24 Noyabr, 2017 - Cümə

Muğam Şərq dünyəvi məclislərinin sənət incisi

   Muğam – ilk dünyəvi sənət beşiyinin müjdə qığıltısı.
Muğam – incə şeriyyətlə incədən incə musiqi cütlüyünün kama yetərək böyük incəsənət məbədi yaratmış estetik dəyər.
Muğam – ruhun musiqi dili ilə səslənən fəlsəfəsi.
Muğam – bu günə qədər sirri tam açılmayan fundamental nəzəri və ruhsal mənbə.

Dahi yunan filosofu Pifaqor deyirdi: «Ən gözəl musiqi kainatda səslənən musiqidir, heyif ki, onu hər kəs dinləyə bilmir».
Bəli, muğam da kainatın hər sənətkara, hər dinləyiciyə açılmayan kodlaşmış informasiyasıdır.
Şərqin janr iyerarxiyası sistemində muğam ən mötəbər pillədə yerləşir. Heç bir adıbəlli bəstəkar tərəfindən bəstələnməmiş muğam yalnız seçilmişlərə bəxş edilən tanrısal bir möcüzədir.
Muğam ruhun qidası, onun saflaşmasına, inkişafına təsir edən ən güclü vasitədir.
Forma etibarilə muğam kainatın və onun cövhəri olan insanın inkişaf mərhələlərini bizə anladır. Bəmdən pillə-pillə zilə istiqamətlənən muğamın şöbələri kulminasiya nöqtəsinə çataraq əql və ruhun təkan nöqtəsinə dönür. Bu yolun gedişi uzun, dönüşü anidir. Lakin hər ikisi çətin və əzablıdır. Çünki muğam – mütləq inkişafın dialektik yolunu keçən özünəqayıdışdır.
Muğam Şərq musiqisinin elmi özülüdür. O, pozulmayan qanunlara tabedir. Sənətkarlar bu qanun çərçivəsində yalnız improvizələr edə bilərlər. Bu, həm də Tanrının insanlara bəxş etdiyi nizamlı həyat çərçivəsində bir müstəqillikdir. Pozulmaz qanunlardan biri də təkan aldığın nöqtəyə qayıdışdır. Ruhumuz kainatdan gəlib, kainata da dönəcək; axı, ilk və son Vətənimiz Allahın dərgahıdır!
Muğam kainatdan gələn ünsdür. Sənət əsərini, sənət tablosunu yaradan isə bu ünsü eşidən, duyan sənətkar – onun ifasıdır. Bu baxımdan muğamlar Şərqin ən böyük, özü də zaman-zaman artan xəzinəsi, sənət fenomenidir.
Şərq ölkələrinin bir-birinə mənəvi inteqrasiyası isə muğamların məzmun, forma və strukturunda da öz əksini tapmışdır. Hər bir tarixi dövr muğama yeni çalar, ifa rəngarəngliyi bəxş etmişdir. Muğamların məzmunu fəlsəfi məna daşıyır. İnsanın məhəbbəti, sevgisi, eşqi üzərində qurulan muğamlar Tanrıya, onun yaratdıqlarına, ələlxüsus musiqi incəsənətinə həsr edilir. Mərhum xalq şairimiz Bəxtiyar Vahabzadə hamımızın əzbər bildiyimiz «…ahəstəcə qandırdı muğam»… misralarını yazarkən təkcə özünü nəzərdə tutmurdu. Bu məqamda xanəndələr arasında sadəcə Seyidağa kimi tanınan müasir şairimizin «Humayun» şeirini də xatırlamaq yerinə duşərdi:

Edilsə xəlq içində musiqi, əladan əladır,
Segahı inci, Rastı gövhər, Çahargahı dəryadır.
Humayun vaqi, sinədən qopan nuri-təcəlladır
Eşitcək cəlb edir könlüm necə Leylayi-Məcnuni,
Olum qurbanın, ey xanəndə, ifa et humayuni.

Humayun bir tilu etmiş günəşdir çıxmış azərdən,
Sədası azərilərçün bahadır ləli-cövhərdən.
Sevilsə, Seyidağa, şeirin, deyərlər dildə əzbərdən
Sevərlər şeiri gəl olsa onun mənası, məzmuni.
Olum qurbanın, ey xanəndə, ifa et humayuni.

Muğam melodiya deyil, monodiyadır, qəlbin ən incə çalarlarını dinləyiciyə çatdıran birsəsli simfoniyadır.
Zahirən ritmsiz, ölçüyə sığmayan birsəsli monodik muğamlar batində bəlli ritmə, ölçüyə, hətta polifoniyaya tabedir. Məhz bu cəhətlər onu melodiyadan fərqləndirir, məhz bu xüsusiyyətlərinə görə biz muğamları melodiya deyil, monodiya hesab edirik.
Bütün bunlarla bahəm, ruhun qida problemlərini həll edən bu böyük mənəvi nemətin problemləri də var:
Bu gün tədris sahəsində ən böyük problem Azərbaycan ladlarının lazımınca tədris edilməməsidir. Sovetlər dönəmində Azərbaycan ladları yalnız XI sinfin son 2 rübündə – həftədə cəmi 2 saat tədris edilirdi. Bunun ali musiqi ocağında da cəmi bir il tədris edilməsi Azərbaycan musiqişünasları və bəstəkarlarımızın təhsili üçün kifayət deyildi.
Etiraf edək ki, Azərbaycan ladları Avropa ladlarından həm səs düzümü baxımından, həm növlərinə görə qat-qat zəngindir. Məlumdur ki, Avropada yalnız 7 səs düzümündən ibarət 2 lad (major və minor) və onların hərəsinin üç (natural, melodik, harmonik) növündən istifadə olunur. Dünyanın saysız-hesabsız musiqi ədəbiyyatı nümunələri məhz bu iki lada əsaslanıb. Azərbaycanda isə 10-12 səs düzümündən ibarət – 7 əsas, 3 köməkçi muğam-lad mövcuddur. Hər ladın da 12-14, belə demək olarsa, növü var. Bütövlükdə bəstəkarlarımızın istifadə edəcəyi yüzə qədər lad mövcuddur. Bütün bunlar Azərbaycan ladlarının nə dərəcədə müxtəlif, nə qədər zəngin olduğunu bir daha sübut edir. Ancaq gəlin görək nəzəriyyəçilərimizin və bəstəkarlarımızın bu ladlar haqda bilikləri kifayət qədərdirmi? Və bu müxtəlifliyi, zənginliyi cəmi 1 və yaxud 2 ilin tədrisinə sığışdırmaq olarmı?!
Mənə elə gəlir ki, tədris planları kökündən dəyişməli, Azərbaycan ladları I sinifdən XI sinifə qədər tədris edilməli, solfecio dərsləri bu ladlar üzərində qurulmalı, Azərbaycan ladları musiqişünasların, bəstəkarların bütün ifaçıların qanına, canına hopmalıdır. Məhz bundan sonra Azərbaycan musiqi ədəbiyyatı, musiqi aləmi dünyaya gözəl nümunələr bəxş edə, bu günə qədər fəth etdiyi zirvələrdən daha yuxarılara qalxa bilər.
Bu yaxınlarda ustad sənətkar – Azərbaycanın xalq artisti Əlibaba Məmmədovla söhbətimdən böyük zövq aldım, özüm üçün maraqlı informasiyalar əldə etdim. Bu gün musiqişünasların məhz belə sənətkarlarla təmasda olmasını, onların fikirlərinə, rəylərinə əsaslanaraq elmi açmalar, məqalələr yazmasını arzulardım. Təsadüfi deyil ki, Üzeyir bəy saatlarla ustad tarzənlər, kaman ustaları və xanəndələrlə söhbət aparar, çalğılarını dinləyər, onlardan muğamın sirlərini öyrənər və yalnız bundan sonra ladlar və digər məsələlər haqda elmi məqalələr yazarmış. Əfsuslar olsun ki, musiqişünaslarımızın çoxu bütün dövrlər üçün bu əvəzsiz örnək və tükənməz mənəvi kapitaldan istifadə etmir.
Problemlərdən biri, deyərdim, ən vacibi oğlan uşaqlarının mutasiya dövründə səslərinin dəyişməsi (codlaşıb yoğunlaşması) və xanəndəlik tədrisinin əsasən IX sinifdən məcburən dayandırılmasıdır. Bu baxımdan məqsədyönlü işləməli, xüsusi metodikalar yaradılmalıdır. Unikal səslər qorunmalı, keçid dövrü yaşayan oğlanlara mənən və ruhən dayaq durulmalıdır.
Hegel tarixi 3 dünyəvi dövrə – Şərq, Antik və Alman dövrlərinə ayırırdı. Onun sözlərinə görə, dünya tarixi Şərqdən Qərbə istiqamətlənib, çünki Avropa, qeyd-şərtsiz, dünya tarixinin sonu, Asiya onun əvvəlidir. Ancaq yenə də yada salaq ki, pozulmaz qanunlardan biri təkan nöqtəsinə qayıdışdır. 3 hissəli formaya əsaslansaq, Şərqdən başlanan dünyəvi dövr Şərqdə də tamamlanacaq. İSESKO və YUNESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın bilavasitə rəhbərliyi ilə keçirilən muğam simpoziumu Şərqə qayıdışın ilk addımlarıdır. Fikrimcə, bu addımlar qloballaşan dünyamızın mərkəzinədək irəliləyəcək…

   Nigar CƏrullaqızı,
fəlsəfə elmləri doktoru

Haqqında Əkinçi