19 Noyabr, 2017 - Bazar

Flora Xəlilzadə (publisist, yazıçı)

Sevginin xüsusi qanunu, tərifi yoxdur. Çünki onun rəngləri çoxdur. İnsan dünyaya gəlişindən son nəfəsinədək sevgi adlı bir qüdrətin min cür dadını duyur, sevgi libasına bürünür. Bəzən də heç fərqində olmur ki, yaşının hansı vədəsindədir, qəlbi hansı sevginin ünvanına qanadlanıb.
Flora Xəlilzadə (publisist, yazıçı)
Çoxu elə düşünür ki, sevgi yalnız bir qızla oğlanın arasındakı ünsiyyətin adıdır. Bəziləri onu bir az da genişləndirərək vətənə, anaya, torpağa bağlayır. Əlbəttə, bütün bunlar sevginin bütövlüyünü əks etdirə bilmir. Çünki sevgi dünyanın yaranışından üzübəri müxtəlif döngələrdən, dolaylardan yol gələrək köhnə dünyada gündə yüz dəfə doğulur, amma heç zaman ölmür. Əslində bu dünya sevgilərlə doludur. Aldığımız havada, içdiyimiz suda bu sevginin dadı var. İlk sevgi deyiləndə yada öncə hər kəsin öz anası düşür. Çünki bu ülvi, pak hisslərin birinci ünvanı həqiqətən də anadır. Bəlkə də uşağın ürəkli, bəxtəvər boy atmasında bu qarşılıqlı məhəbbətin çox böyük rolu var. Çünki həyatın bütün gözəlliyi ananın tövsiyələrindən, tərbiyəsindən ruhumuza axaraq bizim gələcək arzu-istəklərimizi düzgün istiqamətləndirir. Belə yerdə genlərin möcüzəsi yada düşür. Elə ki, anlamağa başladı, onda uşağın oyuncağa, bacı-qardaşına, onu əzizləyən hər kəsə sevgisi olur. Bu sevgi o qədər təmizdir ki, ahəngində heç bir təmənna, məqsəd yoxdur.
Uşaq böyüdükcə sevgisi də böyüyür, müxtəlif yönlərə yol açır. Nəhayət, bir gün ürəyini titrədən, könlünü həyəcanlandıran bir hisslə çırpınanda heyrətə gəlir. Ruhunun can atdığı insanı sevgilisi adlandırır. Hətta ilk dəfə sevdiyini söyləyir. Əslində isə bu sevginin yaşı özü ilə yaşıddır. Sadəcə ünvanını dəyişib. Yaşına uyğun yeni sevgilər gətirib.
Hər kəsin sevgisi onun özü ilə qol-boyun gəzir. Hər kəsin sevgisi öz xarakteri ilə təndir. Həyat təsdiqləyir ki, yaxşı və pis mənada insan öz xarakterinin bəhrəsini dadır. Ya ucalır, ya da…
Valideyn olmaq sevginin çox ali dərəcəsidir. Xüsusilə də qadınlar övlad dünyaya gətirəndə yeni bir sevginin qanadlarında uçmağa başlayırlar. Ana olmaq bu sevginin elə bir məqamıdır ki, onun təmizliyini ifadə etməyə söz tapmaq olmur. Bu nəcib hissi ancaq yaşamaq lazımdır. Analıq şərafəti önündə bütün sözlər acizdir.
Övlad böyüdükcə, özünə cəmiyyətdə bir yer tapınca çəkilən əziyyət, əzab, həyəcan sanki bu sevginin üzərinə pərdə çəkərək onu bir müddət görünməz edir. Əslində isə sevgi valideyn fədakarlığının, məhəbbətinin ahənginə qatılır. Bu anlarda çoxuna elə gəlir ki, daha hər şey sona yetib. İndən belə sevgidən danışmaq qəbahət sayılır. Halbuki sevgi insanın can cövhəridir, Tanrı payıdır, varlığının ifadəsidir. Heç bir vaxt sevgisiz yaşamaq mümkün deyil.
Övlad toyu bu sevginin ucalığıdır. O anlarda valideynlərin duyduğu sevinci sözə çevirmək çətindir. Sevginin qüdrətini, böyüklüyünü hiss etmək üçün mənalı bir ömür yaşamaq lazımdır.
Dostluq da sevginin bir qanadıdır. Dostun duz yükünü sulardan, qasırğalardan salamat çıxarmaq dosta qarşı bəslənən məhəbbətin böyüklüyündən, vəfanın, sədaqətin varlığından xəbər verir. Bacı, qardaş Allahın verdiyidir. Sən onu öz xasiyyətinə uyğun şəkildə seçə bilməzsən. Amma dostu ruhuna, xasiyyətinə – bir sözlə, özünə uyğun seçə bilərsən. Bu seçim də bir sevgidir. Bu sevgini də qorumaq gərəkdir.
Dostsuz ömür, musiqisiz toya bənzəyir. Deməli, insan həyatını mənalandıran bir məqam da dostluq etməyi bacarmaqdır. Dost yolunda boran olar, qar olar. Dost dediyin kəsə arxalanmalısan, həm də arxa olmalısan.
İnsanın təmənnasız, pak sevgisi uşaqlıqda anasına qarşıdır, qocalıqda nəvəsinə. Bu iki varlığa olan məhəbbət arasında qəribə bir bağlılıq var: ana səni həyata gətirir, böyüdür, min bir əziyyətinə qatlaşır, nəvənin sənin həyatına gəlişi isə duyğularına, ruhuna tamam başqa bir dad, gözəllik bəxş edir. Sanki adamın ölmüş günləri təzədən dirilir. Körpəlikdə öz anana hansı hisslərlə, sevgi ilə yanaşaraq onun qucağında sevinirdinsə, indi də elə həvəslə nəvəni qucağına alanda o məsum, pak, müqəddəs varlığın təmiz, riyadan, yalandan uzaq sevinci sənə sirayət edir. Gülüşlərindən, qırıq-kəsik sözlərindən ruhuna yeni bir sevginin bal şirinliyi axır. Özünü dünyanın yeddinci qatında hiss edirsən. Duyduğun bəxtəvərliyi, xoşbəxtliyi hamı ilə bölməyə can atırsan. İçindən keçir ki, bütün əzizlərin sənin hisslərinə, xoş Flora Xəlilzadə (publisist, yazıçı)günlərinə şərik olsun.
Sevgi haqqında dastanlar bağlanıb, poemalar yazılıb, filmlər çəkilib. Amma ən yaxşı misraları Nizami Gəncəvi söyləyib:

Eşqdir mehrabı uca göylərin,
Eşqsiz, ey dünya, nədir dəyərin?!

Eşq dünyanı yaşadan, onun varlığını təsdiqləyən sevginin başqa bir adıdır. Mənasındakı cazibə qüvvəsi, bağlılığı, ünsiyyəti əks etdirir. Sevgi uğrunda həlak olanlar, şəhid düşənlər olub. Tarixi ədəbiyyatda biz bunun neçə nümunəsini oxumuşuq. Amma dastanlardan çox həyatda gördüklərimiz daha təsirlidir. 20 Yanvar faciəsində torpaq uğrunda – böyük sevgisi yolunda İlham cavan canından keçdi. Fərizə isə İlhama olan sevgisi naminə onunla qoşa uyumağa can atdı. Bax, bu qoşa fədakarlıq sevgi adlı varlığın əbədiliyindən xəbər verir.
Üzümü bütün oxuculara tutaraq bir söz demək istərdim:
– Hər birinizin sinəsində yuva qurmuş sevgini yuxulatmayın. Can atın ki, sevginin səsini eşidəsiniz, onun sayəsində ömrünüzü mənalı yaşayasınız. Bunun üçün də həmişə xoş emosiyalara üz tutan, qeybətdən, böhtandan, şər atmaqdan, paxıllıqdan uzaq olun. Xudbinlik sevginin qənimidir. Xoş söz həmişə xoş ovqat yaradır. Bir də ən başlıcası qəlbdə Tanrı sevgisi olmalıdır. Bu sevgi insanı həmişə xeyirxah, imanlı, nəcib edir. Onu pis əməllərdən mütləq qoruyur. Tanrı sevgisi yar olsun sizlərə!

Haqqında Əkinçi