sabah özləri də mədrəsə sahibi olsunlar. Dünya malı üçün elm öyrənmək nəyə gərək? Bu kəndir quyudan çıxmaq üçündür, bir quyudan çıxıb başqa quyuya düşmək üçün yox!»
«Söhbətlər»in mətni Şəmsin həm fiqh, həm də o dövrün digər elmləri sahəsində necə dərin biliyə, necə geniş erudisiyaya malik olduğunu aydın göstərir. Sonralar Mövlana yazacaqdı ki, kimya, nücum, riyaziyyat, ilahiyyat, hikmət və məntiqdə Şəmsin tayı-bərabəri yoxdur. Amma Şəms o dövrün terminologiyası ilə desək, təkcə «əqli» və «nəqli» elmləri öyrənməklə kifayətlənmirdi, paralel olaraq Təbrizdəki sufi məclislərində iştirak edirdi. Həmin dövrdə o, Əbubəkr Səlləbaf Təbrizi adlı bir şeyxin müridi də olmuşdu. Amma sonralar təsəvvüfdə ən yüksək məqama yetişsə də, ənənəyə uyğun olaraq özü ətrafına müridlər toplamadı. Şəms bunu «Söhbətlər»də çox maraqlı bir şəkildə izah edir: «Mən mürid tutmuram. Məndən çox yapışdılar ki, sənin müridin olaq, bizə xirqə ver, qaçdım… Mən mürid tutmuram, şeyx tuturam, özü də hər şeyxi yox, kamil şeyxi!» Şəms Tanrının məşhur hədisdə deyilən («Mənim qübbəmin altında övliyalarım var, onları Məndən başqa kimsə tanımaz») gizli övliyalarından idi, tanınmaqdan və şöhrətdən qaçırdı…

Haqqında Əkinçi