25 Sentyabr, 2017 - Bazar ertəsi
İbrətamiz

İbrətamiz

Vəzir payızın son günlərində şahla birlikdə sarayın bağına gəlir. O, həmyerlisi olan bağbanın məharətini nümayiş etdirmək istəyir. Yarpaqları tökülmüş ağacların bəzi hündür budaqlarında görünən meyvələr bağbanın məharətindən, onun ağaclara yaxşı qulluq etməsindən danışır. Ağaclara heyrətlə baxan şah meyvə dərmək istəyir. Amma meyvələr hündürdə olduğundan bu iş mümkün olmur. Şah əlini əlinə daraqlayır, vəzir ayağını şahın əlləri üstünə qoyub qalxır və meyvələrdən dərir. Lap yüksəkdə olan meyvəni dərmək üçün vəzir ayağını şahın çiyninə qoyur. Bağban bu səhnəni soyuqqanlılıqla müşahidə edir. Bir səbət meyvə yığan şahla vəzir bağdan çıxmazdan öncə şah bağbanın zəhmətini qiymətləndirmək üçün ona: “Məndən nə istəyirsən?” – deyə sual verir. Bağban şahın salamatçılığı və uzun ömürlü olmasından savayı bir istəyi olmadığını bildirir. Şah israr edir ki, bağban bir şey istəsin. Bağban yenə təşəkkür edib şahdan başqa istəyi olmadığını deyir. Üçüncü dəfə şah səsini ucaldıb deyir ki, hökmən bir şey istəməlisən. Bağban xəcalətlə başını aşağı salıb deyir: “Şahım, indi ki özünüz məcbur edirsiniz, eybi yoxdur. Mənim sizdən bir istəyim var. Xahiş edirəm bir kağıza “bağban bərməkili olduğu halda bərməkili hesab edilməsin” sözlərini yazıb verəsiniz.” Şah təəccüblə deyir: “Mən səni ağıllı adam hesab edirdim. Görürsən ki, mən bütün mühüm vəzifələri bərməkililərə vermişəm. Vəzir bərməkili, vəkil bərməkili, xəzinədar bərməkili, ətrafımdakıların əksəri bərməkilidir. Nə üçün sən bu imtiyazdan istifadə etmək istəmirsən? Nə üçün bərməkili sayılmaqdan imtina edirsən?” Bağban soyuqqanlılıqla bildirir: “Şahım, özünüz məcbur etdiniz ki, bir şey istəyim, mən də istədim. Əgər məsləhət deyilsə, yazmayın.” Şah razılaşır. Ona kağız-qələm gətirirlər. Yazır ki, bağban filankəs bərməkili olduğu halda bərməkili hesab olunmasın. Kağızı möhürləyib bağbana verir. Günlər ötür. Şahın bərməkili vəziri İbrətamizvəziyəti öz xeyrinə bilib, şahı aradan götürmək qərarına gəlir. Şaha sui-qəsd hazırlanır. Vəzirin planı üzrə ziyafət təşkil edilir, süfrə salınır. Şah əlini xörəyə uzatmaq istəyəndə xəfiyyələr şaha pıçıldayırlar ki, yeməyə zəhər qatılıb. Bu xəbəri yoxlamaq üçün pişik gətirirlər. Hazırlanmış yeməkdən bir qədər pişiyə yedirirlər. Çox keçməmiş pişik ölür. Dərhal aşpaz həbs edilir və ilkin sorğularda mə`lum olur ki, sui-qəsd vəzir tərəfindən hazırlanıb və bərməkililər hakimiyyəti ələ keçirmək niyətində olublar. Şahın əmri ilə bütün bərməkililər həbs olunur. Onları bir-bir e`dam edirlər. Növbə bərməkili bağbana çatır. Bağban dar ağacının altında fürsət istəyib qoynundan bir kağız çıxarır. Cəllad kağızı oxuyub təəccüblənir. Şahın dəsti-xətti ilə yazılmış və möhürlənmiş məktubda deyilirdi: “Bağban filankəs bərməkili olduğu halda bərməkili hesab olunmasın”. Kağızı şaha göstərirlər. Şah onu öz əli ilə yazdığını təsdiqləyir. Düşünür ki, belə bir məktub yazdırmaq bağbanın ağlına haradan gəlib? Bağbanı şahın hüzuruna gətirilirlər. Şah bu işin sirrini soruşur. Bağban deyir: “Şahım, sizin necə meyvə dərməyinizi seyr edirdim. Vəzir böyük şahənşah həzrətlərinə hörmətsizlik göstərirdi. O ayağını sizin əlinizə, hətta çiyninizə qoyurdu. Mən öz-özümə düşündüm: “Bir o qalıb ki, vəzir şahın başına çıxsın və ordan başıaşağı yıxılsın. Qorxdum ki, bir gün şahın başından yıxılanda zərbəsi mənə də dəyə. Bu təhlükəni vaxtında sovuşdurmaq üçün bərməkili tanınmaqdan imtina etdim.”

Haqqında Əkinçi