19 Noyabr, 2017 - Bazar

Nigar Yunus

“Gizli öpüş” və ya “Oğurlanmış öpüş” adlanan bu məşhur əsər bir çox incəsənət adamlarına tanışdır. Məlumat üçün qeyd edim ki, tablonun müəllifi – fransız rəssamı Jan Onore Fraqonar 1732-ci il, aprelin 5-də Provansın cənubunda, Qrassda anadan olmuş və 1806-cı ilin avqust ayının 22-də Parisdə vəfat etmişdir.

Nigar Yunus Fransız romantizminin ən məşhur nümayəndələrindən olan J.O.Fraqonar ilk rəssamlıq dərsini Fransua Buşe və Jan Batist Simeon Şarden kimi görkəmli rəssamlardan almışdır. Onun şedevr əsəri “Yelləncək” (1767) adlı tablosu hesab olunsa da, “Gizli öpüş” əsəri daha çox özəlliyi ilə fərqlənir. Bu tablo 1788-ci illər ərəfəsində kətan üzərində, yağlı boya texnikasında çəkilmişdir. Əsərin əsas kompozisiyası ön plandakı gənc qız fiquru üzərində təşkil olunmuşdur. Kompozisiya qapalı məkanda – otağın içərisində qurulub. Rəssam otağı nisbətən qaranlıq şəraitdə təsvir etmək ilə bəlkə də, əsərin məzmununu daha qabarıq formada ifadə etmək istəyib. Ön planda iki fiqur – oğlan və qız təsvir olunub, arxa planın sağ küncündə isə açıq qalmış qapıdan görünən otaqda üç qadın fiquru, sanki qızğın söhbət zamanı göstərilib. Onlar həm uzaq planda, həm də içəri otaqda olduqları üçün qaranlıq tonlarda işlənilib. Əsas səhnənin cərəyan etdiyi qabaq plana nəzər salaq: sol küncdən qapı açılır və oradan boylanan gənc oğlan elə qapı ağzındaca istəklisini hər iki əli ilə sağ biləyindən tutub, özünə tərəf çəkərək öpür. Bu zaman qızın sol ayağı oğlanın onu kobudcasına özünə tərəf dartması nəticəsində yerdən azacıq yuxarı qalxır, bədəni isə diaqonal şəkildə oğlana tərəf əyilir. Rəssam qızın bədənini tamaşaçıya yönlü, fasdan göstərsə də, baxışlarını yan tərəfdəki otağın qapısına doğru yönəlmiş vəziyyətdə təsvir edib. Gizli şəkildə, “oğurluqla” əldə edilmiş bu öpüş, görünür, sahibənin ürəyincədir. Çünki o, heç bir narazılıq və etiraz etmədən gənc sevgilisinə onu üzündən öpməyə razılıq verir. Lakin buna baxmayaraq, onun çöhrəsindəki narahat və gərgin mimika daxilindəki qorxu hissini göstərir; sanki həmin an içəri otaqdan qonaqlardan birinin çıxıb onları bu vəziyyətdə görəcəyi üçün həyəcan keçirir. Kübar dairəyə mənsub bu qız əynindəki dəbdəbəli, ipək donu ilə diqqəti cəlb edir. Onun sol əlində, barmağının ucunda saxladığı çox nəcib və nazik şal isə gizli öpüşün romantikasını təcəssüm etdirir. Rəssam Fraqonar bir neçə tablosunda intim detalları incəliklə işləmişdi. Elə “Gizli öpüş”də də bu, açıq-aydın özünü büruzə verir. Əksəriyyət əsərlərinə baxanda belə qənaətə gəlmək olur ki, müəllif bu cür ani məqamları təsvir etməyi xoşlayırmış…
Əsərin işlənmə tərzinə gəlincə, deyə bilərik ki, kompozisiya real səpkidədir. O dərəcədə real ki, rəssam qız fiqurunun geyimindəki bütün detalları-qırçınları, qırışları faktura cəhətdən olduqca dəqiq işləmişdir; parçanın sürüşkən, ipək materialdan olması da şübhə doğurmur. İşıq-kölgə effektinin ən kulminasiya nöqtəsi isə elə ön plandakı əsas səbəbkarın donu üzərində göstərilib. Kompozisiyada rəng qamması, əsasən narıncı-qəhvəyi, tünd-mars qəhvəyi, qızılı oxra, bozumtul-gümüşü və açıq-berj rəngli çalarlarda həll olunmuşdur. Əsər ümumilikdə süjetin canlılığı və yüngül dramatizmi ilə seçilir. Hazırda bu bənzərsiz tablo Sankt-Peterburqda, Ermitaj muzeyində saxlanılmaqdadır.

Haqqında Əkinçi