19 Noyabr, 2017 - Bazar

Mehparə

Qarabağın Gövhər ağası, Ağabəyim ağası, Xurşidbanu Natəvanı

Mehparə Haqqında danışacağımız qadınlar Qarabağ xanlığında, maddi-mənəvi proseslərin inkişafında xüsusi xidmətlər göstərmişlər. Azərbaycanın bu bölgəsində yaşayan və adları bizə bəlli olan Ağabəyim ağa, Gövhər ağa, Xurşidbanu Natəvan çox vaxt ədəbi məclislərin təşkilatçıları, xeyriyyəçi və ədəbiyyatın inkişafına təkan verən şəxslər kimi tanınırlar.

Həmin vaxtlar Azərbaycanın bir neçə xanlıqlarında, məsələn, Quba, Bakı və digərlərində öz dövrlərinin tanınmış qadınları olsa da, lakin onların sayı Qarabağ xanlığında olduğu qədər deyildi. Həmin tarixi dövrün araşdırmaçısı, Bakı Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasının dosenti Mehman Abdullayevin sözlərinə görə, bunun obyektiv səbəbləri var idi: “Qarabağ xanlığında dərin düşüncəyə və geniş dünyagörüşə malik qadınların öz fəaliyyətlərini gerçəkləşdirə bilmələrinə tarixi şərait imkan verirdi. Çünki ölkənin bu bölgəsində qədim dövrlərdən bəri Azərbaycan-türk mədəni-ədəbi mühiti mövcud olmuşdu. Digər təkanverici amil isə Qarabağın kişi ziyalıları arasında Avropada təhsil alanların dünyagörüşündə Qərb mədəniyyətinə inteqrasiyanın baş verməsi idi ki, bu da böyük önəm daşıyırdı».

Xeyirxahlıq mücəssəməsi

Mehparə Qarabağ xanlığının paytaxtı Şuşa həm də Azərbaycanın inzibati, ticarət, sənətkarlıq və mədəniyyət mərkəzi hesab olunurdu. Yuxarıda qeyd etdiyimiz kimi, bu inkişafda qadınların xüsusi payı vardı. Amma təəssüf ki, onlar haqqında mənbələrdə geniş məlumat əldə etmək mümkün deyil. Bu qadınlarla bağlı məlumatlara yalnız dövrün salnaməçilərinin yazdıqlarında rast gəlmək olur. Yaşadığı dövrdə xeyriyyə işləri ilə məşğul olan və Qarabağ torpağında Gövhər ağa kimi tanınan qadın Qarabağ xanı İbrahim xanın qızı idi. Xeyriyyə işləri ilə fərqlənən bu kübar xanım atasının Şuşada inşa etdirdiyi Cümə məscidini əsaslı surətdə yenidən düzəltdirmiş, öz şəxsi əmlakını da buraya vermişdi. Məhz bu var-dövlət sayəsində də Şuşada “Darülşəfa” və mədrəsə açılmış, bütün əhaliyə ərməğan edilmişdi. Ağdama gedən yolda “Ağa körpüsü”nü saldıran bu xanım öz geniş xeyriyyəçilik missiyası ilə tanınırdı. Belə ki, o, iki məktəb, iki hamam, iki körpü və xəstəxananı yoxsulların istifadəsinə vermişdi. Onun bu fəaliyyəti dövrün salnaməçi və tarixçilərinin diqqətindən yayınmayıb. Baharlı “Əhvalati-Qarabağ” əsərində Gövhər ağa haqqında yazırdı: “Gövhər ağa əvvəl Şəki xanı ilə, o, öləndən sonra əmisi oğlu Xankişi bəylə ailə qurmuşdu, övladı yox idi. Amma öz axirəti üçün yaxşı binagüzarlıq etdi. Əlavə, öz səyi ilə hamı üçün yaxşı fikir irəli sürdü. Belə ki, məscidlərin hər birini təmir etdirdi. Kəndlərdəki dükan və karvansaralardan gələn gəlirdən bu məscidlərin saxlanmasına da sərf olunmalı idi. Məscidin həyətində xəstəxana tikdirmişdi. Kənardan gələn yad adamlar xəstə olduqları zaman həmin xəstəxanada müalicə olunurdular”.
Gövhər ağa təhsil alan imkansızlara da yardım edərdi. Bu qadının böyüklüyü və alicənablığı həm də onda idi ki, xalq üçün gördüyü bütün bu xeyirxah əməllərin gizli qalmasını istəyirdi. Dövrün tarixçiləri yazırlar ki, Gövhər ağa imkansızlara pul, bəxşişlər paylanması göstərişini verirdi. Eyni zamanda etdiyi xeyirxahlıqları gizli saxlayır, başqalarına bildirmirdi.
Bütün vəqflərdən gələn gəlirin satılıb nağd pula çevrilməsi və pulların xərclənməsindən ötrü, ümumiyyətlə, vəqf malikanələrinin idarəsi üçün bir neçə nəzarətçi təyin olunmuşdu. O, hətta din və ictimai elmlərə aid kitablarla mədrəsələrin kitabxanasını zənginləşdirməyə çalışmışdı. Məscidlərin normal fəaliyyəti üçün kənd, dükan və karvansaraların həmin dini müəssisələrə vəqf kimi verilməsi, kəndlərdən gələn gəlirin dini işlərə sərf olunması, vəqf kimi tikilən xəstəxanada xəstələrin pulsuz müalicə olunması, ölən kasıb və füqəranın dəfni ilə bağlı xərclərin çəkilməsi, təhsil alan tələbələrin yemək, çıraq və s. ilə pulsuz təmin olunması, Ramazan, Şaban aylarında və digər dini mərasimlər zamanı ehsanlar verilməsi kimi çox mühüm və cəmiyyət üçün vacib olan sosial və mədəni vəzifələrin həyata keçirilməsi Baharlının “Əhvalati-Qarabağ” əsərində daha geniş təsvir olunub.
Qarabağın bu humanist və xeyirxah xanımının ən böyük arzusu müqəddəs yerləri ziyarət etmək idi. Amma göründüyü kimi, bütün həyatı boyu xalqını düşünən, imkansızlara əl tutan, Qarabağın abadlaşmasına zəhmət sərf edən Gövhər ağa öz istəyinin reallaşmasına macal tapmadı.
Xanımın vəsiyyətinə görə, mötəbər adamlar onu aparıb Kərbəlada dəfn edib və qəbrinin üzərində bir məqbərə ucaldıblar. Onun vəsaiti hesabına Kərbəlada karvansara və hamam təmir etdiriblər.
Qeyd edək ki, görkəmli alim Məşədi Xanım Nemətova Şuşa şəhərindəki Cümə məscidində daş üzərində həkk olunmuş kitabələrin mətnini fars dilindən tərcümə edib. Gövhər ağa vəqfnaməsini məsciddəki daş üzərinə ona görə həkk etdirib ki, həm məzmunundan hamı agah olsun, həm də heç kim onu dəyişdirə bilməsin. Özündən sonra malına-mülkünə sahib duracaq övladı olmadığı üçün Gövhər ağa Şuşada yuxarı məhəllədəki Cümə məscidinə və aşağı məhəllədə tikdirdiyi məscidə və onun yanındakı mədrəsələrə Qarabağın Cavanşir mahalından Maqsudlu və Qaradağlı kəndlərini, Kəbirli mahalından Evoğlu kəndini, Şelli kəndindəki meyvə və üzüm bağını, Daroğlu torpağının bütün mülk və bağlarını, on bir ədəd dükan və bir karvansaranı vəqf etmişdi (vəqf orta əsrlərdə dini torpaq mülkiyyəti hesab olunurdu).

İran sarayının söz sahibi

Bu dövrün qadın tarixini şərəfləndirənlər içərisində İbrahim xanın digər qızı Ağabəyim ağanın da adını qürurla çəkmək olar. O, böyük dövlət adamı sayılan qadınlarımızdan biridir. Ağabəyim İran taxt-tacının sahibi Fətəli şahın xanımıdır. Tarixçi bildirir ki, Ağabəyim ağa tək-tək xanımlardandır ki, ona kişilərin kölgəsində deyil, tarixdə öz adı ilə qalmaq nəsib olub: «Həmin dövrdə hər tərəfdən separatçı məliklərlə əhatələnmiş İbrahim xan Qarabağda hökmranlığı tam ələ almaq və atası Pənah xanın işini davam etdirmək üçün özünə müttəfiqlər aramağa çalışırdı. O, ilk addımı kimi Car-Balakən camaatının başçısı Ümmə xanın bacısı ilə evləndi. Bu “nikah diplomatiyası” sonralar da onun çox işinə yaradı. Pənah xandan sonra güclənən çəkişmələrin, mərkəzdən qaçan qüvvələrin qarşısı alındı. Qarabağı bir xanlıq kimi qüdrətləndirmək və özünə güclü müttəfiq tapmaq üçün İbrahim xan qızı Ağabəyim ağanı İran şahı Ağa Məhəmməd şah Qacarın oğlu Fətəli şaha ərə verir». Deyilənlərə görə, bu qadın şahın birinci xanımı olmaqla bərabər, həm də dövlət idarəetməsində və xarici siyasətin yönəldilməsində sarayda söz sahibi olub.

Şairə, diplomat, xeyriyyəçi

Digər qarabağlı əsilzadə xanım Xurşidbanu Natəvandır. Əksər hallarda Xan qızı Natəvan kimi çağırılan bu qadın 1832-97-ci illərdə yaşayıb.
Qeyd edək ki, öz dövrünün ziyalı xanımı olmaqla bərabər, həm də xeyriyyəçi olmuş, bütün əhli-Qarabağda böyük hörmət qazanmışdı. Natəvan şairə, xeyriyyəçi və diplomat olub. O, xeyriyyəçi kimi Qarabağın inkişafı naminə əlindən gələni etmişdi. Bir sıra memarlıq abidələri inşa etdirib, eyni zamanda, Şuşada yol saldırıb. Digər bir yolu da o, Bibiheybət ziyarətgahına çəkdirmişdi.
Belə ki, Xurşidbanu Natəvan ailə qurduqdan sonra bir müddət övladı olmur. O, Bibiheybət pirinə əhd edir ki, əgər övladı olsa, pirə yol çəkdirəcək. Xanımın nəziri Tanrı tərəfindən qəbul edilir və övlad sahibi olur. Öz əhdinə sadiq qalan Xan qızı pirə yol çəkdirir və övladını qucağına alıb nəzir dediyi yolla da pirin ziyarətinə gəlir. Bu yolu salmaqla Natəvan Azərbaycanın Yaxın Şərq və qonşu ölkələrlə ticarət və ziyarət yolunu xeyli asanlaşdırmışdı.
Bütün bunlarla yanaşı, Natəvan həm də millətini sevən, onun qeydinə qalan, vətənpərvər bir ana idi. Xan qızının gördüyü işlər onu təkcə Qarabağda deyil, bütün dünyada məşhur etmişdi. Onun haqqında hələ XIX əsrin ortalarında Azərbaycana səfər edən məşhur fransız yazıçısı Aleksandr Dümanın qeydlərində dəyərli məlumatlar almaq mümkündür. Düma 1858-ci ildə Rusiya və Qafqaza səfərində Azərbaycan torpağına gəldiyini və hələ səfərdən öncə Azərbaycan haqqında bəzi məlumatlara malik olduğunu yazır: “Nə yaxşı ki, mən Sankt-Peterburqdan Azərbaycana gəldim. Əks halda, mən Dərbənddə dayanacaqdım. Mən hələ Azərbaycana, bu Odlar diyarına gəlməzdən əvvəl onun Atəşgahı, onun Qarabağının atçılığı, xalçaçılığı, xüsusilə Natəvan xanımın xeyirxah işləri ilə tanış idim”.
Natəvan böyük şəxsiyyət olub. Məhz şəxsiyyətinin böyüklüyü idi ki, o hələ Dümanın gəlişindən bir neçə ay əvvəl fransız dilini öyrənərək qonaqla onun öz dilində danışıb, Şərq qadınının hansı yüksək səviyyəyə malik olduğunu nümayiş etdirir. Saray xidmətçilərinə Firəngistandan (Fransadan) gələn qonağı ədəb-ərkanla qarşılamağı, onun üçün muğam və təsniflərimizdən ibarət bir neçə musiqi parçası ifa etdirməyi tapşırır. Sonralar isə Düma öz qeydlərində Qarabağda şairənin əsərlərinin oxunmasını, Qərb musiqi alətlərində çalınmasını böyük heyranlıqla yazmışdı. Dümanı heyrətləndirən dünyanın kiçik məkanı olan Qarabağda XIX əsr mədəniyyətinin bütün sivil nailiyyətlərinin mənimsənilməsi idi. Buradan da görünür ki, Xan qızı Natəvan böyük şairə, xeyriyyəçi olmaqla yanaşı, həm də gözəl diplomat olub. Həmin dövrdə dünyanın ən çox inkişaf etmiş dövlətlərindən biri olan Fransadan gələn qonağa Qarabağı belə təqdim etmək və onda yüksək təsəvvür yaratmağı Natəvanın uğurlu diplomatik gedişi hesab edilməlidir.
Göründüyü kimi, haqqında danışdığımız Qarabağ qadınları, doğrudan da, tarixdə qalmağa, xatırlanmağa layiqdirlər. Çünki onların gördükləri işlər, tikdirdikləri memarlıq abidələri Qarabağın bütöv bir tarixini yaşadır.

Haqqında Əkinçi