18 Dekabr, 2017 - Bazar ertəsi
Ölkəmizdə ilk etnoqrafik xəritə yaradan alim

Ölkəmizdə ilk etnoqrafik xəritə yaradan alim

Ötən yüzilliyin 30-cu illərində Qarabağda aparılan arxeoloji qazıntılar qədim tariximizin bir çox səhifələrinə işıq salıb. Bu sahədə bilik və bacarığını əsirgəməyən tədqiqatçılardan biri də məşhur arxeoloq və etnoqraf Ələsgər Ələkbərovdur.

Ələsgər Kazım oğlu Ələkbərov 1895-ci ildə Bakıda sənətkar ailəsində dünyaya göz açıb. 1926-cı ildə Azərbaycan Dövlət Universitetinin tarix-filologiya fakültəsini bitirib. Tələbə ikən ölkəşünaslıq işlərinə, Azərbaycanın zəngin maddi mədəniyyət nümunələrinin tarixinə böyük maraq göstərir. Yeni təşkil olunan Arxeologiya Cəmiyyətinin işində yaxından iştirak edir. Görkəmli şərqşünas alimlər V.V.Bartol, N.Y.Marr, İ.Meşşaninovun tələbəsi olan Ə.Ələkbərov yorulmadan onların gözəl ənənələrini davam etdirməyə səy göstərir. Gərgin zəhməti, dərin bilik və istedadı ilə az vaxt içərisində arxeologiya və etnoqrafiya sahəsində peşəkar mütəxəssis kimi yetişir.
Tədqiqatçının ilk çöl tədqiqatları 1920-ci illərə təsadüf edir. O, dəfələrlə Naxçıvanda, Qarabağda, Kəlbəcər, Laçın dağlarında arxeoloji və etnoqrafik tədqiqatlar aparan ekspedisiyalara qatılır. Azərbaycanın orta əsr arxeoloji abidələrindən sayılan Örənqalanın ilk təşkilatçılarından olur. Buradakı qazıntıların nəticələri sonralar onun “Örənqala qazıntıları” əsərində geniş yer alır.
Azərbaycanda ilk etnoqrafik xəritənin yaradılması da Ə.Ələkbərovun adı ilə bağlıdır. Bu xəritəyə 5 mindən çox yaşayış yeri salınıb. O, istedadlı alim olmaqla yanaşı, gənc milli mütəxəssislərin yetişməsinə də daim qayğı ilə yanaşıb. Uzun müddət Moskvada çıxan “Sovetskaya etnoqrafiya” jurnalının redaksiya heyətinin üzvü olub.
Ə.Ələkbərov 1926-cı ildə Bakıda I ümumittifaq türkoloji qurultayının çağırılması, Şərqin böyük şairi Əbülqasım Firdovsiyə həsr olunan sərginin açılması və bu kimi digər işlərdə yaxından iştirak edib. 1937-ci ildə SSRİ Elmlər Akademiyasının Azərbaycan filialının Tarix, Dil və Ədəbiyyat İnstitutunda Maddi mədəniyyət bölməsinə rəhbər təyin edilib.
Cəmi 15 il elmi fəaliyyətlə məşğul olan alim bu illər ərzində 30-dan çox yüksək elmi dəyəri olan əsər yazır. Küp qəbirlərin tədqiqi və boyalı qablar mədəniyyəti sahəsində axtarışları mühüm əhəmiyyət kəsb edir. Tədqiqatçı küp qəbirlər mədəniyyətinə aid Füzuli və Ağcabədi rayonlarında aparılan arxeoloji qazıntılar zamanı böyük uğurlara imza atır. Xüsusilə, Qalatəpə abidəsində nadir tapıntıları üzə çıxarır.
Azərbaycanda qədim şəhər mədəniyyətinin tədqiqində də onun müstəsna xidmətləri olub. Elmi axtarışları SSRİ miqyasında və ittifaqın hüdudlarından kənarda böyük maraq doğurub. Məşhur çex şərqşünası B.Qroznı Ə.Ələkbərovun tədqiqatları ilə yaxından tanış olmaq üçün 1936-cı ildə Bakıya gəlib. Eyni zamanda folklorşünas kimi tanınan alimin “Azərbaycanda kukla teatrı və oyunlar” məqaləsi elmi ictimaiyyət arasında böyük marağa səbəb olub.
30-cu illərin repressiya dalğası Ə.Ələkbərovdan da yan keçmir. Bu işdə riyakar erməni “alimləri” də fəal rol oynayırlar. 1937-ci il dekabrın 30-da Ə.Ələkbərov “xalq düşməni” adı ilə respublikadan sürgün olunur. 1939-cu ildə vətəndən çox-çox uzaqlarda xəstələnir və dünyasını dəyişir.
Alimin əsərləri 1960-cı ildə Azərbaycan EA tərəfindən “Azərbaycanın arxeologiyası və etnoqrafiyasına dair tədqiqatlar” başlığı altında kitab şəklində çap olunur.

Savalan Fərəcov

Haqqında Əkinçi