19 Noyabr, 2017 - Bazar

Flora Xəlilzadə, yazıçı – publisist

Bu, Allah xofudur

Flora Xəlilzadə, yazıçı – publisist Etiraf edək ki, insanın bütün pisliklərdən qorunmağın birinci yolu onun öz ürəyindən keçir. Əgər bir ürəkdə Allah xofu varsa, heç nədən nigarançılığı olmamalıdır. Çünki ürəyində Allah xofu olan heç vaxt yalan danışmaz, haram yeməz, halallığını pozmaz, bütün pis əməllərdən uzaq olar. Allah xofu insanın qoruyucusudur. Onun sayəsində qəlbimiz həmişə nurla dolu olar, gecəmiz-gündüzümüz paklığa bürünər. Allah xofu şükranlığın yaradıcısıdır. O insan böyük və nəcibdir ki, ən dəhşətli ağrı-acının, əzab-əziyyətin məngənəsində də Allaha şükranlığını itirmir. Varlığını xoş emosiyalar bürüyür. Halını soruşana müsbət cavab verir.

Qurani-Kərimin «Şura» surəsinin 51-ci ayəsində deyilir: «Heç bir bəşər övladına Allahla danışmaq müyəssər olmaz… Allahla insanlar arasında minlərlə zülmət və nur pərdəsi vardır… Allahın kəlamı eşidilər, amma Özü görünməz. O ucadır, hikmət sahibidir». Bu müqəddəs kəlamdan gələn nəticə aydındır. Allah şükrün və itaətin, gözəl əməllərin əvəzini verəndir. Nahaq yerə deməyiblər ki, insana üz verən müsibətlər bəzən onun öz əməlinin ucbatından doğur. Quranın «Yaradan» surəsinin 45-ci ayəsindəki başqa bir kəlam yenə də insanı düşündürür: «Əgər Allah insanları etdikləri günahlara görə cəzalandırsaydı, yer üzündə bir nəfəri belə sağ qoymazdı». Bəlkə də ona görə atalar belə deyib: «Gec olar, güc olar».
Keçmiş sovet məkanında quruluşun diktəsi ilə hərəkət edən ateistlər heç bir zaman qələbə qazanmadılar. Doğrudur, məscidlər söküldü, mədrəsələr dağıdıldı, dinə itaət qadağan edildi. Amma bunlar o rəzil mübarizənin zahiri tərəfləridir. Əslində Allah hamının qəlbində var idi. Alqışımız da, gümanımız da ulu Tanrı ilə bağlı olmuşdur. Peyğəmbərimizi də tanıyırdıq, imamlarımızı da.
Yadımdadır ali məktəbdə oxuyanda elmi ateizm fənnindən imtahana gedən zaman “Təzəpir” məscidinin yanından keçərkən əllərimi göyə qaldırıb Allahdan kömək istədim. İmtahandan “əla” qiymət alıb çıxanda elə qapının ağzındaca “Allah, sənə şükür” dedim. Müəllim məni geri qaytarıb “bu nədir, edirsən” soruşanda “Allah məni əfv etsin” dedim. Müəllim daha heç bir söz demədi. Başını aşağı dikdi. Döşəməyə dikilmiş bu gözlərdəki peşmançılıq hissini açıq-aşkar duydum. Amma dövr başqa idi. Zahiri hərəkətlərimizlə qəlbdəki məhəbbətimiz tamam ziddiyyət təşkil edirdi. Məni qınamayın. O zaman insanlarda Tanrı sevgisi daha qüvvətli və güclü idi. Onu heç bir qadağa, qorxu, təzyiq insanların köksündən çəkib apara bilmirdi. Ötən əsrin əvvəllərində Mirzə Cəlillər, Üzeyir Hacıbəylilər, Haqverdiyevlər, Cəfər Cabbarlılar… dini fanatizmə qarşı mübarizə aparmışdılar. Nadanlığa, haramlığa, xurafata düşmən çıxmışdılar. Onlar dinsiz deyildilər. Əksinə, ilahiyyatı, Quranı çox gözəl bilirdilər. Elmə, təhsilə qarşı çıxanları tənqid atəşinə tuturdular. Məqsəd millətin maariflənməsi, işıqlı əməllərlə yaşaması, dünya ölkələrində baş verən yeniliklərdən xəbər tutması idi. Sovet hakimiyyəti illərində isə insanları öz soyundan, kökündən, adət-ənənəsindən qopararaq qondarma bir sovet xalqı yaratmaq üçün birinci şərt onu öz dinindən ayırmaq idi. Buna görə də bolşeviklərin birinci hücumu ibadətgahlar, məscidlər oldu. Ötən əsrin 20-ci illərində həbsə atılanların, güllələnənlərin, gedər-gəlməzə göndərilənlərin xeyli hissəsi məhz dindarlar olmuşdur. 37-ci ilin repressiyası isə millətin işığını qapatmaq üçün ziyalılarını caynağına alıb apardı. Süni şəkildə yeni bir “fənn” – elmi ateizm yaradıldı. Ölkəmizin bütün ali məktəblərində bu fənn keçilsə də, mühazirə oxuyan müəllim də, ona qulaq asan tələbə də hər şeyin yalan və saxta olduğunu çox gözəl anlayırdı. Elmi ateizmdən dərs deyən müəllimlərin heç biri bu “fənn”i ürəklə, sevərəkdən keçmirdi. Sadəcə, bu cansıxıcı, uydurucu saatlara tələbə qulaq asmağa məhkum idi. Quruluş İslamın əleyhinə dönmədən müxtəlif təbliğatlar qursa da, şər-böhtan atılsa da, ölümüzü də, dirimizi də müsəlman qayda-qanunları ilə xətir-hörmətli edirdik. Əgər qəlbində Yaradana məhəbbət varsa, ətrafında baş verənlər mənasızdır. Çünki Allah sevgisi insan ruhunun əbədi qidasıdır.
Zaman ötdü. Bir vaxt bizə qadağan edilmiş məscidlərin qapısı üzümüzə açıldı. İllərlə gizlicə öpüb gözümüz üstə qoyduğumuz müqəddəs kitabımız – Quranımız özümüzə qaytarıldı. Maraqlıdır, o təzadlı zamanda duyduğumuz halallıq sanki indi göyə çəkilib. Yaxından tanıdığımız, davranışı, əxlaqı ilə çoxunu narazı salan qadınlar gördük ki, qəfildən “vergilənib” “molla bacı”ya döndülər. Dünənəcən sadə peşələrdə çalışan, ev yığışdıran, qab yuyanlar “hacı”, “məşədi” oldular. Birdən-birə bu dəyişmənin xoşagəlməz nəticələri indi şəhərimizin küçələrində qəribə təzadlar yaradıb. Biz müsəlmanıq. Heç kim bunu danmır. Əksinə, dinimizin ucalığı ilə fəxr edir və öyünürük. Amma millətin mənəviyyatına vurulan bu zərbələr çox qorxuludur. Bir tərəfdə çimərliklə Bakı küçələrini, parklarını, ekran və konsert salonlarını, müxtəlif məclisləri səhv salan yarıçılpaqlar, digər tərəfdə isə yayın cırcıramasında qapalı geyinmiş, başıörtüklü, gözləri zorla görünən gənc qadınlar. Bu fərqin hər ikisi diqqət çəkir. Ağıllı və dərrakəli insan birinci növbədə öz xeyirxahlığı, nəcibliyi, cəmiyyətdəki yeri və əxlaqı ilə seçilməlidir. Çimərlik geyimində gəzənlərin müasirliyi nə qədər eybəcərdirsə, dünyaya inteqrasiya etdiyimiz, Avropaya üz tutduğumuz bir zamanda gənc qızların qapalı libasları ondan da betərdir.
Uzun illərdir Türkiyənin Diyanət Vəqfi İslamın öyrənilməsi ilə bağlı çox səmərəli fəaliyyət göstərir. İslam dini elmi şəkildə araşdırılaraq əsaslı şərh edilir və düzgün təbliğ olunur. Vaxtilə orada keçirilən bir mərasimdə iştirak edirdim. Amerikadan gəlmiş bir ingilis alimi qəribə fikir söylədi: “Mən heç bir dini qəbul etməmişəm. İşdir, əgər mənə bu talesizlik üz verərsə ki, mütləq hansısa bir dini qəbul edim, mən onda İslamın üstündə dayanaram. Çünki o, həqiqətən, bütün dinlərdən ali və üstündür. Bu gün dünya alimlərinin kəşf etdiyi bir sıra elmlər var ki, onun əsası İslamda qoyulub”. Diqqəti çəkən o idi ki, həmin mərasimdə iştirak edən qadınların əksəriyyətinin başı açıq idi. Mən bu barədə Diyanət İşləri Vəqfinin məsul əməkdaşından xəbər aldıqda belə cavab verdi: “Əfəndim, başın qapadılması məcbur deyil. Əsas odur ki, sənin qəlbində din və iman olsun”. Qurani-Kərimin «İmran ailəsi» surəsinin 195-ci ayəsində deyilir: «Dində kişi, qadın eynidir». Deməli, öz hüquqlarımızı özümüz pozuruq. Özümüz özümüzü bu cür həbsə salırıq. Zahiri görüntülər də bəzən insan mənəviyyatını əks etdirir.
Hər bir cəmiyyətin inkişaf edib çiçəklənməsi, ya tənəzzülə uğraması mənəvi keyfiyyətlərin necəliyindən asılıdır. Yüksək mənəvi keyfiyyətlərin hökm sürdüyü cəmiyyətdə siyasi, iqtisadi, mədəni və sosial inkişaf üçün möhkəm zəmin olur. Haqsızlıq, yalançılıq, əliəyrilik kimi mənfi cəhətlər cəmiyyətə həmişə dağıdıcı təsir edir. Eyni zamanda, cəmiyyətin saflığı onun üzvləri arasındakı sağlam münasibətlərin olmasından çox asılıdır. Quranın “Hədid” surəsinin 25-ci ayəsində deyilir: “Elçilərimizi açıq-aşkar dəlillərlə göndərdik. Biz onlarla birlikdə kitab və tərəzi nazil etdik ki, insanlar ədalətli davransınlar”.
Allah insan cəmiyyətində tərbiyənin düzgün qurulması, onun inkişafının təmini üçün üç məsələni zəruri sayır. Birincisi, öz xoş məramlarına cəmiyyət üzvləri içərisində heç bir şəkk-şübhə yeri qoymayan peyğəmbərlər, cəmiyyəti idarə etməyə qadir olan başçılar. İkincisi, kitab, yəni, cəmiyyətin bütün həyatını tənzimləyən qayda-qanunlar toplusu. Nəhayət, üçüncüsü, tərəzidir.
Flora Xəlilzadə, yazıçı – publisist Bunu həm də maddi və mənəvi meyarlar toplusu kimi də anlamaq lazımdır. Təbii ki, peyğəmbərlərin, cəmiyyəti idarə etməyi bacaran başçıların tövsiyələri, məsləhətləri inkarsız, müzakirəsiz qəbul olunur. İkincisi, hər bir ölkənin özünün ana qanunlarını ifadə edən kitabı, yəni Konstitusiyası var. Bizim bütün hüquqlarımız orada öz əksini tapıb. Nəyin olar-olmazına cavab orada bəllidir. Üçüncüsü, tərəzi məsələsidir. Bir var qismət tərəzisi, bu, ən çox da tale ilə, mənəviyyatla bağlıdır. Haqlı və haqsız çarpışmaların meyarıdır. Əgər cəmiyyətdə heç bir mövqeyi olmayan, onun inkişafında zəhməti, fədakarlığı duyulmayan birisi bütün fəaliyyəti ilə millətinə, xalqına xidmət etmiş böyük bir şəxsiyyətə böhtan atırsa, yalan söyləyirsə, bax bu, mizanın əyilməsinə gətirib çıxarır. Deyək ki, hansısa bir cızmaqaraçının böyük yazıçı və dramaturqumuz Mirzə Cəlilin əleyhinə çıxması, onu danması, utanmadan yalan danışması bağışlanmazdır. Çünki onun özünün mənəvi haqqı yoxdur ki, Mirzə Cəlil adlı bir dağın ətəklərinə daş atsın. Tanrı möcüzəsi bu daşın geri qayıdıb öz başına düşməsinə səbəb olar. Nyutondan çox-çox qabaq, məhz Qurani-Kərimdə göstərilib ki, təsir əks təsirə bərabərdir. Quranın «Nisa» surəsinin 29-cu ayəsində deyilir: «Ey iman gətirənlər! Qarşılıqlı razılıqla edilən alış-veriş istisna olmaqla bir-birinizin mallarını haqsız bəhanələrlə yeməyin…» Bu müdrik ifadə isə alış-verişdə haqsızlığa yol verməmək üçün Allahın qoyduğu qanundur. Ona görə də alış-verişlə məşğul olanlar Allahı daim yada salmalı, Onun haqq yolundan yayınmamalıdırlar. Bu hökmə əməl etməyin birinci nümunəsi zəkat verməkdən başlayır. İnsan qazancının, var-dövlətinin bir hissəsini də ətrafdakı kasıb-kusublara verməli, ehtiyacı olanların qolundan tutmalıdır. Quranda bu məsələlər bir neçə surədə öz əksini tapıb. Ölçü və çəkidə insanları aldadanlar da bağışlanmaz günahlar edirlər. Quranın «Ənam» surəsinin 152-ci ayəsində deyilir: «Ölçüdə və çəkidə düz olun. Biz heç kəsi gücü çatdığından artıq bir işə vadar etmərik».
Halallıq birinci növbədə düzlük və ədalətlilik prinsipinə əməl olunmasından başlanır. Kimsə bu qanuna əməl etmirsə, Allahın ən günahkar bəndəsidir. O şəxslər həmişə Allahın mərhəmətindən məhrum olurlar. Quranın bir neçə ayəsində də belə şəxslərin cəhənnəmə düşəcəyi bildirilir. Ona görə də Quranın alış-verişdə ədalətli olmaq məsələsinə verdiyi əhəmiyyət onun cəmiyyətdəki böyük rolundan irəli gəlir. Deyək ki, uzun əsrlər boyu alış-verişdə düzlük xalqımızın mənəvi simasının əsas cəhətlərindən olmuşdur. Mənəvi keyfiyyətləri ilə diqqət çəkən, Quranı dərindən bilən, onun ehkamlarına əməl edən məşhur tacirlərimiz olub. Onlarda bir “hə, yox” kəlməsi vardı. Daha insanı aldatmaq, soymaq yox. Fransız yazıçısı Aleksandr Düma XIX əsrin ortalarında ölkəmizdə olarkən sonradan özünün “Qafqaz səfəri” adlı yol qeydlərində belə yazırdı: “Azərbaycanlı ilə bir şey barəsində sövdələşəndə ondan imzalanmış sənəd tələb etməyə ehtiyac yoxdur. Söz verdi, qurtardı”.
Bu, iki əsr öncə bir fransızın babalarımıza verdiyi qiymətdir. Bəs indi nə olub bizə? Meyvəni baha satmağa cəhd göstəririk, xarab edib atırıq, amma qiymətini endirmirik. Xəstə pul verməsə, sahibi üzə çıxmasa, ona yaxın duran olmur. Müəllim şagirdinin üzünə baxıb hədiyyə gözləyir. Təmənnalı münasibətlər görəndə bir sual içimizi doğrayır: bəs biz müsəlman deyilik? Niyə halalı haramla qarışdırmışıq? Qışın soyuğunda, yayın isti günündə antisanitariya şəraitində satdığımız ərzaq məhsulları insan sağlamlığında hansı fəsadları törədir? Vecimizə deyil! Təki mənim bazarım “xod” getsin.
Qurani-Kərimin «Müfəssəl izah edilmiş» surəsinin 46-cı ayəsində deyilir: «Yaxşı iş görənin xeyri özünə, pislik edənin də zərəri özünə olar». Gəlin bu barədə ciddi düşünək. Heç olmasa İslam ümməti olmağımız naminə.

Haqqında Əkinçi