25 Sentyabr, 2017 - Bazar ertəsi
Mollaxanadan rektorluğa

Mollaxanadan rektorluğa

Tağı Şahbazi Simürğ ədəbi təxəllüsünün daşıdığı mənaya uyğun olaraq mədəniyyət və maarif yolunda yorulmadan çalışıb

Azərbaycan ədəbi-ictimai fikrinin tanınmış nümayəndələrindən olan yazıçı, publisist, pedaqoq, ictimai xadim Tağı Şahbazi Simürğ bədii-publisistik yaradıcılığı ilə yanaşı, fəal təşkilatçı kimi də tanınmışdır. Ədəbi təxəllüsünün daşıdığı mənaya uyğun olaraq, xalqın maariflənməsi, elmi, səhiyyəsi yolunda yorulmadan çalışmışdır. 

Tağı Abbas oğlu Şahbazi 1892-ci il iyulun 2-də Bakıda anadan olub. İbtidai təhsilini mollaxanada alıb, 1902-1905-ci illərdə Həbib bəy Mahmudbəyovun müdir olduğu birinci rus-tatar məktəbində təhsilini davam etdirib. Orta təhsilini başa vurduqdan sonra, 1913-cü ildə Ukraynanın Xarkov Universitetinin tibb şöbəsinə daxil olur. Tələbəlik həyatı gərgin inqilabi hadisələr şəraitində keçir. “Hümmət” təşkilatının üzvü olan Tağı Şahbazi 1919-cu ildə Ukrayna Kommunist Partiyası Mərkəzi Komitəsinin yanında “Hümmət” müsəlman bürosuna sədrlik edir. Eyni zamanda Xarkovda “Cənub türk-tatar işçisi” hərəkatında fəaliyyət göstərir.
Sovetləşmədən sonra ümidli bir gələcəyə inanan T.Şahbazini SSRİ Xalq Milli İşlər Komissarlığının Zaqafqaziya müsəlmanları şöbəsinə katib təyin edirlər. O, həmçinin Azərbaycan SSR xalq maarif komissarının müavini, “Maarif və mədəniyyət” jurnalının redaktoru, respublika Mərkəzi İcraiyyə Komitəsinin katibi, 1926-cı ildən 1929-cu ilədək isə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) ilk azərbaycanlı rektoru kimi tarixə düşür. Sonra Tibb İnstitutunda müəllim, 1930-1937-ci illərdə xalq səhiyyə komissarının müavini vəzifəsində çalışır və bu onun son iş yeri olur.
Tağı Şahbazi fəaliyyəti dövründə bir sıra taleyüklü qərarların qəbul olunmasına nail olur. Belə ki, 1920-ci il noyabrın 30-da keçirilən Azərbaycan K(b)P MK Siyasi və Təşkilat bürolarının birgə iclasının qəbul etdiyi qərarı ilə iki yerə bölünən (bir hissə Ermənistana verilir) Zəngəzur bölgəsinin Azərbaycanda qalan hissəsində inzibati idarə mərkəzinin yaradılması zərurəti meydana gəlir. İndiki Laçın və Abdallar kəndləri arasındakı ərazidə rayon mərkəzinin yaradılması qərara alınır. Rayonun adını seçərkən yerli relyefi və əhalinin xarakterini nəzərə alan T.Şahbazi təşəbbüs göstərərək inzibati əraziyə Laçın adını təklif edir. 1930-cu ildə Laçına rayon statusu verilir.
T.Şahbazi fəal ictimai-pedaqoji fəaliyyətlə yanaşı, “Simürğ” təxəllüsü ilə bədii yaradıcılığı ilə də dövrün ədəbi mənzərəsində görünməyə başlayır, publisistik yazılarla mətbuatda çıxış edir. Yaradıcılığı ədəbi ictimaiyyət tərəfindən maraqla qarşılanan yazıçının “Quşlar kimi azadə”, “Südçü qız”, “Aclar”, “Haqsızlıq dünyası”, “Hacı Salman”, “Ağanın kənizi”, “Məşədi Qədimin evində bədbəxtlik”, “Azadlıq üçün cinayət”, “Zərifə”, “Küləkli bir axşam” və s. hekayələrində real həyat hadisələri qələmə alınıb. Müəllif xalqın dünyagörüşünün formalaşması, maariflənməsi problemlərini özündə əks etdirən bu nümunələri sadə dildə oxuculara təqdim edir. O, böyük bir həvəslə, yorulmadan yazır və çap edilir, müasirləri arasında rəvan, axıcı dilinə, üslub tərzinə görə seçilir.
Ancaq yazıçının bu normal həyat yolu, yaradıcılıq fəaliyyəti uzun sürmür, “37”nin qara qorxulu tufanı onu da ağuşuna alır. 1937-ci il martın 4-də “gizli milli təmayülçülər” qrupuna məxsus olmaqda, əksinqilabi millətçi çıxışlar etməkdə günahlandırılaraq partiya sıralarından xaric edilir. Dörd ay sonra, iyulun 11-də onu həbs edirlər.
Araşdırmalarda qeyd olunur ki, istintaqın ilk dörd ayında müstəntiq ondan heç bir özünü “ifşa edən”, “günahlarını səmimi etiraf edən” ifadələr ala bilmir. 1937-ci il noyabrın 13-də istintaq başa çatır. 1938-ci il yanvarın 2-də Hərbi Kollegiyanın qapalı məhkəmə iclası keçirilir. Cəmi 15 dəqiqə çəkən iclasda T.Şahbazi ən ağır cəzaya – güllələnməyə məhkum edir və hökm həmin gün yerinə yetirilir.
“Vətən xaini”nin ailə üzvü kimi səkkiz il həbs cəzası çəkmiş ədibin həyat yoldaşı Mariya Kirillovna Paşina-Şahbazi aidiyyəti təşkilatlara ərizə ilə müraciət edir. Uzunmüddətli yazışmalardan sonra, 1956-cı il sentyabrın 25-də ona bəraət verilir.

Savalan Fərəcov

Haqqında Əkinçi