18 Noyabr, 2017 - Şənbə
Diyar-diyar düşən səs

Diyar-diyar düşən səs

   Onun səsi, ifası, mikrofon önündə oturuşu-duruşu bir ayrı tamaşaydı. Mən onu heç kimlə dəyişik salmaram. Minin-milyonun içində üzünü görmədən belə, bu səsin sahibini tanıyıram. Gümanımca, aradan on illər, yüz illər ötəcək, o səs itib-batmaq qorxusundan uzaq olduğundan zamanın üstündən ötüb keçəcək, həmişə diri qalacaq.   

  Əbülfət Əliyev uşaqlığımın xanəndəsidi. Yəni, gözümü açandan, ağlım kəsəndən gördüyüm sənətkarlardandı. O vədə vur-tut bir televiziyamız varıydı. Sayca, sən deyən, elə də çox olmayan xanəndələrimiz ora çıxanda bir növ imtahan verirdilər. Mövcud qaydalara görə, indiki kimi hər əlinə mikrofon götürən ekrandan boylana, radiodan səsini yaya bilməzdi.
Xanəndə adını həmişə urvatlı saxlayan bu kişiylə bağlı ürəyimdə, dilimdə çox sözlər var. Sanki özümü seçim qarşısında hiss etdiyimdən hardan, nədən başlayacağımı beynimdə vuruşdururam. Həyatda üz-üzə dayanıb bircə kəlmə belə kəsməsəm də, səsinə, avazına heyran qaldığım, illərdən bəri ifasıyla zövqümüzü oxşayan Əbülfət Əliyevin ünvanına nə deyəsən ki, yerinə düşə. Hələ sağlığında böyük sevgiyə, dərin ehtirama və yüksək dövlət mükafatlarına layiq görülmüş bir sənətkar barədə hər zaman yazmağa dəyər. İllah da adamı varlığından qoparan, ahənrüba kimi səni özünə çəkən səslərin qeybə çıxdığı, sənət aləmində cığallığın, dikbaşlığın həddini aşdığı bir vaxtda. Adi danışığında sanki nəğmə oxuyan Əbülfət, bu günləri görsəydi, iddiası özündən yekə ulduzların meydan sulamasına dözərdimi, görəsən?
Altmış dörd illik ömür üçün xanəndə az iş görməyib. Milli teleradionun fondundakı lent yazıları öz yerində, neçə-neçə el nəğmələrini sevdirə-sevdirə oxuyub yaşatmaq, dünəndən bu günə ötürmək ən böyük xidmətidi ustadın.
Əbülfət Şuşada doğulmuşdu. Musiqi beşiyində, nadir səslər muzeyində. Düzdü, taleyin gərdişindən o burada yeddicə il yaşayıb. Atasının qəfil ölümü səbəbindən ailələri əvvəlcə Qaryaginə (indiki Füzuli rayonu), dörd il sonra Ağdama köçüb. Uşaqlıqdan musiqiyə könül verib, ilk addımlarını da burda atıb. Uşaqlıqdan bacardığı işin qulpundan yapışıb. Səsinə və qavalına güvənən Əbülfət, məlahətli səsiylə bütün Ağdam camaatını feyziyab eləyib. Xanəndənin şöhrətli alim Xudu Məmmədov və unudulmaz kaman ifaçısı Elman Bədəlovla dostluğu da həmin illərdən başlayıb. Saatlarla Xanın, Zülfünün, Bülbülün vallarını dinləməkdən doymayan gənc xanəndə əvvəl-əvvəl onların ifalarından bəhrələnib. Amma qısa vaxtda o öz yolunu tapıb, püxtələşib. On doqquz yaşı olanda Azərbaycan Dövlət Filarmoniyasının səhnəsini fəth etdi. O vədə filarmoniya say-seçmə sənətkarların həsədlə baxdığı musiqi məbədiydi. Barmaqla sayılan solistlərin sırasına düşmək Tanrıdan gələn xoşbəxtlikiydi. Görünür, yaradan uşaqlığından çox əziyyətlər çəkmiş bu gəncə lütfünü əsirgəməmişdi. Hələ rayonda yerli radioyla oxuyub, səsi kəndləri dolaşanda Mülayim arvad necə qürrələnmişdi, o ki qala indi ola. Anası Mülayim Əbili deyə əzizlədiyi oğlunun uğurlarından doyunca sevinəcəkdi, ürəyi dağa dönəcəkdi. Onun Əbili dediyi suyuşirin oğlu illər sonra xalq artisti Əbülfət Əliyevə çevriləcəkdi. Bütün bunlara zaman lazımıydı. Hələliksə o gəncdi, on səkkiz yaşında birinci kərə üzünü gördüyü Bakıya təzə-təzə isinişir. Respublika olimpiadasındakı qələbəylə başlayan tanışlığın ardından onun burada nə az-nə çox qırx altı ili keçəcəyindən və bundan sonra Ağdama, Şuşaya qonaq kimi gedəcəyindən xəbərsizdi. Bir də 1944-cü ilin yazı hara, 1990-ci lin 27 dekabrı hara.
Oxuduğu «Rast» və «Zabul segah» muğamlarıyla münsiflər heyətinin- Bülbülün, Xan Şuşinskinin, Əfrasiyab Bədəlbəylinin, Səid Rüstəmovun diqqətini çəkən və az sonra sonuncunun xeyir-duasıyla ilk dəfə respublika radiosuyla canlı konsert verən xanəndə tamaşaçı və dinləyiciləri birinci görüşdəncə ovsunladı. «Rast» dəstgahını və «Yar bizə qonaq gələcək» xalq mahnısını qısa müddətdə iş yeri olmuş Azərbaycan radiosunada birinci çıxışında oxudu. Tarzən Məmmədağa Muradov və kaman ustası Hafiz Mirzəliyevin müşayiətilə. Uzun illər ərzində repertuarı kimi, müşayiətçilər də çox dəyişdi. Qurban Pirimov, Bəhram Mansurov, Sərvər İbrahimov, Əhsən Dadaşov, Həbib Bayramov, Qılman Salahov, Habil Əliyev, Elman Bədəlov, Fərhad Dadaşov, Tələt Bakıxanov və başqalarıyla səhnədə, radio-televiziyada, el şənliklərində çalıb-çağırdı.
Ağdamdan Bakıya gəlişində Qarabağ məclislərində çox oxunan «Ay bülbüllər», «Kimə yalvarım», «Uca barıdan aşaram mən», «Stəkanın deşilsin», «Uca dağlar» və sair mahnıları ifa etməklə yetərincə tamaşaçı toplayan xanəndə dinclik nə olduğunu bilmədi. Oxuduqlarının siyahısı günbəgün genişləndi. Xalq və bəstəkar mahnıları, muğam və təsniflər Əbülfət səsinin, guşəxanlığının sayəsində özünün daha bir orinal sifaçısını tapdı. Xanəndə nəyi necə çatdırmağı yaxşı bilirdi. O, ömründə bir yol səs diapazonu imkan verməyən muğamlardan, mahnılardan yapışmayıb. «Gərək oxuyan adamın sir-sifəti gərgün vəziyyətə düşməsin, səsi haracan yetir, ordan o tərəfə keçməsin» qənaəti köhnə xanəndələr kimi Əbülfət müəllimə də yad deyildi. Bu səbəbdən «Bayatı-Şiraz», «Segah», «Şur», «Humayun» oxuyub, «Şüştər»əsə tamam-kamal girişməyib. Söz sərrafı olması və qavalla məharətlə davranması da onun üstün cəhətlərindəniydi. Bir çox mahnıların ərsəyə gəlməsi, yaşaması, bayağı sözlərinin dəyişdirilərək köhnə görkəmini dəyişməsi məhz xanəndənin iştirakıyla baş tutub. «Dinə bilmədim», «Bu qala daşlı qala», «Ay Pəri», «Endim bulaq başına», «Bülbüllər gəzər bağı», «Tel nazik» və sair dillər əzbəri olan nəğmələr ilk ifaçısından qazandığı uğurlar hesabına hələ çox yaşayacaq. Qəmli «Humayun» muğamı üstə yazılsa da, şux ovqat gətirən «Eşqimin növrağı» kimi:

Könlüm düşdü diyar-diyar,
Bir kəkliyin sorağına.
Mən yalvardım o qonmadı,
Çox yalvardım, o qonmadı,
Məhəbbətin budağına.
Meyl etmədim hər gözələ,
Sədaqətim düşdü dilə…

Təqribən on ilə yaxın Opera və Balet Teatrında çalışan, Məcnun, Kərəm, Şah İsmayıl rollarını yaradan sənətkar musiqimizi dünyanın üç qitəsində- Avropa, Asiya və Afrikada uğurla təmsil etməyi də bacarıb. Onun 1965-ci ildə İrana qastrol zamanı Tehranda sovetin kəshakəs rejiminə məhəl qoymadan

  Eşq əhlini təbiət özü imtahan edib,
Məcnunu dərdi-hicr ilə, Mənsuru dar ilə.
Vahid, bu şeiri Təbrizə göndərmək istərəm,
Qismət olaydı, bir görüşək Şəhriyar ilə

oxuması, o taylı-bu taylı həmvətənlərimizin ürəyindən xəbər verməklə yanaşı, bir növ diplomatik gedişiydi.
Əbülfət Əliyev Qarabağ hadisələrinin gərginləşən dövründə xəstəlik tapdı. Qaraciyərində ağrıların şiddətlənməsinin əsl səbəbinin məlum hadisələr olub-olmadığını söyləmək çətindi. Amma baş verənlərin onun rahatlığını əlindən aldığını əminliklə demək olar. Bir vaxtlar şirin-şirin

 Gəldim Qarabağa bahar çağında,
Öpdüm, əzizlədim torpağı burda.
Hayana baxdımsa, nəğməli gördüm,
Hər otu, ağacı, yarpağı burda.
Hansı obasına düşdüsə yönüm,
Çiçək sərgisiylə bəzəndi önüm.
Nənələr deyəndə, başına dönüm,
Alışdı ömrümün çırağı burda.

nəğməsiylə dil-dil ötən, Qarabağı vəsf eləməkdən doymayan sarsılmaya bilməzdi. Sarsıldı da. 1990-ci ilin sonunda, dekabrın 27-də ömür təqvimi bitdi. O gündən bu yana xanəndənin əbədiyyət ömrü başlayıb. Əbülfət səsə dönüb evlərimizi, məclislərimizi, söhbələrimizi, sənət cəfakeşi Mustafa Çəmənlinin kitabını, neçə-neçə qələm adamlarının yazılarını dolaşır. Və nə yaxşı ki, şair Məmməd Namazın söylədiyi kimi:

 Sevgi də əbədi deyilmiş demə,
O hansı çiçəkdir
Vaxtında solmur.
Səsini dinlədim, kövrək səsini
Yaxşı ki, nəğməni
Dəfn etmək olmur.

   Nə yaxşı…

   Seymur Elsevər

Haqqında Əkinçi