19 Noyabr, 2017 - Bazar
Mikayıl Müşfiq

Mikayıl Müşfiq

O gün ki, hicrana uğradı yolum
Qırıldı qanadım, qırıldı qolum.
Fələkdən bac verib, bac alan könlüm
İndi uşaq kimi ağlar səninçün.

Gül gülü çağırır, çiçək çiçəyi,
Gülər aşiqlərin qönçə diləyi.
Sən neçin yıxırsan bu şux ürəyi?
Qəlbimin çeşməsi çağlar səninçün.

***

Bilməm nə hikmət var bu yolçuluqda,
Hər zaman yolumda duman görünür.
Bir ümid ulduzum qalmış üfüqdə,
Onun da taleyi yaman görünür.

MİKAYIL MÜŞFİQKÜSMƏRƏM

Mən şirin ləhcəli bir bülbüləm ki,
Güllərdən küsərəm, səndən küsmərəm.
Məni öz canından artıq istəyən
Ellərdən küsərəm, səndən küsmərəm.

Gözlərin misaldır axan çaylardan,
Kipriyin oxlardan, qaşın yaylardan.
Qarşımıza gələn uzun aylardan,
İllərdən küsərəm, səndən küsmərəm.

El içində bizə derlər Sayadlı,
Tərlan ovçusuyam ruhum qanadlı.
İlham pərisinin açdığı dadlı
Dillərdən küsərəm, səndən küsmərəm.

MİKAYIL MÜŞFİQQURBAN OLDUĞUM

Bilməm, məni neçin atmış, unutmuş,
Cövri-cəfasına qurban olduğum?
Yoxsa özgəsinə üzünü tutmuş
Yeni sevdasına qurban olduğum?

Mən Dilbəri sordum gəlib-gedəndən,
Dedilər, barışmaz, küsmüşdür səndən,
Mən iltifat etdim, o qaçdı məndən,
Qaçqın ədasına qurban olduğum!

O mənim sevgilim, o mənim anam,
Onsuz üzüm gülməz, açılmaz aynam.
Bilməm harda qaldı o nazlı durnam,
O xoş sədasına qurban olduğum?

Ayrılıq oduna könül dayanmaz,
Eşq oduna yanan bir daha yanmaz,
Çəkdiyim nalədən neçin oyanmaz,
Şirin röyasına qurban olduğum?

SƏNƏ QURBAN

Deyirsən yanında qalacağam mən,
Çox gözəl fikirdir, qal, sənə qurban.
Nə zaman istəsən əziz canımı
Qumral gözlərinlə al sənə qurban.

Gəlmiş hüzuruna bir qara dağlı,
Bir qara qulundur, qolları bağlı.
Gəl çəkmə könlümə sən hicran dağı,
Gümüş topuğunda xal, sənə qurban.

MİKAYIL MÜŞFİQMƏHƏBBƏT

Mən ki bilməz idim nədir məhəbbət,
Bu sirri sən mənə anlatmadınmı?
Dünyaya sığmayan şair könlümü
Köksümdən çıxarıb oynatmadınmı?

Mən ki nəğmə deyib bənövşələrdən
Peşəm zövq almaqdı bir şux dilbərdən.
Məndən uzaq gəzib, dolanıb hərdən
Qəlbimi sıxmağa can atmadınmı?

Min hicran könlümü alanda ələ
Zərrəcə halıma yanmadın belə.
Müşfiqin qəlbini tez alıb ələ
Onu röyalardan oyatmadınmı?

MİKAYIL MÜŞFİQSÖYLƏ

Günlərim axışır bir uyqu kimi,
Dərədən dərəyə axan su kimi.
Dilbərim hərcayi bir ahu kimi
Hicran dağlarını aşarmı, söylə?

Sənsiz nə zövqü var bağın, baharın,
Açan çiçəklərin, uçan quşların?
Sənsiz cənnət olsa kainat yarın,
Heç mənim ruhumu oxşarmı, söylə?

Səninlə bağlayıb mən əhdi-peyman,
Dedim, qismətimiz olmasın hicran.
Müşfiq quş olsa da görəsən bir an
Səndən uzaqlara uçarmı, söylə?

Haqqında Əkinçi