19 Noyabr, 2017 - Bazar
POLİSİN ÖTƏN HƏR GÜNÜ…

POLİSİN ÖTƏN HƏR GÜNÜ…

 

Bəzən illərə bərabər olur

Azərbaycan polisi yarandığı ilk günlərdən uzun illər boyu keşməkeşli yol keçərək müasir səviyyəyə çatmışdır. Son illər cinayətkarlığa qarşı mübarizədə qazanılan uğurların başlıca səbəblərindən biri də polisin xalqla daha da yaxınlaşması, xalqdan dəstək almasıdır. Bir zamanlar ümummilli lider Heydər Əliyevin Azərbaycan polisinin gələcəyi barədə söylədiyi inamlı fikirlər özünü ən yaxşı cəhətlərdən doğrultmuşdur. Elə bu səbəbdəndir ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev bir sıra çıxışlarında Azərbaycan polisinin fəaliyyətini yüksək qiymətləndirmişdir.
Azərbaycan polisi bu gün görkəmli dövlət xadimi, general-polkovnik Ramil Usubovun rəhbərliyi altında cinayətkarlığa qarşı mübarizə və asayişin qorunması istiqamətində daha ciddi nəticələr uğrunda mübarizə aparır. Bunun nəticəsidir ki, paytaxt Bakıda, eləcə də respublikanın bir sıra şəhər və rayonlarında profilaktik və əməliyyat-axtarış istiqamətli tədbirlərin effektliyi yüksəlmiş, qazanılan uğurlarda real əksini tapmışdır.
Göyçay Rayon Polis Şöbəsində də belədir. İctimai asayişin qorunması və cinayətkarlığa qarşı mübarizədə öz fəallığı ilə həmişə diqqət mərkəzində olan Göyçay polisi çoxistiqamətli fəaliyyət baxımından yeni uğurlar sorağındadır. Dövlətçiliyə və xalqa sədaqətində fədakarlıq nümunəsi göstərən şəxsi heyət üzvləri ictimaiyyətin rəğbətini məhz bu istiqamətdə əldə etdiyi nəticələrlə müəyyənləşdirməkdədir.
Təbii ki, uğurların qazanılmasında şöbənin rəisi, polkovnik İslam Hümbətovun çoxillik təcrübəsi və rəhbərlik səriştəsini xüsusi vurğulamaq lazım gəlir. Polis rəisi cinayətkarlığa qarşı mübarizədə rayonun digər hüquq-mühafizə orqanları ilə əlbir fəaliyyətinin əhəmiyyətini vacib fakt olaraq dəyərləndirir. Bütün bunlar rayonda peşəkarcasına həll edilir və arzulanan mühitin saflığına xidmət göstərir. Əbəs yerə deyil ki, Göyçay Rayon Prokuroru, baş ədliyyə müşaviri Fuad Məmmədov hər dəfə polisin fəaliyyətindən söz düşəndə razılıq hissi ilə danışır, bir sıra əməkdaşların peşəkarlıq səviyyəsini xüsusi qeyd edir.
Əsas məsələ nədən ibarətdir? Məqsədə doğru, yəni cinayətkarlığa qarşı mübarizə işində hər zaman düzgün istiqamət götürülməsi əhali arasında inam və etibarı yüksəltmişdir. Müasir metodların tətbiqi, vətəndaşların müraciətlərinə, ərizə və şikayətlərinə operativ və normal münasibət göstərilməsi indi rayonda hər kəsi razı salan məsələlərdir.
Burada təbii ki, polis rəisinin özünün də etiraf etdiyi kimi, əməliyyat-axtarış bölməsinin əməkdaşlarından yüksək peşəkarlıq nümunəsi tələb olunur. Hər kəs üzərinə düşən vəzifənin məsuliyyətini ciddi qəbul etməlidir. Passivlik və laqeydlik yolverilməzdir. İntizamın yüksəlməsi nəticə etibarı ilə baş vermiş cinayət hadisələrinin isti izlərlə açılmasında və ya cinayət hadisələrinin önlənməsində öz nəticələrini verməkdədir. Bu mənada təkcə ötən ilin bəzi statistik nəticələrinə diqqət yetirsək, daha aydın təsəvvür yarada bilərik.
2013-cü ildə şöbə üzrə 166 ümumi cinayət hadisəsi qeydə alınıb. Həmin cinayət hadisələrindən 4-ü ağır və xüsusilə ağır, 101 hadisə isə az ağır qiymətləndirilmişdir. Məsələ burasındadır ki, törədilən cinayət hadisələrinin yekun açılma faizi indiki dövr üçün nümunəvidir – 95,9 faiz.
İndi kim bilmir ki, narkomaniya bəşəriyyət üçün ən təhlükəli bəlalardan biridir. Bu istiqamətdə də mübarizə mexanizminin əsas yükü təbii ki, polisin üzərinə düşür. Azərbaycan polisinin öncül kollektivlərindən biri olan Göyçay polisinin də bu istiqamətdə özünəməxsus dəsti-xətti var. Elə bir çox cinayətlərin də kökündə narkomaniya ilə bağlı həyat tərzinin rol oynadığını yaxşı bilən şöbə əməkdaşları mümkün vasitələrdən maksimum istifadə etməyə çalışır, proflaktik tədbirlərin də effektivliyinə inamı itirmirlər. Əvvəllərdən də respublikada ən yaxşı və təcrübəli əməliyyatçı kimi tanınan İslam Hümbətov Göyçay Rayon Polis Şöbəsinə rəis təyin ediləndən narkomaniyaya qarşı açıq müharibə elan etmişdir. Və nəticə özünü göstərməkdədir. Təkcə 2013-cü ilin yekununa görə, 33 narkomaniya faktı qeydə alınmış, bunlardan 13 fakt satış məqsədli olmuşdur. Ümumilikdə il ərzində 7 kq.625 qram çəkidə müxtəlif növ narkotik vasitələr dövriyyədən çıxarılmışdır.
İl ərzində axtarışda olan 23 nəfərdən 18 nəfərin də tapılıb tutulması təmin edilmişdir. Eyni zamanda qanunsuz silah və sursatların əldə olunub təhvil verilməsi istiqamətində yaxşı nəticələr qazanılmışdır.
Göyçay polisi 2014-cü ilin də ilk günlərindən eyni fədakarlıqla çalışmaqdadır. İlin birinci rübü ərzində rayonda qeydə alınan 44 cinayət hadisəsindən 43-nün açılması təmin olunmuş, narkomaniya ilə bağlı 11 fakt qeydə alınmış, 1,5 kq narkotik vasitələr dövriyyədən çıxarılmışdır.
Məlum olduğu kimi, 2014-cü ilin başlanğıcından indiyədək olan dövr ərzində Göyçay rayonunda qeydə alınan ən ağır cinayət hadisəsi martın 1-nə keçən gecə baş vermiş qətl hadisəsi olmuşdur. Həmin cinayət hadisəsi bütün respublikaya səs salmışdır. Mən bu yazıda Göyçay polisinin tarixindən söhbət açarkən həmin hadisə haqqında bir qədər geniş məlumat verməyi əvvəlcədən planlaşdırmışdım. İndi məhz həmin hadisəyə qayıtmaq istəyirəm.
Xüsusi olaraq qeyd edim ki, o müdhiş cinayət hadisəsinin baş verməsi haqqında məlumat yayılan kimi qəzetimizin rəhbəri, millət vəkili Aqil Abbas mənə zəng vurub təcili Göyçaya getməyimi tapşırdı. Bunacan müxtəlif saytlar və informasiya vasitələri DİN mətbuat xidmətinin rəsmi məlumatını gözləmədən bir sıra yanlış məlumatlar vermişdilər. Hadisə barədə ilkin dəqiq məlumatı – qətlə yetirilənlərin kimliyi, yaşı, məşğuliyyəti və cinayətin tamah məqsədi ilə törədilməsini, rayon hüquq-mühafizə orqanlarının əməliyyat-axtarış tədbirləri barədə geniş xəbər-korrespondensiyanı elə həmin gecə çapa verdiyimiz nömrəyə çatdırdım.
Daha sonra bu ağır cinayət hadisəsi tam açılana, qətli törədənlərin aşkar edilib tutulmasına qədər rayon hüquq-mühafizə orqanlarının fədakar mübarizəsini izlədim. Hazırda Göyçay Rayon Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2-7-ci maddəsi ilə cinayət işi başlanılaraq istintaq davam etdirilir. İstintaq sirlərinin qorunması və bu ağır cinayət hadisəsinin bəzi nüanslarının açıqlanmaması baxımından məhkəməni gözləmək lazım gələcək. Və çox güman ki, bu sətirlərin müəllifi yekunda bir neçə hissədən ibarət məhkəmə oçerkini də qələmə alacaq. İndi isə o ağır cinayət hadisəsinin necə baş verməsi və qatillərin tutulmasını təsvir edən epizodlarla kifayətlənəcəyik.

***
… Əvvəlcədən məqsədli şəkildə düşünülüb həyata keçirilmiş bu dəhşətli qətl hadisəsinin əsas səbəbi nə olmuşdur? Ər-arvad pensiyaçılar əlavə olaraq hər gün həyətdə yetişdirdikləri limon və gül kollarından da sataraq dolanışıqlarını təmin edirdilər. Güman ki, “ölülük-dirilik” deyilən ehtiyat tədbirlərini də düşünürdülər. Sırf qocaman azərbaycanlının həyat tərzi, ömrün qürub fəlsəfəsi! Biri mühəndis, biri isə müəllim işləmiş bu sadə və zəhmətkeş qocalarda nə var-dövlət ola bilərdi ki? 81 yaşlı Ağasəf Quliyevi və 73 yaşlı Afaq Quliyevanın hər ay dövlətdən aldıqları pensiyaya və həyətyanı sahədə yetişdirdikləri limonlardan satmaqla dolanışıq üçün əldə etdikləri pula görə qarət edib amansızlıqla öldürmək kiminsə ağlından keçərdimi? Özü də xeyirxah və mehriban insanlar kimi tanınan ləyaqətli vətəndaşları…
Heç demə bütün bunlar hələ yeniyetmə ikən insanlıq simalarını itirmiş tüfeyli ünsürlər üçün yad suallar imiş.
Qatillərin hələlik məlum olan qısa tərcümeyi-halları:
Əhmədov Musa Arif oğlu. 1987-ci ilin noyabr ayında anadan olub. Göyçay şəhərindəki Nizami küçəsi 207 saylı evin sakinidir. Evlidir, bir uşaq atasıdır. İşləmir.
Səlimov Pərviz Akif oğlu. 1987-ci ilin iyun ayında anadan olub. Göyçay şəhərindəki Xətai küçəsi 7 saylı evin sakinidir. Evlidir. İşləmir.
Mustafayev Nicat Aydın oğlu. 1989-cu ilin dekabr ayında anadan olub. Göyçay rayonunun Qaraman kəndinin sakinidir. Subaydır. İşləmir.
Göründüyü kimi, tüfeyli həyat sürən bu gənclərin hətta ikisinin ailəsi-uşağı da var. Təsdiq olunmamış məlumatlara görə, onlar tüfeyliliklə yanaşı, həm də narkomaniya ilə məşğuldurlar.
Beləliklə, “dostlar” demək olar hər iki-üç gündən bir Musa ilə rastlaşıb salamlaşan Ağasəf kişini qarət üçün “nəzarətə” götürürlər. Qonşuluqda yaşayan Musa qocaların nə vaxt yatdıqlarını-durduqlarını, qapı-açar və işıq rejimlərini də öyrənir. Sonra maskalar, əlcəklər və əsasən küt alətlər əldə olunur. Fevralın 28-dən martın 1-nə keçən gecə dəstə hasarı aşaraq, qəfil mənzilə soxulur. Yuxudan oyanan qocalar başlarının üstünü almış maskalıları görüncə vahiməyə düşüb özlərini itirir, nə istədiklərini soruşurlar. Cinayətkarların tələbi belə olur: evdəki bütün var-dövlət! Yəni pul və qızıl-ziynət əşyaları. Qocalar evdə olan beş min manata yaxın pulu və qızıl-ziynət əşyalarını quldurlara elə yataqdan yerini göstərib versələr də, onlar əldə etdikləri ilə kifayətlənmirlər. Daha çoxunu istəyirlər. Qocalar nə qədər and-aman etsələr də, maskalılar əl çəkmirlər. Bütün otaqları alt-üst edərək heç nə tapa bilmirlər. Yenidən zavallı ər-arvadın üstünə şığıyıb öldürməklə hədələyir və sonunda da əllərindəki küt alətlərlə hər ikisini baş nahiyyələrindən vuraraq tanınmaz hala salır, vəhşicəsinə qətlə yetirirlər.
Sonrakı hadisələrin qısa xronologiyası belədir:
Mart ayının 1-i saat 15:00 radələrində qonşular Quliyevlərin küçə qapısının açılmadığını, onlardan heç birinin görünmədiyini maraq edərək həyətə daxil olub səsləyirlər. Cavab gəlmir. Belədə mənzilin qapısını açıq görüb içəri keçirlər. Dəhşətli mənzərə!
Təcili polisə xəbər verilir.
Göyçay rayon prokurorluğunun və polis şöbəsinin rəhbərliyinin göstərişi ilə hadisə yeri müayinədən keçirildikdən sonra təcili olaraq əməliyyat-axtarış qrupu təşkl edilir. Bütün şübhəlilər nəzarətə götürülür, bütün şübhəli məqamlar yoxlanılır.
Saatlar çox sürətlə keçir. Respublika Daxili İşlər Nazirliyinin BCAİ-dən göndərilən mütəxəssislərin də gecəsi-gündüzü yoxdur. Bütün Göyçay camaatı təlaş içindədir. Hamının sakit, mədəni insanlar kimi tanıdığı Quliyevlərin qatillərinin tez tapılması arzulanır. Hamı da bilir ki, rayon polis şöbəsinin rəisi İslam Hümbətov və prokuror Fuad Məmmədov artıq ikinci sutkadır ki, heç evlərinə belə gedə bilməyiblər: hadisə yeri, kabinet, paytaxtla telefon əlaqələri, şübhəli şəxslərin dinlənilməsi, digər prosedurlar… Bütün bunlar onlarsız keçmədiyindən rəisin əməliyyat işləri üzrə müavini Faiq İlyasov demişkən, heç bir tikə də çörək yeməyə də imkan yaranmırdı. Ancaq çay, su…
… Ancaq polis rəisi belə bir ifadə işlətmişdi: “Əgər bu dünyadadırlarsa, onları mütləq tapacağıq…”
Hadisə ilə bağlı yaradılan əməliyyat-istintaq qrupu mərkəzləşmiş aparat rolunda fəaliyyət göstərirdi. Əlavə olaraq yaradılan bütün köməkçi qruplar həm əlaqəli, həm də hərəsi bir istiqamətdə işləyir, ən xırda detalları belə ələk-vələk edirdilər.
Nəhayət…
Gerisini qısaca olaraq Faiq İlyasov şərh edir:
– … Yaradılmış qruplar qonşuluqda, ətrafda cinayətə meylli şəxslərlə maraqlanırdı. Birdən həmin küçədə yaşayan Pərviz Səlimovun rayon ərazisində olmadığı müəyyənləşdirildi. Daha sonra onun Bakı şəhərinə, bacanağı Musa Əhmədovun yanına getməsi də təsdiqləndi. Pərvizlə Musanın ətrafı da eyni zamanda tərəfimizdən öyrənildi. Onların Nicat adlı şəxslə tez-tez görüşmələri, yaxınlıq etmələri də müəyyən edildi.
Mustafayev Nicat Aydın oğlunun yaşadığı Qaraman kəndindəki evlərinə qəfləti baxış keçirildi. Baxış zamanı qətlə yetirilmiş şəxslərə məxsus 3 ədəd mobil telefon, 4400 manat pul və qızıl-zinət əşyaları götürüldü.
Cinayətkarlar onların izinə düşdüyünü duyaraq Bakı şəhərində naməlum ünvana getmiş, oradan da Masallı rayonuna qaçmışdılar. Biz dərhal Masallı rayonuna yollanaraq əməliyyat-axtarış tədbirlərini ehtimal olunan ərazilərdə davam etdirdik. Bir günlük gərgin zəhmət, peşəkarlıq, həm polis rəisimizlə məsləhətləşmələr, həm də DİN mütəxəssisləri ilə əməliyyat incələmələri nəticəsini verdi. Lap elə o kriminal filmlərdə olduğu kimi qatilləri qandallayıb Göyçaya gətirdik… Bu məsələnin uğurlu həllində rəisimizin rəhbərliyi ilə mərkəzləşdirilmiş əməliyyat-axtarış qrupunun bütün üzvlərinin, xüsusilə əsl fədakarlıq nümunəsi göstərən Əflatın Məmmədovun, Toğrul Vəliyevin, Elxan Mirzəyevin, Qiyas Behbudovun, Qabil Zülfüqarovun və başqalarının əməyi xüsusi vurğulanmalıdır…
Müəllifdən: Oxucuların bir daha diqqətinə çatdırmağı özümə borc bilirəm ki, istintaq davam etdiyindən baş vermiş bu dəhşətli cinayət hadisəsi haqqında məhkəmədən sonra daha geniş söhbət açılacaq. Və həmin məhkəmə oçerkində hadisənin ağırlığı, cinayəti törədənlərin bu dərəcədə qəddar psixologiyası, hüquq-mühafizə orqanlarının, xüsusilə Göyçay polisinin, onun rəis heyətinin qətlin üstünün açılmasında göstərdikləri fədakarlıqlar haqqında dramatik epizodlarla zəngin kriminal publisistika təqdim olunacaq.

Məzahir ƏHMƏDOĞLU

 

Haqqında Əkinçi