22 Noyabr, 2017 - Çərşənbə
QƏDİM TÜRK YURDU – İRƏVAN

QƏDİM TÜRK YURDU – İRƏVAN

harita irevanpenah han

İrəvan xanlığı XVIII əsrin ortalarında yaranıb. Bu xanlığın əsasını Mir Mehdi xan qoyub. Bu xanlıq Ağrı vadisi, Dərələyəz və Göyçə gölü arsındakı torpaqlarda yerləşirdi. Xanlığın mərkəzi İrəvan şəhəri idi. Şəhər Ağrı vadisinin şimal hissəsində, Zəngi çayı sahilində yerləşirdi. Bəzi tarixçilər iddia edirlər ki, şəhər Urartu çarı I Argişti tərəfindən e.ə.782-ci ildə Erebuni qalasının xarabalıqları yaxınlığında salınıb. İrəvan xanlığını ayrı-ayrı vaxtlarda Hüseynəli xan, Məhəmmədhəsən xan, Qulaməli xan və başqa hökmdarlar idarə ediblər.

İrəvanın tarixi faciəsi.   1813-cü il (Gülüstan) müqaviləsinə görə İrəvan xanlığı İranın tərkibində qaldı. 1828-ci il (Türkmənçay) müqaviləsinə görə isə xanlıq Rusiyanın işğalı altına düşdü. Bununla da qədim türk yurdu olan İrəvanın tarixi faciəsi başlandı. İrəvanı işğal edən Rusiya bir sıra ölkələrdən buraya erməniləri köçürdü.

Bəs görəsən əslində ermənilər kimdir?

Tarixi faktlardan məlum olur ki, ermənilər Qafqaza və Ön Asiyaya sonralar gəliblər. Tarixi faktlar sübut edir ki, əslində ermənilər heç vaxt erməni adlandırılmayıb. Əslində onlar «hay», vətəni isə «Hayrenik» adlanıb. Tarixi faktlar sübut edir ki, indiki Ermənistan ərazisində vaxtilə «ərmən» adlı türk tayfaları yaşayıb və bu ərazi də həmin tayfaların adı ilə «Ərməniyyə» adlanıb. «Ərmən» etnoniminin əsl türk sözü olması da bunu təsdiq edir. Sonralar bu ərazilərə köçüb gələn haylar tədricən yerli ərmən tayfalarının torpaqlarında özlərinə yer edərək özlərini «Ərməniyəli» adlandırıblar. Hayların bu yerlərdəki nüfuzu o qədər zəif idi ki, sonradan hiyləgər olan haylar (ermənilər) zaman keçdikcə öz məkirli niyyətlərini həyata keçirməyə başlayırlar.

Ermənilər 1918-ci ildə 9 min km2 ərazili erməni daşnak dövlətini yaratdılar. 1918-1920-ci illərdə ADR-in tərkibində olan Zəngəzur, Dərələyəz, Qaraqoyunlu mahalları və digər Azərbaycan əraziləri Moskvadakı millətçi bolşeviklərin təzyiqilə ermənilərə verildi. 1920-ci ilin 29 noyabrında isə «Ermənistan SSR» yaradıldı. 1935-ci il yanvarın 3-dən etibarən ermənilər Ermənistanda görünməmiş tarixi faciə törətdilər. Beləki, türk mənşəli yer adlarını kütləvi şəkildə dəyişdirərək, erməniləşdirdilər. O cümlədən də 1936-cı ildə İrəvan şəhərinin adı dəyişdirilərək Yerevan adlandırıldı. 1948-1953-cü illərdə isə İrəvandakı azərbaycanlıları zorla doğma yurdlarından Kür-Araz ovalığına köçürdülər. 1988-ci ilin yanvarında Qafan və Mehri rayonunun əhalisinin qovulması ilə İrəvanın türksüzləşdirilməsinin sonuncu mərhələsi başlandı. 1991-ci il avqustun 8-də isə irəvanlıların doğma torpaqlarından qovulmasının sonuncu mərhələsi başa çatdı. Yuxarıdakı tarixi hadisələr qədim türk yurdu – İrəvanın keçdiyi tarixi yol idi.

Gülşən Əlizadə

Haqqında Əkinçi