19 Noyabr, 2017 - Bazar

“Polkovnikə məktub yazan yoxdur”

Q.Q.Markesin məşhur əsərlərindən biri “Polkovnikə məktub yoxdur” adlanır. Əsərdə bütün ömrü boyu vətəninə xidmət edən, var gücü ilə onun rifahına çalışan polkovnikin intizarla gözlədiyi məktubdan danışılır. Bu məktub onun etdiklərinin, çəkdiyi zəhmətin dəyərləndirilməsi olacaqdı. Onu qocalığın gətirdiyi çarəsizlikdən, səfalətdən xilas edəcək məktub gələcəkdi. Əsərin qəhrəmanı dəfələrlə bu məktubla bağlı dürlü-dürlü xəyallar qurur, bu xəyallardan yaranan sevinc hissinin istiliyi qocalmış bədənini yaz günəşi kimi qızdırırdı.

Yenə hardansa gələcək məktubları səbirsizliklə gözləyənlər var. Onlardan biri də Sofiyat Caldaşovadır. O, polkovnik yox, müəllimdir. Müəllim başqalarına öz savadı və qabiliyyəti ilə yardım edərək onların cəmiyyətdə bir şəxs kimi yetişmələrində böyük rol oynayır. Hər kəs məktəbdə oxuduğu illəri xoş xatirə kimi anır və bu xatirələrdə ən əziz yeri, əlbəttə ki, ona sevgi və qayğı ilə qələm tutmağı, yazı yazmağı, kitab oxumağı öyrədən müəllim tutur. Müəllimlik dünyada ən çətin, eyni zamanda ən şərəfli və ən gözəl peşədir… Deyirlər, müəllimlər şagirdlərin dərin və hərtərəfli bilik almaları, yaşadıqları dövrün problemlərindən baş çıxarmaları üçün bütün bilik və bacarıqlarını sərf edirlər. Bəlkə də, ondan daha çox, uşağın hər cür şıltaqlığına, əziyyətinə dözmək, kədəri ilə kədərlənib, sevinci ilə sevinmək müəllimlərin üzərinə düşən ağır yükdür. Deyirlər, müəllim əməyinin nəticəsində cəmiyyət formalaşır, savadlı, bilikli, geniş dünyagörüşlü, nümunəvi əxlaqa malik insanlar yetişir. Bu insanlar isə cəmiyyəti daha da inkişaf etdirir. Hazırda dövlətimizin müstəqilliyinin möhkəmlənməsində fəal iştirak edən insanlar məhz müəllim əməyinin yetirmələridir. Deyirlər, müəllimlər yeni cəmiyyət quruculuğunun memarlarıdır. Hər birimizin layiqli vətəndaş kimi yetişməyində müəllimlərimizin əvəzsiz xidmətləri olub. Ümummilli liderimiz Heydər Əliyev həmişə müəllim əməyini yüksək qiymətləndirib, müəllim haqqında xoş sözlər deyib. O, öz müəllimlərini minnətdarlıqla xatırlayar, onların xidmətləri haqqında ürəkdolusu danışardı: “Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi vardır. Məhz müəllim doğma yurdumuzu sevməyi, hamının rifahı naminə vicdanla işləməyi müdrikliklə və səbirlə bizə öyrətmiş və öyrədir”. Bütün bu xüsusiyyətləri özündə cəmləşdirənlərdən biri də, 40 ildən çox Gəncədə müəllim işləyən Sofiyat Caldaşovadır. O, çoxlu təltiflərə, fəxri adlara – “Azərbaycan SSRİ qabaqcıl maarif xadimi”(1981), “SSRİ maarif əlaçısı” (1986), “Müəllim metodist” (1986) – layiq görülüb. Yeri gəlmişkən, “SSRİ maarif əlaçısı” Azərbaycanda bir neçə müəllimin layiq görüldüyü addı. Etiraf, deyilənə görə, böyük əlamətdir. Amma onun etirafları böyüklük yox, adi insani duyğulardır. O da “məktub” gözləyir. Çəkdiyi zəhmətə dəyər verilməsini umur. Onun barəsində qəzetlərdə yazılan yazıları oxuyanda həyat həqiqəti ilə bir daha qarşılaşırsan. “Kirovabad Kommunisti” (10 mart 1977-ci il) qəzetində “Bir dünya sevinc” adlı məqalədə Sofiyat Caldaşova şagirdlərə bir dünya sevinc, istək, məhəbbət gətirən müəllim kimi təsvir olunur. “Kirovabad Kommunisti” qəzetinin 13 iyun 1987-ci il sayında “Şagirdlərin sevimlisi” yazısında isə Sofiyat Caldaşova ömrünü zərrə-zərrə, damla-damla şagird ömrünə calayan, məhəbbətini, sevgisini, bilik və bacarığını onlardan əsirgəməyən, öz pedaqoji ustalığını daim zənginləşdirən bir pedaqoq, uşaqların sevimlisidir. Və nəhayət “Zerkalo” (17 avqust, 2004)“Yonqarda sındırılmış qoltuqağacı və yaxud “ikinci növ” insanların həyatlarından fraqmentlər” məqaləsində isə Sofiyat Caldaşaova cüzi təqaüd ilə sürünərək yaşamağa məcbur olunan qocadır… Zəhmətinin bu qədər dəyərsiz olduğuna inanmayan və bununla barışmaq istəməyən təqaüdçüdür. Həyat amansızdı, yoxsa insanlar laqeyd?! Könül istər ki, “polkovnikə” məktub yazan tapılsın.

Haqqında Əkinçi