25 Sentyabr, 2017 - Bazar ertəsi

Həmidə Nizamiqızı “Mədəniyyət”qəzeti

Kabus illərin salnaməsi

Həmidə Nizamiqızı “Mədəniyyət”qəzeti
Və ya ölüm nərdivanlarında

Ona münasibət heç də həmişə birmənalı olmayıb. Elə indinin özündə də bu xanım, onun yaşantıları, ictimai-siyasi fəaliyyəti, həyatı, ölümü və hətta Bakıda ucaldılmış abidəsi də mübahisə, mülahizə mövzusudur. Kiminə görə o, əqidəsi uğrunda çarpışan qadın, Stalin ideyalarının qurbanı, kiminə görə millətçilərin düşməni, başqalarına görə isə xalqını tərəqqi və inkişafa səsləyən ziyalıdır.

Hər halda, adi azərbaycanlı qadını, onun böyük imperiya qarşısındakı «xidmətləri» və o xidmətlər müqabilində aldığı ağır cəza, güllələnmə hökmü ilə «mükafatlandırılması» onun və onun kimi daha neçə həmvətənimiz barədə söz yeri, təəssüf qoyur. Bu qurbanlar, Leninin, Stalinin «xalqlara azadlıq, millətlərə müqəddərat» nağılına aldananlar arasında ən çox acıdığım məhz o – şabranlı qızı Ayna Sultanovadır. Bir anın içində bütün şan-şöhrətini, cah-cəlalını, yaxın-uzağını itirən bədbəxt qadın, uğrunda vuruşduğunu zənn etdiyi idealların çürük sonunun qurbanı, xalq düşməni kimi bir ləkə ilə ölüm pilləkəninin son pilləsindəki qurban.…

O əslində kim idi?

Bütün həyatını, xatirələrini, onun haqqında yazılıb-çizilənləri vərəqlədim. Nəticə, doğrusu, sarsıdıcı oldu. Mənə görə, Ayna Sultanova sosializm ideyası naminə yaşayan qadın olub. Bəlkə də heç vaxt ummadığı mərtəbələrə yüksələn və o yüksəkliklərdən xalqı, ideyaları üçün çarpışdığını zənn edən, bu yolda fədakarlıqlar göstərən siyasi lider. Məşhur ictimai-siyasi xadim, Azərbaycanın ilk qadın naziri, Azərbaycan SSR-in maarif üzrə xalq komissarı, xalq ədliyyə komissarı və respublika Ali Məhkəməsinin sədri. Həyatını Azərbaycanda sovet hakimiyyətinin qurulmasına həsr edən qadın, leninizm ideyalarının sadiq davamçısı, əsl idealist. Görkəmli maarifçi, «Şərq qadını» jurnalının redaktoru.
Ayna Sultanova 1918-ci ildə Zaqafqaziyada, hətta bütün Şərqdə bolşevik partiyası sıralarına daxil olan ilk qadınlardan biri idi. 1919-cu ilin iyununda Moskvada təhsil almağa göndərilən ümidverici kadrlardan biri kimi Sverdlov adına Kommunist Universitetində təhsil alan ilklərdən. Hələ çox gənc ikən RSFSR Xarici İşlər Komissarlığında vəzifəyə çəkilən, Leninlə görüşən və bununla hər zaman qürrələnən partiya təəssübkeşi.
Digər tərəfdən, repressiya illərində, Azərbaycan SSR xalq ədliyyə komissarı və Azərbaycan SSR Ali Məhkəməsinin sədri vəzifəsində çalışdığı dönəmlərdə başda Mikayıl Müşfiq olmaqla bir çox ziyalının müdafiəsinə qalxan, onları ölüm pəncəsindən almağa çalışan vətənsevər. Qurulmuş rejimin onların uğrunda çalışdığı ideyalardan uzaq olduğunu görüb yanıldığını anlayanda isə artıq çox gec olmasına təəssüflənən və bütün çabalarına rəğmən ideallarının qurbanı olan siyasi xadim.
Ayna Sultanova həm də prinsipial, idealist qadın olub. Bunu istintaq, ağır işgəncələr zamanı göstərdiyi dirənişə əsasən demək olar. O istintaq zamanı ən çox alçaldılan qadın olub. Buna rəğmən Dövlət Təhlükəsizlik Komitəsi istintaq işləri arasında ittiham izahatına imza atmayıb.

Və sadə Azərbaycan qızı

Ayna Mahmud qızı Sultanova 1895-ci ildə indiki Şabran rayonunun Pirəbədil kəndində anadan olub. Vaxtilə Bakının Yasamal rayonu ərazisində abidəsi ucaldılmış Qəzənfər Mahmud oğlu Musabəyovun bacısı, Həmid Həsən oğlu Sultanovun həyat yoldaşıdır. 1912-ci ildə Bakıda «Müqəddəs Nina» gimnaziyasını bitirmiş və həmin məktəbdə dərs demişdir. Bundan sonrakı həyat məqamları qınaq və təzadlarla doludur. 1918-ci ildə bolşeviklərlə sıx əməkdaşlıq etmiş, mart soyqırımı zamanı bolşevik mövqeyini dəstəkləməyə məcbur (?) olmuşdur. Həyat yoldaşı H.Sultanovla birgə mart qırğınından az sonra S.Şaumyanın rəhbərlik etdiyi Bakı Kommunası ilə sıx əməkdaşlıq edərək Azərbaycanda sovet dövləti qurmaq uğrunda çalışmışdır. Bakı Kommunasının süqutundan sonra Xalq Cümhuriyyətinə qarşı mübarizə aparmış, Həştərxana gedərək Azərbaycanın sovetləşməsi naminə bolşeviklərə yaxından köməklik göstərmişdi. Bu dövrdə A.Sultanova Rusiya Kommunist Partiyasının Həştərxan Quberniya Komitəsi müsəlman bölməsi rəyasət heyətinin üzvü və Zaqafqaziya müsəlmanlarının işləri üzrə komissarlıqda maarif şöbəsinin müdiri olmuşdu.
Həmidə Nizamiqızı “Mədəniyyət”qəzeti 1919-cu ilin avqustunda Moskvaya Y.Sverdlov adına Kommunist Universitetində oxumağa göndərilmiş, eyni zamanda RSFSR Xalq Xarici İşlər Komissarlığında Yaxın Şərq şöbəsinin katibi işləmişdir. 1920-ci ilin 28 aprelində XI qırmızı ordu Azərbaycana daxil olduqdan sonra A.Sultanova Bakıya qayıtmış və Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsi aparatında qadınlar şöbəsinin təlimatçısı, fəhlə və kəndli qadınlar şöbəsi müdirinin müavini, sonra müdiri vəzifələrində çalışmışdır. 1930-1937-ci illərdə Azərbaycan SSR xalq maarif komissarının müavini, maarif komissarı və bir qədər sonra ədliyyə komissarı və digər vəzifələrdə çalışmışdır. 1938-ci ildə isə qardaşı və həyat yoldaşı ilə birlikdə onu da rejimin repressiya dalğası aparmış, hər üçü xalq düşməni kimi güllələnmişdir.

Əqidəli kommunistlər niyə “xalq düşməni” oldular?

Cinayət işi və ittiham aktlarına baxdıqda adamı təəccüb bürüyür. Sonra bir şeyə qəti əmin olursan. Təpədən dırnağa kommunist, əqidəli leninçi, idealist üçlüyün, xüsusən də lider qismindəki Ayna Sultanovanın ölüm səbəbi sadəcə hakimiyyət uğrunda savaş, kürsü mücadiləsi idi. Yəni onun gələcəyi elə onu yetişdirən rejimin rəhbərlərini narahat edirdi.
Digər tərəfdən, A.Sultanova 30-cu illərdə, yəni repressiyaların tüğyan etdiyi vaxtda ədliyyə komissarı işləyirdi. Məlum qaralama siyahıları, ölüm karvanının yolçuları və qarşıdakı qırğınların qurbanları artıq çoxdan seçilmişdi və o, bütün bunları bilirdi. Bu prizmadan yanaşdıqda A.Sultanovanın bu repressiya maşınına qarşı olduğunu düşünmək olar. Deməli, o bir maneə idi və mütləq aradan götürülməliydi. Ya da sadəcə hakimiyyətdaxili yeni qruplaşmada ona ehtiyac yox idi. Ona görə də Stalin köhnə tör-töküntüləri M.Bağırovun əli ilə aradan götürürdü. Təbii ki, bu da bir mülahizə, 30-cu illərin sirli və hələ də tam araşdırılmamış tarixi barədə ehtimallardan biridir. Amma, hər halda, o da qurban idi. Yüzlərlə şair və yazıçımız, maarif və elm fədaimiz, sadə kəndli və digər həmvətənimiz kimi qurban.

O illərin acı xatirələri

Zülmət dolu illərdən sonra Ayna Sultanova da bəraət qazandı. Onun da haqqında kitablar, məqalələr yazıldı, xatirələr ortaya çıxdı. O xatirələrdəki bəzi sətirlər bir insanın, bir qadının əzablarını, yaşadığı dəhşətləri çılpaqlığı ilə göstərir. Belə olduqda onun hansı qütbdə, hansı məqsəd və məramda olmasına görə cəzalandırılması yox, insan olaraq məruz qaldığı məşəqqətlər daha çox düşündürücü olur.…
«Qaranlıq bir gecə idi. Zindanın balaca pəncərəsindən Aynanın üzünə ayın işığı düşürdü. Kim bilir onu nələr düşündürürdü: qonşu kameralardakı qardaşı Qəzənfər, ya həyat yoldaşı Həmid, bəlkə anasının və atasının yolunu gözləyən uşaqları? Bəlkə də niyə ona işgəncələr verildiyi? Buludlar ayı örtmüşdü, indi kamerada ancaq siçovulların bir küncdən o biri küncə, civilti ilə qaçışmaları eşidilirdi. Ayna hələ də elə hey düşünürdü. Kameranın soyuq divarlarına söykənmiş, əlləri ilə dizlərini qucaqlamış, otururdu, kamera balaca olduğundan nə ayaq üstə dayana bilir, nə ayaqlarını uzada bilirdi. Gecə səhərə doğru gedirdi, axır ki, işgəncə və yuxusuzluqdan halsız olan Ayna dərin yuxuya gedir. Çox keçmir, üstündə isti bir şırnaq hiss eləyib ayılır, kəskin ağrı onu bürüyür, o əlini sinəsinə atır. Al qanı geyiminin üzərinə tökülürdü. Halsızlıqdan əvvəlcədən hiss etmədiyi bu ağrı onun kamera yoldaşları olan siçovulların töhfəsi idi. Onlar da Aynaya işgəncə verənlər kimi, qana susamışdılar. Əlbisəsindən bir parça yırtıb yarasının üstünə qoydu, sonra isə yenə halsızlıqdan yuxuya getdi».
İstintaqdan daha bir detal, daha bir ağrılı xatirə: «Onu bir otağa gətirmişdilər, hələ də nə olduğunu bilmirdi. “Axı neçə gün zindanda saxladıqlarından sonra məni bura niyə gətiriblər?” – deyə Qəzənfər elə hey düşünürdü. Otağı təkcə balaca bir lampa işıqlandırırdı. Qəzənfər bilirdi ki, otaqda insan çoxdur, amma onların üzünü görmürdü. Birdən küncdən bir səs “Otur!” dedi. Qəzənfəri stula oturtdular. Sonra qonşu otaqdan bağırtı səsi gəldi. Qəzənfəri vahimə basdı, dəhşət bürüdü. Bu, Ayna idi! “Dayanın, siz neyniyirsiz! Nə istəyirsiz? Nə? Deyin edim! Amma dayanın!” – deyə Qəzənfər stuldan atıldı. “Bizə nə lazımdır? Sən yaxşı bilirsən bizə nə lazımdır! Oturdun onu aşağı”. Qəzənfəri zorla oturtdular. “Bu vərəqi görürsən, bax buraya qol çək”, – deyib, ona bir parça yazılı vərəq uzatdılar. Qəzənfər o dəqiqə kağızı qabağına çəkdi və dərhal deyilən yerə imza atdı. Bu zaman qonşu kamerada isə Ayna Sultanovanın dırnaqları altına cərəyan verilərək işgəncə edilirdi. Qəzənfər Musabəyov və Həmid Sultanov yazılı kağızı imzaladıqdan sonra bağırtılar kəsildi. Ayna Sultanovanı yenidən kamerasına apardılar…»
P.S. Onu xatırladan əsas detallardan biri də Bakının Atatürk prospektinin qurtaracağında məkan tutan və mütəmadi «götürülsün-götürülməsin» polemikalarına səbəb qranitdən hazırlanmış heykəlidir.

Həmidə Nizamiqızı

Haqqında Əkinçi