25 Sentyabr, 2017 - Bazar ertəsi
Dağların nəğmə duası

Dağların nəğmə duası

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

   Keçəçioğlu Məhəmməd vardı, Xarrat Qulu, İslam Abdullayev vardı… Onlar haqda eşitmişdi. Xan Şuşinskini, Bülbülü isə tanıyırdı, onlara fəxr eləyirdi. Bunların hər birinin sorağı ellərə yayılmışdı – Şuşa adlanan səsi-suyu şüşə şəkilli şəhərdən çox uzaqlara getmişdi. O da qala divarlarının hifz etdiyi bu möcüzəli məkanda doğulmuşdu – 1924-cü il fevralın 22-də. Başı dumanlı dağların təntənəsi, gül-çiçək qoxulu yamaclar hamısı balaca Süleymanın qulağına bir həqiqət pıçıldayırdı; «Bu havanın, suyun, torpağın istedad cazibəsi səndən yan keçə bilməz».

Bu gizli duanın sədası ilə böyümüşdü Süleyman. On altı yaşında Şuşa Orta İxtisas Musiqi Məktəbinin tar sinfini bitirib, paytaxta yola düşərkən anlayırdı ki, çətinliklər az olmayacaq. Azərbaycan mədəniyyətində sənət heykəlinə dönmüş bir çoxları kimi, o da Şuşadan – ölkənin mədəni pasportu hesab olunan əfsanə-diyardan gəlmişdi. Və bu böyük məsuliyyət onun çiyinlərindəydi. İncəsənət aləminə səs salmaq üçün bu meyarı uca tutmalı və qorumalıydı.
Süleyman Ələsgərov 1948-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını – professor Zeydmanın bəstəkarlıq sinfini bitirdiyi zamandan qəlbində ana yurddan gətirdiyi tükənməz musiqi ehtiyatıyla çalışmağa başladı.
Hələ müharibə illərində arxa cəbhənin musiqi «səngəri»ndə onun qədər çalışan az tapılardı. Ön xətdə konsertlərin təşkili, bəzən iki-üç, bəzənsə dörd nəfərin işini birdən görmək… Yaradıcılıq da ki, öz yerində. 1942-ci ildə onun həyatında əlamətdar hadisə baş verdi – “Gözlə məni” adlı ilk mahnısını Bülbül ifa etdi. Bu nəğmənin bir özəlliyi də onda idi ki, mətn davada həlak olmuş nakam şair Şirzad Əliyevə məxsus idi. O illər üçün çox önəmli səslənən ilk simfoniyasını – “Vətən”i və Həzi Aslanovun xatirəsnə yazdığı “Poema”sını ictimaiyyətin diqqətinə çatdırdı.
Milli musiqi mədəniyyətimizdə ilk «konsert» janrının yaranması məhz Süleyman Ələsgərovun adı ilə bağlıdır. Bu əsər fortepiano, violonçel və həm də orkestr üçün nəzərdə tutulmuşdu. F.Əmirovun ”Şur” və “Kürd ovşarı”, Niyazinin “Rast” simfonik muğamlarından sonra növbəti simfonik muğam Süleyman Ələsgərovun qələmindən çıxdı: “Bayatı-Şiraz” (1950). Əsər təsnif və xalq mahnılarıyla zəngin idi.
Əgər statistik yanaşsaq, görərik ki, səhnəmizdə ən çox musiqili komediyaları oynanılan bəstəkar da elə Süleyman Ələsgərovdur: Musiqili Komediya Teatrında onun on iki komediyası tamaşaya qoyulub (“Özümüz bilərik”, “Olmadı elə, oldu belə”, “Sevindik qız axtarır” və s.) “Milyonçunun dilənçi oğlu” (Ş.Qurbanov) komediyasının uğurlu alınması dövlətin də nəzərindən yayınmadı. 1967-ci ildə bəstəkar Süleyman Ələsgərov, libretto müəllifi Şıxəli Qurbanov, rejissor Əliheydər Ələkbərov, rəssam Böyükağa Mirzəzadə Ü.Hacıbəyov adına Respublika mükafatına layiq görüldülər.
Qəlbən bağlıydı Qarabağa. Şöhrət onu uzaqlaşdırmamışdı qədim Şuşanın daş döşəli küçələrini dönə-dönə gəzmək həvəsindən. “Cəngi”si, “Lirik pyeslər”i, sözsüz mahnıları, kantataları, poemaları… qanına hopmuş lirizmin süzgəcindən axıb gəlir, könülləri oxşayırdı. Bəstəkarın dil-üslubu, fərdi yaradıcılıq prinsipləri, kökü «köhnəlik»də olan müasirlik meyli və işlənmə zənginliyi özünəməxsusluğuyla seçilir.
1954-cü ildə S.Ələsgərov Mingəçevir SES-in inşaası ilə bağlı ikinci simfoniyasını – “Gənclik” əsərini yazır. Ümumiyyətlə zəhmət adamlarının həyatı bəstəkarın bir sıra əsərlərində yer alıb: “Əmək və hünər nəğmələri”, “Hünər və könül təranələri” silsiləsi buna misaldır. S.Əsgərov həm də iki opera müəllifidir: “Bahadır və Sona” (indi bu mövzu bizdən nə qədər uzaqda olsa da), “Solğun çiçəklər” (lirik-faciəvi dramaturgiyamızın ən dəyərli nümunələrindən biri). Klassik ədəbiyyat da bu geniş diapazonlu bəstəkar partiturasını bəzəyən incilərdəndir: “Neylərəm” (Nəsimi), “Vətənim” (Füzuli), “Sərvi-xuramanım mənim” (Nizami), “Bilmirəm” (M.Ə.Sabir), “Yada düşdü” (C.Cabbarlı), “Küsmərəm” (M.Müşfiq) və başqaları romans janrında tarixiləşib. Müəllifin kamera-instrumental əsərləri də yaddaqalandır: fortepiano üçün “Rəqs-tokkata”, “Düşüncə”, “Sonata”, skripka üçün “Trio”, tar üçün pyeslər… hələ sadalanası bu əsərlər Süleyman Ələsəgərov yaradıcılığının çoxcəhətliliyini əks etdirir.
Ömrünün son illəri sınağa çəkildi bəstəkar – Şuşasızlığa dözməli oldu. Ürəyi kədərli notların zəncirbəndində sıxıldı. Qəlbi sızıltılı-sızıltılı çalındı. Amma bunları nota köçürə bilmədi. Susdu qəlbindəki səsli gəzişmələr. Muğam bəzəkli nəğmə ilmələri qırılıb töküldü birər-birər. Yazılmadı vətənsizlik həsrəti, düzülmədi vərəqlərə ürək odundan alovlanan nisgilli akkordlar. Tanrı vergisiylə yaşayan bu insan ahıl yaşında doğma yurdunda baş qaldıran hərb şələli ağır yük altında nəfəs almalı oldu.
…Amma bir gün yenə «qayıtdı» o sehrkar uşaqlığına. Yenə gəldi qulaqlarına «Cıdır düzü»nün, «İsa bulağı»nın nəğmədən yoğrulan duaları. O əsrarəngiz dualar bir gün kinolentə də çevrildi (sonra yuxuya çevriləcəkdi): …Budur, körpə Süleymanın ayaqyalın qaçdığı küçələr. Üzeyir bəyin, Xan qızının yaşadığı evlər. Onlar Şuşanın bu təmtəraqlı günlərindən məmnun halda Süleymanı səsləyirlər… və bu nəğməkar uşaq içində məmnunluq hissiylə onlara tərəf yüyürür…
Bu zaman Bakıda 1999-ci ilin soyuq yanvar günüydü. O gün Azərbaycan daha bir görkəmli bəstəkarını itirdi.

   Samirə Səma

Haqqında Əkinçi