25 Sentyabr, 2017 - Bazar ertəsi

Rəfael “QOBUSTAN”

Uzun, incə bir yoldayam
Hey gedirəm gündüz – gecə
Bilmirəm ki, nə haldayam,
Hey gedirəm gündüz – gecə…

Rəfael “QOBUSTAN” Bu yol ölməzlik yoluydu, əbədiyyət yoluydu. Cığırına düşmüş yolçusunu sazıyla, sözüylə, oxumaları, söyləmələriylə ölümsüzləşdirilir, əbədiyyət üfüqlərinə doğru aparırdı. Bu yol Veysəl dünyasından gəlirdi. Elə dünyadan ki, burada sevinc də, kədər də, fərəh də, qəm də adilikdən uzaqdır.
1894 – cü il. Türkiyədə, Sivasın Sivrialan kəndində dünyaya bir uşaq gəldi. Onlarca, yüzlərcə özgələri kimi. Fəqət bu məsum çöhrəli, qara gözlü körpə kimsəyə bənzəməzdi.
Veysəl dünyaya göz açmışdı ulduzların seyrinə dalmağa, göylərin maviliyinə baxmağa, gözəllikləri görməyə, duymağa…fəqət:

Gənc yaşımda fələk vurdu başıma,
Aldırdı əlimdən iki gözümü.
Yeni yetmiş idim yeddi yaşıma,
Qeyb elədim baharımı-yazımı.

Yeddi yaşında ikən Sivrialanda yayılmış çiçək xəstəliyinə düçar olur Veysəl. Sol gözü tutulur. Çox keçmədən sağ gözü də dünya işığına həsrət qalır. İki bədbəxtlik birdən gəlir. Korluq və dünyanı görmək, duymaq bacarığı!

Bağlandım köşkərdə qaldım bir zaman
Neçə kimsələrə dedim əl-əman
On-on beş yaşıma girincə haman
Yavaş-yavaş düzən etdim sazımı.

On yaşında olarkən atası Əhməd əfəndi ona bir saz alıb gətirir. Balaca Veysəl meylini saza salır. Bu saz onun qaynayan, çağlayan daxili aləmi ilə sənət dünyası arasında körpüyə çevrilir. Süleyman Arisoyun dediyincə, bu bio-sənət qovuşuğu, uyarlığı elə qüvvətli olur ki, İstambulda olarkən otelə gəlmiş bir həkimin onun gözlərini açmaq təklifini rədd edir: “ İçimdə bir yuva qurmuşam, onu yıxmaq istəmirəm. Gözlərim açılırsa, dağılar bu yuva. Boş və sönük yaşamam olar onda. Mən də görürəm. Aşıq gözüylə deyil, könlümün gözüylə görənlərə deyilər…”

Bir kiçik dünyam var içimdə mənim
Möhnətim, zillətim mənə kafidir.
Körpələr dar görür, genişdir mənə
Söhbətim, ülfətim mənə kafidir.

Veysəlin ilk müəllimi Çamşikli Əli ağa olur. Kor uşağın kövrək barmaqlarını saza qovuşdurmaq! Bu titrək barmaqları sazın pərdələrində sehrli xallar vurmağa alışdırmaq! Nə qədər nəcib, nə qədər çətin, bir az da ümidsiz görünən istək! Veysəl hamıdan tez qalxır, kənd gecələyəndən xeyli sonra yuxuya gedir. Yeganə təsəllisi sazı bağrına basıb, çalır – çalır…
Kiçik öyrəncinin inadıyla qoca ustadın inamı qovuşur. Veysəl qələbə çalır. Öncə Kəmtər Baba, Aşıq Vəli, Aşıq Visali, Qul Abdaldan Şahan ağa və Aşıq Siqinin öyrətdiyi havaları çalıb oxuyur. İlk qoşmalarını, dördlüklərini yaradır.

Qar suyundan süzən çeşmə göl olmaz,
Gül tikanda bitər, tikan gül olmaz,
Vız-vız edən hər cücüdə bal olmaz,
Pətəksiz arının balı yalandır.

Veysəlin səsi toylardan –düyünlərdən gəlir, oumaq-oymaq dolaşır. Bu illərdə Veysəlin gənc qəlbinə gizli bir sevda həvəsi düşür. Onun əvvəlki bədbinlik dolu şerlərinə təzə ruh, təravət gəlir. Veysəlin könlünə yol tapmış məhəbbət dolu misralara dönür:

Veysəl, bu sevdadan vaz keç dedilər
Olub keçənləri yaz keç dedilər
Sevdiyin qapıdan az keç dedilər
Acı sözü sevdigimdən eşitdim.

Veysəl istəyinə çatır. Könlünün gözüylə görüb-sevdiyi həmkəndlisi Əsma ilə evlənir. Ancaq… Əsmanın işıqlı gözlərini zülmət pərdəsi elə örtmüşdü ki, o, Veysəlin görməyən gözlərindəki aydınlığı duymaq gücündə deyildi. O, Veysəli tərk edir. Daşlara dəymiş ilk məhəbbət oxu, nakam sevgi uzun zaman unudulmur. Veysəlin bu mövzulu şerləri kövrəkdir, zərifdir, onları hissiz, həyəcansız oxumaq olmur:

Gözəlliyin nəyə gərək
Bu məndəki eşq olmasa
Əylənməyə yer tapmaram
Könlümdəki köşk olmasa.

Rəfael “QOBUSTAN” …1931-ci ildə xalq şairləri şənliklərindən birində, o dövrdə Sivas litseyində ədəbiyyat müəllimi olan məşhur folklorçu Əhməd Qüdsi Tecər Veysəllə görüşür. Kor aşığın sənətkarlığı onu valeh edir.

1933-cü ildə yazdığı “ Cümhuriyyət dastanı” adlı əsəri “ hakimiyyete milli” qəzetində çap olunur. Veysəlin sorağı bütün Türkiyəyə yayılır…

…Göz önünə qərib bir səhnə gəlir. Türk kinorejissoru Mətin Erksanın çəkdiyi “Qaranlıq dünya” filminin bir epizodu. Veysəl yenə sazıyla baş-başadır. İfadəli çöhrəsi harasa, uzaqlara dikilib, qırış dolu əlləri, uzun barmaqları sanki simlər üstündə donub.

Mən gedərəm, adım qalar
Dostlar məni xatırlasın.
Düyün olar, bayram olar,
Dostlar məni xatırlasın.

Can bədəndən ayrılacaq
Sönər neçə yanar ocaq.
Salam olsun qucaq-qucaq,
Dostlar məni xatırlasın.

Açar, solar rəng-rəng çiçək
Murad yalan, ölüm gerçək.
Kimlər gülmüş, kim güləcək
Dostlar məni xatırlasın.

…1973-cü il martın 21-də gəzetlər kədərli bir xəbər verdilər: “Görkəmli türk aşığı və şairi Veysəl Şatiroğlu vəfat etmişdir”.

Haqqında Əkinçi