19 Noyabr, 2017 - Bazar
NEFT VƏ  QAZ —-ALLAH  VERGİSİDİR

NEFT VƏ QAZ —-ALLAH VERGİSİDİR

 
 
Qarşımda 1887-ci ilin fotosudur: “Balaxanı, Bakı yaxınlığında kənd.”Neft fontanı” (Almaniyada çıxan “Forum” qəzetinin fevral 2009-cu il sayından götürülmüşdür).lakin məqalə müəllifi,belorusiyalı alim A.Qalkin “Hələki yerin tərkində  tiyan qaynayır” məqaləsində neft sənayesinin yaranma tarixini Pensilvaniya ilə bağlaması (1859) məni məyus etdiyi üçün və uzun illər neft-qaz sənayesi ilə  təmasda  olduğumdan bəzi fikirlərimi bildirmək qərarına gəldim… Əslində ilk neft quyusu (skvajina) ABŞ-dan 10 il əvvəl,1846-cı ildə Bibi –Heybətdə qazılmışdır.
 
Tarixi məxəzlərdən məlumdur ki,hələ X-XIII əsrlərdə Azərbaycanda  Abşeronda–  Balaxanı və Suraxanıda quyulardan neft çıxarılması göstərilir. 1264-cü ildə Marko-Polo Abşeronda neft çıxarılmasının  şahididir. Neftlə doldurulmuş hovuzlardakı mayedən həm işıq üçün,həm də dəri xəstəliklərini müalicə etmək üçün istifadə edirlərmiş.Marko Polo eyni zamanda palçıq vulkanların olduğunu, qaz sızmalarının varlığını da qeyd edir.Atəşgah və oda sitayiş haqqında da məlumat verir.
XIV—XV əsrlərdə 200 dəvədən ibarət karvanın hərəsinin 300 kq neftlə hərəkət etdiyini qeyd edir. XVII əsrdə alman Lerx də Bakıda 360-400 neft quyusunun olduğunu qeyd edir.
Birinci Pyotrdan üzü bəri rus çarlarının Azərbaycana ” təpgiləri” Bakı nefti üzündən daha da artırdı. Hətta,bakı taciri Qasımbəy 18-3-cü ildə dənizdə –Bibi-Heybətdə sahildən 18 və 30 metr aralı iki quyu qazdırmışdı. 1813-cü ildə Abşeronda neftin hasilatı 200-300 pud təşkil edirdi. 1830-cu ildə 1594-cü ildə qazılmış 116 quyudan 710-720 barell neft çıxarılmışdır. 1863-cü ildə məşhur kimyaçı alim D.Mendeleyev Bakıda olur və Bakı neft yataqları ilə yaxından tanış olur. Artıq 1901-ci ildə Bakı neftinin həcmi (11,4 milyon ton) Ümumrusiya neftinin 90% və dünya neftinin 50%-ni təşkil edirdi.
İş burasındadır ki,məqalə Rusiya və Ukrayna arasında baş vermiş qaz mübahisəsinə həsr edilməsinə baxmayaraq,müəllif yazısını neftin əmələ gəlmə tarixindən başlayır və Azərbaycan alimləri üçün tanış məsələlərlə almanları tanış edir,hətta bir az da “optimistik” notlarına üstünlük verir. Bəlkə də iki qonşu və qohum ölkəni və xalqı barışdırmaq istəyir.Bu təqdirə layiq addımı alqışlamaqla yanaşı, mən də  “Neft və qaz yataqlarının geofiziki üsullarla axtarışı və kəşfiyyatı” ixtisası üzrə Bakı Dövlət Universitetini bitirdiyim üçün və uzun illər,bir dövlət məmuru kimi, neftçilərlə əməkdaşlıq etdiyim üçün, neftin vətəni olan Azərbaycanımı təqdim (bəlkə də tərənnüm) etmək istərdim…
 
 
 
Mən sevinirəm və fəxr edirəm ki, mən ilk mühazirəmi məşhur neftçi alimimiz,akademik Şəfayət Mehduyevdən  dinləmişəm.Sonralar akademiklərdən Ə.Əlizadə,M.Abbasov,Ə.Yaqubov,A.Əliyev,X.Yusifzadə, Ə.Sadıqov, S.Səmədov,S.Əliyev və digərləri kimineftçi və vulkanoloq alimlərlə və B.Məmmədov,Q.Abbasov kimi məşhur neftçilərlə əməkdaşlığım olmuşdur.
Mən,sevinirəm ki, Nobel mükafatı fondunun yaradılmasında Bakı neftinin də payı vardır. Kədərlənirəm ki,Azərbaycan xalqının düşməni Qorbaçov Nobel mükafatı aldığı halda, hələ də bir nəfər Azərbaycanlı bu mükafata layiq görülməmişdir.
Sovet hakimiyyəti illərində Azərbaycanda 2 milyard tona qədər neft çıxarılmışdır. Müstəqil Azərbaycanımız da neft-qaz ehtiyatlarına görə öndə gedən dövlətlər sırasına daxildir.Mən dövlət məmuru və ekspert kimi 20 neft-qaz yatağının istismar layihələrinin ətraf mühitə təsirinin qiymətləndirilməsi (ƏMTQ) üzrə ekoloji ekspertizaya rəhbərlik etmişəm.Bakı-Tibilisi-Ceyhan kəmərinin də ƏMTQ ekspertizasını aparmışam.dəniz yataqları üzrə ekoloji normativlərin hazırlanması barədə protokol imzalanmışdır.Xəzər dənizi mühitinin mühafizəsi Çərçivə Konvensiyasının hazırlanmasının təşəbbüskarı və icra edilməsinin iştirakçısı olmuşam.
Cəsarətlə demək lazımdır ki,təbiətə,yerə,onun təkinə elmi cəhətdən savadlı və humanistcəsinə yanaşsaq biz insanlar yanacaqdan heç vaxt korluq çəkməyəcəyik.Çünki,10 əsr yaşı olan bizim neft-qaz yataqlarımız hələ zəngindir
Azərbaycanda 200-250 palçıq vulkanı var. Geologiya Komitəsində baş hidrogeoloq işlədiyim dövrdə palçıq vulkanların,zəlzələlərin Yerin həyatında hansı müsbət əhval-ruhiyyə yaratdığının şahidi oldum və həmkarlarımla zəlzələlərə,tektonik hərəkətlərə,sürüşmələrə dair bir neçə elmi məqalə yazıb Moskvada çap etdirdik. Mən inanıram ki,bizim vulkanoloqlar (hörmətli Aydın Əliyev və həmkarları) və seysmoloqlar( xüsusən, dostum Əli Əliyev və yoldaşları) geodinamik proseslərin tək ziyanından yox, həm də xeyrindən söhbət açacaqlar… Azərbaycan ərazisi neotroktonik ərazidə qərarlaşıb, istədiyimiz qədər birinci və ikinci dərəcəli dərinlik qırılmaları,qədim qırılmalar müşahidə olunur.Azərbaycan 20 seysmotektonik rayondan ibarətdir və hər bir rayonun neft-qaz bölgüsündə öz payı vardır… odur ki,neftin genezisindən asıklı olmayaraq zəlzələlər.vulkanlar,hətta,ekzogen geoloji proseslər(EGP) neftlilik dərəcəsinə öz töhvəsini verəcəkdir,yalnız fəal işləmək lazımdır. Neftlə zəngin olan rayonların birində–Tatarıstanın Romaşkino neft yatağında zəif bir zəlzələdən sonra köhnə quyular neft verməyə başlamışdır. Yaxud,7 fevral 2008-ci il tarixində Britaniya adalarında 5,3 ballıq zəlzələdən sonra sabit zona hesab edilən bu yerdə çatlar hesabına neft gözləyirlər.
Alimlərin fikrincə,Yerin dərinliklərində,sanki,bir nüvə reaktoru işləyir və guya  karbohidrogenlər ” istehsal” edir. Alimlərin müqəddəs vəzifəsi isə,öz müşahidələrini gücləndirmək,elmi-tədqiqatların maddi bazasını təkmilləşdirməkdən ibarət olmalıdır. Azərbaycan günəşli,küləkli,vulkanlı,8350-dən çox çayları olan ölkədir.Hər dağ çayının mənbə hissəsində kiçik su anbarı tikməklə,həm su ehtiyatı yaratmaq,həm də enerji almaq olar.Dağlıq yerlərdə günəş batareyası,Yel enerji mənbəyi quraşdırmaq kifayətdir.Məişət tullantıları həm istilik.həm enerji,həm də əlavə maddi nemət,təmizlik mənbəyidir.
Bu yolda,ölkə prezidentinə,AMEA-nın prezidentinə və Neft Şirkətinin prezidentinə,bütün alimlərə,ilk növbədə ekoloqlara uğurlar diləyirəm.
 
 
 
                                           Telman İsmayılov
 
         Almaniya Geologiya,Mineralogiya Elmi Cəmiyyətlərinin,Almaniya “Geologiya Doistları” birliyinin üzvü,Beynəlxalq Ekologiya Elmləri Akademiyasının həqiqi üzvü,AMOK-un təbiəti mühafizə üzrə yardımçı
Şöbəsinin eks-rəhbəri. Düsseldorf
 
 

Haqqında Əkinçi