25 Sentyabr, 2017 - Bazar ertəsi
FövqəlBeyin Adam

FövqəlBeyin Adam

Öz vətənində də qərib, ən qəribə adamlar içərisində belə qəribə – Fridrix Nitsşe…

“Ümid ən sonuncu pislikdir, çünki işgəncənin ömrünü uzadır”, “Tanrı öldü… Onu biz öldürdük”, “İnsana ediləsi ən pis pislik – onu utandırmaqdır”, “İnsan o qədər acı çəkmiş ki, bütün canlılar arasında tək o, gülməyi icad etmək məcburiyyətində qalmışdır”, “Bizlər arzularımızı həyata keçirməkdən daha çox, arzulamağa aşiqik” kimi fikirlər sahibi daha necə olmalıymış ki?..

…Hələ onun Karl Yunq, Alfred Adler kimi dahilərin təəccübünə, Ziqmund Freyd sayaq super “mürəkkəb”in heyrətinə səbəb olmasını, axırıncının “Nitsşeyə qədər heç kim özünü təhlil etməyi bu qədər yaxşı bacarmamışdı və çox güman, bunu bacaranlar bir daha çətin tapılsın” qənaətini demirəm. Bu an bu məzmunlu daha bir neçə söz demək istəyirdim ki, onun “Az bilən və az düşünən çox danışar” postulatından çəkindim…
Çəkinsəm də, bu qəribəliklər mücəssəməsinə məxsus sirlər sehrindən tam çıxa bilmədim. Çünki onunla bağlı fikirlər, əhvalatlar, dür-düyünlər həddən ziyadə çoxdur və bunların əksəriyyətinə biganə qalmaq, sadəcə olaraq, mümkün deyil. Bunların ən adisi onun ad “məsələ”si. Bu “dünyabeyin” uşaq anadan olanda (15 oktyabr 1844) Prussiya kralı Fridrixə sonsuz məhəbbəti olan atası dirənib ki, oğlunun adı mütləq Fridrix Vilhelm olmalıdır (ancaq, çox xoşladığı bu adla övladını çox səsləmək ona qismət olmayıb; uşağın beş yaşı tamam olmamış, ata beyin qurumasından vəfat edib.
Yenə beyin…
Bu, Nitsşeni də ömrü uzunu izləyəcək və “qələbə” çalacaqdı…
Və bu qeyri-adi dahinin, “üstinsan” fəlsəfəsi kimi düşüncələr böyüyünün –

Uşaqlıq dünyası…

Nitsşenin uşaqlığı Naumburq şəhərində, belə demək mümkünsə, “arvadlar arasında” keçib; dul anası və qarımış bibilərinin əhatəsində. Bu faktı elə-belədən qabartmıram, – həmin qadınların qara taleləri, puç həyatı sonralar Nitsşe fəlsəfəsindəki pessimizmin rüşeymlərinə çevriləcəkdi.
Məktəbdə çox yaxşı oxuduğuna görə on üç yaşlı Fridrixə “keşiş” ləqəbi verilmişdi. Amma kəskin zəkası onun başına bir bəlaya çevrilmişdi. Bu onun inancına da zərbələr vurur, fizikən böyüdükcə həmin “psixoloji”si daha da güclənirdi. On səkkiz yaşından isə hər şey “yerbəyer” olmağa başladı; dünənin bu “keşiş” ləqəblisi artıq maraqlı bir dindardan dahiyanə bir “şübhəçi”yə çevrilmişdi. Bu barədə heç kimə heç nə deyib-danışmayan “susqun Nitsşe” ömrünün axırına qədər belə yaşayacaq, belə yazıb-yaradacaq, özəl ağlının ümumbəşərəbənzər ağılla əvəzləndiyi qısa zaman kəsiyindəki cüzi dəyişkənlik istisna edilməklə, elə belə də öləcəkdi…

Böyüklük dünyası

Əlbəttə, hər mənada böyüklük dünyası…
Ailə haləsindəki qadınlar əvvəlcədən onun həyatını “layihələndirmiş” olsalar da, Nitsşe özü keşiş olmaq xülyasıyla 19 yaşında Bonn universitetinə daxil olsa belə, az keçmir, məlum beyin bu planı pozur. Sən demə, “məchul”, “şüursuz” bir üsyan hissi onun içini gəmirirmiş. İlkin dünyasından xeyli böyük olan Bonna gəlcək, tezliklə universitet gəncliyinə qoşulur, içkiyə qurşanır, səfillik kandarına ayaq basır və hətta dueldə çarpışıb yaralanır da. Bu, həmin vaxtlar idi ki, artıq “Allah ölmüşdü” və o bu duyğuya belə bir əlavə edəcəkdi: “Onu biz öldürdük…”
Tətildə evə qayıdan Nitsşe onun həyatını əvvəlcədən planlaşdırmış qarabəxt qadınların gözləri qarşısında cürbəcür “allahsızlıqlara” yol verir, dini ayinləri icra etmir, kilsəyə getmirdi. Tətildən sonra isə Nitsşe Bonna yox, – klassik filologiya üzrə təhsil almaq üçün Leypsiqə yollanır. Həmin şəhərdə baş verən iki hadisə 21 yaşlı gəncin sonrakı həyatına böyük təsir edir. Saysız neo-fəlsəfi məşqlə bioloji eşq qovuşuğu burulğanında çapalayan dahi gənc, bir gün, sonralar adını dilinə gətirməyi belə rəva bilmədiyi, yazılarında (məsələn, “Qadının yanına gedirsən? Elə isə qırmancını unutma!”) ciddi iz salacağı “priton”a gedir və orada zöhrəvi xəstəliyə tutulur. Sonralar bu xəstəlik Nitsşenin yazılarında da iz qoyacaqdı.
Deyilənə görə, bu hadisədən sonra Nitsşe heç zaman qadınlara yaxınlıq etməyib.
Nə yaxşı ki belə olub və bu, ikinci hadisəni doğurub. Belə ki, əsərlərinin yayımlandığı gündən hər bəşər nümayəndəsinin intellekt təsərrüfatına peyvənd toxumlar səpməkdə olan bu dahi filosof həmin zina-olaydan sonra Şopenhauerin – həyatının dəyişilməsində əvəzsiz rol oynamış “Dünya iradə və təsəvvür kimi” əsəri ilə yaşının “bərə” vaxtında tanış olub. Həmin vaxt yenicə vəfat etmiş, lakin həm də çoxlarının unutduğu Şopenhauerin interpretasiyaya açıq üslubu və öldürücü pessimizmi Nitsşeyə dərindən-dərinə təsir edir. O, sonralar yazacaqdı: “Burada hər sətir imtina, vazkeçmə, acı gerçəkliklə barışmaq qışqırığı idi; dünyanı, yəni həyatın və insan təbiətinin qorxunc bir möhtəşəmliklə görüldüyü aynaya baxdım… Burda səhhət və mərəzi, sürgünü və sığınacağı, cənnəti və cəhənnəmi gördüm…”.
Bu əsər Nitsşeyə necə əsər edirsə, nəinki innən sonra inanacağı, hətta indiyədək inandığı bir şey də qalmır. Hələ bu azmış kimi, Şopenhauer bədbinliyi ona olmazın güc-qüvvət də verirdi. Amma bu duyğular içərisində müsbət elementlər də az deyildi; o, təbiətinə o qədər uyğun olmasa da, artıq özü qarşısında dürüst, hamı qarşısında isə güclü olmaq istəyirdi. “Harda canlı gördümsə, orda güc iradəsi gördüm, xidmətçilərin iradəsində belə ağalıq etmək iradəsi gördüm” düşüncələri üstə köklənirdi. Pessimizm cilvələri içərisinə qərq olmuş bu dahi üçün irəliyə gedən yol Şopenhauerdən keçirdi. Beləliklə, Güc İradəsi, hələlik, onun öz fəlsəfəsi haqda yeganə duruldulmuş ideya idi.
Sonra gəlir onun topçu zabit kimi bir il hərbidə olması, Leypsiq Universiteti professorlarından birinin ona son qırx ildə yetişdirdiyi ən böyük tələbə kimi baxması, buna baxmayaraq, gün getdikcə, bu möcüzə tələbənin klassik filologiyadan soyumağa başlaması (onun qənaətincə “filologiya həyatın acı və təcili cavab tələb edən sualları qarşısında biganə” imiş) və nəhayət, dahi Vaqner!..
Bu qədər zəka sahibi ola-ola, “həyatda nə etməli” sualı qarşısında aciz Nitsşe kimya elmini öyrənmək üçün Parisə getmək haqda baş sındırarkən, qəfildən (amma həm də çox gizli şəkildə) – siyasi düşüncə və inqilabi fəaliyyətinə görə 20 il əvvəl bu şəhərə sürgün olunmuş məşhur bəstəkar Rixard Vaqnerlə tanış olmaq eşqinə düşür. Bu da çox qəribə imiş ki, Nitsşenin atası yaşında olan Vaqner ona dəhşətli dərəcədə bənzəyirmiş və o, indiyədək heç bir məşhuru yaxından tanımayan Nitsşeyə çox böyük təsir edir.
Tezliklə bəlli olur ki, Vaqner də Şopenhauer heyranı imiş. Bu gəncin varlığında böyük bir dahi uyuduğunu və ona heyranlığını hiss edən Vaqner bu iki əlamətdən vəcdə gələrək öz mənəvi dünyasını bütünlüklə Nitsşeyə köçürməyə cəhd edir. Nəticədə, Nitsşe, operaları qədər qəribə və qeyri-adi böyük bəstəkardan çox şey öyrənir. Həftə sonlarını onun gözəl villasında keçirir, ömrünü tək elə musiqi, siyasət və sevgi ilə məhdudlaşdırmayan Vaqnerin həyat eşqi onu da xeyli dərəcədə canlı yaşam tərzinə cəlb edir. Xərcləri bəzən tam pulsuzlaşmağa qədər davam etdirən Vaqnerə Bavariya knyazı II Lüdviqin öz xəzinəsindən böyük pullar axıtması, insanları inandırmaq qabiliyyətinin musiqisi qədər böyük və möhtəşəm olması da Nitsşeyə qəribə fəlsəfələr pıçıldayırdı…
Bir qədər sonra, filologiya elminə “xüsusi” münasibətinə baxmayaraq, 24 yaşlı Nitsşe Bazel Universitetinin klassik filologiya kafedrasında professorluq təklifini qəbul edir. Filologiyadan əlavə, fəlsəfədən də mühazirələr oxumağa başlayır. Bu fənləri müştərəkləməkdə isə məxfi bir “qəsd”i varmış: klassik filologiyanı fəlsəfə ilə birləşdirərək yaşadığı sivilizasiyanın zəif nöqtələrini aşkarlamaq…

Ulduzluqları…

Az keçmiş Nitsşe Bazel Universitetinin ulduzuna çevrilir. Elə ilk günlərdə, Avropa intibahını bir dövr olaraq müəyyənləşdirən Burhardla tanış olur və o nəinki Bazel professorları içərisində ruhuna ən yaxın adam, hətta, ehtimallara görə, Burhard Nitsşenin həyatında ən çox sayğı duyduğu yeganə şəxs olub.
Almaniya-Fransa müharibəsində Nitsşe könüllü olaraq tibb xidməti daxilində orduya gedir. Müharibə onun düşüncələrində ciddi dəyişiklik yaradır. Nitsşe anlayır ki, insanın ən güclü həyat instinkti yaşamaq istəyi, həyatda qalmaq arzusu deyil, tam tərsinə – hakimiyyət, müharibə, güclü olmaq istəyidir. “Mübarizə zəiflərin kəşfidir. İnsanın həyat instinkti ən güclü olmaq istəyidir – həyatda qalmaq istəyi yox”. Sonralar Nitsşe bu düşüncəni fərdi planda işlədi, lakin bu fikrin militarist qaynağını heç zaman da inkar etmədi. Bismark fransızları məğlub edərkən Nitsşe müharibə dəhşətini hər gün daha əlavə qətiyyətlə anlayırdı. Altı yaralı əsgəri – sülh dövründə heyvan daşınan vaqonlarla ikigünlük səfərlə xəstəxanaya aparmalı olan Nitsşe qolları, ayaqları güllə ilə dolu, yaraları çürüməyə başlamış əsgərlərin bütün qayğısını çəkən Karlsrueyə çatanda, sarsıntıdan özü də xəstəxanaya düşür.
Nitsşe bu işlərə həyatın fəlsəfəsi kimi yox, fəlsəfənin xəstələndiyi məqam kimi baxır. O, Bazelə qayıdır, ölüm-itimsiz mühazirələrini deyir, məşhur “Tragediyanın doğuşu” əsərini yazmağa başlayır. Yunan mədəniyyətini analiz edən bu əsərdə Nitsşe Apollonun səliqəli, düzənli həyat tərzinin qarşısına Dionisin ehtiraslı, coşqun həyatsevərliyini qoyur. Nitsşeyə görə, yunan tragediyası bu iki düşüncənin birləşməsindən ortaya çıxmış və sonunda Sokratın rasionalizmi tərəfindən məhv edilmişdir. Bu yanaşma yunan fəlsəfəsi üçün tamamilə yeni idi. Nitsşe sonra yazdıqlarında da bu dionisçi fəlsəfəni davam elətdirəcəkdi. Deməli, pessimizm kralı Şopenhauerlə ayrılmaq vaxtı gəlmişdi. İnnən belə Nitsşe ustadının Güc İradəsinin buddistcə (heç bir şey istəməmək, ehtirassız olmaq) şərhinə qarşı olacaq, dionisçi düşüncəni xristianlığın da qarşısına çıxaracaqdı…
Çox belə çaba-çalışmalardan sonra, haqqında düşünməyə heç zaman macal tapmadığı SON fəlsəfəsi gələcəkdi. 1879-cu ildən pisləşməyə başlamış səhhəti on il sonra daha da ağırlaşacaqdı. Ruhi vəziyyəti dözülməz həddə çatacaq, həkimlərin məsləhətinə rəğmən gəzdiyi ölkələrin birində (İtaliyada) küçə ilə gedərkən qəfildən yıxılacaq, qalxarkən yanından ötən fayton atının boynuna sarılacaq, ağlayacaq, özünə gələndə yadına düşən yaxınlarına qəribə məktublar yazacaq və… 25 oktyabr 1900-cü ildə onu hələ də tam dərk etməmiş bu dünyanı əbədi tərk edəcəkdi…

Tahir Abbaslı

Haqqında Əkinçi