19 Noyabr, 2017 - Bazar

Qatığın çalınma qaydası və faydaları

qatıqQatığın çalınması sadə olsa da, dəqiqlik tələb edir. Elə etmək lazımdır ki, sulanmayan, dadlı qatıq alınsın. Doğrudur, evdar xanımların əksəriyyəti hazır qatıq almağa üstülük verirlər, amma evdə çalınmış qatığın dadı, ləzzəti özgədir.

Tərkibi:

– 1 litr təzə süd;

– 1 yemək qaşığı qatıq.

Hazırlanması:

Südü polad qazana töküb qaynadın. Qaynadarkən 5-10 dəqiqə sovura-sovura qarışdırın. Bişdikdən sonra südü soyumağa qoyun. Süd ilıq olarkən başqa bir qabda maya kimi götürdüyünüz qatığı qarışdırıb südün üzərinə əlavə edin və qarışdırın. Südü mayalanmağa qoyarkən üzərini süzgəclə örtün. Süzgəc südün hava görməsini təmin edir və qatığın turşuyub sulanmasının qarşısını alır. Süzgəcin üzərini dəsmal ya da salfet ilə örtün. Mayaladığınız südün istiliyini qoruması üçün qalın parça ilə ətrafını və üzərini yaxşıca bağlayın. Beş-altı saatdan sonra açıb soyuducuya yerləşdirin. Qatıq soyuducuda nə qədər çox qalsa, bir o qədər bərk və dadlı olar.

Qeyd: mayalı süd olan qabı qalın parçanın üzərinə qoyub kənarları ilə ətrafını və üzərini örtün. Qatığı axşamüstü hazırlayın ki, bütün gecəni soyuducuda saxlaya biləsiniz.

Qatıq həzmi asanlaşdırır, dişdə daşların əmələ gəlməsinin qarşısını alır. Süddə olan laktoz maddəsi, qatıqda laktik turşuya çevrildiyindən, süd içə bilməyənlər lazımi maddələri əldə etmək üçün qatıqdan istifadə edə bilərlər. Qatıq vərəm xəstəliyinə qarşı təbii antibiotikdir, orqanizmi xərçəng, mədə-bağırsaq xəstəliklərindən qoruyur, eyni zamanda dəriyə parlaqlıq verir.

Haqqında Əkinçi