22 Noyabr, 2017 - Çərşənbə
Müşfiq ömrünün anları

Müşfiq ömrünün anları

   Qüvvətli hafizəsinə arxayın olan Mikayıl Müşfiq çox vaxt qoşduğu şeiri uzun müddət kağıza köçürməzdi. Öz şeirlərini və sevdiyi klassiklərin əsərlərini əzbər bilərdi. Bir dəfə, Müşfiq tələbə ikən, müəllim dərsdə məşhur türk şairi Tofiq Fikrətin yaradıcılığından məruzə oxuyacaqmış. Lakin Tofiq Fikrətin kitabını özü ilə gətirməyi yaddan çıxaran müəllim dərsi təxirə salmaq istəyir. Bu vaxt Müşfiq icazə alıb deyir:
-Müəllim, dərsi təxirə salmayın. Tofiq Fikrətin hansı əsəri lazımsa, mən onu əzbər deyə bilərəm.
Müəllim təəccüblənir:
-Sən onun hansı əsərini bilirsən?
Müşfiq də qürrələnir:
-Müəllim, siz məndən soruşun ki, Tofiq Fikrətin hansı əsərini bilmirəm?
Müəllim bu dəfə fərəhlə gülümsəyərək:
-Demək, onun bütün əsərlərini bilirsən?
-Bəli!
-Onda dərsə başlayaq – deyə müəllim Tofiq Fikrətin yaradıcılığı haqda mühazirəsini Müşfiqin köməyi ilə oxuyur.

* * *
Müşfiqin gənclik dostu R. Rza şairə həsr etdiyi məqaləsində onun həyatından bir epizod təsvir edir. O yazır ki, 1936-cı ilin şaxtalı bir qış axşamında Sabir bağının qarşısında üzü yuxarı gedirdik. Əlləri cır-cındır pencəyinin qolunda itmiş bir uşaq soyuqdan titrəyərək gəlib-gedənlərin qarşısına qaçıb siqaret satırdı.
Uşağı bu vəziyyətdə görən Müşfiq dayandı, cibindən kağız pul çıxarıb titrəyən əlləri ilə ona papiros qutusunu uzadan uşağa verdi və sonra yolumuza davam etdik. Gözləri yaşarmış Müşfiq bu hadisədən sarsılaraq dedi: ”Belə şaxtalı gecələrdə, qızmar günlərdə nə qədər ”ay papiros!” – deyə küçələri dolaşmışam… Hətta müştəri cəlb etmək üçün ”papiros şeirləri” də qoşurdum:
”Gəl, ay müsəlman, urus,
Əla , xaroşi paprus.”

Haqqında Əkinçi