22 Noyabr, 2017 - Çərşənbə
O dünyadan məktublar

O dünyadan məktublar

Yaponiya kamikadze məktublarının UNESCO-nun irs siyahısına salınmasını təklif edir

Yaponiyanın hökumət orqanları güman edirlər ki, ölümə yollanan insanların məktubları dünyanın bütün vətəndaşları üçün tarixi baxımdan böyük maraq kəsb edə bilər.
Minami-Küsü şəhərinin meri Kampey Şimoidenin qənaətinə görə, kamikadze məktubları dünya tarixinə müharibənin dəhşətli səhifəsi kimi daxil olmalıdır. Belə addım gələcək nəsillərin bundan dərs götürmələri və belə səhvlərin bir daha təkrarlanmaması üçün atılmalıdır.
Ölümə məhkum edilmiş təyyarəçilər dəstəsi II Dünya müharibəsində Yaponiyanın məğlubiyyətinin qaçılmaz olduğunun dərk edildiyi 1944-cü ildə yaradılmışdı. ABŞ-ın hərbi dəniz qüvvələrinin gəmiləri təyyarəçi-kamikadzelərin hücumuna məruz qalır və onlar öz həyatları bahasına düşmənin gəmilərini sıradan çıxarırdılar.
Beləliklə, 4 min təyyarəçi-kamikadze ABŞ-ın 34 hərbi gəmisini məhv etmiş, 300-dən artıq gəmiyə isə ciddi ziyan vurmuşdu.
Hazırda Kamikadzelərin Dünya Muzeyində onlar haqqında bütün informasiyalar – sənədlər, fotolar və məktublar qorunub saxlanır. Yapon mütəxəssisləri kamikadze məktublarının UNESCO-nun qeyri-maddi mədəni irsi hesab ediləcəyinə şübhə ilə yanaşırlar. Məsələnin müzakirəsi ilə bağlı ciddi mübahisələr başlanıb.
Qeyd edək ki, indiyədək UNESCO tərəfindən 299 məktub xarakterli sənəd Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib. Bura sırada “Anna Frankın gündəliyi”, Fransanın 1789-cu ildə qələmə alınmış “İnsan və vətəndaş hüquqları Bəyannaməsi”, Ceyms Kukun göyərtə jurnalı kimi sənədlər var. İndi Yaponiya 333 kamikadze məktubu ilə bu siyahıda 300-cü yeri tutmağa can atır.

Haqqında Əkinçi