25 Sentyabr, 2017 - Bazar ertəsi
“Dəbistan”la başlanan yol

“Dəbistan”la başlanan yol

XX yüzilliyin əvvəllərində Azərbaycanda genişlənməkdə olan maarifçilik işi bir sıra dövri nəşrlərin meydana gəlməsinə səbəb olmuşdu. Belə mətbu orqanlardan biri də 1906-cı il aprelin 16-da ilk sayı işıq üzü görən “Dəbistan” dərgisi idi. Bu, Azərbaycanda ilk pedaqoji nəşr idi.

Jurnalın nəşrinə icazə almaq üçün görkəmli maarif xadimi, yazıçı, naşir Əlisgəndər Cəfərzadə (1875-1941) böyük səy göstərmişdi. O, bununla əlaqədar Bakı şəhər rəisinə müraciətində yazırdı: “Bizdə xüsusi və ümumi müsəlman məktəblərində təhsil alan uşaqlar üçün bir mətbu orqanı yoxdur. Bir xalq müəllimi kimi uşaqlar üçün Azərbaycan dilində ayda bir dəfə nəşr olunacaq illüstrasiyalı “Dəbistan” adlı jurnal nəşr etdirmək istəyirik”. Xatırladaq ki, “dəbistan” sözü fars dilində “ibtidai məktəb” deməkdir.
Bəlli olduğu kimi, çar hökuməti imperiyanın ucqarlarında maarifçiliyin inkişafına imkan yaratsa da, mütərəqqi fikirlərin – yeniliyin yayılmasını o qədər də dəstəkləmirdi. Lakin başda Ə.Cəfərzadə olmaqla ziyalıların fədakar mübarizəsi nəticəsində, nəhayət, jurnalın nəşrinə icazə verilir.
Onu da deyək ki, Ə.Cəfərzadə nəşriyyat işi sahəsində böyük təcrübəyə malik idi. Ötən əsrin əvvəllərində məktəblərdə fars dilinin tədrisinin düzgün təşkili məqsədilə bu dildə nəsr və poeziya nümunələrindən ibarət “Kilidi ədəbiyyat” adlı məcmuəni, eyni zamanda 1901-ci ildə görkəmli maarifçi Rəşid bəy Əfəndiyevin “Bəsirətül-ətfal” dərsliyini redaktə edərək nəşr etdirmişdi.
“Dəbistan”ın nəşrində məqsəd uşaqları maarifləndirmək, elmin müxtəlif sahələri, o cümlədən Azərbaycan və dünya ədəbiyyatı nümunələri ilə tanış etmək idi. Dərgi təlim-tərbiyə işində ailəyə kömək məqsədilə “Valideynə məxsus vərəqə” adlı əlavə ilə nəşr olunurdu. Əlavədə uşaqların tərbiyəsi haqqında valideynlərə tövsiyələr verilir, bildirilirdi ki, sinifdənxaric oxu və elmi cəhətdən faydalı olan məqalələrin, hekayələrin, tapmaca və bilməcələrin oxunması uşaqlar üçün çox faydalıdır.
Dövrün tanınmış yazıçı və şairləri, publisistlərindən Nəriman Nərimanov, Həsən bəy Zərdabi, Mirzə Ələkbər Sabir, Məhəmməd Hadi, Abdulla Şaiq, Sultanməcid Qənizadə və başqaları dərginin yayılmasına böyük maraq göstərirdilər. Nəşrin daha maraqlı olması məqsədilə uşaqlar üçün yazdıqları maraqlı əsərləri jurnalda dərc etdirirdilər. Burada təhsil məsələləri ilə yanaşı, uşaqların təlim-tərbiyəsinə dair bədii əsərlər, görkəmli şəxsiyyətlər, yazıçılar haqqında, elm və texnika aləmində baş verən ən son yeniliklər, coğrafiya, fizika, heyvanat aləmi və s. haqqında yazılar dərc olunurdu. Jurnalın məktəblilər və valideynlər tərəfindən daha rahat anlaşılması üçün çap olunan əsərlərdəki əcnəbi sözlərə aid lüğət və hər nömrəyə dair mündəricat verilirdi.
Ə.Cəfərzadə tanınmış şair və yazıçılarla sıx münasibətlər quraraq, onları uşaq mövzusunda əsərlər qələmə almağa çağırır, mövzular təklif edirdi. Naşir böyük şair M.Ə.Sabirlə görüşlərinin birində ondan “Dəbistan”a töhfə kimi məktəbə dair bir şeir yazmasını xahiş etmişdi. Sabir elə həmin günün səhəri “Məktəb şərqisi” adlı məşhur şeirini yazır və əsər jurnalın növbəti nömrəsində dərc olunur:

Məktəb, məktəb nə dilguşasən,
Cənnət, cənnət desəm səzasən,
Şadəm, şadəm təfərrücündə,
Əlhəq, əlhəq güzəl binasən.

Azərbaycan yazıçı və şairlərinin əsərləri ilə yanaşı, tanınmış rus ədiblərindən İ.Krılovun, A.Puşkinin, L.Tolstoyun yaradıcılığından tərcümələrə, nağıl və hekayələrə də jurnalın səhifələrində yer verilirdi.
Jurnalın daha da maraqlı olması və geniş yayılması üçün son səhifədə məktublar, redaksiyaya cavablar, uşaq nağılları, təmsil və tapmacalar dərc olunurdu. Suallara, tapmacalara düzgün cavab tapan uşaqlara 3 ay ərzində jurnalın çapdan çıxan yeni nömrələri göndərilirdi.
Bir müddətdən sonra jurnal maliyyə sıxıntısı keçirir, bağlanma təhlükəsi yaranır. Bundan çox narahat olan görkəmli ictimai xadim, publisist Məhəmməd Əmin Rəsulzadə “İrşad” qəzetinin 7 dekabr 1906-cı il sayında məqalə dərc etdirərək imkanlı şəxsləri nəşrə kömək etməyə çağırır: “Həmiyyətə gəliniz, nahaq yerə xərclədiyiniz pulların bir cüzisindən cüzisi də öz övladınız tərbiyəsində məsrəf edib bu jurnalı bağlanmağa qoymayınız! Kömək ediniz, 3-4 manata qızırqanıb daldasında yatmayınız?”
Lakin bu müraciətlər bir nəticə vermir. 1908-ci il martın 10-da “Dəbistan” jurnalı bağlanır. Ə.Cəfərzadə jurnalın son sayında yazır: “Oxucular, bəllidir ki, jurnalın axırıncı nömrəsi artıq gecikir. Mən işimi lazımi səviyyədə aparıram, bütün müsəlman əhalisi mənim işimə deyil, ”Dəbistan”ın artıq qaçılmaz olan ölümünə, vəfatına acıyır. Bütün müsəlman cəmiyyəti dərin yuxudadır, hərəkətsizdir və çox baha da olmayan qəzeti almağa qadir deyildi. Və mən məcburiyyət qarşısındayam ki, öz həmvətənlərimin yuxudan oyanmasını gözləyim. Mən dərin təəssüflə öz istəkli balamın – “Dəbistan”ın həyatını bağlayıram. Tərəqqiyə gedən yolu dəstəkləmək asandır, ancaq onu yenidən bərqərar etmək çətindir”.
Sabir “Dəbistan”ın fəaliyyətini dayandırması ilə bağlı acı təəssüfünü belə ifadə edirdi:

Əlminnətü-lillah ki, “Dəbistan”da qapandı!
Bir badi-xəzan əsdi, gülüstan da qapandı!

Cəmi iki il dərc olunmasına baxmayaraq, maarifçi-demokratik səciyyəli “Dəbistan” jurnalı XX əsrin əvvəllərində genişlənməkdə olan maarifçilik hərəkatına mühüm töhfələr verib.

Savalan Fərəcov

Haqqında Əkinçi