25 Sentyabr, 2017 - Bazar ertəsi
Davranış mədəniyyəti

Davranış mədəniyyəti

    Bəzən alicənab, tanınmış, cəmiyyətdə rəğbət qazanmış bir insan haqqında xoş sözlər deyiləndə ən yaxşı fikirlərin içində «mədəni insandır» ifadəsinə də rast gəlinir. Əslində bu nə deməkdir? İnsan elə mədəni olmalıdır. Amma həyat göstərir ki, həmişə belə olmur. Bəs kimə mədəni insan deyilir? Mədəni olmağın şərtləri çoxdur. Bu, elə bir mənəvi məziyyətdir ki, onu libas kimi geyinib-soyunmaq mümkün deyil. O insanın içində, varlığında olmalıdır. Böyüdüyün mühit, aldığın tərbiyə, bilik, öz qabiliyyətin, gendən gəlmə xüsusiyyətlər, dərin müşahidə, mütaliə və nəhayət, özünü cəmiyyətdə həqiqətən səliqəli apara bilmək səriştəsi… Bütün bunlar da insanın hərəkətində, danışığında, ətrafdakılara münasibətdə özünü mütləq göstərir.

Vaxtilə ali məktəblərdə «Etika» adlı bir fənn keçilərdi. Təəssüf ki, bu fənn barədə keçmiş zamanda danışırıq. Etik normaları gözləmək, təbliğ etmək indi kütləvi informasiya vasitələrinin və telekanalların üzərinə düşür. Son illər bu istiqamətdə o qədər qüsurlar baş alıb gedir ki, bəzən anlamaq olmur kim dürüst danışır, kimin dedikləri yalandır. İllər boyu xalqımızın ən gözəl adət və ənənəsi olan toyun ekranlara keçməsi və nəticədə xəcalət hissinin ölməsi bir çox xoşagəlməz söz-söhbətin cücərməsinə səbəb olur. Bir televiziya kanalında eyni vaxtda 72 yaşlı kişi ilə 19 yaşlı qız çıxıb ailə qurmaq istədiklərini bildirirlərsə, onda hansı etik normalardan, adət-ənənələrdən danışmaq olar?
Müasirlik mentalitetə balta vurmaq deyil. Klassika ilə modern birləşəndə gözəl olur. Təəssüf ki, bizə təqdim olunan proqramlarda nə qədimlik var, nə müasirlik. Tamam başqa ovqatdır. Danışmağa da utanırsan, baxmağa da. Utanmaq hissi itən yerdə abır-həya yoxa çıxar. Abır-həya tapılmayan yerdə isə mədəniyyət olmaz. Mədəniyyət olmayan yerdə isə hansı nəzakətdən, qabil davranışdan, dürüst insan münasibətlərindən, xeyirxahlıqdan, böyük arzulardan, ideyalardan, Vətən məhəbbətindən, yurd sevgisindən danışmaq olar?
Tarixən bütün uğurların, qabiliyyətin başında mədəniyyət dayanıb. Hətta ən qızğın döyüşlərdə də mədəniyyət gözlənilməlidir. Tarixən igidlərimiz öz düşmənlərinə arxadan zərbə vurmayıblar. Mədəniyyət ən iti qılıncdan da kəsərlidir. Gəlin razı olmayaq ki, bu qılınc ovxardan düşsün.
Əlbəttə, bu çox geniş mövzudur. Mən sadəcə olaraq gündəlik rastlaşdığımız adi davranış qaydalarından danışmaq istəyirəm. Onsuz da ömrümüz elə uzun deyil ki, onu adi qayğılarla çapıb-talayaq.
Yaşından, başından, vəzifəsindən, ictimai durumundan, maddi vəziyyətindən asılı olmayaraq hər bir insanın özünə hörmət etməsi çox vacibdir. Bu, onun mənəvi dünyasının göstəricisidir. Özünə hörmət isə nə səliqəli geyinməkdir, nə cibində pulun çox olmasıdır, nə öz rahatlığını təmin etməkdir, nə də yalnız övladlarına, qohum-əqrəbana gün ağlamaqdan ibarətdir. Yox, Allah-təala hamını eyni hüquqda yaradıb. Ədalətin ölçüsünə bax ki, eyni cür doğulan insanın bu dünyadan gedişində də fərq yoxdur. Kasıbın da qazancı, varlının varidatı da elə bu dünyada qalır. Əbədi olan yaxşı addır, yaşayan xeyirxah əməllərdir, mənəvi sərvətlərdir…
Özünə hörmətin birinci yolu ətrafdakılara bəslənən münasibətdən, yanaşma xüsusiyyətlərindən, daxildən gələn nəzakətdən və rəftardan asılıdır. Vəzifəcə səndən yuxarıda dayananın qarşısında baş əyib, səndən aşağıda durana təpinmək isə… Bu insanlığa sığışmır axı. Bir əlində şərbət, bir əlində zəhəri necə saxlamaq olar?!
Əslində milli-mənəvi dəyərləri şərtləndirən məqamlar çoxdur. Böyüklərə hörmət, yaşlılara, xəstələrə, əlillərə, qadınlara ehtiram göstərmək, uşaqlara qayğı ilə yanaşmaq milli-mənəvi dəyərlərin tərkib hissəsidir. Ailədən gələn, məktəbdə yetişən, cəmiyyətdə formalaşan bu dəyərlər insanın həyat yolunu istiqamətləndirməkdə, mənəvi zənginliklərini qoruyub saxlamaqda mühüm amildir. Bir də ehtiyacı olana mərhəmət göstərmək, yaşlı bir kəsi yoldan keçirmək, kiminsə qolundan tutmaq özü savabdır. Elə dinimizdə də bu tələblər var. Bəzən çox kiçik görünən adi davranışın arxasında böyük bir mənəvi dünyanın olub-olmaması dayanır. İnsanın ikiləşməsi, təbdən-təbə düşməsi, gah pələngə dönməsi, gah dovşana çevrilməsi qəbuledilməzdir. Bütün canlıların alisi sayılan insan ali mədəniyyətə də malik olmalıdır. Xüsusilə də ətrafdakılarla münasibətdə tarazlıq pozulmamalıdıır.
Çoxumuzun yaxşı yadındadır, hələ sovet dövründə «Oqonyok» jurnalının Bakıda olan bir əməkdaşı şəhər nəqliyyatında gördüklərindən heyrətə gələrək kiçik bir yazıda öz təəssüratını bildirmişdi ki, Azərbyacanda qəribə bir adət var. Hər yerdə gördüm ki, yaşlı insanlara, qadınlara ehtiramla yanaşılır. Xüsusilə də, avtobuslarda gənclər dərhal ayağa qalxaraq özündən böyüklərə yer verir. Qadınlara, yaşlı insanlara hörmət göstərilir. Bəlkə də ilk baxışda bu münasibətlərdə bir o qədər də qeyri-adilik yoxdur. Amma bütün adiliklərin içində bir adillik olmaq gərəkliyi var. Həmişə görmüşük ki, əliuşaqlı xanımların, yaşlı qadınların uzun növbələrə dayanmasına heç kəs razı olmayıb və bu elə bir qəribə hal yaratmışdı ki, qadınlar özləri ayrıca növbəyə dayanırdılar.
Bu yaxınlarda şəhər nəqliyyatında müşahidə etdiyimiz bir məqam, açığı, ürəyimi ağrıtdı. Vətən torpaqları uğrunda canını fəda etmiş igidlərimizin – Mübariz İbrahimov və Fərid Əhmədovun məzarlarının ziyarətindən qayıdan yaşlı xanımlar avtobusa qalxmalı oldular. “Sədərək” ticarət mərkəzindən şəhərə gələn avtobusda tünlük idi. Ağır dərdin əlindən üzülmüş bu qadınlar isə əyləşməyə yer tapmadılar. Ətrafa nəzər saldıqda keçirdiyimiz sıxıntıdan nə edəcəyimizi bilmədik. Qulaqlarında qulaqcıq, bir əlində telefon, ağzında saqqız, o biri əli ilə də özü kimi cavan qızı qucaqlamış qara gödəkcəli oğlanın isə dünya vecinə deyildi. Başqa bir oturacaqda əyləşmiş gənclər isə şit-şit danışıb gülürdülər. Bu təzadlı mənzərədən süzülən əsəbi gərginlik yaşlı bir kişinin deyinməsinə gətirib çıxardı: «Belə də iş olar? Biz də cavan olmuşuq. Vallah, heç vaxt özümüzdən böyüyün yanında əyləşməmişik. Bu zamananın uşaqları niyə belədir? Böyük-kiçik tanımırlar».
Oturacaqda əyləşənlərdən biri şar kimi şişirtdiyi saqqızı əlinə alaraq kinayəqarışıq ahənglə dedi: «Dayday, axı sənin bu avtobusda nə işin var? Evində otura bilmirsən? Hələ bizi bir borclu da çıxarırsan? İntiresni adamsınız, mən nəyə görə ayağa durmalıyam, sənə borcum var?». Təbii ki, ağzının sözünü bilməyən, ailə tərbiyəsi görməyən birisinə yaşlı kişi cavab verməyərək biçarəliklə köksünü ötürdü. Abrına sığınmış bu haqlı insanın gözləri dolmuşdu. Özünü birtəhər ayaqüstə saxlayırdı. Bu «dialoq»dan sonra, nəhayət, bir oğlan «qeyrtə» gəlib ayağa durmaq istəyəndə, yanındakı qız onun gödəkcəsindən dartaraq «eto tebe nada?» – deyərək narazılığını bildirdi. Oğlan dərhal əyləşərək özündənrazı şəkildə dişlərini ağartdı.
Açığı harda olduğumuzu, hansı millətin gəncləri ilə bir avtobusun sərnişinlərinə çevrildiyimizi anlamadıq. İnsanı əzən məqamlardan biri də budur ki, şəhər nəqliyyatında narahatçılıq doğuran səbəblərin sayı çoxdur. Sürücü də, onun «pul yığan»ları da harada kefi istəyir, maşını saxlayır, insanların necə yerləşməsindən, hansı şəkildə getməsindən nəinki narahat olmur, heç veclərinə də almırlar. Əksinə, səsini çıxaranlara, narazılıq edənlərə kobud sözlər deyir, sonda da bildririrlər: «xoşun gəlmir, düş, taksi ilə get» (Bu hal Bakıda sərnişindaşınma nəqliyyatının bütün marşrutları üzrə hərəkət edən avtobusların əksəriyyətində müşahidə edilməkdədir). Təbii ki, hamının da imkanı yoxdur ki, şəxsi maşını olsun, ya da taksi harayına düşsün.
Sərnişinlərin xeyli hissəsi düşdükdən sonra gözləmək olardı ki, salonda qismən rahatlıq yaranacaq. Amma bu dəfə də avtobus yerindən tərpənmədi. Yenə də basa-bas düşdü. Arxada əyləşənlərdən kimsə dözməyərək gileyləndi: «Ay bala, sür gedək, səninlə eyni vaxtda çıxan martşurtlar getdi, niyə yatıb qalırsan?”. Sürücünün cavabı həm gülüş doğurdu, həm də… «O yatıb yuxusunu alıb, ona görə gedir, mənim də yuxum burda gəlir…»
Beş addımlıq ömür yolunda insanın düçar olduğu adi münasibətlər, gündəlik rastlaşdığımız «ürəkaçan mənzərələr» əsəblərin sıradan çıxmasına səbəb olur. «Bizi belə böyütməyiblər», «biz belə olmamışıq» – deyənlərin haqlı iradlarını bəzən təhlilə çəkəndə anlamaq olmur ki, nədən milli-mənəvi dəyərlərimizi belə sürətlə itirməyə məhkum olanlar var. Hərdən qəribə vəziyyət də görürsən. Gənclər ayaqüstə dayanıblar. Oturacaqlar da boşdur. Soruşanda, niyə əyləşmirsiniz? – cavabında onsuz da duracağıq deyirlər. Bəli, ailə tərbiyəsi görmüş gənclərimiz də var. Amma nədən hamısı belə deyil? Bütün bunlara bütün cəmiyyətdən təpki gəlməlidir.
Öncə hər bir avtobusun salonuna mütləq yazılı lövhə vurulmalıdır. Necə ki, sovet dövründə var idi. Oturacaqların yerləşdiyi salonun divarında yazılırdı: «bura yaşlı adamlar üçündür» və yaxud da «bu yer əlillər üçündür» və s. Eləcə də hər bir avtobusun sürücüsü dayanacaqlarda elan etməlidi: «yaşlılara yer verin». Necə ki, Bakının metrostansiyalarında biz bu xəbərdarlığı tez-tez eşidirik. Bu cür yolla da hər bir xoşagəlməz görüntünün qarşısını almaq olar. İnsanlarda da vərdiş yaranar. Yoxsa cavanlar əyləşir-əyləşsin, yaşlılar, əliuşaqlı qadınlar və qocalar ayaqüstə dayansın, sürücünün də vecinə olmasın, yaramaz axı. Dədə-babadan qanmayanı qandırmağa çalışıblar, bilməyəni öyrətməyə. Öyrənib bilməyin isə heç kimə ziyanı yoxdur. Vay o gündən ki, bilən öyrətməsin, öyrənən öyrəndiklərinə əməl etməsin.
Bütün söylədiklərimiz gündəlik müşahidə edilən və asan islah olunan nöqsanlardır. Amma təəssüf ki, bizim kiçik saydığımız, bəzən də əhəmiyyət vermədiyimiz bu xoşagəlməz hallar sabah daha böyük qüsurların yaranmasına səbəb olur. Bütün bəlaların kökü laqeydlikdən başlayır. İnsan münasibətində biganəlik olarsa, onda daha ali hisslərdən, davranış mədəniyyətindən danışmağa dəyməz. Mədəniyyət təkcə mədəni görünmək deyil, mədəniyyət insanın daxilində, varlığında, rəftar və hərəkətlərində büruzə verməlidir.

 Flora Xəlilzadə

Haqqında Əkinçi