18 Noyabr, 2017 - Şənbə

Q. Qəhrəmanova

Şair Tağı Xaltanlı… Bu ad Şamaxıdan Dağıstana qədər böyük bir ərazidə məşhurdur.
Xaltanlı təxminən XIX əsrin ortalarında yaşayıb. Onun həyatı haqqında söylənənlər zaman keçdikcə xalqın yaddaşında dastan cizgiləri qazanıb: dövlətli qızına vurulmaq, dərbədər düşmək, tanınmaz halda vətənə qayıtmaq, sevgililərin deyişməsi, vəslə yetmək, toy…
Tağının şerləri indi tək –tək adamların yadındadır.Onun əsərlərinə nə “El şairləri”, nə də “Aşıqlar” kitablarında rast gələ bilməzsiniz.
Dəvəçidə bizə dedilər ki, Zöhrəmli kəndində aşıq Hüseynbala yaşayır. O, Tağının sözlərindən bilir.
Zöhrəmiyə getdik.
—Aşıq Hüseynbala? Ay rəhmətliyin uşağı, o ki 49 – cu ildə vəfat edib. Dustaqda. Gözünün qabağında kişinin sazızını sındırdılar. Dözə bilmədi, dərddən öldü.
—Niyə tutmuşdular?
—Heç nəyin üstündə… Pirəbədilə gedin, Tağının gəlini orda olurdu.
—Xaltanlının qohumları? Eşitməmişəm. Dayan, babamı çağırım, yaşı yüzü keçib, o bilər… Baba, Xaltanlını soruşurlar. Xaltanlının
Qohumlarını
—Xaltanlının qohumları?.. Lap yaxşı tanıyırdım. Nəticəsi müharibə başlar-başlamaz rəhmətə getdi. Adına Güllü deyərdilər. Tağının arvadının da adı Güllü idi… Bilirsiz nə var? Gedin Xaltana. Qonaqkənddən 40 km yuxarı. Orda bir müəllim var. Mütəllib Əfəndiyev. Başlı adamdır. Xaltana çatmamış bir Utuxa da burulun. Ağakişini xəbər alın.Xaltanlını yaxşı tanıyır. Hə… Çiçi deyilən bir kənd də var. Aşıq Talıbın kəndi. Hə? Ölüb deyirsiz? Allah rəhmət eləsin, behiştlik olsun… Talıbın Məhəmməd adlı bir dostu vardı. Talıb çalıb oxuyar, Məhəmməd Qaravəlli deyərdi. Bizə, Pirəbədilə çox gəliblər. Onun yanına gedin. Xaltanlının sözlərindən bilir.
Tağının pələsəng düşmüş şerlərini axtarmağa başladıq.
Tağı şerlərini qələmə almayıb, ancaq dövrünün məlumatlı adamlarından sayılan oğlu Molla Sədi atasının bütün əsərlərini yazıb saxlayıbmış. Sədinin balaları, nəvələri bir vaxt dini kitabları yandırarkən şarin əsərlərini də oda atmışlar.
Yaxşı ki, hafizələri yandırmaq, yaddaşın külünü göyə sovurmaq olmur. Ünvanını aldığımız adamların üçü də həqiqətən Xaltanlının sözlərini bilirdi. Ancaq hərə öz Tağısı haqqında danışdı.
—Heç kəs bilmir harda doğulub, harda ölüb. — Çiçili Məhəmməd ağzını açan kimi şair barədə bilmədiklərimizi alt – üst etdi. — Tağının cavanlıqdan bir yrdə qərar tutmaqla arası yo idi, eldən elə, obadan obaya gəzər, şerlər deyərdi. Bu minvalla ulus-ulus dolanır, gəlib çıxır Xaltan kəndinə. Yerli dövlətli Hacıbaba və qardaşı Zahir yüzbaşı şairin adını kəndlə, öz nəsilləri ilə həmişəlik bağlamaq üçün onunla qohum olmaq istədilər. Hacıbabanın qızı Güllünü Tağıya verdilər. O, varlılarla qohum olandan sonra da var – dövlət yığmadı.Qəribə şakəri vardı, on manatı olsa, doqquzunu kasıblara paylardı. Həmişə borc içindəydi. Bir dəfə ona beş manat lazım olur. Bir tərifnamə hazırlayıb gedir Cimi bəyi Hacı Xəlilin hüzuruna.

…Qaldırsan yıxılanı, doydursan acı,
Sanarsan Məkkəyə ziyarətin var…

Bu sətirlərlə XVII əsrdə yaşamış Abbas Tufarqanlının “Abbası yara yetirən, Kəbə ziyarətin eylər” misraları arasında qəribə bir yaxınlıq var. Abbasa görə aşiqi məşuqə yetirmək müqəddəs işdir. Tağıya görə— yıxılanı qaldırmaq, acı doydurmaq.

—Bəli, Cimi bəyi yolda Tağının rastına çıxır, şairə ayaqüstü qulaq asıb, əli ətəyindən uzun geri qaytarır. Təhqir edilmiş şair süvar olub, elə at üstündə şer deməyə başlayır…

Haqqında Əkinçi