25 Sentyabr, 2017 - Bazar ertəsi

Novruz Səlimov

Hər bir insan yuxu görür.Yuxuların da cürbəcür yozumları olur. Amma bir yuxu var ki, onun ikinci yozumu yoxdur Bu atdır, əgər gecə yuxunda at görmüsənsə deməli, bütün arzularına,istəklərinə çatacaqsan. Çünki at –muraddır! Həqiqətən də atlarda bir müqəddəslik, həmişəyaşarlıq, məğrurluq var. Onları nağıllarımıza, dastanlarımıza gətirən, əsas qəhrəmanlardan birinə çevirən də elə budur. Salur Qazanın Qonur atını, Beyrəyin Boz ayğırını, qoç Koroğlunun qara başlı, dolu gözlü, qara birçəkli, uzun boylu, tökmə döşlü, sağrılı Qıratını, uzuncaydaq, çəkmə sağrılı, nazik ortalı Düratını, Qaçaq Nəbinin ifçin yəhər-yüyənli acı qamçı dadmayan Boz atını sevməmək mümkünmü? Atlar insanların həmişə əbədi dostu və köməkçiləri olublar. Bəşər övladı tarixən atdan ancaq xeyir görüb!

Novruz Səlimov At qədim türklərin həyatında, məişətində, hətta inanc və əsatirlərində də özünə yer tapıb. Ulu türk abidələrində, dastan və folklor nümunələrində də at obrazları əbədiləşib. Azərbaycan tarixinin ən qədim abidəsi olan Qobustan qayaüstü rəsmlərində də at rəsmləri kifayət qədərdir.

Türklərin həyatında, xüsusilə də ölkənin yadellilərdən müdafiəsində müstəsna rolu və əhəmiyyəti olduğu üçün atın müqəddəs obrazı türkün ruhuna hopub. Ata böyük inam və etiqadla yanaşan türk tayfaları hətta onu ehtiramla dəfn də edirdilər.

Vəhşi atların əhliləşdirilməsi və onların insanlar tərəfindən yetişdirilməsi isə eramızdan 3000-3500 il əvvələ təsadüf edir. Qazıntılar və digər maddi-mədəniyyət abidələri göstərir ki, vəhşi və yarımvəhşi halda yaşayan insanlar vəhşi atları ovlayaraq onların ətindən və dərisindən istifadə edirdilər. Ovlanan atların bəzisini, xüsusən də onların balalarını sabahkı gün üçün saxlayan insanlar onları özlərinə tabe etmiş və beləliklə, vəhşi atları tədricən əhliləşdirmişlər. Sonralar ibtidai – icma şəraitində yaşayan insanlar bu atlar vasitəsilə digər heyvanların ovuna çıxır və onları qoşquda istifadə etməyə başlayırlar.

Akademik Z.Bünyadov “Azərbaycan tarixi” əsərində yazır ki, Cəlilabad rayonu ərazisində yerləşən eneolit dövrünün son mərhələsinə (e.ə.V minilliyin sonu IV minilliyin birinci yarısı) aid olan Əliköməktəpə abidəsində tapılan at sümüklərinin xeyli hissəsi əhliləşdirilmiş atlara məxsusdur. Daha maraqlı fakt odur ki, bu dövrdə azı iki at tipinin olması müəyyənləşdirilib.

Son Tunc və Dəmir dövründə artıq atçılıq heyvandarlığın əsas sahələrindən birinə çevrilmişdi. At totemi, ata sitayiş kimi yeni mərhələlər meydana gəlmişdi. Qarabağ (Borsunlu, Sarıçoban, Xocalı, Dovşanlı, Ballıqaya), Gəncə, Naxçıvan, Mingəçevir kurqanlarında tayfa başçılarına və üzvlərinə məxsus qəbir abidələrində təmtəraqlı at dəfninə tez-tez rast gəlinməsi bununla bağlıdır.

Orta əsrlərə aid tarixi sənədlərdə Azərbaycan atlarının yüksək keyfiyyətli olması və geniş yayıldığı göstərilir. Əl-İstəxri yazırdı ki, Azərbaycanın inkişaf etmiş şəhərlərindən olan Bərdədən başqa ölkələrə, xüsusilə Hindistana cins at və qatırlar aparılırdı. Bəzi ərəb mənbələrində isə VIII əsrdə Azərbaycandan Ərəbistana 60 min qızılı rəngli və 40 min baş boz rəngli atların qəsb edilərək aparıldığı haqqında məlumat verilir.

Tarixi mənbələr göstərir ki, bəzi Şərq xalqlarının özünəməxsus at cinsləri olmayan bir dövrdə qədim Azərbaycan tanınmış və geniş yayılmış atları ilə şöhrət qazanmışdı.
XII əsrdə yaşamış görkəmli ərəb tarixçisi İbn- Hayqal yazırdı ki, yaraşıqlı Azərbaycan atları hər yerdə şöhrət qazandıqları üçün onlara İran, İraq və Suriyada böyük tələbat var idi. Bu atlar Hindistana və Misirə də aparılırdı.

Azərbaycan atları əsrlər boyu müəyyən təbii-tarixi şəraitin təsiri altında dəyişmiş və özünəməxsus yerli at cinsləri əmələ gəlmişdir. Bunlardan ən yaxşıları Qarabağ və Dilboz atlarıdır.

Qarabağ atı haqqında ilk yazılı məlumat 1824-cü ildə Keristinq tərəfindən verilib. O, 1822-ci ildə İrana gedərkən Gürcüstanda Qarabağ atlarını gördüyünü və onları çox xoşladığını qeyd edir. Keristinq güman edir ki, Qarabağ atı yerli cinsdən olan madyanların təmizqanlı ərəb atı ayğırları ilə yaxınlaşdırılması nəticəsində əmələ gəlib. Onun fikrincə, buna İran şahı – Nadir şah öldürüldükdən sonra (1747) onun ərəb at ilxılarının Qarabağ xanlarının əlinə keçməsi səbəb olub.

Beləliklə, Qarabağ at cinsinin, guya XVIII əsrin ortalarında ərəb və İran atlarının iştirakı ilə əmələ gəlməsi fikrini qəbul etmək çətindir. Burada iki, bir-birindən fərqli anlayış, yəni Qarabağ at cinsinin mənşəyi və yaradılması məsələsini ona sonralar bu və ya digər cinsin təsir göstərməsi ilə qarışdırmaq düzgün deyil. Azərbaycan atları haqqında yazılan tarixi məlumatlara əsasən belə nəticəyə gəlmək olar ki, Qarabağ atı qədim Azərbaycan atlarının nəslindəndir, onların bir qolu, bir tipidir. Hələ ərəb atı haqqında heç bir məlumat olmayan qədim dövrdə, Azərbaycan atları, o cümlədən də Qarabağ atı şöhrət qazanmışdı və bir çox Şərq ölkələrinə aparılırdı.

Ərəb atları haqqında isə ilk dəfə IV əsrin ikinci yarısında yaşamış Ammion Marsələn məlumat vermişdir. Ərəb atı, yalnız VII-VIII əsrlərdən başlanaraq ərəblərin İranı, Azərbaycanı işğal etməsi, habelə bu ölkələrin yaxşı atlarını ələ keçirməsi ilə tanınmışdır.

Lakin bununla belə görünür ki, XVIII əsrin ortalarında xanların ilxılarında Qarabağ atı İran, ərəb atları ilə cütləşdirilmiş və nəticədə Qarabağ cinsində yeni nəsillər əmələ gəlmişdir.

1867-ci ildə Parisdə keçirilmiş Ümumdünya At Sərgisində Qarabağ atı da iştirak edir və mütəxəssislərin yüksək qiymətini qazanır. Parisdə keçirilən bu sərgidə 10 milyona yaxın adam iştirak edir. Qarabağ cinsindən olan Xan adlı qızılı-kəhər rəngli ayğır gümüş medal qazanır və ona alıcılar böyük həvəslə 3500 frank verirlər. Bu sərgidə iştirak edən Əlcəzair alayının polkovniki Marsiye sonralar deyirdi ki, sərgidə nümayiş etdirilən bu at ərəb atına oxşayır, lakin belə qəşəng başlı və düzgün bədən quruluşlu atı nə Əlcəzairdə nə də Ərəbistanda tapmaq mümkündür.
Qarabağ atları 1866, 1869-cu illərdə Moskvada keçirilən Ümumrusiya At Sərgilərində iştirak edir. Bu sərgilərdə Maymun adlı ayğır gümüş medal və 300 manat mükafat, Molotok və Səlbinaz adlı atlar isə tunc medal və tərifnaməyə layiq görülürlər. 1872-ci ildə keçirilən üçüncü sərgidə isə Bayram adlı ayğır üçüncü pul mükafatına layiq görülür. Bu barədə Rusiya atçılığının görkəmli bilicisi Koptev yazırdı ki, Rusiyada öz gözəlliyi etibarılə ahuya bənzər Qarabağ atı güc və davamlılıq əlaməti olan dərin döşü, enli sağrısı, quru ayaqları və yaxşı inkişaf etmiş əzələləri ilə diqqəti cəlb edirdi.

1956-cı ildə İngiltərə kraliçası II Yelizavetaya Qarabağ cinsindən olan “Zaman” adlı at hədiyyə edilir. Hədiyyədən heyran olan kraliça atı “yer üzündə yaradılmış cins atların brillyantı” adlandırır.

Qərb ölkələrində Qarabağ atlarına bu gündə böyük maraq var. Ağdam rayonunun ermənilər tərəfindən işğalı zamanı 100 başdan artıq Qarabağ atı Amerika, Kanada, Fransa, İtaliya, İspaniya, Almaniya və digər ölkələrə satıldı. Hal-hazırda bu atlar bəslənilir və damazlıq kimi istifadə olunur.

Atlar gözəl olduqları qədər də çox qabiliyyətli heyvanlardır.Onların hiss orqanları güclü inkişaf etdiyindən, atlar müxtəlif məkan və cisimləri yadda saxlamaq qabiliyyətinə malikdirlər. At yiyəsinin addım səslərini yaxşı seçir, sahibi tövləyə çatmamış onu ayaqlarının səsindən tanıyır. Güclü eşitmə qabiliyyəti atın qulaqlarının quruluşu ilə bağlıdır. Onun qulaq quruluşu elə formadadır ki, o nəinki səs dalğalarını tutur, hətta onları gücləndirə bilir. Qulaqlar mütəhərrik kimi səs gələn müxtəlif səmtlərə çevrilərək səsləri qəbul edir. At musiqiyə qarşı olduqca diqqətlidir. Oynaq və temperamentli musiqilər onlara yaxşı təsir edir. Milli “Cəngi” havası, nağara və zurnanın səsi atlara oynaqlıq gətirir. Həmçinin səsin sərt və mülayim olmasını at tez və dəqiq fərqləndirir.

Atın kişnəməsi – müxtəlif informasiyaların ötürülməsinə xidmət edir. Atda 96-97 səs siqnalı müşahidə olunur. Onlar qısa, lakin yüksək səsi xəstə hallarda çıxarırlar.

Fınxırtı – təhlükə siqnalı hesab edilir. At ona yaxşı baxan sahibinin yaxınlaşdığını görəndə onu şən və mehriban kişnərti ilə qarşılayır. Atda olan görmə qabiliyyəti qartalda olan görmə itiliyindən də güclüdür. O çox uzaqda ən kiçik canlıları və əşyaları ayıra bilir.

Novruz SəlimovAt minmək, at südü içmək və hətta atla ünsiyyətdə olmaq insana müalicəvi təsir göstərir. At minən insanlarda demək olar ki, xəstəlik olmur. Bu atın müxtəlif xarakterli hərəkətlərinin insan orqanizminə xeyirli təsiri ilə bağlıdır. At minənlərdə piylənmə və oynaqlarda duz yığılması halları olmur. Psixi xəstələr atla ünsiyyətdə olduqda, onlarda olan əsəb, psixoloji gərginlik müalicə olunur. Atlar hətta “donor”da ola bilirlər. Onların qanından müalicəvi preparatlar hazırlanır və botulizm, qanqrena, quduzluq xəstəliklərinə qarşı istifadə edilir.
Madyan südündən hazırlanmış qıcqırma məhsulu olan qımız müalicəvi və qida əhəmiyyətinə malikdir. O, yüksək qidalı pəhriz içkisi olmaqla yanaşı, vərəm, mədə-bağırsaq və ürək-damar xəstəliklərində, maddələr mübadiləsinin pozulmasında, sinir sistemi xəstəliklərində istifadə olunur. Madyan südü bioloji tərkibinə görə inək südündən üstündür və qadın südünə yaxındır. Atın təkcə südü deyil, həm də əti müalicəvi xarakterə malikdir. Məşhur alim Q. Arxanqelski yazırdı: “At ətinə ucuz və qiymətli dərman kimi baxmaq olar”. Bu qida məhsulu hələ qədimdən türk mətbəxinə daxil olmuşdu. İndi də tatarlar, qazaxlar, qırğızlar at ətindən geniş istifadə edirlər. At ətinin tərkibində zülallar və aminturşuları, bioloji birləşmələr çoxdur.

Nal haqqındaNovruz Səlimov Maraqlıdır ki, tarixçilər nalın kəşfini parovozun kəşfi ilə bərabər tuturlar. Nalın yaranma tarixi çox qədimdir. Hələ Çingiz xanın zamanında monqol-tatarlar atların ayaqlarını gön dəri ilə dolayıb bükürdülər. Qədim Romada isə hiposandal deyilən at ayaqqabılarından istifadə edirdilər. Hiposandallar atın ayaqlarına gön qayışlarla bərkidilən metal altlıqdan ibarət olurdu. Yaponlar isə atın ayaqlarını müxtəlif materiallarla bükürdülər. Tatarlar gön altlıqlar, qırğızlar isə buynuzdan kəsilmiş lövhəciklər qoyardılar. Üstündə mıxlar üçün deşiklər olan ilk nal forması hələ eramızdan min il əvvəl mövcud olub. Atın ayağına dəmir mıxlarla bərkidilən ən qədim dəmir nal nümunəsi Hamburq şəhəri yaxınlığında yerləşən və 200-cü ildə almanlar tərəfindən dağıdılan Roma qəsrinin qazıntılarında tapılıb. Atların belə nallanması VI əsrdən başlayaraq almanlar və slavyanlar tərəfindən kütləvi hal alır. Sonralar nalın müxtəlif növləri ortaya çıxsa da ümumi quruluş az dəyişib. XVI əsrdən müxtəlif təyinatlı, o cümlədən müalicəvi xarakter daşıyan ortopedik nallar meydana çıxır. Nalı tək dəmirdən deyil, digər materiallardan da hazırlayırdılar. Maraqlı ixtiralardan biri də atın ayağına nalın dəmir mıxlarla deyil, xüsusi yapışqan vasitəsilə yapışdırılmasıdır.

Hətta atın ayağına geydirilən zərbəyə davamlı plastik başmaqlar da mövcuddur.
Asfalt yollarda hərəkət edən atlar üçün altında rezin təbəqə quraşdırılmış nallardan da istifadə olunur. Bu at üçün həm amortizasiya rolunu oynayır, həm də sürüşkənliyi azaldaraq asfaltın didilməsinin qarşısını alır.

Bunları bilmək maraqlıdır
Novruz SəlimovHələ qədim zamanlardan məlumdur ki, at suya gedən cığırı asanlıqla tapır. Susuz yerlərdə isə suya aparan ən qısa yolu seçir. Maraqlıdır ki, Pomorlar buz altından balıq ovlamaq üçün atların hissiyatından istifadə edirlər. Buna səbəb atların insandan qabaq, buzların çatlamasını və sahildən aralanmasını hiss etməsidir. Qəribədir ki, bu zaman atlar narahatçılıqla yerlərindən qopur və yalnız onlara məlum istiqamətdə sahilə doğru qaçırlar. Təcrübəli balıqçılar isə vaxt itirmədən və atların seçiminə şübhə etmədən onların getdiyi istiqamətə üz tuturlar.

Atlar havanın dəyişəcəyini qabaqcadan hiss edir. Qocaların dediyinə görə, əgər at fınxırırsa yatda yağış, qışda isə yufan olacaq. Bəzən yağışdan əvvəl at başını əsdirib yuxarı ataraq, ayaqlarını yerə vurur. Əgər qışda at tövlənin döşəməsinə uzanırsa, bu havanın istiləşəcəyinə işarədir. Atlar hündür yerə çıxırlarsa, bu havanın yaxşı, isti olacağını bildirir. Yox, əgər əksinə, dəstəylə toplaşıb alçaq yerlərə enirlərsə bu, havaların pisləşəcəyini göstərir. Qış vaxtı atın oynaqlaması isə tufan olacağına işarədir.

Atlar zəlzələni tez hiss edirlər. Zəlzələdən qabaq onlar yuksəkdən kişnəyir, fınxırır, ayaqları ilə yeri döyəcləyir, bağları və cilovları qırıb qaçmaq istəyirlər.

Yer üzündə at adı daşıyan yeganə şəhər Makedoniyalı İskəndərin Butsefal adlı atının adı ilə bağlıdır. Onu atası oğlu İskəndər üçün 340 kiloqram gümüşə almışdı. Əfsanəvi at olan Butsefal uzaq və çətin səfərlərdə İskəndərin ən etibarlı dayağı olub. İskəndərin hindlilərlə apardığı çətin döyüşlərdən sonra eramızdan əvvəl 326-cı ildə Butsefal ağır gərginlik nəticəsində ölür. İskəndər onun öldüyü yerdə şəhər salır və həmin şəhərə sevimli atının adını verir.

Məlumdur ki, əqli çatışmamazlığa aparan epilepsiya xəstəliyindən əziyyət çəkən böyük imperator Napoleonun həkimi onun öz atı olmuşdur. Sonralar məlum olmuşdur ki, onun bu xəstəlikdən qurtarmasına atsürmə və atla ünsiyyət səbəb olmuşdur.

Haqqında Əkinçi