19 Noyabr, 2017 - Bazar

Füzuli Bayat

KAM, QAM (ŞAMAN) – Ekstaz vəziyyətindəruhlar aləmi ilə insanlar arasındaəlaqə yaradan, xəstələri müalicəedən, yaman ruhları qovan, gələcəkdən xəbər verən, fala baxan, bir sözlə insanların marağının keşiyində duran və bütün bunları davulun sədaları altında oxuyaraq, rəqs edərək yerinə yetirən kultun icraçısına “kam”, yaxud beynəlxalq terminologiyaya görə “şaman” deyilir.İlk türk kamları haqqında məlumata hunlardan danışan və e.ə. birinci minilliyə aid olan Çin mənbələrindərast gəlirik. Kam çincə heroqliflərdə“wu” kimi təsvir olunub. Çin mənbələrindən aydın olur ki, türk kamları müharibəvaxtı yağış, qar yağdırmaqla düşmən ordusunu məhv edirmişlər. Kamların əski çağlarda döyüşən türk qoşununun yanında olması, bir çox halda kağanın məsləhətçisi funksiyasınıyerinə yetirməsi bəzi tarixi mənbələrdən, həmçinin Çingizin “Gizli tarixi”ndən məlumdur. Həm də ilkin çağlarda sehrli yada (cada) daşının köməyi iləyağış yağdıran, tufan qoparan və bununla da düşmən qoşununu məhv edən yadaçılarla şamanlar eyni şəxs idi. Sonradanşamançılıq daha çox cadugərlik və sehrbazlıq ünsürlərini özündəyaşadan yadaçılıqdan ayrıldı.
Arxegenetik sinonimi “qam” olan, bu şəkildə də KDQ-nin onomastik sistemində tərkib komponenti kimi keçən (Qamğan oğlu Bayandır xan, Qam Börə oğlu) “şaman” sözü termin kimi elmi ədəbiyyatda XVII yüzillikdən işlədilməyə başlayıb. Sibirdə missionerlik edən ruslar “şaman” sözünü tunquslardan eşidib, bu şəkildə də işlətməyə başlamışlar. Bu termin Avropaya I Pyotrun Çinə göndərdiyi rus səfirliyinin tərkibində olan avropalıların vasitəsilə keçmişdir. Hazırda “şaman” sözü elmi ədəbiyyatda daha geniş mənada işlənərək “maq”, “cadugər”, “kahin”, “sehrbaz”, “falçı” sözlərini sıxışdırıb çıxartmışdır. Buna baxmayaraq, türkoloqların çoxu bu sözü şamanist dünyagörüşün yaratdığı ruhlara xidmət edən kultun aparıcısı və icraçısı kimi işlədir. Bəzi fikirlərə görə, “şaman” sözü mancur dilində olan “saman” sözündən yaranmışdır. Mancur dilində saman “həyəcanlanmış, ekstaza gəlmiş, narahat adam” mənasındadır. Bu sözün çincədən alındığını, “istəklərə qalib gələn, ruhlarla əlaqə saxlayan” anlamı ifadə etdiyini deyənlər də var. Son dövrün etimoloji araşdırmaları göstərir ki, “şaman” sözü “sam”, “şam”, “xam”, “çam”, “kam” sözlərinin fonetik variantıdır. Bu halda “şaman” sözü də kökü etibarilə türkcəyə bağlanır. Müasir türk ləhcələrinin böyük əksəriyyətində (teleut, telenqit, tuva, altay, xakas, kuman, kaçin, saqay, beltir, şor və s.) kam, xam şəklində mövcud olan bu söz yakutlarda oyun, Orta Asiya türklərində baxşı, falbin, pərixan adlanır. Çox güman ki, Azərbaycanda və Türkiyədə mövcud olan baxıcı, görücü, böyücü sözləri kam sözünün ekvivalenti kimi işlənmiş və işlənir.
Tarixi-etnoqrafik məlumatlardan aydın olduğu kimi, türk şamanları funksional baxımdan iki yerə bölünürlər: ağ kam (yakutca ayıı oyuna), qara kam (yakutca abaası oyuna). Ağ şamanlar əsasən kütləvi qurban mərasimlərinin iştirakçısı və aparıcısı olmuş, yalnız yaxşı ruhlara xidmət göstərmiş, tayfanın ağsaqqalı funksiyasını yerinə yetirmişlər. Xüsusi ritual paltarı və davulu olan ağ şamanlar “şaman xəstəliyinə” tutulmur, xəstələri müalicə etmir, fala baxmırdılar. Bir sözlə, onların fəaliyyət dairəsi qara şamanlara nisbətən dar idi. Qara kamlar tayfanın həyatında başlıca rol oynayırdı. O, yaman ruhlara xidmət etdiyindən bütün bəlaların qarşısını almağa qadir, xüsusi ritual paltarlı, davulludur. Türk tayfaları arasında qara kamlar geniş fəaliyyət göstərdiyindən bir çox araşdırıcılar şamançılığı “qara inam” yaxud, “qara din” adlandırırdılar. Şamanist türklərin özləri də bu inama “kara yanq” (monqollar “xara şacin”) deyirdilər. Şamançılığın geniş yayıldığı Sibir və Altay türklərində (həm də monqollarda) qadın şamanlar da vardı. Bunlara “udqan” (od sözündən yaranıb, odu qoruyan deməkdir) deyirdilər. Qadın şamanlar od, ocaq kultu ilə bağlı hamilərlə də əlaqə saxladıqlarından çox vaxt kişi şamanlardan güclü olurlar. Bunu şaman əfsanələri də göstərməkdədir. Şamanlıq dünyagörüşünə görə kam vergi almış, ruhların qamlıq etmək üçün seçdiyi adamdır. Şamanlıqda vergi alma “xəstələnmə” termini ilə bildirilir. Buna şaman ədəbiyyatında “yaman xəstəliyi” deyilir. Yaman, yaxud şaman xəstəliyi bir ildən üç ilə qədər davam edə bilər. Bu müddətdə vergi alan adam ruhlara müqavimət göstərir, qamlıq edib kam almaq istəmir. Əgər seçilən adam ruhların çağırışına axıra qədər cavab vermirsə, onda yaman ruhlar onu dəli edib öldürürlər. Deməli, vergi alanın geriyə yolu yoxdur; o mütləq ya şaman olmalı, ya da ölməlidir. Həm də hər bir adam şaman vəzifəsini yerinə yetirmək üçün seçilə bilməz. Şamanlıq irsi olduğundan seçilən adamın da əcdadlarından biri şaman olmalıdır. Seçilən adam öz əcdad şaman ruhundan qamlıq etmək, kam olmaq üçün xeyir-dua alır.
Şamanlıq dünyagörüşünə görə varislik prinsipi ilə kam olanlar daha güclü və əsil kamlar hesab edilirlər. Öz nəsil şəcərəsini yer-su hamiləri ilə bağlayan şamanlar isə daha həssas, hiss-həyəcanlı hesab edilirlər. Şaman ədəbiyyatından bəzən ildırım vuran, qəflətən xəstələnən adamların da şamanlıq sənəti üçün seçildiyi görünməkdədir.
Kam olmaq üçün seçilən adam ruhların yanında, şaman ağacından asılmış yuvalardan birində “tərbiyə alıb” böyüyür, qamlıq üçün hazırlanır. Yuvanın şaman ağacının neçənci budağında olması, onun neçə il “hazırlanması” gələcək kamın gücündən xəbər verir. Ən güclü şamanlar ən yüksək yuvada, doqquz il “tərbiyə alanlardır”. Çoxsaylı şaman mətnlərindən ruhların seçilən adamı doğrayıb qazanda bişirməsi, sonra bədən üzvlərinin yenidən yığılması, sümüklərinin silinib təmizlənməsi və s. təsvir olunur. Seçilən adamın xüsusi qidalarla yedizdirilməsi, qulaqlarının, gözlərinin yenidən deşilməsi prosesində dəmirçilərin hamisi Kıday Baxsı iştirak edir. Ümumən, dəmirçinin şaman olma prosesində fəal iştirakı, dəmirçişaman əlaqəsi Kıday Baxsının yaman ruhların başçısı olduğunu göstərir. Bu uzun prosesdən sonra ruhlar seçilən adama davul düzəldib, qamlıq etməyə icazə verirlər.

Davul şamanın əsas atributudur. Şaman praktikasında davul təkcə kamı ekstaza gətirən, musiqi aləti deyil, həm də onu göyə qaldıran, yerin altına endirən minik növüdür. Türk şaman davulları bir-birinə çox bənzəyir və başlıca simvolik işarəsinə görə eyniyyət təşkil edir. Bura dünyanın ternar bölgüsü, hər qatdakı ruhlar, hamilər şamanın mediatorluğu və s. daxildir. Bir sözlə, davul dünya modelinin maddiləşmiş kodudur. Şaman qamlıq edəndə davuldan musiqi aləti, minik növü ilə yanaşı həm də silah kimi istifadə edir. Davulun iç və çöl tərəflərinin müxtəlif şəkillərlə bəzədilməsi (bitki, heyvan, səma cisimləri, insan təsvirləri) şaman simvolikasında əsas cəhətdir. Kam davulu xüsusi şəkildə düzəldilmiş toxmaqla çalır. Hər toxmaq zərbəsi ilə şaman çağırdığı ruhları davuluna yığır və sonra onlardan ailəni, yaxud tayfanı sərbəst buraxmağı tələb edir, söz aldıqdan sonra onları azad edir. Davulun böyüklüyü, kiçikliyi, davuldakı simvollar tayfa psixologiyası ilə bağlıdır. Eyni ilə toxmaqlar da hər tayfada spesifik şəkildə düzəlir. Davulun (həm də toxmağın) hansı ağacdan düzəldilməsi, həcmi, neçə il istifadə ediləcəyini şamana ruhlar deyirlər. Davul düzəltmək xüsusi mərasimdir. Şamanın ilk qamlığı çox vaxt ağsaqqal kamın rəhbərliyi altında keçir. Bundan sonra o, sərbəst qamlıq etməyə icazə alır. Bir şaman ömrünün axırına qədər bir neçə davuldan istifadə edə bilər. Türk şaman davulundan VII yüzilliyin Bizans tarixçiləri də danışırlar. Davul haqqında ilk məlumatlardan birinə Yenisey kitabələrində də rast gəlirik.
Şaman atributlarından biri də kamın geyimidir. Plaşa oxşar bu üst geyiminə “maniyak” deyilir. Şaman ondan yalnız qamlıq vaxtı istifadə edir. Geyim bütün simvolikası ilə şaman folklorunu canlı şəkildə əks etdirir. Davul kimi geyim də sakral xarakterli olub yalnız şamanın istifadəsindədir. Şaman öləndə onun geyimini xüsusi guşədə saxlayırlar, davulunu ya onun məzarına qoyur, ya da evdə paltarı ilə birlikdə saxlayırlar. Şamanın davulundan və geyimindən başqalarının istifadə etməsi qadağandır. Şaman geyim simvolikası bilavasitə (davulda olduğu kimi) şaman kosmoqoniyasını, dünyagörüşünü təqdim edir. Hər bir bəzək, əşya semantikası baxımından kult səciyyəlidir. Şamana geyim hazırlamaq da xüsusi mərasimlə müşahidə olunur. Bütün fərqlərinə baxmayaraq türk şaman geyimlərini birləşdirən ümumi cəhətlər də çoxdur. Bu isə eyni etnikmədəni hadisə ilə bağlıdır.
Şaman ritualında qamlıq əsas yer tutur. Qamlıq kamın, həm də şamanlığın mövcudluğu deməkdir. İlk qamlıq davula və geyimə həsr olunur. Qalan qamlıq mərasimi xüsusi situativ hadisələrlə bağlı şəkildə keçirilir. Məsələn, kamı xəstəni sağaltmağa çağırırlar. Bu münasibətlə o, sağaltma mərasimi ke- çirir. Onu evdən yaman ruhları qovmaq üçün çağırırlar və kam ruhları qovmaq, evi (daha doğrusu, alaçığı) təmizləmək üçün qamlıq edir. Övladsız valideynlərə övlad vermək, ölənin ruhunu o biri dünyaya yola salmaq üçün də xüsusi rituallar keçirilir və təbii ki, şaman qamlıq edir. Bəzən şamanı yaxşı ov əldə etmək üçün meşədə qamlıq etmək üçün də çağırırlar, Hər bir mərasimin özünəməxsus qamlıq prosesi olduğu kimi, hər bir qamlığın da öz mətni olur. Şaman heç vaxt mərasimin mətnini qabaqcadan hazırlamır, onu bədahətən ifa edir. Buna görə də eyni şamanın iki xəstəni sağaldarkən söylədiyi mətn (buna çox vaxt şaman duaları deyilir) bir-birinə uyğun gəlmir. Qamlıq vaxtı kam yuxarı dünyaya qalxır, yerin altına enir, quş kimi uçur, balıq kimi üzür, ruhların dilindən mahnı oxuyub, şaman əfsanələri danışır. Bütün bunlar ya ekstaz vəziyyətində, ya da (çox vaxt) ondan sonra baş verir. Qamlıq prosesi bir gündən üç günə qədər çəkə bilər.
Türk şamanı tayfanın praktik işi ilə məşğul olan və tayfa üzvlərinin keşiyində duran kult icraçısıdır. O eyni zamanda şair və söyləyicidir. Olduqca zəngin olan şaman folkloru indiyə qədər çox az, həm də sistemsiz toplanmışdır. Alliterasiyalı, assonans qafiyəli şaman şeri türk folklor şerinin yaranmasında, inkişafında böyük rol oynamışdır. Şifahi ədəbiyyatın ayrı-ayrı janrlarında, xüsusən də arxaik tipli dastanlarda şaman elementləri güclüdür. KDQ-də Qam Ğan oğlu deyimi əski şaman institutundan (şaman-hökmdar) xəbər verir. Eyni ilə ata-kam, eşkam ünvanları da şaman-hökmdar, şaman-tayfa başçısı statusunu göstərir. Hətta bir çox tarixi və əfsanəvi hökmdarların, sülalə başçılarının ilk şaman olduğu da məlumdur. Məsələn, Göytürklərin əcdadı Aşina həm də ilk şaman idi. Çingiz xanın oğlu Cağatayın qamlıq etdiyini qaynaqlar xəbər verir. Uyğurlarda, naymanlarda, qıpçaqlarda şaman hökmdarların mövcudluğunu araşdırıcılar sübuta yetirmişlər. “Oğuz kağan” dastanında Ulu Türk, Qorqud Ata oğuznamələrində və ayrı-ayrı mifoloji rəvayətlərdə Dədə Qorqud məsləhətçi, müşavir, vəzir funksiyasını daşıyan şamanlardır.

Haqqında Əkinçi