24 Noyabr, 2017 - Cümə
Dumanlı Təbrizin işıqlı ədibi

Dumanlı Təbrizin işıqlı ədibi

Orta əsrlərdən üzübəri Azərbaycan ədəbiyyat və mədəniyyətinin sistemli öyrənilməsində Məhəmmədəli Tərbiyətin böyük xidmətləri olub. Ömrünü qədim məxəzləri araşdırmağa həsr edən görkəmli alim həm də ictimai-siyasi xadim və jurnalist kimi tanınıb.

Məhəmmədəli Mirzə Sadıq oğlu Tərbiyət 1887-ci il mayın 26-da Təbriz şəhərində ziyalı ailəsində dünyaya göz açıb. Şəhərdə mütərəqqi fikirli ziyalı kimi tanınan Mirzə Sadıq oğlunu məhəllədəki Molla Zeynalabdinin açdığı ibtidai məktəbə qoyur. Təbrizin adlı-sanlı həkimlərindən olan Mirzə Nəsrullaxan və Məhəmmədəlixan Küfrinin məsləhəti ilə Məhəmmədəli fransız və alman dillərini öyrənir, nücum, riyaziyyat və tibb elmlərini mənimsəyir.
Eyni zamanda pedaqoji sahə ilə də maraqlanır. Təbrizdə hökumətin açdığı Müzəffəriyyə mədrəsəsində, sonra işə şəhərdə yeni açılan Loğmaniyyə mədrəsəsində işləyir. Nücum və coğrafiyadan dərs deyir. Atası onu çox yaxın dostu, həm də dövrün tanınan alimi Mirzə Abdulla ilə də tanış edir. Məhəmmədəli onun rəğbətini qazanır. Alim vəsiyyət edir ki, o dünyadan köçəndən sonra kitabxanasını Məhəmmədəliyə versinlər. Beləliklə, Məhəmmədəli böyük bir mənəvi xəzinənin sahibi olur.
Araşdırmalarda qeyd olunur ki, Məhəmmədəli Tərbiyətlə şəhərin tanınan ziyalıları Seyid Həsənxan Ədalət və Seyid Məhəmməd Şəbüstəri bir araya gələrək “Tərbiyət” adlı yeni tipli mədrəsə və kitabxana açırlar. Bir müddət keçəndən sonra kitabxananın Tehranda da şöbəsi yaradılır. O daha sonra Təbrizdə Avropa tipli ilk əczaxana “Gəncineyi-fünun” (“Bilik xəzinəsi”) adlı jurnal təsis edir. Ayda iki dəfə nəşr olunan jurnal az vaxtda Təbrizdə tanınır.
Lakin bu yenilik şəhərin mühafizəkar təbəqəsini qane etmir. Çox keçmir, qaragüruhçular və islahatçılar arasında toqquşma baş verir. Yeni tipli mədrəsə, nəşriyyat, qəzet və jurnalın redaksiyaları dağıdılır. Vəziyyətin çətin olduğunu görən Məhəmmədəli Qafqaza səfər edir. Oradan da İstanbula gedir, kitabxanalarda elmi axtarışlar aparır.
İstanbuldan sonra Dəməşq, Beyrut, İsgəndəriyyə və Qahirə şəhərlərinə səfər edir. Bu şəhərlərin böyük kitabxana və elmi müəssisələri ilə əlaqə qurur, görkəmli ziyalılarla tanış olur. O, bu müddətdə ilk qələm təcrübəsi olan “Hünər öyrədən”, “Qədim mədəniyyətlər”, “Ana yurdum” və “Təqvimi-Tərbiyət” adlı əsərlərini yazır. İctimai-siyasi işlərə də maraq göstərən M.Tərbiyət İran Milli Məclisinə Təbrizdən nümayəndə seçilir. Çox keçmir daxili irticanın təhriki ilə Milli Məclis buraxılır və o, Bakıya gəlir. Bir müddət təbrizlilərin “İttihat” məktəbində müdir işləyir…
Tale onu yenidən İstanbula gətirir. I Dünya müharibəsi qurtaranadək Türkiyədə siyasi mühacir kimi yaşayır. İstanbulda “Tərbiyət” kitabxanası açır və bu illərdə ciddi elmi axtarışlarla məşğul olur. O, nəhayət ki, 1921-ci ildə Təbrizə dönür. Təbriz vilayətinin maarif idarəsinə rəis təyin edilir. Yaranan əlverişli şəraitdən yararlanaraq “Gəncineyi-maarif” (“Maarif xəzinəsi”) adlı jurnal nəşr edir. Jurnalda “Xaqani Şirvani” və “Sahib Təbrizi” ilə bağlı elmi məqalələr dərc edir.
Təbriz şəhərində ilk qızlar məktəbi, kənd və qəsəbələrdə isə ibtidai və orta məktəb açdırır. 1927-1929-cu illərdə Təbriz bələdiyyə üzv seçilir. Şəhərin abadlaşdırılması, yeni xiyabanların salınması üçün böyük səy göstərir. Şəhərdə ilk Avropa tipli “Gülüstan” parkını saldırır. O, növbəti seçkilərdə Milli Məclisə deputat seçilir və Tehrana köçür. 1934-cü ildə SSRİ-də Firdovsinin 1000 illik yubileyi qeyd olunarkən M.Tərbiyət də nümayəndə heyətinin tərkibində Bakıya gəlir. Bu, onun Bakıya axırıncı səfəri olur.
Məhəmmədəli Tərbiyət çoxlu sayda elmi-publisistik əsər yazıb. Ancaq onu dünyada daha çox tanıdan “Danişməndani-Azərbaycan” (1935) toplusu olub. Kitabda qədim dövrdən ötən yüzilliyin birinci yarısına qədər görkəmli azərbaycanlı şair, yazıçı, nəqqaş, rəssam, xəttat, musiqiçilər barədə məlumatlar yer alıb. Bu dəyərli kitab Azərbaycan dilinə çevrilərək 1987-ci ildə Bakıda da nəşr edilib. Görkəmli maarifçi-ədib 1940-cı ildə vəfat edib.

Savalan Fərəcov

Haqqında Əkinçi