19 Noyabr, 2017 - Bazar

Culiya A. Menhen

Kiçik yaşlı bir oğlan Tanriyla görüşməyi arzulayırdı. Oğlan yaxşı bilirdi ki, Tanrının olduğu yer yaxında deyil, ona görə də yola düşərkən çantasını “Tuinkiz” peçenyesi və rutbir içkisiylə doldurmuşdu.
Culiya A. Menhen Üç məhəllə keçəndən sonra o, parkdakı skamyada dinməzcə oturub göyərçinlərə tamaşa eləyən qoca bir qarı gördü. Gəlib qarının böyründə əyləşdi və çantasının ağzını ehmalca açdı. Oğlana elə gəlmişdi ki, qarı acdır, ona görə də çantasından çıxartdığı peçenyeni dinməzcə qarıya uzatdı.
Qarı peçenyeni oğlandan minnətdarlıqla alıb əvəzində gülümsündü.Bu təbəssüm qeyri – adi dərəcədə xoş təbəssüm idi və oğlan onun daha bir dəfə gülümsəməsini istədi. Ona görə də qarıya bir banka içki uzatdı. Qarı təzədən gülümsədi, oğlan isə sevincindən bilmədi ki, neynəsin!
Bir kəlmə də dinib – danışmadan onlar axşamacan beləcə yan – yana oturub günü başa vurdular, bir – birinə yemək və təbəssüm bəxş edə – edə.
Sonra hava qaralmağa başladı və oğlan yorulduğunu hiss etdi. O, skamyadan qalxıb evə tərəf addımlamağa başladı, amma bir neçə addım atandan sonra ayaq saxlayıb geri döndü qarının üstünə qaçıb onu bərk – bərk qucaqladı. Cavabında qarı da ona ən parlaq, ən işıqlı bie təbəssüm bağışladı. Bundan gözəl təbəssüm olmazdı!
Evdə anası oğlanın sifətinin sevincdən alışıb yandığını gördü və ondan soruşdu:
—–Hə, de görüm sən bu gün nə işlə məşğul olmusan ki, belə bərk sevinirsən?
—–Mən bu gün Tanrıyla nahar eləmişəm,– deyə oğlan öz anasına dedi və anasının bu sözə necə reaksiya verəcəyindən qabaq tez də əlavə elədi:—Bilirsən,mən heç kəsin üzündə Onun üzündəki kimi təbəssüm görməmişəm!
Bu vaxt qarı da evə qayıtmışdı – sevincindən onun da üzü alışıb yanırdı.
Qarını oğlu təəccüb və heyrətlə ondan soruşdu:
—– Düzünü de ,anacan , səni bu cür sevindirən nə olub belə?
—–Bu gün mən parkda Tanrıyla peçenye yemişəm, — qarı dedi oğlunun bu sözə necə reaksiya verəcəyindən qabaq tez də əlavə elədi:– Bilirsən, O mənim düşündüyümdən xeyli cavan imiş.

Haqqında Əkinçi