24 Noyabr, 2017 - Cümə
Müəllifsiz

Müəllifsiz

Sakit bir payız axşamı
Küçə ilə ağır – ağır addımlayan bir qoca
Bir də xəzan yarpaqları –
Səpələnib səkilərə yol boyunca,
Çoxdan ötmüş yay fəslini andırmada.
Qarşıda uzun gecələr, bir də soyuq qış durmada.
Yetimxananın böyründən keçərkən birdən sarı yarpaqların arasında qocanın gözünə yumrulanıb yerə atılmış bir kağız parçası sataşdı.
Qoca ayaq saxladı, kağızı titrək əlləri ilə yerdən qaldırıb gözlərinə yaxınlaşdırdı:
“Ey bunu tapan kəs – sevirəm sizi,
Ey bunu tapan kəs – mənə gərəksiz,
Mənim danışmağa yoxdu bir kəsim…
Ey bunu tapan kəs – sevirəm sizi!”
Səriştəsiz uşaq əlinin yazdığı bu sətirləri oxuyan ixtiyar qocanın gözləri yaşardı və o, ağladı.
Sonra başını qaldırıb uşaq evinin pəncərəsinə baxdı və pəncərə arxasında balaca burnunu şüşəyə sıxıb durmuş qəşəng bir qızcığaz gördü.
Onda qoca başa düşdü ki, dostunu tapıb.
Və gülümsəyərək qıza əlini yellədi.
Qız da ona ilıq təbəssümlə cavab verdi.
İndi hər ikisinə açıq aydın idi: onlar bütün qış uzunu qarın və soyuq yağışların üzünə güləcəklər.
Onlar bir – birinə təbəssüm bəxş edəcəkdilər – yetimxananın hasar barmaqlıqları arasından danışa – danışa və bir – birlərinə kiçik hədiyyələr bağışlaya – bağışlaya.
Qoca – bəxtiyar qız üçün ağacdan qəşəng oyuncaqlar kəsib düzəldirdi;
Qız – ixtiyar qoca üçün yaşıl bağçada, günəşin şəfəqləri altında dayanmış gözəl – gözəl xanımların rəsmini çəkirdi.
Amma iyunun birinci günü qız yenə hasarın yanına qaçdı ki, çəkdiyi təzə rəsmi qocaya göstərsin, ancaq qoca gəlib çıxmadı.
Qız nəyə görəsə dərhal anladı: onun sirdaşı daha heç vaxt gəlməyəcək.
Və qaça – qaça otağına qayıdıb kağızda bu sətirləri yazdı:
“ Ey bunu tapan kəs – sevirəm sizi,
Ey bunu tapan kəs – mənə gərəksiz,
Mənim danışmağa yoxdu bir kəsim…
Ey bunu tapan kəs – sevirəm sizi!”

Haqqında Əkinçi